Məhkəmə qərarları › İş №2(103)-1955/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1955/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1955/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun etirafı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə3 vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2061/2024 saylı, 6 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı ASC ilə borclu Cavabdeh (adından X4) arasında bağlanmış borcun hissəhissə ödənilməsi barədə 26 sentyabr 2023-cü il tarixli Razılaşmadan görünür ki, borclu 9.025,28 AZN borc məbləğini təşkil edən pul vəsaitini 12 ay müddətinə aylıq 752,11 manat məbləğindən az olmayaraq ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 6.725,51 (altı min yeddi yüz iyirmi beş manat əlli bir qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 87,66 (səksən yeddi manat altmış altı qəpik) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi"nə dair 22 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyatlar üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh Bankın hesabına 6.725,51 (altı min yeddi yüz iyirmi beş manat əlli bir qəpik) manat məbləğində əsassız varlanmışdır. 26 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən Müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə Bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. “Fiziki şəxslərə ödəniş kartinin (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtləri”nin 3.1.8 və 3.1.9-cu bəndlərinə əsasən - 3.1.8. Kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək,vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək; 3.1.9. Əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi, cavabdeh ilə Bank arasında olan 22 oktyabr 2021-ci il tarixli Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 mart 2024-cü il tarixli, 6-3/07/05- 2677 saylı bildiriş (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6.725,51 təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.

4. Cavadeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, bank məhrum olduğunu subut edə bilmir. Bu sübut onun kartına mədaxil edən xarici banka 9.025,28 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasında göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çıxarışdır. Bu sənədin adı “Refund”-dır, yəni vəsaitin geri qaytarılması. AR MMnin 14.2.7, 1091.1, 1092.1 maddələrinin tələblərinə görə iddiaçı məhrum olmayıbsa, cavabdeh də onun hesabına varlanmamışdır. xx.xx.2024-cü il tarixində e-mehkeme portalına iddiaçı tərəfindən yerləşdirilən Dispute sənədi mübahisə sənədidir. Bu sənədi bankın məhrum olma sənədi kimi təqdim etmək, məhkəməni aldatmaq məqsədi daşıyır. Hətta bu sənədin özündə belə göstərilir ki, “Refund” sıfırdır, yəni vəsait geri qaytarılmayıb. Dispute sənədi 4.000 manat, ziyana iddia 9025,28 manat? Bu sənəddə Cavabdeh kartına gələn pulun əməliyyat təfərrüatları əks olunub: əməliyyat 3D güvənlik sistemini keçərək, uğurlu olmuş, fraud yükü sıfır. Təccüblidir ki, İddiaçı ASC bu mübahisəni necə uduzub (təqdim olunan sənəddə əksini tapmayıb)? Onu maraqlandıran və tələb etdiyi əsas sual: bəs Cavabdeh gələn pulun geri qaytarılması “Refund” ilə bağlı əməliyyat təfərrüatları haradadır? Hesab edir ki, iddia ərizəsi tam əsasızdır, belə ki, iddianın əsasını təşkil edən sübut “Refund” (vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış) mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır! Hesab edir ki, İddiaçı ASC-nin təqdim etdiyi Dispute sənədi banka maddi ziyan dəydiyini təsdiq edən sənəd deyildir və bankın iddiasının təmin olunmasında subut kimi istifadə edilə bilməz.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2061/2024 nömrəli, 6 noyabr 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Bankın hesabına 6.725,51 (altı min yeddi yüz iyirmi beş manat əlli bir qəpik) manat məbləğində əsassız varlanmışdır. 26 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Cavabdeh ilə Bank arasında olan 22 oktyabr 2021-ci il tarixli Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Hal-hazırda cavabdehin banka olan borcu 6.725,51 manat təşkil edir ki, iddiaçının göstərilən məbləğdə borcun cavabdehdən tutulması tələbi əsaslıdır və təmin edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 385.1, 386.1, 439.1, 1091.1, 1092 və 1095-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2061/2024 nömrəli 6 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi sübut haradadır və nə üçün cavabdehə təqdim edilməyib?! E-məhkəmə portalında belə sübut yoxdur. Hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024 tarixli qətnaməsi tam əsassızdır, belə ki, iddianın əsasını təşkil edəcək əsas sübut sənədi «REFUND» (vəsaitin geri qaytarılması haqda hesabdan çıxarış, ödənişlərin təfərrüatı və ödəniş qəbzləri) mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir! Həmçinin bankın sübut kimi təqdim etdiyi xx.xx.2023-cü tarixli razılaşma etibarsız əqddir, çünki aldatma (ziyan sübut edilməyib) və hədə təsiri altında ona imzalatdırılmışdır (etibarnamə olmadan). Ümumiyyətlə, o, ziyana uğramasını sübut edə bilməmişdir! Bu sübut cavabdehin kartına mədaxil edən xarici banka 9.000 manat məbləğin geri qaytarılmasını təsdiq edən hesabdan çixarış, ödənişin təfərrüatı və ödəniş qəbzidir. Bu sənədin adı “REFUND”-dır - yəni vəsaitin geri qaytarılması. “REFUND” cavabdehə, Məhkəməyə təqdim edilməmişdir! Məhkəmə də ədalətli araşdırma prinsipinə əməl etmədən bunu ondan tələb etməmişdir. Məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etsə də, məhkəmə həmin sübutları araşdırmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Halbuki məhkəmə iş üzrə qanuni əsaslı və ədalətli qərar qəbul olunması üçün bütün qanuni vasitələrdən istifadə etməyə haqlı idi.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, bu kateqoriyadan işlər çoxdur. Belə ki, qarşı tərəf bir çox şəxslərə qarşı bu cür iddialar irəli sürür. Guya bank uduzmuş, ziyana düşmüşdür, ona görə də qarşı tərəfə dəymiş ziyanı ödəmişdir. Lakin bank ziyanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qarşı tərəf 90 səhifəlik tərcümə olunmamış, mənası bilinməyən sənəd təqdim etmişdir, lakin tərcümə olunmalı idi. Bank isə həmin sənədi yükləyir və bildirir ki, onlara bu qədər ziyan dəymişdir. Hansısa vətəndaş ABŞ-da kartından düzgün əməliyyat getməmiş, bankın günahıdır. Vətəndaş banka gəlir və hesab açır, kart götürür, həmin karta pul gəlir və vətəndaşı gedərək həmin pulu qanuni şəkildə çıxarır. Sonradan müəyyən olunur ki, həmin pul başqa şəxsin kartından gəlmiş, banklar arasında problem yaranır. Hüquqlarını müdafiə etdiyi şəxs pulun mənbəyini bilmirdi. Bir vətəndaşa müalicə məqsədilə pul yığılır və həmin puldan onun müalicəsi üçün xərclənəcək. Vətəndaş banka gəlir və hesab açır. Belə olan halda bank sübut etməlidir ki, o ziyanı ödəmişdir. Ziyana düşmək o demək deyil ki, ziyan ödənilmişdir, ziyan ödənildiyi halda bizdən tələb oluna bilər. Sübut olunmalıdır ki, çeklərlə banka ziyan ödənilmişdir. Bu hadisədən sonra edilmiş ödənişlərlə bağlı hüquqlarını müdafiə etdiyi şəxs bildirir ki, bank onu elə bir vəziyyətə salmışdır ki, cinayət işi açılacaq və s. bu hallara görə stressə düşmüşlər, bankda bu vəziyyətdən istifadə etmiş və müqaviləyə imza çəkdirmişdir. Belə olan halda müəyyən məbləğ ödənilmişdir. Vətəndaş stressə düşmüşdür. Onlar müqavilənin etibarsızlığını və s. mübahisələndirmirlər. Qeyd edir ki, ziyanın sübutu bugünə qədər təqdim olunmamış, təqdim olunmuş sənədlər isə ingilis dilindədir. Həmin sənədlərdə konkret təfərrüfat görsənmir. Həmin vəsait bir nəfər şəxsin müalicə xərclərinə verilmişdir. Bundan başqa razılaşma cavabdehin oğlu tərəfindən imzalamışdır, lakin etibarnaməsiz. Həmin razılaşma üzrə ödənişlər müdafiə etdiyi şəxs tərəfindən həyata keçirilmişdir, lakin ödənişlər qanunsuz olaraq edilmişdir. 12.Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, bu formada 16 iş vardır. Amerika vətəndaşlarının kartlarından pulu oğurlayaraq bankın kartlarına köçürülmüşdür. Amerika vətəndaşları bunu müəyyən edən zaman öz bankalarına müraciət etmişlər. Bununla bağlı beynəlxalq praktika vardır, dərhal vizaya etiraz tədbiri göndərir ki, müştərinin kartından onun xəbəri olmadan kimsə pul çəkmişdir. Bunun araşdırılmasını xahiş edirlər. Hər bir bank emissiya etdiyi karta görə məsuliyyət daşıyır. Vizadan onlara sorğu gəlir ki, sizin müştərisi olduğunuz, sahibi olduğunuz kartlara vəsait daxil olmuş və həmin pullar çıxarılmışdır. Bu hal tərəflərindən araşdırılmış və müəyyən olunmuşdur, şəxs 16 nəfər qohumlar kart açmış və daxil olan pullar həmin şəxslər tərəfindən çıxarılmış və bir nəfər şəxsə verilmişdir. Bununla bağlı bağlı onlar kibercinayətkarlıqla bağlı şikayət ərizəsi hazırladılar, lakin şəxs qohumların içərisində qadınlar olduğuna görə bu cür hallar yaranmasın deyə şikayət verilməsini istəmədilər və pulu ödəyəcəklərini vəd verdi, bununla bağlı razılaşmalar bağlandı. Ödəniş dayanandan sonra hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirdilər. 16 nəfər şəxslə bağlı müxtəlif məhkəmələrdə işlər davam edir, bəziləri barədə artıq qətnamə də çıxmışdır. Razılaşmanı cavabdehin oğlu Nümayəndə3 imzalamışdır. Ona görə də onlar bu müqavilə üzrə iddianı irəli sürmədilər. Cavabdeh özü xəstə olduğu üçün razılaşmanı oğlu imzalamışdır. Cavabdeh digər 15 nəfərlə bərabər banka yaxınlaşaraq hər biri öz adına plasik kart sifariş ediblər və bank onlara plastik kart vermiş və müvafiq müqavilə imzalamışdır. Həmin kartlar üzrə Amerika vətəndaşlarına məxsus şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri daxil olmuşdur. Vətəndaşlarda həmin kartlardan vəsaitləri çıxararaq bir nəfər şəxsə vermişlər. Bu yoldaşlar hamısı Bəylərov Yaşarın yaxn qohumlarıdır. Həmin Amerika bankı bununla bağlı Viza İnternationala etiraz tədbiri vermişdir ki, bankın müştərisi olan kartına onun müştərsinin hesabından qanunsuz pul silinmişdir. Həmin etiraz tədbirini qarşı tərəfin bankı udmuşdur. Bu bir əməliyyatdır, “fraud” əməliyyatıdır, yəni fırıldaqçılıq. Müəyyən olunur ki, Amerika vətəndaşı heç bir ölkəyə getməmiş, lakin həmin pul onun hesabından silinmişdir. Həmin vəsait silinən kimi bankın hesabı mənfiyə düşür, ona görə onlar həmin vəsaiti geri qaytarmaq üçün aidiyyəti üzrə müştərinin kartına mənfi yaradırlar. Çünki onun götürdüyü pulu onlar müxbir hesaba qaytarmalıdırlar. O pul daimi olaraq müxbir hesabda olmalıdır. Ona görə də onlar məcbur olmuşlar ki, bunu mənfiyə salaraq pulu oraya transfer etsinlər. Onlar müştəriyə bu barədə məlumat vermişlər, təxminən 200 minə yaxın vəsait olmuşdur, onlar da gələn zaman bildirdilər ki, banklık heç nə yoxdur, onların qohumu demişdir ki, onların kartına vəsait gələcəkdir və həmin vəsaiti çıxararaq ona versinlər. Onlar da pulun hissə-hissə ödənilməsi ilə bağlı razılaşaraq bu barədə müqavilə bağladılar. Müqavilədən sonra ödəniş olmuşdur, daha sonra isə ödənişi dayandırdılar. Bununla bağlı pretenziya irəli sürüldü və qarşı tərəf pretenziyanı qəbul etdi. Təqdim olunmuş sənədlər Azərbaycan dilində tərcümə olunmuşdur. Ziyan bank tərəfindən ödənilmişdir, ödənişlərlə bağlı sübutlar iş materiallarına əlavə edilmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

17.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 18.337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 19.359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 20.360-cı maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 23.445-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyibütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 25.528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsindəxitam verilir. 26.529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissəqəbul etdiyini təsdiqləyən sənəd verməlidir 27.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 28.882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 29.882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 30.882.3-ci maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 31.882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 32.882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

33. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrəsübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

35.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 38.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 40.385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 42.İş materiallarından göründüyü kimi, "xxxx" ASC məhkəməyə müraciət edərək Cavabdeh əvəzinə ödədiyi və daha sonra aralarında əldə olunmuş razılaşmaya əsasən cavabdehin ödəməyi öhdəsinə götürdüyü pulun əsassız varlanma qaydalarına əsasən qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının onun hesabına varlandığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqim etmədiyi, Bankın sübut kimi istinad etdiyi xx.xx.2023-cü tarixli razılaşmanın isə etibarsız əqd olduğunu, həmin razılaşmanın aldatma (dəymiş zərər sübuta yetirilməyib) və hədə təsiri altında etibarnamə olmadan imzalandığını qeyd edir.

43. İddianı təmin edən birinci instansiya məhkəməsi iddiaçının söykəndiyi hüquqi əsası ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Bankın hesabına 6.725,51 (altı min yeddi yüz iyirmi beş manat əlli bir qəpik) manat məbləğində əsassız olaraq varlanmışdır. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartının bağlı olan hesaba köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Hal-hazırda cavabdehin banka olan borcu 6.725,51 manat təşkil edir ki, iddiaçının göstərilən məbləğdə borcun cavabdehdən əsassız varlanma qaydalarına əsasən tutulması tələbi əsaslıdır və təmin edilməlidir. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi çıxardığı qətnaməsində əsassız varlanmanın dispozisiya şərtlərinə istinad etsə də, iddiaçının tələbinin həmin şərtlərə uyğunluğunu tam əsaslandırmamış, iş üzrə müəyyən edilmiş faktiki hallarına uyğun gələn və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasına əsasən qiymətləndirmə aparmamışdır. 45.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 46.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. 47.Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsində mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmə yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. 48.Qeyd edilməlidir ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.

49. Hazırkı işin kollegiya tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi"nə dair 22 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehin şəxsi istifadəsinə təhvil verilmişdir. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi tərəfindən cavabdehin adına açılmış bank hesabına pul köçürülmüşdür. Qarşı Bank bu əməliyyatlar üçün “chargeback” sorğusunu yaratmış, udaraq müvafiq məbləğin Bank tərəfindən ona qaytarılmasına nail olmuşdur.

50. Bankın ödədiyi pul məbləğinin geri qaytarılması məqsədilə tərəflər arasında razılaşma əldə olunmuş, razılaşmaya əsasən Cavabdeh Banka 9.025,28 manat məbləğini geri qaytarmağı öhdəsinə götürmüşdür. 26 sentyabr 2023-cü il tarixli razılaşmaya əsasən cavabdeh müvafiq ödənişləri həyata keçirsə də, ödəməli olduğu məbləği banka tam şəkildə ödəməkdən yayınmışdır.

51. Yuxarıda qeyd edilənlərə əsasən də kollegiya hesb edir ki, cavabdeh tərəf 26 sentyabr 2023-cü il tarixində borcun hissə-hissə ödənilməsi barədə Razılaşmanı təsdiq etməklə həmin razılaşmada qeyd edilən məbləği qarşı tərəfə ödəməli olduğunu etiraf etmişdir. Belə olan halda da sözügedən sənəd mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirilməlidir.

52. Sübutetmə vəzifəsinin bölgüsü baxımından alınmış pulun geri qaytarıldığını sübut etmək vəzifəsi də öhdəlik daşıyan şəxsə aiddir. Hazırki işdə verildiyi öz təsdiqini tapmış pulun qaytarıldığını sübut etmək yükünü cavabdeh daşıyır. Cavabdeh yaranmış öhdəliyi lazımi qaydada, yəni tam şəkildə icra etmədiyini inkar etmir. O, etiraf etdiyi borcun yaranmasına əsas olmuş mübahisəli münasibətlərə etiraz edir, iddiaçının onun hesabına varlandığını, yəni 9.025,28 manat məbləğində pulun xarici banka qaytarıldığının sübuta yetirilmədiyini, həmçinin tərəflər arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə 26 sentyabr 2023-cü il tarixli Razılaşmanın etibarsız olduğunu qeyd edir.

53. Sözügedən etirazın dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, borcun etirafı barədə müqavilənin qüvvəsi ondan ibarətdir ki, müqavilə iştirakçıları tərəfindən əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hallara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq onlar üçün yalnız mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə təsbit edilənlər etibarlı olur.

54. Belə olan halda cavabdeh 26 sentyabr 2023-cü il tarixli Razılaşmanı imzalamaqla onunla iddiaçı arasında öhdəlik hüquq münasibətlərinin yarandığını etiraf emişdir və hazırda o, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca mübahisəli münasibətlərdən irəli gələn heç bir etirazı irəli sürə bilməz. (Mülki Məcəllə, maddə 882.2). Beləliklə də cavabdeh iddiaçının onun hesabına varlandığının sübuta yetirilməydiyinə və s. istinadən ona qarşı yönəldilmiş iddianın əsassız olması əsası ilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini tələb edə bilməz.

55. Cavabdehin istinad etdiyi digər dəlil ilə əlaqədar isə qeyd edilməlidir ki, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. (Mülki Məcəllə, maddələr 359.1 və 360).

56. Belə ki, əgər səlahiyyətsiz və ya səlahiyyət həddini aşmış şəxs tərəfindən bağlanmış əqddə təmsil edilmiş şəxs bağlanmış həmin əqdi bəyənərsə, MM-nin 357-ci maddəsinə əsasən, əqd etibarlı olur və təmsil olunan bağlanmış əqddə qanuni tərəf olur. Bu halda əqdin nə təmsilçi tərəfindən icrasından, nə də əqdin digər tərəfinə dəyə bilən zərərdən söhbət gedə bilməz. Belə ki, bağlanmış əqd qüvvəyə minir və bağlanmadığına görə zərərə səbəb olmur. Belə ki, təmsil edilənin əqdi sonradan bəyənməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə bütün mülki hüquq və vəzifələri yaradır. Göründüyü kimi, əqdi sonradan bəyənmiş təmsil edilən üçün əqd üzrə mülki hüquq və vəzifələr onun əqdi bəyəndiyi andan deyil, əqd bağlandığı andan yaranır.

57. İş materiallarından göründüyü kimi borcun hissə-hissə ödənilməsi barədə 26 sentyabr 2023-cü il tarixli razılaşma Cavabdeh adından səlahiyyətsiz şəxs (etibarnamə olmadan) – oğlu Nümayəndə3 tərəfindən imzalanmışdır. Buna baxmayaraq cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmək niyyəti ilə həmin razılaşmaya uyğun şəkildə müvafiq məbləğdə ödənişləri etmişdir. Belə ki, işdə olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2024-cü tarixlərində ödənişlər həyata keçirilmişdir. Həmin ödənişlərin məhz cavabdeh tərəfindən edildiyi də cavabdehin nümayəndəsinin verdiyi izahatı ilə də təkzib edilməmişdir. Qeyd edənələrə əsasən cavabdehin, adından səlahiyyətsiz şəxs tərəfindən bağlanmış əqdi bəyəndiyinə dəlalət edir. Beləliklə də, borcun hissə-hissə ödənilməsi barədə 26 sentyabr 2023-cü il tarixli razılaşmaya əsasən yaranmış bütün mülki hüquq və vəzifələrin əqd bağlandığı andan Cavabdeh aid edilməsi mülki qanunvericiliyinə zidd deyildir.

58. Belə olan halda da cavabdeh yuxarıda müzakirə olunan hala istinadən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini tələb edə bilməz. Onun, 26 sentyabr 2023-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın hədə-qorxu, aldatma təsiri altında bağlandığı barədə dəlilləri də öz təsdiqini tapmamışdır.

59. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti düz olsa da, iddiaçının tələb etdiyi məbləğdə pulun əsassız varlanma qaydalarına əsasən tutulmalı olmasına dair mövqeyi qanuni olmamışdır.

60. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, pulun tutulması barədə iddia irəli sürülərkən iddiaçının müvafiq qanuni əsasa istinad edib-etməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə uyğun olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olub-olmadığı tərəflərlə müzakirə edilməlidir.

61. Belə ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

62. Tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil.

63. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə maddi hüquq normasının tələblərini pozmuşdur ki, bu hal Mülki Prosessual Məcəllənin 384.0.2-ci və 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və həmin məhkəmə tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın başqa hüquqi əsas ilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsasdır.

64. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 65.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2061/2024 nömrəli, 6 noyabr 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6.725,51 (altı min yeddi yüz iyirmi beş manat əlli bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 87,66 (səksən yeddi manat altmış altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar