Məhkəmə qərarları › İş №2(103)-1957/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1957/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1957/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1169/2023 nömrəli 07 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qaradağ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli 026755 nömrəli orderə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Kirov küçəsi (indiki Z.Qasımov) 43 saylı evin 7 saylı mənzili (blok 1, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 43,62 m2 olan) X8 adına verilmişdir. Ailə üzvləri aşağıdakılardan ibarətdir: X20 1919-cu il təvəllüdlü (özü), X25 1959-cu il təvəllüdlü (oğlu), X12 1954-cü il təvəllüdlü (gəlini), Cavabdeh1 1964-cü il təvəllüdlü (oğlu), İddiaçı 1964-cü il təvəllüdlü (oğlu).

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(002)-903/2008 nömrəli qiyabi qətnaməsinə əsasən İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1ov küçəsi, 43 saylı evin 7 saylı mənzilinə köçürülərək mənzildən istifadə qaydasının müəyyən edilməsi, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 1ov küçəsi, 43 saylı evin 7 saylı mənzilin əmlaklarının yerləşdiyi sahəsi 17.22 kv.m və 9.2 kv.m olan otaqlarında, Cavabdeh1 isə ailə üzvləri ilə birlikdə həmin mənzilin sahəsi 17.2 kv.m olan otağında yaşaması qət edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Reyestrinin ******* nömrəli çıxarışa görə Bakı şəhəri, ünvan 1ov prospektində istifadədə olan 0.1218 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 26.42 kv.m ümumi, 26,42 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli sıxlaşdırılmış mənzil tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabı 88719 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 1ov küçəsi, 43 saylı evin 7 saylı mənzilə dair xx.xx.2009-cu il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən hüquq subyekti İddiaçı olmaqla, sənəd üzrə torpaq sahəsi 0,1218 ha, faktiki sahə 0,1218 ha, tikinti altı sahə 0,1218 ha, mənzil 17,22 m2-dən ibarət, 9,20 m2-dən ibarət və 17,20 m2-dən ibarət 3 yaşayış otağından, ümumi istiadədə olan 5,90 m2 giriş, 5,90 m2 mətbəx, 1,90 m2 hamam, 1,30 m2 sanitar qovşaqdan ibarətdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışa görə Cavabdeh1, X4, Cavabdeh7, X14, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X9, X5, X6 və Cavabdeh4 Bakı şəhəri, ünvan 1ov küçəsi 43 saylı evin 7 saylı mənzil ünvanında qeydiyyatındadırlar.

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 119 saylı Mənzil- Kommunal İstismar Birliyinin 1345 nömrəli arayışına görə X10, X5, X14, X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və X28 Bakı şəhəri, ünvan 1ov küçəsi 43 saylı evin 7 saylı mənzil ünvanında qeydiyyatındadır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 43, 7 saylı 2 otaqlı mənzil 026755 nömrəli xx.xx.1989-cu il tarixli orderə, 459 nömrəli xx.xx.2009-cu il tarixli forma 2 arayışına, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin 55 nömrəli xx.xx.2009-cu il tarixli əmrinə, Qaradağ rayonu Məhkəməsinin 2(002)-903 nömrəli xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsinə, X3 razılıq ərizəsinə əsasən xx.xx.2009-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 43, 7 saylı 1 otaqlı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

8. İddiaçı xx.xx.2023-cü il tarixli sifarişinə əsasən Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən cəlb edilmiş qiymətləndirici ekspert tərəfindən verilmiş 0122 nömrəli qiymətləndirmə hesabatına görə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 43, 7 saylı mənzilin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 50.000 manat müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X18, Cavabdeh4, X15, Cavabdeh6, Cavabdeh7 və X21 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X16, X18, X17, Cavabdeh5 və Cavabdeh6 10.000 manat kompensasiya qarşılığında Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 43, 7 saylı mənzildən istifadə hüququna xitam verilməsi yolu ilə mənzildən çıxarılması, cavabdehlər Cavabdeh7 və X19 isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 43, 7 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, sözügedən ünvanda yerləşən ona məxsus olan mənzildə ailə üzvlərindən başqa Cavabdeh1, Cavabdeh2, X18, Cavabdeh4, X15, Cavabdeh6, Cavabdeh7 və X28 qeydiyyatdadırlar. Adıçəkilən şəxslərin bir neçəsi uzun müddətdir ki, faktiki olaraq həmin mənzildən istifadə etməmiş, başqa yerdə yaşamış və mənzillə heç bir əlaqələri olmamışdır. Cavabdeh7 və X1 mənzildə faktiki olaraq yaşamır və uzun müddətdir ki, həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Digər cavabdehlər isə hələ də həmin mənzildən istifadə etməkdədirlər. Bu səbəbdən mənzildən istifadəni davam etdirən cavabdehlərə münasibətdə ümumilikdə 10.000 (on min) manat kompensasiya məbləği əvəzinə mənzildən istifadə hüququna xitam verilməsinə razıdır. Həmçinin, istifadə hüququna malik cavabdehlərlə birlikdə sözügedən mənzildə yaşamaq hazırda mümkünsüz hal almışdır. Çünki sözügedən mənzilin sahəsi 26.42 kv.m-dir və onun ailəsindən (toplamda 5 nəfər) başqa əlavə cavabdehlərin (8 nəfər) həmin mənzildə birlikdə yaşaması qeyri-mümkündür. Onun isə mənzilindən faktiki olaraq istifadə edə bilməməsi birmənalı şəkildə mülkiyyət hüququnun məhdudlaşdırılması deməkdir.

11. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X19 cavabdehlər sırasından çıxarılmasını və X7 isə adının Neymət kimi qeyd olunmasını xahiş etmişdir.

12. Məhkəmə qərardadı əsasında təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4733,9/4936 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1ov küçəsi, 43 saylı evin 7 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 68000 manat (41.42 kv.m x 1637 manat məbləğində müəyyən olunur). Bakı şəhəri, ünvan 1ov küçəsi, 43 saylı evin 7 saylı, sahəsi 41.42 kv.m. olan 2 yaşayış otaqlı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 350 manat müəyyən edilir.

13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 dekabr 2023-cü il tarixli 2(002)-1169/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia təmin edilməmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisəli mənzilə tam mülkiyyət hüququ mövcud deyil və məhkəmə hesab edir ki, onun mənzilin mülkiyyət hüququnun mövcud olmadığı hissəsinə münasibətdə hazırkı iddia tələbini irəli sürmək barədə subyektiv hüququ yoxdur. İddia Bakı şəhəri, ünvan 1ov küçəsi, 43 saylı evin 7 saylı mənzilin 17,20 kv.m yaşayış otağı və ümumi istifadədə olan 15 kv.m sahəyə aid hissədə tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, iddia tələbini həmin hissədə təmin edilə bilməz.

15. Bakı şəhəri, ünvan 1ov küçəsi, 43 saylı evin 7 saylı mənzilin 17,20 kv.m sahədən ibarət bir otağına Cavabdeh1 və ailə üzvlərinin köçürülməsi barədə qanuni qüvvə minmiş məhkəmə qətnaməsi olduğundan, sözügedən mənzilin 15 kv.m sahədən ibarət hissəsi ümumi istifadədə olduğundan və yuxarıda qeyd edildiyi kimi mənzilin əvvəlki icarədarı Cavabdeh1 mərhum anası olmaqla, orderdə Cavabdeh1 adı icarədarın ailə üzvü kimi göstərildiyindən Cavabdeh1 mübahisəli yaşayış sahəsinin bir hissəsinə mülkiyyət hüququ əldə etməsi üçün qanuni əsaslar mövcuddur.

16. Məhkəmə göstərmişdir ki, cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi imkanı Cavabdeh1 həmin yaşayış sahəsinin ümumi mülkiyyətçisi olması barədə gözləntisinə görə istisna edilir. Belə olan halda, iddiaçının təklif etdiyi kompensasiyanın yetərli olub-olmamasının araşdırılmasına və qiymətləndirilməsinə zərurət qalmır. Məhkəmə göstərilən qənaətə gələrkən onu da nəzərə almışdır ki, mənzilin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan hissəsindən (iki otaq) altı nəfər ailə üzvündən ibarət cavabdehlərin kompensasiya ödənilməklə çıxarılmaları mübahisəli mənzilin giriş-çıxışı eyni olduğu və ümumi istifadədə olan sahələr mövud olduğundan faktiki olaraq icrasız qalmaqla tərəflərdən heç birinin hüquqi marağına xidmət etməyəcəkdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 33, 43, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 51, 53, 54, 60, 87, 123, Mülki Məcəllənin 148.2, 152.1, 178.1, 228.2, Mülki prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun mübahisəli mənzilin 26,42 kv.m hissəsində mülkiyyət hüququna malik olmasını təsdiq edir. Bu isə artıq ona mənzilin mülkiyyətçisi olduğu hissədə tələb irəli sürməsinə subyektiv hüquq vermiş olur. Lakin məhkəmə qətnamənin 51-ci hissəsində onun hazırki iddia tələbini sürmək barədə subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir ki, bu da daha öncə qeyd olunan xüsusla uyğunsuzluq təşkil edir. Yəni məhkəmə bir tərəfdən onu mülkiyyətçi olaraq tanıyır, digər tərəfdən isə onun subyektiv hüququnun olmaması qənaətindədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

22. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

24. Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş)

26. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil isitsmar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

27. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

28. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Hədi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

29. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

30. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

31. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

34. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1ov küçəsi, 43 saylı evin 7 saylı mənzili 17,22 kv.m , 9,20 kv.m və 17,20 kv.m-dən ibarət 3 yaşayış otağından və ümumi istiadədə olan 5,90 kv.m giriş, 5,90 kv.m mətbəx, 1,90 kv.m hamam, 1,30 kv.m sanitar qovşaqdan, 43,62 kv.m ümumi sahədən ibarətdir. Həmin mənzil İddiaçı və Cavabdeh1 anaları Xasa Məmişovaya (daha əvvəl isə atalarına) order əsasında verilmişdir, hər iki tərəf icarədarın ailə üzvləri olmaqla mübahisəli mənzildə 1980-ci illərdən bu günədək yaşamaqda davam edirlər. İddiaçı mübahisəli mənzilin yalnız 26,42 kv.m hissəsində mülkiyyət hüququna malikdir. Mənzilin digər otağına (sahəsi 17,20 kv.m) Cavabdeh1 ailə üzvləri ilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur.

44. Göründüyü kimi ******* nömrəli çıxarışa görə Bakı şəhəri, ünvan 1ov prospektində istifadədə olan 0.1218 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində, 26.42 kv.m ümumi, 26,42 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli sıxlaşdırılmış mənzil tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzilin digər otağına (sahəsi 17,20 kv.m) Cavabdeh1 istifadə hüququ müəyyən edilməklə ailə üzvləri ilə birlikdə köçürülməsi qət edilmişdir.

45. İddiaçı hazırki tələbində cavabdehlər Cavabdeh1, X16, Cavabdeh3, X17, Cavabdeh5 və Cavabdeh6 10.000 manat (birinci instansiya məhkəməsində artırılaraq 15.000 manat təklif olunmuşdur) kompensasiya qarşılığında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi yolu ilə mənzildən çıxarılmalarını, Cavabdeh7 isə mənzildən çıxarılmasını tələb etmişdir.

46. İddiaçının bütün mənzilə mülkiyyət hüququ mövcud olmadığı halda hazırki tələbində cavabdehlər Cavabdeh1, X16, Cavabdeh3, X17, Cavabdeh5 və Cavabdeh6 kompensasiya verilməklə bütün mənzildən istifadə hüquqlarına xitam verilməsini və onların mənzildən çıxarılmalarını tələb etmişdir.

47. Göründüyü kimi, iddiaçının tələbi özünə aid otaqlarla bağlı deyil, onun məqsədi təklif etdiyi kompensasiya müqabilində cavabdehlərin bütün mənzildən çıxarılmasından ibarətdir, o, bunu həm dəfələrlə birinci instansiya məhkəməsində, həm də hazırki icraat zamanı təsdiq etmişdir. Yəni, iddiaçı özünə aid olmayan sahələrdən də cavabdehlərin çıxarılmasını istəyir, halbuki onun bu tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Qüvvədə olan qətnaməyə əsasən, mənzilin 2 otağını iddiaçı mülkiyyətinə keçirdiyi kimi, 1 otağına da cavabdehlər mülkiyyət hüququ əldə edə bilərlər və bunun üçün hər hansı maneə mövcud deyil.

48. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, iddiaçının mənzilin mülkiyyət hüququnun mövcud olmadığı hissəsinə münasibətdə hazırkı iddia tələbini irəli sürmək barədə subyektiv hüququ yoxdur.

49. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

50. Kollegiya qeyd edir ki, iddiaçı müvafiq kompensasiya müqabilində cavabdehlərin təkcə mülkiyyətində olan 2 otaqdan çıxarılmasını tələb etmədiyindən, bu məsələyə qiymət verilməsinə də ehtiyac yoxdur və məhkəmə üçün araşdırma yekunlaşır.

51. Digər Cavabdeh7 mənzildən çıxarılmasına aid hissədə Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti əsaslıdır, belə ki, işin müəyyən edilmiş hallarından, həmçinin iddia ərizəsindən görünür ki, Cavabdeh7 uzun müddətdir faktiki olaraq həmin mənzildə yaşamır. Birinci instansiya məhkəməsində Cavabdeh7 izahatında özü də göstərmişdir ki, 2016-cı ildən ailə həyatı qurduğuna görə həmin evdə yaşamır. Beləliklə mübahisəli mənzildə yaşamayan həmin cavabdehin mənzildən çıxarılması barədə iddia tələbi əsassızdır.

52. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1169/2023 nömrəli iş üzrə 07 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar