Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1968/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili Bəhruz Bayramovun, Cavabdehin vəkili Faiq Ələkbərzadənin iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair» 2(004)-1048/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ona məxsus ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Cavabdeh X5 həmin mənzilə müvəqqəti olaraq pasport qeydiyyatına düşməsinə baxmayaraq, bir gün belə həmin mənzildə yaşamamışdır. Cavabdehin həmin mənzildə pasport qeydiyyatı formal xarakter daşayır. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı mülkiyyətində olan 12/14 hissəsinə dair istifadə hüquqlarının olmaması müəyyən edilmiş, qətnamənin X2 həmin mənzilin İddiaçı mülkiyyətində olan 12/14 hissəsinə dair qeydiyyatının ləğvi üçün əsas olması barədə göstəriş qeyd olunmuşdur. Cavabdeh X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən qeyd edilənlərin həqiqət olub-olmadığını araşdırmadan, mənzilin hansı əsaslarla, hansı qaydada mülkiyyətə keçməsini dəqiqləşdirmədən, cavabdehin hansı tarixdən qeydiyyata düşməyini öyrənmədən iddiaçının sözlərinə aldanmışdır. Mübahisə üzrə birinci instansiya məhkəməsində cavabdehin iştirakı lazımınca təmin olunmamışdır. Belə ki, hazırki şikayətə surəti əlavə edilən (əsl iddiaçıda olmuş, iddiaçı bu sənəd əsasında mənzili mənimsəmişdir) 28 aprel 2012-ci il tarixli 2V/01-62 reyestr nömrəli vəsiyyətnamədən də görünür ki, həmin mənzil cavabdehin anası X1 mülkiyyətində olmuş, mənzili anası ona vəsiyyət etmişdir. İddiaçının cavabdehin müvəqqəti pasport qeydiyyatına düşməyi ilə əlaqədar dediklərinə əks arqument kimi cavabdeh qeyd etmişdir ki, o, 2011-ci il tarixdən həmin ünvana anası, yəni mənzilin əvvəlki mülkiyyətçisi X3 tərəfindən qeydiyyata alınmışdır. İstifadə hüququ da məhz Fazilə Hüseynova tərəfindən tanınmışdır. Mülki iş üzrə iddiaçı mənzili qanunsuz yolla olsa belə, onun istifadə hüquqları ilə almasına baxmayaraq, yalan izahatlar verərək onun mülki hüquqlarını da pozmuşdur. İşin hallarından görünən digər bir məqam isə ondan ibarətdir ki, məhkəmə mənzilin paylı mülkiyyət olmasını nəzərə alaraq iddianı qismən təmin etsə də, qətnamənin «qət etdi» hissəsində onun qeydiyyatının ləğvi üçün əsas olduğunu qeyd etmiş, polis orqanları isə bu qətnaməni əldə əsas tutmaqla qeydiyyatı ləğv etmişlər. Məhkəmə onun ölkədə olubolmadığını araşdırmadan, iştirakını təmin etmədən bir tərəfli qətnamə çıxarmışdır. Nəticədə həm çəkişmə prinsipi pozulmuş, həm də cavabdehdə olan sübutların və faktların araşdırılması mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.06.2021-ci il tarixli, 2(103)- 746/2021 saylı qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli, 2(004)- 1048/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.12.2021-ci il tarixli, 2(102)-6294/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.06.2021-ci il tarixli, 2(103)-746/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh X2 vəkili Faiq Ələkbərzadə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, cavabdeh X6 müalicə üçün müvəqqəti olaraq getmiş, onun mübahisəli ünvandan savayı başqa yaşayış yeri yoxdur. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, X8 vətəndaşı ilə ailə qurararq daimi yaşamaq üçün Türkiyəyə köçmüşdür. Cavabdeh onun mülkiyyətində olan mübahisəli evdə yaşamır. Həmin ev 2 otaqdan (1 mətbəx və 1 yataq otağı) ibarətdir. O, öz ailəsi ilə həmin evdə yaşayır. İddiaçı vəkili Bəhruz Bayramov apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mənzilin 12/14 hissəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. «Asan 3» xidməti tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X5 ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əssən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırkı mülki mübahisə üzrə iddiaçı cavabdehin ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Toplanmış və tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən mənzilin 12/14 hissəsi İddiaçı mülkiyyətindədir. İş üzrə cavabdeh X5 ünvan 1 ünvanda yerləşən mənzildə pasport qeydiyyatında olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və həmin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürülməmiş, bununla əlaqədar tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin yalnız iddiaçıya aid hissəyə, yəni mübahisəli mənzilin 12/14 hissəsinə istifadə hüququnun olmaması müəyyən oluna bilər. Belə ki, mübahisəli mənzilin qalan 2/14 hissəsi iddiaçının mülkiyyətində olmadığından, iddiaçı həmin hissəyə dair cavabdehin istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən, iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.12.2021-ci il tarixli, 2(102)-6294/2021 saylı qərarında qeyd olunmuş göstərişlərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları sadalamağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya kollegiyası qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi mərhum Fazilə Hüseynovadan vərəsəlik qaydasında cavabdehə (həm qanun, həm də varsa vəsiyyətnamə üzrə) keçən 9/14 hissənin ona çatan miras payının tamamını təşkil edibetməməsini, açıq qalan 2/14 hissəyə cavabdehin hər hansı əsasla hüququnun olubolmamasını araşdırmamış, əgər yoxdursa cavabdehin mənzildən özünə çatan paya sərəncam verməklə onu özgəninkiləşdirdiyi halda, hansı hüquqi səbəbə görə mənzilə hüququnun qalmasını əsaslandırmamışdır. Apellyasiya kollegiyası qeyd olunan, məhkəmə üçün məcburi olan göstərişi araşdırmışdır. Cavabdeh tərəfin vəkilinin məhkəmə iclasında bildirdiyinə görə, sözü gedən 2/14 hissə cavabdehin qardaşlarına məxsusdur, cavabdehə aidiyyəti yoxdur. Digər sözlə ifadə etdikdə, açıq qalan 2/14 hissəyə cavabdehin hər hansı əsasla hüququ mövcud deyildir. Ona görə də cavabdeh həmin hissəyə dair mirasın qəbulu barədə notariat orqanına müraciət etməmişdir. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdehin MM-in 228.5-ci maddəsi ilə mənzildən istifadə (məhdud əşya) hüququ yaranmış olsa belə, 2015-ci ildə mənzil üzərində Leyla İsmayılovanın bu hüquqdan daha geniş olan, yəni onu da əhatə edən mülkiyyət (tam əşya) hüququ meydana gəlmişdir. Bununla belə, L.İsmayılova həmin hüququna sərəncam verərək onu özgəninkiləşdirmişdir (iddiaçının əri olan qardaşına bağışlamışdır). Bu hal cavabdehin mübahisəli mənzil üzərindəki tam əşya hüququnun (o cümlədən həmin hüququn tərkib hissəsi olan istifadə hüququnun) başqasına verilməklə aradan qalxmasına dəlalət edir. Göründüyü kimi, cavabdehin ünvan 1 ünvanda yerləşən mənzilin İddiaçı mülkiyyətində olan 12/14 hissəsinə dair istifadə hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli, 2(004)- 1048/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1968/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1968/2022
19.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver