Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1964/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X1, X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A ünvanında yerləşən 5 saylı mənzildən cavabdehlər Cavabdeh2, Cavabdeh1 onların ailə üzvləri ilə birlikdə, yəni X2, X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 məcburi çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(01)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A, ünvanında yerləşən 5 saylı mənzil icra şöbəsinin sifarişi əsasında hərracda alış qiyməti 100.000 manat olmaqla açıq hərraca çıxarılmış və mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilərək alınmış, daha sonra iddiaçının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər iddiaçıya məxsus mənzildə qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuş və mülkiyyət hüquqularının həyata keçirilməsinə maneə yaratmışlar. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Günel Abbasova) ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2, X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A, 5 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1., 157.2., 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh2 apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, həmin əmlaklar mərhum E.Şirinova cinayət törətməmişdən əvvəl onların şəxsi vəsaiti ilə alınmışdır, borclunun ölümü ilə əlaqədar icra sənədinin icrasının dayandırılmasını xahiş etsələr də, onlara məlumat verilmədən hərrac yekunlaşdırılmışdır, həmçinin işə onların iştirakı olmadan baxılmış, çəkişmə prinsipinə əməl olunmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, hazırkı mənzilin satılması ilə bağlı hərracın nəticələri barədə protokolu mübahisələndirməmişlər, lakin müsadirə qanunsuz olmuşdur, bu mülkiyyət hüququnun pozuntusudur, bununla bağlı onlar qanunvericilikdə müəyyən edilmiş hüquqi müdafiə vasitələri bitdiyi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişlər, hazırda həmin iş məhkəmənin icraatındadır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdilər.
9. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. Mülki iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A ünvanında yerləşən 5 saylı mənzildə qeydiyyatda heç bir şəxs yoxdur.
12. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2022-ci il tarixdə verilərək qeydiyyata alınmışdır.
13. "xxxx" MTK tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh2 yoldaşı ilə birlikdə 2022-ci ild tarixdən həmin evdə qeydiyyatsız yaşayırlar.
14. "xxxx" MMC-nin 105/22 saylı, xx.xx.2022-ci il tarixli Protokoluna əsasən, ünvan 1 təkrar hərracda 100 000 manata İddiaçı satılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
15. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
20. Azərbaycan Respublikasinin Mənzil Məcəlləsi:
21. 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
26. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
27. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
28. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
29. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
33. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, mülki işin mübahisəsiz hallarından göründüyü kimi hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 26A, 5 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərin həmin evdə yaşamaları iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur.
38. Rayon məhkəməsi qeyd etmişdir ki, mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli evdən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqları həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehlərin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli evdən çıxarılmalı və ev iddiaçının sahibliyinə verilməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Həmin Məcəllənin 157.2-ci madədsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, yəni həmin əmlakların mərhum E.Şirinova cinayət törətməmişdən əvvəl onların şəxsi vəsaiti ilə alınması, borclunun ölümü ilə əlaqədar icra sənədinin icrasının dayandırılmasını xahiş etsələr də, onlara məlumat verilmədən hərracın yekunlaşdırılması və sair kimi dəlilləri ilə bağlı bildirir ki, mənzilin hərracda satılması ilə bağlı protokol mübahisələndirilməmişdir, mənzil hazırda iddiaçının mülkiyyətindədir, bu səbəbdən qeyd edilən dəlillər hazırkı mübahisənin həlli baxımından hər hansı bir əhəmiyyət kəsb etmir.
43. Kollegiya apellyasiya şikayətinin işə cavabdehlərin iştirakı olmadan baxılması barədə dəlili ilə bağlı bildirir ki, mülki iş materiallarından məlum olur ki, cavabdehlərin ünvanına məhkəmə iclası barədə bildiriş göndərilmişdir (i/v 30).
44. Bundan əlavə mülki iş materiallarında olan Cavabdeh2 birinci instansiya məhkəməsinə ünvanladığı teleqramdan məlum olur ki, o, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir (i/v 34).
45. Bununla da müəyyən edilir ki, cavabeh Cavabdeh2 məhkəmə iclası barədə məlumatlı olmuş, lakin üzrlü səbəblə bağlı hər hansı sübut vermədən məhkəmə iclasında iştirak etməmişdir, bu baxımdan apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
46. Beləliklə, yuxarıda qeyd edilənlərə və hazırkı işin hallarına əsasən, Cavabdeh2 apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
47. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh2 özünə aid edilməlidir.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov