Məhkəmə qərarları › İş №2(103)-1967/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1967/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1967/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması və sair” tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraatın dayandırılması barədə qərardad ləğv edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması və sair” tələbinə dair mülki işi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh X3 qarşı – cavabdeh X2 İddiaçı mülkiyyətində olan mənzildə saxladığı cavabdehə və yetkinlik yaşına çatmayan qızına məxsus geyim əşyalarının siyahıya alınaraq, məcburi qaydada cavabdehin hesabına mənzildən çıxarılması və cavabdehin özbaşına olaraq mənzilin daxilində qapılara qoyduğu qıfılların sökülərək maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət verərək, tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-1885/2025 nömrəli mülki işə baxılanadək icraatda olan işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı “cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə saxladığı cavabdehə və yetkinlik yaşına çatmayan qızına məxsus geyim əşyalarının siyahıya alınaraq, məcburi qaydada cavabdehin hesabına mənzildən çıxarılması və cavabdehin özbaşına olaraq mənzilin daxilində qapılara qoyduğu qıfılların sökülərək maneələrin aradan qaldırılması” tələbinə dair 2(011)-648/2025 saylı mülki iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-1885/2025 saylı mülki işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə e-2(011)-1885/2025 saylı mülki iş üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması qərara olunmuşdur. Həmin mülki işin materiallarından görünür ki, iddiaçı X6 cavabdehlə birgə nikahda olduqları müddətdə qazandıqları ünvan 1 ünvanında yerləşən mənzilin və binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,40 kv.m ibarət olan 2 saylı mənzilin 3/4 hissəsini onun, 1/4 hissəsinə isə cavabdehin payının və 2018-ci ildə ünvan 2 ünvanınının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 76,1 kv.m ibarət olan 2 otaqlı mənzilin 3/4 hissəsini iddiaçının, 1/4 hissəsinə isə cavabdehin payının müəyyən edib bölünməsinə dair, və tərəfindən ödənilmiş 50 (əlli) AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Qeyd olunan qərardaddan xx.xx.2025-ci il tarixdə X6 tərəfindən şikayət verilmişdir. Odur ki, sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e- 2(011)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qanuni qüvvəsini alana kimi, hazırkı iş üzrə icraat dayandırılmalıdır. Çünki həmin mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə məhkəmə aktı, eyni zamanda məhkəmə tərəfindən müəyyənləşdirilmiş xüsusatlar hazırkı mülki iş üzrə birbaşa əlaqəli olduğundan hazırkı vəziyyətdə işə baxmaq mümkün deyildir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 648/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 648/2025 saylı qərardadının ləğv edilməsini və İddiaçı cavabdeh X3 qarşı cavabdeh X2 azyaşlı qızı ilə birlikdə İddiaçı mülkiyyətində olan mənzildə saxladığı cavabdehə və yetkinlik yaşına çatmayan qızına məxsus geyim əşyalarının siyahıya alınaraq, məcburi qaydada cavabdehin hesabına mənzildən çıxarılması və cavabdehin özbaşına olaraq mənzilin daxilində qapılara qoyduğu qıfılların sökülərək maneələrin aradan qaldırılması barədə mülki iddia tələbinə mahiyyəti üzrə baxılıb, iddia tələbinin tam təmin olunmasına dair ədalətli və qanuni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X3 qarşı və azyaşlı qızı ilə birlikdə İddiaçı mülkiyyətində olan mənzildə saxladığı cavabdehə və yetkinlik yaşına çatmayan qızına məxsus geyim əşyalarının siyahıya alınaraq, məcburi qaydada cavabdehin hesabına mənzildən çıxarılması və cavabdehin özbaşına olaraq mənzilin daxilində qapılara qoyduğu qıfılların sökülərək maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X2 özünə və təmsil etdiyi vəkilinə dəfələrlə məhkəmədə iddialarını dəqiqləşdirib, iddiaçıya qarşı tələbinin nədən ibarət olması barədə sübut təqdim etmələrini bildirsələr də cavabdeh qəsdən və qərəzli olaraq polis orqanlarında işləyən yaxın qohumlarının köməkliyindən istifadə etməklə müxtəlif qanunsuz yollara əl ataraq İddiaçı barəsində polis və prokurorluq orqanlarına əsassız və qanunsuz şikayətlər verməklə məşğul olmuş, əsl iddia tələbi üzrə heç bir hərəkət etməmişdir. Bu səbəbdən iddiaçı pozulmuş hüquqları ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək əmlakların mənzildən çıxarılması və maneələrin aradan qaldırılması barədə iddia tələbi ilə müraciət etmişdir. Hazırda cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət verərək, tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin icraatında olan e2(011)-1885/2025 nömrəli mülki işə baxılanadək icraatda olan işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırmaq adını qoysa da əslində iddiaçının hüquqlarını pozub icraatı dayandırmaqla birtərəfli olaraq belə ədalətsiz qərardad çıxarmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə e- 2(011)-1885/2025 saylı mülki iş üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır. Həmin mülki işin materiallarından görünür ki, iddiaçı X6 cavabdehlə birgə nikahda olduqları müddətdə qazandıqları ünvan 1 ünvanında yerləşən mənzilin və binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,40 kv.m ibarət olan 2 saylı mənzilin 3/4 hissəsini onun, 1/4 hissəsinə isə cavabdehin payının və 2018-ci ildə ünvan 2 ünvanınının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 76,1 kv.m ibarət olan 2 otaqlı mənzilin 3/4 hissəsini iddiaçının, 1/4 hissəsinə isə cavabdehin payının müəyyən edib bölünməsinə dair və tərəfindən ödənilmiş 50 (əlli) AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.

13. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “..Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir”. Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.

14. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin icraatı dayandırmaq barədə mövqeyi düzgün olmamışdır.

15. Çünki, məhkəmənin istinad etdiyi başqa mülki iş üzrə iddia ərizəsi hətta icraata götürülməmiş və geri qaytarılmışdır. Halbu ki, Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarında mövqeyinə görə başqa bir mülki iş üzrə artıq qətnamə qəbul edildikdə və həmin qətnamənin qanuni qüvvəyə minməsini gözləmək lazım olduqda iş üzrə icraat dayandırılmalıdır. İş üzrə icraatın dayandırılmasında məqsəd odur ki, başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 16.O cümlədən, kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi başqa mülki iş üzrə iddia ərizəsi icraata götürülərsə belə həmin hal icraatın dayandırılması üçün deyil, bir birilə əlaqəli olan mülki işlərin bir icraatda birləşdirilb baxılması üçün əsas ola bilər.

17. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, işə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh X3 qarşı “əşyaların mənzildən çıxarılması və sair” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar