Məhkəmə qərarları › İş №2(103)-1964/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1964/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1964/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4508/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh QSC-yə qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC cəlb olunmaqla “zaminliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə onun zaminliyinə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4508/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Ş.Sadıqov apellyasiya şikayəti ilə razı olmadığını, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: “Cavabdeh" QSC və "xxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinə əsasında bağlanmış 02R000034105 saylı Kredit razılaşmasına əsasən Bank məbləği 1,650,000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,125 % olmaqla 60 ay müddətinə Kredit Alana verir. Kredit Alan bu Kredit Razılaşmasının ayrılma hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Kredit razılaşmasına əlavə edilmiş ödəniş planından görə İddiaçı xx.xx.2014-cü il tarixdə ödəniş planı ilə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 02R000034105S, 02R000034105SA, 02R000034105SB, 02R000034105SC, 02R000034105SD, 02R000034105SE, 02R000034105SF, 02R000034105SG saylı Sazişlərə əlavə edilmiş ödəniş planlarına əsasən İddiaçı ödəniş planları ilə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh QSC və İddiaçı arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsi xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 02L0QQQ12240 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1030/2020 saylı qətnaməsi ilə iddiaçı “xxxx" qapalı səhmdar cəmiyyətinin cavabdehlər “xxxx” MMC və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiası qismən təmin edilmiş, “xxxx” MMC-nin iddiaçıya qarşı xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı krediti razılaşmasının ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2464/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qətnamədən apellyasiya şikayəti vermiş, həmin iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “xxxx” QSC-nə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər dayandırılması barədə qərar qəbul edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Cavabdeh" QSC və "xxxx” MMC arasında xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı kredit xətti bağlanmış və kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, bu müqavilə Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il və xx xxxx 2019-cu il tarixli qərarlarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Hazırkı iş üzrə kredit razılaşmasına əlavə edilmiş ödəniş qrafiklərində zamin və ipoteka qoyan İddiaçı imza edərək razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il və xx xxxx 2019-cu il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Beləliklə, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı kredit razılaşmasına əlavə edilmiş ödəniş qrafiklərində imza edərək razı olduğunu bildirmiş, həmçinin zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış və həmin tarixdə hüquq münasibətləri yaranmış, iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olmuş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli qərarları hazırki münasibətlərə şamil olunmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4508/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar