Məhkəmə qərarları › İş №2(103)-1957/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1957/2023

13.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1957/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (Bakı şəhəri Xəzər rayonu Şağan Bələdiyyəsi, Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X12 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh2nun nümayəndəsi-vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2743/2022 saylı 14 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Əzizbəyov rayon X19 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Mərdəkan qəsəbəsində 750 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə Xəzər rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci və 320.1-ci maddələrinin tərkib əlamətləri olduğu üçün fakta görə cinayət işi başlanmış və iş üzrə ibtidai istintaqın aparılması üçün Xəzər RPİ-nin İsitintaq şöbəsinə göndərilmişdir.

3. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 07 nömrəli icarə müqaviləsinə əsasən Şağan bələdiyyəsinin sədri X16 ilə Cavabdeh2 arasında “Sahə” adlanan ərazidə 1040 kv.m torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır.

4. Bakı şəhəri Xəzər rayonu Şağan bələdiyyəsinin Bakı şəhəri Xəzər rayon Prokurorluğuna ünvanladığı xx.xx.2022-ci il tarixli 25 nömrəli məktubda qeyd edilmişdir ki, Şağan qəsəbəsi M.Hüseynzadə küçəsi ev 3 ünvanında yaşayan Cavabdeh2na hər hansı bir məqsədlə torpaq sahəsinin verilməsi haqqında sənəd Şağan Bələdiyyəsində aşkarlanmamışdır. X9 sədr səlahiyyətlərini icra edən S.S.Atayeva tərəfindən imzalanmışdır.

5. Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir.

6. Xəzər rayon Şağan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 100 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixdə torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə uyğun olaraq Şağan bələdiyyəsi ilə 07 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2na Şağan qəsəbəsi “Yeni sahə” yaşayış massivində 60 il müddətə 1040 kv.m torpaq sahəsi icarəyə verilmiş, vergi ödəyicisi kimi bələdiyyənin vergi qeydiyyatına alınmışdır və torpaq vergisini tam ödəmişdir.

7. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filalının xx.xx.2022-ci il tarixli BA- 05484-2022 nömrəli məktubuna əlavə edilmiş Mərdəkan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli qərarında qeyd edilmişdir ki, Mərdəkan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli «Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə» sərancamı ilə (Mərdəkan qəsəbə Soveti icraiyyə komitəsinin sədr müavini A.Ş.Abdullayevin məlumatı əsasında) vətəndaş İddiaçı ərizəsi əsasında Bakı şəhər Soveti icraiyyə komitəsinin xx.xx.1989cu il tarixli 22/45b nömrəli qərarını əldə rəhbər tututaraq Şimali DRES Kooperativ küçəsi ev 6 yataqxanada yaşayan Azərbaycan LKKİ Mərkəzi komitəsində işləyən İddiaçı Mərdəkan qəsəbəsində A336 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən ona məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin öz hesablarına sökülməsi və dövlət rüsumu kimi ödənilmiş 150 manat, hüquqların müdafiəsi üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1985-ci ildən əmək fəaliyyətini Əzizbəyov (İndiki Xəzər rayonu) rayonunda başlayaraq o dövr üçün rayonun rəhbər vəzifələrindən biri hesab olunan rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsində rayonun ictimai-siyasi həyatında, gənc nəslin tərbiyəsində və quruculuq işlərində fəal iştirak etmişdir. Elə bu fəaliyyətilə də bağlı o vaxtkı rayon rəhbərliyinin göstərişi ilə Əzizbəyov (İndiki Xəzər rayonu) rayon X19 icraiyyə komitəsinin 16 saylı, 13 sentyabr 1991-ci il tarixli Qərarı ilə ona Şağan qəsəbəsi Yeni Məhlələr adlanan ərazidə fərdi ev tikmək məqsədilə 750 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsinə faktiki sahiblik edərək mütəmadi olaraq gedib gəlmiş, müəyyən qonşularla əlaqələr yaratmışdır. Hələ 2005-ci ildə o qonşusu ilə birlikdə həmin ərazini daş hasarla əhatəyə alaraq hər zaman öz ərazisinə nəzarət etmişdir. 26 may 2022-ci ildə növbəti gəliş zamanı onun ərazisinə daş töküldüyünü gördü. Yaxın qonşulardan soruşan zaman onlar bu daşların naməlum adamlar tərəfindən töküldüyünü bildirdilər. O öz ərazisinə darvaza quraşdırdı. Bir gün sonra həmin darvazanı oğurlayıb apardılar və daha bir gün sonra başqa bir darvaza quraşdıraraq ona məxsus ərazini zəbt etdilər. Nəhayət 16 iyun 2022-ci il tarixdə cəmisi bir gün ərzində burada təqribi ölçüləri 3x5 metr olan bir bina tikərək dam örtüyünü şiferləmək istədilər. Bütün bunlar haqqında o əvvəlcədən yazılı şəkildə Şağan Qəsəbə İcra Nümayəndəsi və Xəzər rayon birinci Polis Şöbəsinə yazılı müraciət etmişdir. Bütün bunlara baxmayaraq qeyri-qanuni tikinti işləri sürətlə davam etdirilirdi. Ona görə də onun müraciəti əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin MTT(003)- 109/2022 saylı qərardadı ilə Şağan qəsəbəsi, Yeni Məhələlər adlanan ərazidə yerləşən ona məxsus torpağın rəsmiləşdirilməsinin və torpaq üzərində qeyri-qanuni tikinti işlərinin aparılması cavabdehlər Cavabdeh2na və Cavabdeh1 qadağan edildi. Onlar yenə də 01-02 iyul 2022-ci il tarixlərdə (qərardad çıxdıqdan sonra) sübh tezdən əraziyə gələrək tikmiş olduqları binanın dam örtüyünü başa çatdırdılar. Qarşı tərəf olaraq Cavabdeh2 adlı Şağan qəsəbə sakini ərazinin nəinki ona, hətta onun babasına məxsus olduğunun sübutu kimi 08 fevral 2007-ci il tarixdə Şağan ilə 60 illlik müddətə bağlanmış 07 saylı icarə müqaviləsini təqdim etmişdir. Həmin ərazilər hələ bələdiyyələr yaranmazdan xeyli əvvəl rayon İcra Hakimiyyəti orqanları tərəfindən əhaliyə paylanmışdır. Təkcə bu fakt yetərlidir ki, Cavabdeh2nun adına olan müqavilənin qeyri-qanuni olması şübhələri yaransın. Hazırda bu faktlar üzrə araşdırmalar Xəzər rayon prokurorluğunda davam etdirilir. Mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu sübut edən sənədlər, yetərincə canlı şahidlər və digər faktlar vardır. Belə faktlardan biri kimi, torpaq sahəsinin ayrılması barədə Əzizbəyov Rayon X19nin 16 saylı 13 sentyabr 1991-ci il tarixli qərarına əsasən o həmin torpaq sahəsinə qanuni əsaslarla 31 (otuz bir) ildən çox bir müddətə mübahisəsiz olaraq sahiblik etməyini göstərmək yerinə düşərdi. Əzizbəyov Rayon X19nin 16 saylı 13 sentyabr 1991-ci il tarixli qərarı Azərbaycan Respublikası Mərkəzi Arxivində də öz təsdiqini tapmışdır. Həmin qərar qəbul edilərkən ona hazırda cavabdehlər tərəfindən zəbt edilən torpaq sahəsi verilmişdir. Əzizbəyov Rayon X19nin 16 saylı 13 sentyabr 1991-ci il tarixli qərarına 31 il etimad göstərmiş, həmin inzibati akta güvənərək mübahisəsiz olaraq 31 il həmin torpaq sahəsinə sahiblik etmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd etdiyi qərarından göründüyü kimi inzibati akta vətəndaşın etimadı qorunmalı və digər sənədləşmə işlərinin aparılması dövlət orqanlarının vəzifəsi olduğuna görə hər hansı bir sənədləşmə işlərinin vaxıtnda və düzgün aparılmaması vətəndaşın inzibati aktla əldə etdiyi hüquqlarına xələl gətirməməlidir. Digər tərəfdən onda olan məlumata əsasən Cavabdeh2na torpaq sahəsinin ayrılması barədə bələdiyyə tərəfindən hər hansı inzibati akt qəbul edilməmişdir. İnzibati akt qəbul edilmədən Şağan Bələdiyyəsi ilə Cavabdeh2nun arasında müqavilə bağlanması mümkünsüz olmaqla ortaya çıxarılan həmin müqavilənin etibarsız, əsassız və saxta müqavilə olduğunu, qanunsuz yollarla sonradan əldə edildiyi şübhələrini yaradır. Bundan başqa Cavabdeh2 ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarış adlı sənədlə torpağın yerini müəyyən etmək demək olar ki, mümkün deyil və həmin sənəd Cavabdeh2 hansı müqavilə əsasında ayrılan torpağa münasibətdə verildiyi müəyyən edilməmiş, həmin sənəd bələdiyyədən başqa digər orqanlar tərəfindən təsdiq edilməmişdir. Bütün bu uyğunsuzluqlar yenə də Cavabdeh2 hazırda istifadə etdiyi sənədlərin qanuni yollarla əldə etmədiyini göstərir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-ci maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. O 31 il bu torpaq sahəsinə fasiləsiz və etirazsız sahiblik etmişdir. Onun sahibliyindən 30 ildən çox vaxt keçdikdən sonra cavabdehlər onun torpağını zəbt etmişdir. Göründüyü kimi qanunvericilik mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı halda 30 il sahibliyi mülkiyyət hüququnun yaranması üçün əsas hesab edir. O isə qanuni inzibati akt ilə ona ayırlmış torpaq sahəsinə 31 ildir ki, sahiblik etdiyi halda cavabdehlər həmin torpaq sahəsini son 1-2 ay ərzində zəbt etmişlər.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 bildirmişdir ki, o, 2009-cu ildən daimi olaraq həmin ərazidə yaşayır. Həmin vaxtdan həmişə İddiaçı görmüşdür. Cavabdeh2 əvvəllər görməmişdir. Sözügedən əraziyə daim olaraq zibil tullantıları atılırdı. 6-7 il əvvəl biz bir neçə qonşu ilə birgə həmin əraziyə daş düzərək oranı hasarlamışıq ki, zibil atılmasın. Həmin ərazini özləri təmizləmişlər.

11. Şahid qismində dindirilmiş X21 bildirmişdir ki, o, 2009-cu ildən həmin ərazidə qeydiyyatda olmaqla yaşayır. Həmin vaxtdan həmişə İddiaçı gedib- gəldiyini görmüş və onu tanımışdır. Elşən Xanlarovu əvvəllər görməmiş və onu bu işlə bağlı tanımışdır.

12. Şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşayır. 2015-ci ilin yay aylarında Şağan ərazisində ev tikdirdiyi üçün həftədə 2-3 dəfə həmin ərazidə olurdu. Lakin maddi imkanı ilə bağlı evin tikintisini dayandırmışdır. 2015-2016-cı illərdə tikinti gedən zaman orada bir neçə dəfə İddiaçı görmüş, lakin tanışlığı olmamışdır. Bu ilin yayında İddiaçı orada təmizlik işlərinin apardığını və darvaza quraşdırdığını görmüş və həmin vaxt da tanış olmuşdur. Daha sonra orada yeni darvazanın quraşdırıldığını görmüşdür, lakin kimin tərəfindən olduğunu bilməmişdir. Cavabdeh2 və Mirzəməcid Məmmədovu ümumiyətlə həmin ərazidə görməmişdir. Mübahisəli torpaq sahəsində olan su çəni onun idi. Həyətdə yaşıllıq əkdiyi üçün həmin su çəni ona mane olurdu. Həmin vaxtlar Aydını tanımadığına görə su çənini həyətə qoyması ilə bağlı qonşusu Asifə müraciət etmişdir. Daha sonra Asif ona bildirmişdir ki, icazə alıb və çəni həmin həyətə qoya bilər. Daha sonra çən Aydının həyətində ola-ola onlar ondan istifadə edirdilər.

13. Şahid qismində dindirilmiş X22 bildirmişdir ki, o faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşayır. Hazırda o, taksi fəaliyyəti ilə məşğuldur. Lakin 1992-1994-cü illərdə gənclər təşkilatında İddiaçılə birgə işləmişdir. Həmin vaxtlar o, Qaraçuxur qəsəbəsində yaşayırdı. İddiaçı Şağan qəsəbəsi 4-cü döngədə torpaq sahəsi var idi.

14. Şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 1990-cı illərdə o, Mərdəkan qəsəbəsi üzrə İcra Nümayəndəliyinin sədr müavini vəzifəsində işləmişdir. İddiaçı həmin vaxtdan tanıyır və sözügedən mübahisəli torpaq sahəsi məhz onun tərəfindən İddiaçı verilmişdir. Sonuncuya həmin torpağı o, vermişdir. Cavabdeh2 orada torpağı olmayıb.

15. Şahid qismində dindirilmiş X26 bildirmişdir ki, onun İddiaçı məxsus torpaq sahəsi ilə üzbəüz torpaq sahəsi var. 2006-cı ildə orada tikinti işlərinə başlamışdır. 2006-cı ildən həmin torpaq sahəsini hasara alınmış vəziyyətdə görmüşdür. Mübahisəli torpaq sahəsinin İddiaçı məxsus olduğunu bilir. O, Elşanı kənd adamı kimi tanıyır, lakin onun orada torpaq sahəsinin olduğunu bilmirdi. Cavabdehləri orada görməmişdir.

16. Şahid qismində dindirilmiş X4 bildirmişdir ki, onlar 30 ildən çoxdur ki, İddiaçılə dostdur. Onlar birgə işləmişlər. Mübahisəli torpaq sahəsi İddiaçı məxsusdur. İddiaçı Gənclər təşkilatının sədri vəzifəsində işləyib. Həmin torpaq sahəsi ona vəzifəsinə görə verilib.

17. X13 məhkəməyə ünvanladığı **********267 nömrəli xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, o, 2009-cu ildən etibarən ailə üzvləri ilə birlikdə Bakı şəhəri Şağan qəsəbəsi Yeni Məhəllələr adlanan ərazidə yaşayır. Onların yanında daş divarla əhatə olunmuş boş ərazinin İddiaçı məxsus olduğunu bilir. Belə ki, illər ərzində İddiaçı hər zaman ailə üzvləri ilə va yaxud tək olmaqla məhəlləyə gələrək öz ərazisinə nəzarət etdiyinin şahidi olmuşdur.

18. X1 məhkəməyə ünvanladığı **********414 nömrəli xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, 2012-ci ildən etibarən Şağan qəsəbəsi Yeni Məhələlər adlanan ərazidə ev tikmək məqsədi ilə özünə ev almışdır. 2015-ci ildən ev tikməyə başlamış və 2018ci ildə tikinti işlərini başa vurmuşdur. Bütün bu illər ərzində o divar qonşusu İddiaçı olduğunu təsdiq edərək bildirdirir ki, o (İddiaçı) dəfələrlə öz ailəsi ilə birlikdə məhəlləyə gələrək öz torpaq sahəsinə nəzarət etmişdir. Eyni zamanda bildirir ki, o tikinti işlərini başa çatdırdıqdan sonra həyətində olan böyük su çənini digər qonşu Əliyev Asifin iştirakı ilə İddiaçı icazə alaraq onun torpaq sahəsinə qoymuşdur. İddiaçı həyətindəki su çəni ona məxsusdur.

19. X5 məhkəməyə ünvanladığı **********265 nömrəli xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, o, 2004-cü ildən etibarən ailə üzvləri ilə birlikdə Bakı şəhəri Şağan qəsəbəsi Yeni Məhəllələr adlanan ərazidə yaşayır və onların yanında daş hasarla əhatə olunmuş boş ərazinin İddiaçı məxsus olduğunu bildirir. Bu illər ərzində İddiaçı hər zaman ailə üzvləri ilə və yaxud tək olmaqla məhəlləyə gələrək öz ərazisinə nəzarət etdiyinin şahidi olmuşdur.

20. Məhkəmə tərəfindən mübahisə tərəflərinin, habelə ərazidə yaşayan qonşular X17, X8, X10, X26, 1982-1994-cü illərdə Mərdəkan qəsəbə İN-nin sədr müavini vəzifəsində işləyən X6, Şağan qəsəbə İƏD üzrə nümayəndənin müavini X7 iştirakları tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi Y.Əsədullayev küçəsində (Şağan qəsəbəsi) yerləşir. Qonşular təsdiq edirlər ki, Ağəli Abdullayev 1982-1994-cü illərdə Mərdəkan qəsəbəsi üzrə Nümayəndənin müavini işləyib və torpaq sahəsi İddiaçı məxsusdur.

21. İşə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Şağan Bələdiyyəsinin nümayəndəsi – sədr səlahiyyətlərini icra edən X18 izahatında göstərmişdir ki, cavabdehlər bələdiyyəyə 2022-ci ilin may ayında müraciət etmiş, lakin bələdiyyənin arxivindən sənəd aşkar olunmamışdır. 2000-ci ildən sonra, demək olar ki, sənəd verilməyib, özü araşdırmış və sənədi aşkarlamamışdır. Cavabdehlər yalnız müqavilə təqdim etmişlər (məhkəmə iclas protokolunun sonunda izahatının düzgünlüyünü imzası ilə təsdiq etmişdir).

22. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 noyabr 2022-ci il tarixli 2(003)-2743/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus olan torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları və həmin torpaq sahəsində cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehlərin öz hesablarına sökülməsi, İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu və hüquqların müdafiəsi üçün vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Mərdəkan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə (Mərdəkan qəsəbə Soveti icraiyyə komitəsinin sədr müavini A.Ş.Abdullayevin məlumatı) əsasında vətəndaş İddiaçı ərizəsi əsasında Bakı şəhər Soveti icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 22/45b nömrəli qərarını rəhbər tututaraq Şimali DRES Kooperativ küçəsi ev 6 yataqxanada yaşayan Azərbaycan LKKİ Mərkəzi komitəsində işləyən İddiaçı Mərdəkan qəsəbəsində A336 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 750 m2 torpaq sahəsi ayrılması qərara alınmış və Əzizbəyov rayon X19 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Mərdəkan qəsəbəsində 750 m2 torpaq sahəsi ayrılmışdır. X11 ilə Cavabdeh2 arasında “Sahə” adlanan ərazidə 1040 m2 torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsi ilə bağlı xx.xx.2007-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh2na torpaq sahəsinin ayrılması barədə bələdiyyə tərəfindən hər hansı inzibati akt qəbul edildiyi aşkar edilməmiş və inzibati akt qəbul edilmədən Şağan Bələdiyyəsi ilə Cavabdeh2 arasında torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Bundan başqa Cavabdeh2 tərəfindən bu müddət ərzində icarəyə verilmiş topraq sahəsinə dair icarə haqqının ödənilməsi də sübut olunmamışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qəbz isə “bələdiyyələr xidmətinə” dair ödənişə aid olub ki, bunun da tərəflər arasında torpaq mübahisəsinin yarandığı dövrə təsadüf etdiyi müəyyən olunmuşdur.

24. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Əzizbəyov rayon X19 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi verilmədiyindən, iddiaçının iddia predmetinə aid olan torpaq sahəsinə dair subyektiv hüququ onun tərəfindən 31 il ərzində sözügedən torpaq sahəsindən istifdə etməsi, həmçinin sahiblik etməsi faktı məhkəməyə təqdim olunan sübutlar, şahid ifadələri, habelə məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı mübahisə predmetinə aid olan torpaq sahəsinə qonşu olan diğər torpaq sahələrinin sahibləri, habelə 1990-cı illərdə Mərdəkan qəsəbəsi üzrə İcra Nümayəndəliyinin sədr müavini vəzifəsində işləmiş X2 tərəfindən təsdiq olunur. İşin faktiki hallarından göründüyü kimi İddiaçı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Əzizbəyov rayon X19 İcariyyə Komitəsinin qərarı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır.

25. Məhkəmə gəldiyi nəticəni V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına, Mülki Məcəllənin 139.- 1.1.1, Torpaq Məcəlləsinin 3, 84, 111 və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 107, 119.1, 121.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

26. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli torpaq sahəsi 2007-ci ildə Bələdiyyə tərəfindən 60 illik icarə müqaviləsi əsasında onlara verilmişdir. Həmin torpaq sahəsində olan su çəni 1992-1993-cü illərdə atası tərəfindən qoyulmuşdur. İddiaçının hazırki tələb üçün subyektiv hüququ yoxdur. 31 il öncə iddiaçıya 750 kv.m torpaq sahəsi ayrılsa da, torpaq sahəsinin ayrılmasına dair plan sxem tərtib edilməmiş, koordinatları müəyyən edilməmiş, ünvan verilməmişdir. 31 il iddiaçı faktiki torpaq sahəsində heç bir iş görməmişdir. Hasarı da özü tikib, evi də özü tikib, çən də ona məxsusdur. 2007-ci ildən icarəylə bağlı dövlət rüsumu ödəyir.

27. Apelyasiya baxışı zamanı ərizə (əlavə) verərək, göstərmişdir ki, iddiaçı tərəfindən mübahisəli topraq sahəsinə dair məhkəməyə təqdim edilən hüquqmüəyyənedici sənəd, Əzizbəyov Rayon XDS İK-nin 16 saylı, 13 sentyabr 1991-ci il tarixli Qərarı Mərdəkan qəsəbəsində torpaq ayrılmasına aiddir. Mübahisələndirilən torpaq sahəsi isə Şağan qəsəbəsində yerləşir. İddiaçı bu ziddiyyəti həmin dövrdə şağan qəsəbəsinin ayrıca inzibati ərazi olmaması ilə izah etsə də, bunu təsdiq edəcək sübut iş materiallarında yoxdur və birinci instansiya məhkəməsi bu xüsusata qiymət verməmişdir. Torpaq sahəsinin iddiaçının iddia etdiyi kimi, ona ayrılmış torpaq sahəsi olduğunu təsdiq edəcək şahid ifadələrindən daha mötəbət sübutlar olmalıdır. Bunun üçün, ilk növbədə indiki Xəzər Rayon İcra Hakimiyyətinin cizgi tərtib etməsi gərəkdir. İddia tələbləri 750 kv.m. torpaq sahəsi ilə bağlıdır. Cavabdehin təqdim etdiyi hüquqmüəyyənedici sənəd olan X3 1040 kv.m. torpaq sahəsinin ayrılmasından bəhs edilir. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi zəruriyyəti var.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz ünvanlayaraq, apelyasiya şikayətinin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

33. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

34. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

35. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).

"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə

36. 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

37. 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

38. 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.

39. 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

40. 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

41. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

42. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Qətnamə mübahisələndirilən hissədə – Cavabdeh2 aid hissədə tam yoxlanılır. Digər cavabdeh şikayət verməmişdir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

51. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Mərdəkan qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8 nömrəli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə (Mərdəkan qəsəbə Soveti icraiyyə komitəsinin sədr müavini A.Ş.Abdullayevin məlumatı) əsasında vətəndaş İddiaçı ərizəsi əsasında Bakı şəhər Soveti icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 22/45b nömrəli qərarını əldə rəhbər tututaraq Şimali DRES Kooperativ küçəsi ev 6 yataqxanada yaşayan Azərbaycan LKKİ Mərkəzi komitəsində işləyən İddiaçı Mərdəkan qəsəbəsində A336 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılması qərara alınmış və Əzizbəyov rayon X19 İcariyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün Mərdəkan qəsəbəsində 750 kv.m torpaq sahəsi ayrılmışdır.

52. İddiaçının iddia predmetinə aid olan torpaq sahəsinə dair subyektiv hüququ onun tərəfindən 31 il ərzində sözügedən torpaq sahəsindən istifadə etməsi, həmçinin sahiblik etməsi faktı işin müəyyən edilmiş halları ilə təsdiq edilmişdir.

53. Belə olan halda məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasa da, Əzizbəyov rayon X19 İcariyyə Komitəsinin qərarı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır.

54. Cavabdeh2na isə torpaq sahəsinin ayrılması barədə bələdiyyə tərəfindən hər hansı inzibati akt qəbul edildiyi aşkar edilməmiş və inzibati akt qəbul edilmədən Şağan Bələdiyyəsi ilə sonuncu arasında torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır.

55. İddiaçının mübahisəli torpağa dair hüquqları qeydiyyatdan keçməsə də, onun qeyd olunan torpağa dair “qanuni gözlənti” hüququ var, cavabdehlər həmin torpaq sahəsinə iddiaçının gözlənilən xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaradır. Bununla da iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır.

56. Kollegiya onu da qeyd edir ki, iddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi ortofoto görüntülər, fotoşəkillər və s. sənədlərdən mübahisəli sahəyə daş hasarın məhz iddiaçı tərəfindən çəkildiyi, su çəninin isə qonşu torpaq sahəsinin sahibinə məxsus olmaqla məhz onun icazəsi əsasında mübahisəli sahəyə yerləşdirilməsi müəyyən olunur.

57. Kollegiya xx.xx.1991-ci il tarixli 16 nömrəli qərarda iddiaçıya ayrılmış 750 kv.m torpaq sahəsinin Mərdəkan qəsəbəsində yerləşməsi ilə bağlı cavabdeh tərəfin dəlilinə qiymət verərək qeyd edir ki, mübahisəli ərazi vaxtilə Mərdakan qəsəbəsinə aid olmuş, yalnız Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Şağan qəsəbəsi şəhər tipli Mərdəkan qəsəbəsindən ayrılaraq, şəhər tipli qəsəbə kimi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Şağan şəhər tipli qəsəbəsi mərkəz olmaqla Şağan qəsəbə ərazi vahidi yaradılmışdır.

58. Cavabdeh tərəfin digər – iddiaçıya 750 kv.m torpaq sahəsi ayrıldığı halda mübahisəli sahənin 1200 kv.m olması dəlilinə də qiymət verən Kollegiya qeyd edir ki, zəbt sahəsi iddiaçının torpaq sahəsinin daxilində yerləşdiyindən və həmin sahədən də iddiaçı istifadə etdiyindən, bu sahəni, geri qaytarılması mümkün olmayan torpaq sahəsi kimi (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsi), yalnız iddiaçı Şağan Bələdiyyəsindən ala bilər, Cavabdeh2 isə belə hüququ olmadığından, göstərilən məsələni mübahisələndirmək üçün subyektiv hüququ da yoxdur.

59. Kollegiya onu da qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir ki, bələdiyyənin qərarı da ümumi yığıncağın qərarıdır.

60. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cə bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir.

61. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.

62. Hazırki işdə isə Cavabdeh2la icarə müqaviləsinin bağlanmasına əsas verən müvafiq bələdiyyə qərarı mövcud deyil.

63. Eləcə də cavabdehə verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon (şəhər) icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur. Düzdür, iddiaçının da yerquruluşu sənədi yoxdur, ancaq mübahisəli torpaq sahəsinin ona ayrılması yerli icra hakimiyyəti orqanının sərancamı ilə həyata keçirilmişdir və cavabdehin bələdiyyə ilə bağladığı icarə müqaviləsindən fərqli olaraq, həmin sərancamın mötəbərliyi şübhə doğurmur (sərancamın və onun verilməsinə əsas olan qərarın kökü arxivdə saxlanıldığı üçün).

64. Tərəflərdə yerquruluşu sənədi olmadığından, eləcə də cavabdehin bələdiyyə ilə bağladığı icarə müqaviləsinin mötəbərliyi müəyyən olunmadığından, hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məqsədəmüfaviq hesab olunmamışdır.

65. Apelyasiya şikayətinin dəlilləri əsassızdır.

66. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2743/2022 saylı iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar