Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1958/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödəmək şərti ilə cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) X1, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, övladı olan Cavabdeh1 və gəlini olan Cavabdeh2 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onun tərəfindən 11.000 manat kompensasiya ödənilməklə ona məxsus olan və Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı fərdi yaşayış evindəki yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin, azyaşlı övladları Fərid və Fuadla birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçı tərəfindən cavabdehlərə 11.000 manat məbləğində kompensasiya verilməsi, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, kompensasiya ödənilməsi ilə evdən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsini qət etmişdir. Cavabdeh1 verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)- 3694/2021) ilə Rayon Məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 11.000 manat kompensasiya ödənilməklə onun həmin evdən istifadə hüququna xitam verilməsinə və onun həmin evdən çıxarılması, kompensasiya ödənilməsi ilə mənzildən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsinə dair hissədə” ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd edilməsini, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərar (İş № 2(102)-5503/2021) ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən hazırki mülki işə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ev iddiaçının mülkiyyətindədir və bu barədə iddiaçıya 2004-cü ildə daşınmaz əmlakın dövlət reyestrindən “Qeydiyyat vəsiqəsi” verilmişdir. Ər arvad olan cavabdehlər həmin evdə iddiaçının razılığı ilə yaşayır və onun razılığı ilə evə, yaşayış yeri üzrə 2006-cı ildə qeydiyyatda düşmüşlər. Hazırda cavabdehlərin maddi imkanları var ki, özlərinə başqa yaşayış sahəsi alaraq evdən çıxsınlar, lakin bunu etmirlər. İddiaçı isə cavabdehlərin bundan sonra evdə yaşamaları ilə razılaşmır. Buna görə də, o, onun tərəfindən cavabdehlərə 11.000 manat məbləğində kompensasiya verməklə həmin evdə yerləşən yaşayış sahəsindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin, 2 azyaşlı övladları ilə birlikdə evdən çıxarılmasını istəyir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınsa da, iddiaçı onlara qarşı bu kimi iddianı irəli sürmək hüququna malik deyil. Belə ki, mübahisəli evin tikintisinə və təmirinə Cavabdeh1 da vəsait qoymuşdur. Cavabdehlər 14 ildən artıq müddətdir ki evdə yaşayırlar. 11.000 manat məbləğində kompensasiya həddindən artıq az məbləğdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddiaçının vəkili (nümayəndəsi) ərizə ilə Məhkəməyə müraciət edərək təmsil etdiyi şəxsin kompensasiya məbləğinin artırmasını və kompensasiya olaraq 20.000 manat təklif etdiyi bildirmişdir. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, 20.000 manat məbləğində kompensasiya məbləği ilə də razı deyil. O, iddia tələbi ilə o vaxt razı ola bilər ki, kompensasiyanın məbləği ona ev və ya mənzil almaq üçün kifayət etmiş olsun. İş üzrə digər cavabdeh olan Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını, “kompensasiya məbləğinin artırılması barədə” iddiaçının ərizəsini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hazırki apellyasiya baxışının predmeti ilə bağlı bildirir ki, apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilib iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya baxışı zamanı müəyyən edildi ki, o, kompensasiyanın məbləğindən narazıdır. Buna görə də, Məhkəmə hesab edir ki, hazırki apellyasiya baxışının predmeti də yalnız iddiaçı tərəfindən ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsi təşkil edir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçı tərəfindən ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən iddia ərizəsində qeyd edilən evə dair verilmiş FM seriyalı, 031744 nömrəli “Qeydiyyat vəsiqəsindən” görünür ki, həmin ev xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2004-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Badamdar bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 002/93 nömrəli arayışdan və iş üzrə tərəflərin bildirdiklərindən görünür ki, iş üzrə tərəflər mübahisəli evdə yaşayır və yaşayış yeri üzrə evdə qeydiyyatdadırlar. İşin hallarından müəyyən edilir ki, cavabdehlərin həmin evdə yerləşən yaşayış sahəsindən istifadə etmək hüquqları var və iddiaçı özü də bu halı etiraf edir. Hazırda iddiaçı cavabdehlərin bu kimi hüquqlarına onun tərəfindən 20.000 manat məbləğində kompensasiya ödənilməklə məhkəmə qaydasında xitam verilməsini təklif edir. Məhkəmə apellyasiya baxışının predmetini təşkil edən məsələnin həlli ilə bağlı qeyd edir ki, kompensasiya verilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə tələblərin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı evin hazırki şəraiti nəzərə alınmaqla sözügedən ərazidə yerləşən eyni şəraitli mənzillərin orta aylıq kirayə dəyəri 350 manat təşkil edir. Bu baxımdan hesab edilməlidir ki, cavabdehlər, iddiaçı tərəfindən kompensasiya kimi təklif olunan 20.000 manata (20.000 : 350 = 57 ay) 4 ildən yuxarı müddət ərzində, yəni davamlı sürətdə başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Cavabdeh tərəfin onlara daha yüksək məbləğdə kompensasiyanın verilməsi dəlili ilə bağlı bildirir ki, qanunvericinin mövqeyinə görə, kompensasiya məbləğini istifadəçi deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi müəyyən edir və məhkəmə həmin məbləğin ağlabatan hesab edilib-edilməməsinə qiymət verir. Belə olan halda bu barədə cavabdehin təklifi qəbul edilə bilməz. Məhkəmə isə, yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın 20.000 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Bundan başqa Məhkəmə qeyd edir ki, Cavabdeh1 həqiqətən də, mübahisəli evin tikintisinə və təmirinə vəsait qoymuşdursa, ondan o, həmin vəsaitin əvəzinin ödənilməsi ilə bağlı hazırki iş üzrə iddiaçıya qarşı müvafiq iddia irəli sürə bilər. Həmin məsələ hazırki işin icraatı zamanı həll edilə və hazırki işin icraatının başlanmasına əsas olmuş iddianın rədd edilməsinə əsas ola bilməz. Beləliklə, göstərilənləri nəzərə alan və MPM-nin 384, 385-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 noyabr 2020-ci il tarixli qətnamə qismən, yəni apellyasiya baxışının predmetini təşkil edən hissədə qismən dəyişdirilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməli olan kompensasiyanın məbləği 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilsin. Müəyyən edilsin ki, Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-cı il tarixli qətnamənin qalan hissəsi, yəni İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya verilməsi, cavabdehlərin Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanında yerləşən 10 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, kompensasiya ödənilməsi ilə evdən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1958/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1958/2022
11.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver