Məhkəmə qərarları › İş №2(103)-1953/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1953/2021

19.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1953/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X12, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə, cavabdehlər tərəfindən qoyulan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları X14 və X15 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Bağlar massivində yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı azyaşlı uşaqları X14 və X15 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, Köhnə Geoloq lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m. torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evdə yaşamaqlarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X23 tərəfindən qoyulan maneələrin (qapının bağlanması, fiziki təsir etməklə evə giriş-çıxışa maneələrin) aradan qaldırılmasını və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə Cavabdeh3 ilə nikaha daxil olmuş, ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, Bağlar massivində yerləşən tikiliyə gəlin köçmüşdür və cehiz əşyaları da həmin evdədir. Natiqlə 10 il birgə yaşamışlar. Birgə nikahdan iki oğulları dünyaya gəlmişdir. Sonradan münasibətlərinin pozulması nəticəsində o nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-848/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Həyat yoldaşı ilə ayrıldıqdan sonra o və qaynanası onu iki uşaqla evdən qovmuşlar. Cehiz əşyaları da həmin evdə qalmışdır. Hazırda o evsiz qalmışdır. Övladları ilə birgə qardaşına məxsus evdə yaşayır. Qardaşı onunla yaxşı rəftar etmir, onun evdən çıxmağını istəyir. O isə iki uşaqla hara-hansı evə gedəcəyini bilmir. Ona görə də, evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 228.1, 228.3, 228.5-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Adilə Paşayeva). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda yerləşən torpaq sahəsi və ev cavabdehlərə məxsus deyil, həmin əmlak X6 məxsusdur. Eləcə də iş materiallarında olan Lenin rayon XDS-nin 2-/44 saylı, xx.xx.1989-cu il tarixli qərarının surətindən, həmçinin Sabunçu rayon Bilgəh qəsəbə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 2/150 saylı cavab məktubundan da göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda yerləşən torpaq sahəsi və orada inşa edilmiş bir otaqlı ev X6 məxsusdur. X1 həmin əmlakı etibarnamə ilə Cavabdeh1 satması bildirilsə də, lakin sözü gedən etibarnamənin mövcüdluğu sübuta yetirilməyib. Rəsmi sənədlərə əsasən mübahisəli əmlak X7 məxsusdur. Birinci iinstansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən X13 da bildirmişdir ki, o, İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda yerləşən evdə yaşamalarına etiraz etmir. Belə olan halda mübahisəli evə heç bir hüquqları olmayan cavabdehlərin İddiaçı həmin evdən çıxarmağa və həmin evdən istifadəsinə maneələr yaratmağa heç bir hüququ yoxdur. Lakin bu cür hüquqları olmasa da cavabdehlər İddiaçı və az yaşlı uşaqlarının həmin evdə yaşamasına mane olur, onu evə buraxmırlar. Məhkəmə iclasında şahid ifadələri ilə eləcə də X4 sözlərinə görə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda yerləşən ev X3 istifadəsində olanda kiçik bir otaqdan ibarət olmuş, orada cavabehlər və İddiaçı maddi dəstəyi ilə tikinti işləri aparılmış, hal-hazırda orada olan ev 1 qonaq otağından, 2 yataq otağı, bir mətbəx, dəhliz, hamam və qarşısında əlavə olaraq quraşdırılmış eyvandan ibarətdir. Həmin evdə tikinti işlərinin aparılması üçün iddiaçının mərhum atası Ağasəfər və qardaşı Aslanov Ağarəzi maddi dəstək olmuşlar. Bundan əlavə iddiaçı Cavabdeh3 ilə nikahda olduqları vaxt ailənin birgə gəlirləri hesabına həmin evdə tikinti və təmir işləri də görmüşlər. Qeyd edilən faktar şahid ifadələri ilə də təsdiq olunub. Məhkəmə qətnamədə qeyd edir ki, mübahisəli evin ünvanını dəqiq hüquqi ünvan kimi qiymətləndirmir. İş materiallarında olan bütün sənədlərdə mübahisəli evin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi kimi qeyd olunmuşdur. Bu ünvanın dəqiq hüquqi ünvan sayılmaması ünvan verən orqanın səhvi kimi qiymətləndirilə bilər. Lakin bu hal məhkəməyə əsas vermir ki, həmin ünvanda yerləşən evlə bağlı iddiaları bu əsasla rədd etsin. Çünki, Azərbaycan Respublikasında bu kimi ünvanlarda tikilmiş minlərlə evlər var. Belə olduğu halda istənilən şəxs belə bir ünvanda yerləşən evə daxil olub, orada yaşayanların iradəsi ziddinə orada qalar, evin həqiqi sahiblərini evə buraxmaz. Çünki, evin hüquqi ünvanı dəqiq deyil və bu səbəbdən də evin həqiqi sahibləri onu məhkəmə yolu ilə evdən çıxara bilməyəcək. Evin koordinatlarını - yerləşdiyi torpaq sahəsinin harada yerləşməsi, evin təsviri tam olaraq göstərilmiş və göstərilən koordinatların dəqiq olması məhkəmə iclasında da müəyyən olunub. Belə ki, məhkəmə iclasında iştirak edən şahidə və X2 verilərək mübahisəli evin qeyd olunan yerdə yerləşməsi təsdiq edilib. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı M Quliyeva və onun vəkili S.Quliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Z.Bağırova apellyasiya şikayətinin dəlillərinə etiraz etməmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və iddia tələbi təmin edilməlidir. Sübutların tədqiqi: İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 2(008)-848/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək onunla Cavabdeh3 arasında Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 1441 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X10 analarının yanında saxlanılmaları, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh3 hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşının seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 yaşayış yeri Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, döngə 8 ev 16-dır. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşının seriya AZE № 12091450 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X11 yaşayış yeri Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, döngə 8 ev 16-dır. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşının seriya AZE № 18153936 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X10 yaşayış yeri Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, döngə 8 ev 16-dır. İş materiallarında olan Sabunçu rayonu, Bilgəh qəsəbə üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 1507 saylı arayışından görünür ki, Quliyev X24 rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi yeni yaşayış massivində ailə üzvləri Cavabdeh1 Hüseyn oğlu, Cavabdeh2 ilə qeydiyyatsız yaşayırlar. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 1(008)-21/2020 saylı xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin faktiki hallarına əsasən müəyyən edir ki, iddiaçının 2 ( iki ) azyaşlı uşağı ilə birlikdə köçürülməsini xahiş etdiyi özbaşına tikili Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda yerləşməklə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8 adınadır. Belə ki, iş materiallarında olan Sabunçu rayonu, Bilgəh qəs. üzrə nümayəndəliyin xx.xx.2020ci il tarixli 2\150 saylı cavab məktubu əsasında əldə edilmiş Lenin rayon XDS-nin 2-/44 saylı xx.xx.1989-cu il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 fərdi yaşayış evinin tikilməsi üçün Azərbaycan qadını küçəsində yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ünvanı dəyişməmişdir. Hazırda həmin ünvan Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, döngə 8 ev 16-dır. Həmçinin iş materiallarında olan “xxxx” Firması tərəfindən tərtib edilmiş Memarlıq planlaşdırma layihəsindən də görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi ( X29 Əsədullayev) küçəsi X6 məxsus fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsi tərtib edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq sözügedən torpaq sahəsinin və orada olan tikilinin iş materiallarına əsasən X3 adına olması təsdiq edildiyindən və X3 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində iddiaçının azyaşlı uşaqları ilə birlikdə sözügedən mənzilə köçürülməsinə etiraz etmədiyindən iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhləmə kollegiyası əlavə olaraq qeyd edir ki, Cavabdeh1 sözügedən yaşayış sahəsinin gözlənilən mülkiyyət hüququ əsasında mülkiyyətçisi hesab edilə bilməz. Çünki, Mülki Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd edilən maddənin məzmunundan görünür ki, sözügedən yaşayış sahəsinin tikildiyi torpaq sahəsi cavabdehlərin deyil, Z.Bağırovanın mülkiyyətində olduğundan həmin özbaşına tikiliyə mülkiyyət hüququ gözlənilən mülkiyyət hüququ əsasında cavabdehlərə deyil, Z.Bağırovaya münasibətdə tanına bilər. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadəsini məhdudlaşdıran cavabdehlərin hərəkətləri qanunsuz olduğundan, birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, Köhnə Geoloq lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m. torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evdə yaşamalarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qoyulan maneələr (qapının bağlanması, fiziki təsir etməklə evə giriş-çıxışa maneələrin) aradan qaldırılmalı və iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2303/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı uşaqları X14 və X15 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, Köhnə Geoloq lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m. torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evdə yaşamalarına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X23 tərəfindən qoyulan maneələr aradan qaldırılsın. İddiaçı azyaşlı uşaqları X14 və X15 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, yeni yaşayış massivi (bağlar massivi) ünvanda, mərkəzi yoldan 80-100 metr aralı, Köhnə Geoloq lagerə tərəf döngədə 3-cü həyətdə, 600 kv.m. torpaq sahəsində yerləşən, 1 qonaq otağı, 2 yataq otağı, dəhliz və hamamdan ibarət, qarşısında əlavə olaraq quraşdırılmış eyvanı olan kürsüdə tikilmiş evə köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar