Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1957/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1820/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 14.03.2006-cı il tarixdə X3 teplovozların təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuş, 16 aprel 2015-ci il tarixdə teplovoz maşinisti vəzifəsinə keçilrmiş, 07 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. İddiaçı həmin əmrin ləğv olunmasını və işə bərpa olunması barədə "xxxx" QSC-nin Yük daşımaları Departamenti X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Salyanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(057)-143/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ADY QSC-nin Yük daşımaları Departamenti X4 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmri ləğv edilmiş, İddiaçı işə bərpa olunması, məcburi iş buraxdığı dövr ərzində əmək haqqının ödənilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsi ilə "xxxx" QSC-nin Yük daşımaları Departamenti X4 apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5851/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı cavabdeh "xxxx" QSC-nin Yük Daşımaları departamenti X2rşı iddiası, ADY QSC-nin Yük Daşımaları Departamenti X6 hüquqi şəxs olmadığından təmin edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ADY QSC-nin Yükdaşımaları Departamenti X4 teplovoz maşinisti vəzifəsindən azad edilməsi barədə "xxxx" QSC tərəfindən 11 oktyabr 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş 07 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, onun ADY QSC-nin Yükdaşımaları Departamenti X6na teplovoz maşinisti vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dəmir Yolları QSC 07 oktyabr 2019-cu il tarixli əmri ilə 11 oktyabr 2019-cu il tarixdə elektron qaydada əmək müqaviləsinə xitam vermişdir. Məlum olduğu kimi işçinin əmək müqaviləsinin bağlanılmasının və xitam verilməsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması aidiyyəti səlahiyyətli orqan tərəfindən həyata keçirilir. Amma iddiaçının işdən çıxarılması barədə Azərbaycan Dəmir Yolları QSC-nin rəsmi heç bir əmri və mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməmişdir. X4 əmri imzalamaq səlahiyyəti olmamışdır və əmr ləğv edilməlidir. Bundan əlavə, ADY QSC-nin Yükdaşımaları departamenti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeydiyyatdadır. İstənilən halda əmr əsassızdır və ləğv edilməlidir. X3 dizel yanacağı ilə bağlı çatışmazlıq aşkar edildiyi üçün araşdırma aparmış və bununla bağlı iddiaçının işində ciddi çatışmazlıq aşkar edilmiş və bu məsələ ilə bağlı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə intizam məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. X4 bu əmri imzalamağa səlahiyyəti yox idi və faktı sənədləşdirib dərhal tədbir görülməsi üçün aidiyyəti üzrə işə götürənə göndərməli idi. X6 bu zaman da əmr verməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, e-2(006)- 1820/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsinə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5851/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərarına istinad etməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi, iddiaçının məhkəmədə mübahisələndirdiyi hallar artıq müəyyən edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4489/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5479/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(103)- 4489/2021 saylı qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, işə baxmış məhkəmələr, iddiaçının işə bərpa olunması barədə əvvəl verdiyi iddiası üzrə məhkəmə aktlarına istinad etməklə, iddiaçı tərəfindən təqdim olunmuş sübutları araşdırmamış, əvvəlkli məhkəmə aktları ilə müəyyən olunmuş halları MPM-nin 82.3-cü maddəsinə əsasən preyudisial hallar kimi qiymət vermişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Lakin məhkəmələr iddiaçının əvvəlki iddiası üzrə Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsinin və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsinin ləğv edildiyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5851/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərarında isə hər hansı hüquqi faktın müəyyən edilmədiyini, yalnız maddi və prosessual hüquq normalarının tətbiqinə mövqe bildirildiyini nəzərə almamış, ləğv edilmiş və bununla da hüquqi qüvvəsi olmayan məhkəmə aktında müəyyən olunmuş halları məcburi saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə aktları ilə göründüyü kimi iddiaçının məhkəmədə mübahisələndirdiyi hallar artıq müəyyən edilmişdir. Hazırda iddiaçı ADY QSC-nin Yükdaşımaları Departamenti Salyan Lokomativ Deposunun teplovoz maşinist vəzifəsindən azad edilməsi barədə "xxxx" QSC tərəfindən 11 oktyabr 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş 07 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsini, onun ADY QSC-nin Yükdaşımaları Departamenti Salyan Lokomativ Deposuna teplovoz maşinist vəzifəsinə bərpa olunması təmin edilməsini, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqının ödənilməsi "xxxx" QSC tərəfindən təmin edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək , hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi bu maddi hüquq normalarının, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.3, 88, 217.3, 217.4 və 387.1-ci maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. İkincisi, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Belə ki, işdən görünür ki, iddiaçı cavabdeh qurumda 2006-cı ildən əmək fəaliyyətinə başlamış, 07.10.2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci hissəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının mübahisələndirdiyi əmri rəsmi qaydada aldıqdan 1 ay keçməmiş məhkəməyə müraciət etməsi cavabdeh tərəfindən də mübahisələndirilmir. Buna baxmayaraq, qeyd olunan müddət iddia müddəti olduğundan cavabdeh bu barədə, yəni iddia müddətinin tətbiqi barədə ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Bu cür vəziyyətdə məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edərək iddianı rədd edə bilməzdi. Üçüncüsü, iddiaçının mübahisələndirdiyi əmrin verilməsi üçün həqiqi əsasın onun əmək funksiyasının icrası zamanı az miqdarda dizel yanacağını kənar şəxsə satması olmuş olsa da əmək müqaviləsinin ləğv edilməsi hazırda mübahisələndirilən əsasla rəsmiləşdirilməməli idi. Çünki, qanunvericiliyin tələbinə uyğun olaraq bu fakt araşdırılaraq iddiaçının barəsində yol verdiyi bu əmələ görə başqa intizam tənbehi yaxud xəbərdarlıq da tətbiq edilə bilərdi. Ancaq edilməmiş, demək bu faktı cavabdeh tərəf də gizlətməyə çalışmışdır. Buna baxmayaraq cavabdeh tərəf iddiaçını 15 ilə yaxın müddətdə həmin təşkilatda işləməsini də nəzərə almayaraq onu daha ağır intizam tənbehi ilə işdən azad edəcəyi ilə hədələyərək iradəsinin əleyhinə əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etməyə onu məcbur etmişdir. Əlbətdə ki, bu yolverilməzdir. Çünki, Əmək Məcəlləsinin 69cu maddəsinin 7-ci bəndi işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu faktın özü əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün müstəqil əsasdır. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair ərizədə məlumat olsa da Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulan əsaslar göstərilməmişdir. Həmin maddəyə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçının ərizəsində bu halların heç biri yaxud qanunvericilikdə nəzərdə tutulmuş digər hansısa hallar göstərilməmişdir. Demək, bu faktın özü də iddiaçının qeyd olunan ərizəni öz iradəsi əleyhinə məcburən yazdığını bilavasitə təsdiq edir. Ona görə də iddiaçının hansı tarixdə ərizə yazdığı, hansı tarixdən əmək müqaviləsinin ləğv edilməsini istədiyi, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları barədə Əmək Məcəlləsinin tələblərinin düzgün yerinə yetirilib-yetirilməməsi də aydınlaşdırılmalı idi. Bu halları sübut etmək yükü isə artıq işəgötürən olaraq cavabdeh tərəfin üzərinə düşürdü. Lakin cavabdeh tərəf bu hallara dair heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı iradəsinə uyğun öz təşəbbüsü ilə tələb etməmiş, cavabdeh olan işəgötürənin hədəsi ilə məcbur olaraq bu cür ərizə yazmışdır. Buna görə də cavabdeh qurum qanunsuz və əsassız olaraq iddiaçını iradəsi əleyhinə əmək müqaviləsini ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilməsinin müstəqil əsası kimi çıxış edə bilərdi. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1820/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, "xxxx" qapalı səhmdar cəmiyyətinin Yükdaşımaları Departamenti X4 07 oktyabr 2019-cu il tarixli, 35/k saylı əmr ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1820/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. "xxxx" qapalı səhmdar cəmiyyətinin Yükdaşımaları Departamenti X4 07 oktyabr 2019-cu il tarixli, 35/k saylı əmr ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1957/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1957/2022
28.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver