Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1960/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3654/2023 saylı, 05 dekabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı xx.xx.2014-cü il tarixdə «X5» MMC-nin Kollektor şöbəsinin kollektor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə «X5» MMC-də aparılan struktur dəyişiklikləri və yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar olaraq işçinin vəzifəsi 2-ci dərəcəli Kollektor adlandırılmış, xx.xx.2014-cü il tarixdə mühasib vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə Baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə PKDİ (problemli kreditlərin idarəedilməsi Departamentinin) müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2023-cu il tarixdə şirkətin adı və təsərrüfat-hüquqi forması dəyişdirilərək Cavabdeh ASC olmuş, xx.xx.2023cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2.Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə, 71-ci maddəyə və 72-ci maddəsinin «ç» və «e» bəndində nəzərdə tutulan əmək vəzifələrini kobud şəkildə pozması səbəbilə Cavabdeh ASC-nin Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlara əsaslanaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən Cavabdeh ASC-nin PKİD-nin müdiri İddiaçı ilə bağlanılmış xx.xx.2014-cü il tarixli 044 №-li əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən xitam verilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, ***-**** saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının, əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Tələbdə göstərilir ki, xx.xx.2014-cü il tarixdə «X5» (xx.xx.2023-cü ildə şirkəti adı və təşkilatı-hüquqi forması dəyişdirilərək Cavabdeh ASC olmuşdur) MMC-də «Kollektor» vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü ildən etibarən şirkətdə aparılan struktur dəyişikliyi və eyni ştat cədvəlinin tətbiqi ilə əlaqədar olaraq işçinin vəzifəsi «2-ci dərəcəli Kollektor» adlandırılmışdır. xx.xx.2014-cü il tarixdən etibarən «Mühasib» vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixindən «Baş Mühasib» vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə isə «problemli kreditlərin icra edilməsi» Departamentinin Müdiri vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi, 71-ci maddə və 72-ci maddəsinin «s» və «e» bəndlərində nəzərdə tutulan əmək vəzifələrini kobud surətdə pozması səbəbi ilə ***-**** saylı əmrlə xitam verilmişdir. İddiaçı xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə əmək məzuniyyətində olmuşdur. Əmək məzuniyyətindən qayıdan zaman ona məlum olmuşdur ki, o, tutduğu vəzifədən müvafiq qaydada azad edilib. İddiaçı əmək kitabçasını poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə almışdır. İddiaçı ilə son haqq-hesab edilsə də, hesab edir ki, son haqq-hesab düzgün hesablanmamışdır. Belə ki, əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması və son haqq-hesab düzgün olmamasından ibarətdir. İddiaçının işdən çıxarılması ilə bağlı əsaslandırılmış əmrin və onun əsası qismində çıxış edən sənədlərin təsdiq edilmiş surətini vəkil bürosunun ünvanına göndərilməsi üçün sorğu ilə cavabdehə müraciət olunsa da, sadəcə əmrin surəti göndərilmişdir. Əmrin əsası qismində çıxış edən və onda göstərilən Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli akt həm iddiaçı ilə tanış edilməmiş, həm də sorğuya verilmiş cavaba əlavə olunmamışdır. Əmək kitabçasından da göründüyü kimi iddiaçı cavabdeh müəssisədə bir ildən çox müddət ərzində işləmiş, bu müddət ərzində bir dəfə də olsun işdən yayınma halları olmamış, işlədiyi müddət ərzində hər hansı intizam tənbehi almamış, işçiyə heç bir xəbərdarlıq və ya töhmət verilmədən, hətta onun izahatı alınmadan barəsində nəticəsi qeyri-məlum olan xidməti araşdırma aparmaqla, ona birbaşa Əmək Məcəlləsinin 186.2-ci maddəsində nəzərdə tutulmuş ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsini 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsini tətbiq edilməsi ədalətli hesab edilməməlidir. Bu xüsusda cavabdeh tərəfindən ortaya qoyulmuş mövqe Əmək Məcəlləsinin 186.3-cü maddəsində müəyyən olunmuş qaydada da ziddir. Bundan başqa, iddiaçı Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən azad olunsa da, qanunvericiliyin tələblərinə zidd olaraq şəxsin əmək müqaviləsinə qeyd olunan əsaslarla xitam verilməsinin zərurəti, iddiaçı tərəfindən qanunvericiliyin maddələrinin pozulmasının nədən ibarət olması ilə bağlı heç bir əsaslandırma aparılmamış, bu hal iddiaçıya naməlum olaraq qalmışdır. Bundan əlavə, tərəflər arasında bağlanmış Cavabdeh ASC tərəfindən İddiaçı əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilmədiyi müəyyən edilmişdir. Hesab edir ki, Cavabdeh ASC tərəfindən iddiaçıya əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilməsi zəruridir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3654/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən cavabdeh şirkətdə müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2021-ci il tarixdən Problemli Kreditlərin İcra Edilməsi Departamentinin müdiri vəzifəsində işləmişdir. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli ***-**** saylı əmri ilə əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Cavabdeh ASC-nin Xidməti araşdırmanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlar göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı xx.xx.2023-cü il tarixli, ***-**** saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi, 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru İqor Skorik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışında qeyd edilir ki, test olaraq mübahisəli login adından «12345» parolu ilə "xxxx" CRM sisteminə daxil olmaq imkanı tərəflərindən yoxlandıqda, sistem bu parolun səhv olduğunu bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus giriş sistemi yalnız özünün bildiyi parol olmuşdur. Bundan əlavə isə iş üzrə «X1» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh ASCnin "xxxx" CRM sisteminə xx.xx.2023-cü il tarixdə saat 02:24:37-dən 03:52:09-dək uzaqdan qoşulma proqramı (Kerio VPN) vasitəsilə 1 saat 27 dəqiqə 32 saniyə sistemdə aktiv olmaqla, SQL serser bazasında axtarış sistemində bir çox dəyişikliklər olunmuş, heç bir aktiv istifadəçi olmadığından dəyişiklər Log (qeydiyyat) kitabçasına həmin istifadəçi tərəfindən daxil olunmuş və bu kimi girişlərin nəticəsi olaraq "xxxx" CRM sisteminin işlək vəziyyətdə olmadığı dövrdə Şirkətin "xxxx" CRM sisteminə implementasiya olunmuş biznes prosesləri pozulmuşdur ki, nəticədə bu da Şirkətin maddi ziyanla üzləşməsinə gətirib çıxarmışdır. Həmçinin mülki işin materiallarında görünür ki, iddiaçı həmin tarixlərdə ölkə xaricində olmuş və olduğu həmin ölkə üzrə ip ünvanlardan sistemə vpn vasitəsilə girişlər edilmişdir (bunun əksini isə iddiaçı sübuta yetirə bilməmişdir). Bundan başqa mülki iş materiallarında olan Cavabdeh ASC-nin Maliyyə direktoru Z.Salahov və Portfelin Monitorinqi və Hesabat şöbəsinin müdiri N.Məmmədzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək müddət ərzində Cavabdeh ASC-nin tələb hüquqları üzrə borcluların nağdsız gəlirlərinə (pensiya, müavinət, əmək haqqı və s.) yönəldilmələr üzrə mədaxilin dinamikası aşağı düşmüşdür. İddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir. Bu səbəbdən, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Bu səbəbdən, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2023-cü il tarixli, ***-**** saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. İddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, əmək müqaviləsi və şirkətin daxili qaydalarına əsasən 2023-cü ilin aprel və may ayları üzrə yığımların 0,4%-i həcmində əmək haqqına əlavənin ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi hissələri də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Maddə 70 «ç» bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72 “c” və “e” bəndi. Təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 300, 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
19. Əvvəla, işdə olan kifayət qədər mötəbər sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur.
20. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
21. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 72-ci maddənin “c” və “e” bəndi ilə, yəni iddiaçının təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi pozması əsası ilə ləğv etmişdir.
22. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmalı və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməlidir.
23. Cavabdeh qurumun təqdim etdiyi çoxsaylı mötəbər sübutlarla iddiaçının təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi təsdiq olunur. Belə ki, iddiaçı xx.xx.2023-cü ildə ona iki aylıq məzuniyyət verilməsi və 2 iyun 2023-cü ildən işdən çıxmaq istədiyinə dair ərizə yazmışdır. Bundan qısa müddət sonra isə ASC-nin "xxxx" sistemində problemlər yaranmağa başlamışdır. Təxminən 20 aprel 2023-cü il tarixində "xxxx" sisteminin yaradıcısı və ona qulluq edən şirkətin rəhbəri X8 yazaraq yaranmış problemin səbəbinin mart ayının 28-dək 29-na keçən gecə VPN vasitəsi ilə giriş olunması və oradakı alqoritmlərin dəyişdirilməsi olduğunu bildirib. Yalnız aprel ayının sonlarına yaxın sistemin işinin bərpa olunmasına nail olmaq mümkün olub. Aparılmış dəyişiklərin xarakterinə görə ümumilikdə sistemdə 20 dəyişiklik olunmuş və hər biri də sistemin işini pozmağa yönəlmişdir. Bunu isə yalnız sistemə cavabdeh şəxs edə bilərdi. Həmin girişin iddiaçıya aid login ilə olunduğu müəyyən edilmişdir. Çünki "xxxx" sisteminə giriş üçün nəzərdə tutulmuş loginlər unikaldır və ilk dəfə sistem administratoru tərəfindən müvəqqəti parol qoyulur. Daha sonra isə istifadəçiyə həmin parolu dəyişərək yeni parol təyin edilməsi bildirilir. İlk dəfə iddiaçıya parol xx.xx.2021-ci il tarixdə, yəni sistem yaradılarkən verilib. Daha sonra isə iddiaçı tərəfindən yeni parol qoyulub. Həmin parolu isə ondan başqa bilən olmayıb. Sistemə hansı İP ünvanı ilə giriş olunduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi məktubda bildirilmiş və sistemə giriş edilən İP ünvanı "xxxx" provayderinə məxsus olduğu göstərilmişdir. ASC-də «Azfibernet» provayderi xidmət göstərir. Həmin daxilolma şirkətdə edilmiş olsaydı, «Azfibernet» provayderinə məxsus olan İP ünvanından istifadə ediləcəkdi. İddiaçının loginindən mart ayı ərzində istifadə statistikasına baxıldıqda müəyyən olunur ki, iddiaçı məzuniyyətdə olduğu vaxtlarda VPN ilə edilmiş girişlərin əsas hissəsi xaricdən olub. Bir neçə dəfə ASC-dən girişlər edilib ki, bu zaman «Azfibernet» provayderinə məxsus olan İP ünvanından istifadə olunub. Qalan bütün İP ünvanları "xxxx"ə məxsus olub. 28-29 mart 2023-cü ildə edilmiş daxilolmalar da "xxxx"ə məxsus İP ünvanından edilmişdir. Təqdim edilmiş VPN çıxarışlardan da görünür ki, 29 martdan əvvəl və sonra eyni İP ünvanından sistemə giriş edilmişdir. İddiaçının sistemə girişi 29 mart tarixində bağlansada, o, cavabdehə müraciət edərək sistemə girişinin bərpa olunması və öz maillərinə baxmalı olduğunu bildirmişdir. Bununla bağlı 29 mart 2023-də razılıq verilir və onun sistemə girişi bərpa olunaraq 01 aprel tarixində yenidən sistemə girişi bağlanılır. 30 mart 2023-cü ildəki daxil olmalar da yenə eyni İP ünvanından giriş olduğunu təsdiq edr. Bütün bu hallar sübut edir ki, qeyd edilən İP ünvanı iddiaçıya məxsus olmuşdur. "xxxx" sisteminin işinin pozulması nəticəsində ASC-yə ziyan dəyməsi, o cümlədən həmin ayda yığımların aşağı düşməsi mütəxəssis və audit rəyləri ilə təsdiq olunub. Demək iddiaçının təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində ASC-yə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi işin mübahisəsiz halına çevrilib.
24. Apellyasiya şikayətinin dəlillərindən biri budur ki, "xxxx" MMC-nin direktoru İ.Skorik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra verilmişdir. Ancaq "xxxx" MMC-nin direktoru İ.Skorik tərəfindən arayışlarıın xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə verilməsi iddianın əsaslılığına heç bir təsir etmir. Çünki qeyd olunan arayışda göstərilənlər 2023-cü ilin sentyabr və oktyabr aylarına aid deyil. Arayışda göstərilənlər iddiaçının törətdiy hüquq pozuntularını təsdiq edir, eləcə də "xxxx" CRM sisteminə giriş və iş prinsipi ilə bağlı olmuşdur. Başqa sözlə arayışda göstərilənlər 2023-cü ilin sentyabr və oktyabr aylarında baş verən hansısa hadisələrlə bağlı olmamışdır. Ona görə də bu cür dəlillərdən istifadə edilməsi şikayəti əsaslı edə bilməz.
25. Apellyasiya şikayətinin digər dəlilindən biri də «X1» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli mütəxəssis rəyinə istinad edilsə də iddiaçının "xxxx" CRM sisteminə daxil olmasının nə iş materialları, nədə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması ilə bağlıdır. Ancaq qeyd olunan rəydədə mütəxəssi qarşısında qoyulmuş suallara cavab verilərək göstərilib ki, Cavabdeh ASC-nin "xxxx" CRM sisteminə xx.xx.2023-cü il tarixdə saat 02:24:37-dən 03:52:09-dək uzaqdan qoşulma proqramı (Kerio VPN) vasitəsilə 1 saat 27 dəqiqə 32 saniyə sistemdə aktiv olmaqla, SQL serser bazasında axtarış sistemində bir çox dəyişikliklər olunmuş, heç bir aktiv istifadəçi olmadığından dəyişiklər Log (qeydiyyat) kitabçasına həmin istifadəçi tərəfindən daxil olunmuşdur; Qeyd edilən vaxt kəsiyində "xxxx" CRM sisteminə giriş aşağıdakı ünvandan olmuşdur: uclD – 6049f68e31eab; Login – Elektron ünvan ; User name – nijat.ismailov; email - Elektron ünvan ; İpaddress – 192.168.10.8 5.134.58.36; Dəyişikliklər "xxxx" CRM sisteminin biznes proseslərə ail məlumatları filtrasiya edən alqoritmlərin parametrlərinin dəyişilməsi və ya silinməsindən ibarət olmuşdur (dəyişiklərlə və şəbəkəyə daxil olmalara dair yazılı sübutlar rəyin tədqiqat hissəsində əks olunub); araşdırma nəticəsində müəyyən edilib ki, xx.xx.2023-cü il tarixdə «nijat.ismailov» istifadəçisi tərəfindən yaradılmış VPN bağlantısı vasitəsilə Cavabdeh ASC-nin şəbəkəsinə daxil olması "xxxx" CPM sisteminin iş proseslərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnib. Qeyd edilən dəyişikliklər səbəbindən həmin xidməti məlumatların istifadəçisi olan Şirkətin struktur bölmələri məlumatlara dair sorğu etdikdə müvafiq məlumat kateqoriyaları üzrə tamamilə təhrif edilmiş cavablar almışlar. Sistemin çalışmasında yaranmış qüsurların səbəblərinin tapılması, dəyişikliklərin törətdiyi nəticələrin aradan qaldırılması, sistemin əvvəlki işlək vəziyyətə qaytarılması üçün əlavə vaxt, maliyyə və işçi qüvvəsi ehtiyatları sərfiyyatı zərurəti yaranmışdır. "xxxx" CRM sisteminin işlək vəziyyətdə olmadığı dövrdə Şirkətin "xxxx" CRM sisteminə implementasiya olunmuş biznes prosesləri pozulmuşdur ki, nəticədə bu da Şirkətin maddi ziyanla üzləşməsinə gətirib çıxarmışdır. Göründüyü kimi, iddianın əsassız olması işdə olan mötəbər sübutlarla, o cümlədən qeyd olunan rəylə də açıq -aşkar təsdiq olunur. İddiaçının istinad etdiyi bu hallar iddianın və şikayətin əsaslı olmasına dəlalət etmir. Çünki iddiaçı təqsirli hərəkətləri(hərəkətsizliyi) nəticəsində ASC-yə maddi ziyan vurub və əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirdiyi üçün intizam məsuliyyətinə cəlb edilmişdir. Başqa sözlə, işdəki çoxsaylı sübutlar iddiaçının əmək fəaliyyəti zamanı pozuntulara yol verməsi ilə bağlıdır.
26. Məhkəmə tərkibi qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi isə şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3654/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3654/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.