Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1965/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzildən əmlakın çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “mənzildən əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi ilə (iddia tələbinin dəqiqləşdirilmiş formasında) məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6-cı giriş 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 kv.metr olan 3 otaqlı 54 saylı mənzildə cavabdehə məxsus olan: 3 ədəd çilçıraq, 5 ədəd pəncərə toru, 1 ədəd dəhliz üçün güzgülü paltar dolabı, 2 ədəd kreslo, 1 ədəd divan, “Toshiba” markalı televizor, 4 ədəd pərdə, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd mətbəx mebeli, 1 ədəd 3 ayaqlı aksesuar gül qabı, 1 ədəd ikinəfərlik çarpayı, 2 ədəd yataq dolabı, 1 ədəd güzgülü paltar dolabı, 1 ədəd güzgülü aksesuar dolabı olmaqla 19 adda əşyanın məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 6-cı giriş 7-ci mərtəbəsində yerləşən sahəsi 129,8 kv metr olan 3 otaqlı 54 saylı mənzilə dair 12 mart 2021-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə MM-nin 390, 398-ci maddələrinə uyğun bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlanan gün Payçı 5000 manat ilkin ödəniş etmişdir. Müqavilənin 3.2, 3.3-cü bəndlərinə əsasən payçı mənzilin razılaşdırılmış qalıq borcu olan 166336 manatı aylıq 4620 manat ödəməklə 12 mart 2024cü il tarixədək ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Payçı mənzilin dəyərini 26 ay ödəməmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilənin 3.2-ci bəndində qeyd olunan ödəniş 10 gündən artıq gecikdirildikdə mənzilin ümumi dəyərinin 2%-i məbləğində cərimə tətbiq olunur 2 ay gecikdirildikdə "xxxx"-ya xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə 1 tərəfli olaraq pozulur. Buna baxmayaraq 3 may , 3 aprel 2023-cü il tarixdə Cavabdeh ünvanına mənzilin dəyərinin ödənilməsinə dair təkliflər göndərilmiş, həmçinin ***-***-**-** saylı mobil telefonuna dəfələrlə zəng vurulmuşdur. Təklifdə göstərilmiş müddətdə Cavabdeh tərəfindən təklifə cavab verilmədiyi, əmlakını mənzildən çıxarmadığı həmçinin telefonda yalan məlumatlar verildiyindən 54 saylı müqavilə MM-nin 423.1-ci maddəsinin tələbinə uyğun olaraq ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(007)- 3916/2021 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehin müqavilə əsasında payçı kimi mənzili əldə etməsi, ona “gözlənti mülkiyyət” hüququ ilə sahiblik etməsi, evi öz əşyaları ilə təmin etməsi, müəyyən təmir işləri aparması, müqavilə müddətinin bitməməsi, öhdəliyin son tarixinin xx.xx.2024-cü il tarixi olması, mənzilin iddiaçı tərəfindən başqa şəxslərə kirayəyə verilməsi, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, cavabdeh yalnız bir dəfə, o da müqavilə bağlanan zaman 5000 manat ödəniş edib, daha sonra pandemiya, eləcə də maddi imkanslıq səbəbindən ödəniş edə bilməmiş, MTK rəhbərliyi isə ona vaxt verərək, imkanı olanda ödəyə biləcəyini demişdir. Təqribən bir il əvvəl MTK-nın əməkdaşları mobil telefonuna zəng edərək ondan müqavilə üzrə ödənişlərin edilməsini tələb etmiş, lakin maddi imkanı olmamış, hissə-hissə ödəniş etmək istədikdə ondan yüksək pul vəsaitləri (əvvəl 30000 manat, sonra isə 100000 manat) tələb olunmuşdur. Lakin, cavabdeh iddiaçı tərəfindən göndərilmiş yazılı xəbərdarlıqları almamışdır. Cavabdeh mənzili kirayə verməmiş, mənzil müəyyən təmirli şəkildə verilsə də, yəni həmin vaxtı divar kağızları, döşəmələr, qapılar, balaca mətbəx mebeli, kombi və s. mövcud olsa da, sonradan cavadeh bəzi təmir işləri gördürmüş, eləcə də əşyalar alaraq evə yerləşdirmişdir. Cavabdeh özü mənzildə faktiki yaşamamışdır. Bir müddət sonra ona bəzi şəxslər zəng edərək həmin mənzili MTK-dan aldıqlarını bildirmiş, bu səbəbdən də mənzili boşaltmasını tələb emişlər. Hazırda maddi imkansızlıq səbəbdindən müqavilədə göstərilən ödəməni həyata keçirə bilmir, əgər ona vaxt verilərsə, hər ay 1000 manat ödəyə bilər, lakin iddiaçı cavabdeh üçün əlverişli barışıq təklif etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, bütün mənzillər alıcılara təmirli şəkildə təhvil verilir, eləcə də cavabdehə mənzili təmirli şəkildə verilmiş, lakin sonuncu müqavilə üzrə ödənişləri həyata keçirməmişdir. Cavabdeh yalnız bir dəfə, yəni müqavilə bağlanan zaman 5000 manat ödəniş etmiş, sonradan isə hər hansı ödəniş həyata keçirməmişdir. Cavabdehə hüquqdan sui-istifadə edir, dəfələrlə şiyahi və yazılı xəbərdarlıqlar olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklərini yerinə yetirmir. Cavabdeh bir neçə dəfə də MTK tərəfindən qəbul edilmiş, danışıqlar aparılmışdır. İddiaçınnı bütün cəhdləri nəticəsiz qaldığından məhkəməyə müraciət olunmuşdir. Həmçinin, tərəflər arasında zərərlə bağlı da məhkəmə çəkişməsi vardır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(102)-1256/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən əlavə olaraq 24000 manat kirayə haqqı da iddiaçının xeyrinə pul tutulmuşdur. Hazırda həmin qətnamə qanuni qüvvəsini almamışdır. Mübahisə mənzildə cavabdeh yaşamır, lakin əşyalarını orada saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında müqaviləyə əsasən müqavilənin predmetini satıcıya ayrılmış Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal y/m kənar dairəvi yol ünvanında İddiaçı MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 54 saylı mənzil təşkil edir. Bu müqavilənin əsasən satıcı inşa edilmiş binanın 6 giriş, 7 mərtəbə 54 saylı mənzilini payçıya təhvil verməyi, payçı isə müqavilə bağlanan gün 5000 manat məbləğində ilkin ödəniş edərək, qalıq borc olan 166336 manatı aylıq 4620 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, son ödəniş tarixi – 12 mart 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 48 nömrəli təklifdən görünür ki, cavabdeh 54 saylı mənzili 10 gün müddətində yeni qiymətə almaqdan imtina etsə, müqavilə kooperativ tərəfindən birtərəfli qaydada ləğv olunaraq başqa şəxsə satılacaqdır. İş materiallarında olan müqavilənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, təklifdə göstərilmiş müddətdə Səliyeva tərəfindən cavab verilmədiyi üçün Mülki Məcəllənin 423-cü maddəsinə əsasən tərəflər arasında bağlanmış 54 saylı müqavilə ləğv olunmuşdur. İş materiallarında olan İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh İddiaçı MTK-nın üzvlüyündən çıxarılması və onun MTK-nın Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında yerləşən kooperativ yaşayış binasında, 6-cı giriş, 7-ci mərtəbə ümumi tikinti sahəsi 129,8 kv.m yaşayış sahəsi 55,51 kv.m olan 3 otaqlı 54 saylı mənzilini boşalması qərara alınmışdır. İddiaçının tələbinə görə - cavabdeh tərəflər arasında bağlınmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliykləri lazımi qaydada yerinə yetirməmiş, müqavilə bağlanan gün həyata keçirdiyi 5000 manat məbləğində ilkin ödənişdən sonra, qalıq borc olan 166336 manat pulu aylıq 4620 manat olmaqla ödəməli olduğu halda hər hansı ödəniş həyata keçirməmiş, şifahi və yazılı xəbərdarlıqlar nəticə verməmiş, müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna yol vermiş, bu səbəbdən də həmin müqavilə iddiaçı tərəfindən birtərəfli qaydada ləğv olunmuşdur. İddiaçı mənzildən faktiki istifadə etmir, lakin bəzi əşyaları orada saxlayır. Cavabdeh iddiaya olan etirazında müqavilə üzrə ödənişləri həyata keçirməməsini təsdiq edir, lakin bunu maddi imkansızlığı, habelə COVİD pandemiyası ilə əlaqələndirir. Eyni zamanda, iddiaçının əməkdaşlarının da mobil telefon vasitəsilə bir neçə dəfə tələb etməsinə baxmayaraşq müqavilə üzrə qalıq borcu tam ödəyə bilməməsini, hazırki vəziyətdə yalnız hər ay 1000 manat olmaqla ödəniş etmək imkanının olmasını, bununla yanaşı, mübahisəli mənzildə yaşamamasını, orada bəzi əşyalarının olmasını bildirir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh iddia ərizəsində göstərilən, çıxarılması tələb olunan əşyaların mövcudluğunu da mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən, satıcı olan İddiaçı MTK Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal y/m kənar dairəvi yol ünvanında, özünün vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 6-cı giriş, 7-ci mərtəbədə yerləşən 54 saylı mənzilini cavabdehə təhvil verməyi, cavabdeh isə müqavilə bağlanan gün 5000 manat məbləğində ilkin ödəniş edərək, qalıq borc olan 166336 manatı aylıq 4620 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, son ödəniş tarixi – 12 mart 2024-cü il müəyyən olunmuşdur. İşin mübahisə olunmayan hallarına əsasən iddiaçı qeyd olunan müqaviləyə uyğun olaraq mənzili cavabdehə təhvil vermiş, cavabdeh isə ilkin olaraq 5000 manat ödənişi həyata keçirsə də, sonradan hər hansı ödəniş etməmişdir. Habuki, müqavilənin 5.2-ci bəndində göstərilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin 3.2-ci bəndində qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə mənzilin ümumi dəyərinin 2%-i məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə isə "xxxx"-ya xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Analoji razılaşmalar həmçinin müqavilənin digər bəndlərində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh ilkin ödənişdən başqa ümumiyyətlə hər hansı ödəniş etməmişdir ki, bu hal da özü-özlüyündə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh apellyasiya şikayətində son ödəniş üçün müqavilədə nəzərdə tutulmuş müddətin başa çatmsamasını qeyd etsə də, bu hal vəziyyəti dəyişdirmir. Belə ki, tərəflərin razılaşması ilə ödənişlərin 2 ay müddət üçün gecikdirilməsi müqavilədən birtərəfli qaydada imtina üçün əsas yaratmışdır. Halbuki, cavabdeh nəinki 2 ay, ümumiyyətlə hazırki vaxtadək hər hansı ödəniş etməmiş, artıq müqavilədə göstərilən ümumi müddət də keçmişdir. Halbuki, MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi hallarından sayılır. Cavabdeh apellyasiya şikayətinin digər dəlili kimi, həmin dövrdə pandemiyanın mövcudluğunu, maddi vəziyyətinin pis olmasını qeyd etsə də, məhkəmə kollegiyası bununla da razılaşmır. Belə ki, tərəflər arasında qeyd edilən müqavilə imzalanan zamanı (xx.xx.2021-ci il) artıq COVİD pandemiyası bütün dünyada mövcud idi və cavabdeh məhz bu vəziyyətdə müvafiq müqavilə şərtləri ilə razılaşmış, qalıq borc olan 166336 manatı hər ay 4620 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı, cavabdehin müqavilə üzrə qalıq borcdan ümumiyyətlə ödəniş etməməsi (cavabdeh ən azından müəyyən ödənişlər edə bilərdi) və bunun səbəbini maddi vəziyyət və pandemiya ilə əlaqələndirməsi sadəcə hüquqdan sui-istifadə olmaqla, qanuni və əsaslı sayıla bilməz. Halbuki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qeyd edilməlidir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərmişdir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin qeyd olunan normalarına əsasən, iddiaçı müqavilədən birtərəfli qaydada imtina etməkdə və bunun davamı olaraq hazırki iddiasında cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur (cavabdehin özünün də bildirməsinə görə o, mənzildə yaşamamış, sadəcə bəzi əşyalarını ora yığmışdır). Çünki, cavabdehə məxsus müvafiq əşyaların mübahisə predmeti olan mənzildə yerləşməsi hazırki vəziyyətdə iddiaçının hüquqlarını məhdudlaşdırmaqla, mənzil üzərində qanuni əmlak hüquqlarının həyata keçirilməsi imkanını azaldır. Cavabdeh tərəf isə bunun əksinə əsaslandıra və sübut edə bilməmişdir. Cavabdeh etirazının digər əsası kimi, iddiaçı tərəfindən göndərilən yazılı xəbərdarlıq və təklifin cavabdehə çatmamasını, bu səbəbdən də müqavilənin birtərəfli ləğvinə qanuni əsasların olmamasını bildirmişdir. Məhkəmə kollegiyası cavadehin qeyd edilən dəlili ilə də razılaşmır. Belə ki, cavabdehin özü izahatında təsdiq etmişdir ki, təqribən 1 il əvvəldən iddiaçı MTK-nın əməkdaşları onun mobil telefonuna zənglər etməklə müqavilə üzrə ödənişlərinin həyata keçirilməsini tələb etmişlər. Eyni zamanda, özü də MTK-nin rəhbərliyi ilə görüşmüş, lakin razılıq əldə edə bilməmişlər. Eyni halı iddiaçı iddia ərizəsində də göstərmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı yazılı xəbərdarlıqlarla yanaşı, həmçinin cavabdehin mobil telefonuna zənglərin olunmasını qeyd etmişdir. Bununla yanaşı, işdə olan, müxtəlif tarixli yazılı xəbərdarlıqlardan (təkliflərdən) açıqaşkar görünür ki, cavabdehdən borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi üçün müqavilənin birtərəfli qaydada ləğv olunması, müqavilədən imtina ilə bağlı şərtlər, qanunvericiliyin normaları və s. qeyd olunmuşdur. Göründüyü kimi, işdə olan sübatlarla, xüsusilə cavabdehin özünün də təsdiq etdiyi kimi, tərəflər arasında hazırki iddia ilə məhkəməyə müraciət olunmamışdan əvvəl dəfələrlə müqavilənin cavabdeh tərəifndən icra olunması istiqamətində danışıqlar aparılmış, lakin nəticəsi olmamış, cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu davam etmişdir. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayətinin digər dəlilləri də (müqavilə əsasən mənzilə qanuni gözlənilən hüquqlarının olması və s.) əsassız olmaqla, yuxarıda qeyd edilən hüquqi və faktiki vəziyyəti dəyişdirmir. Beləliklə, cavabdeh etirazının (apellyasiya şikayətinin dəlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzildən əmlakın çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3389/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3389/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1965/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1965/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver