Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1970/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh abonentidir və ona **********10000 abonent kodu verilmişdir.
2. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, sözügedən ünvandakı sayğacın klapanı işlək deyil, yivli birləşmələr və gövdəsi üst hissədən korroziyaya uğrayıb. Buna görə də dəymiş ziyan hesablanmalıdır.
3. İddiaçı 2011-ci il tarixdə 362.20 manat, 2012-ci ilin iyul ayında 932.9 manat, 2013-cü ilin may ayında isə 194,4 manat borc hesablanmışdır.
4. Abonent saldosuna görə, İddiaçı 2022-ci ilin aprel ayı üçün 1550.34 manat borcu yaranmışdır. Həmin borcun 432 manat hissəsi 2021-ci ilin noyabr ayında qalıq və aktlar üzrə hesablanmış borc məbləğidir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən ona əsassız yazılmış 1439 (min dörd yüz otuz doqquz) manat məbləğində cərimənin silinməsi, həmçinin ödəmələrdən tutulmuş pulların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacını sökərək yeni bir qaz sayğacı ilə əvəzləmiş, sayğac dəyişdirilərkən həmin əməkdaşlar şifahi olaraq cərimə olunacağını bildirmişlər. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunarkən qeyd edilmişdir ki, əməkdaşlar 1202AQ**********9 zavod nömrəli sayğaca baxış keçirən zaman sayğacın klapanı işlək deyil, yivli birləşmələr və gövdəsi üst hissədən korroziyaya uğrayıb. Aktın düzgün tərtib olunmadığını, sayğacın üzərində olan plombun məhz həmin əməkdaşlar tərəfindən həmin vaxt qırılaraq aktda qeyd olunduğunu, belə olduğu halda sayğacda hər hansı deşiyin olmasının onun günahından olmadığını bildirmişdir. Onunla Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən yaşadığı fərdi yaşayış evinə yeni “Zenner” tipli G-4T Smart markalı **********983 nömrəli qaz sayğacı quraşdırılmışdır. Yeni quraşdırılmış sayğacı qeydiyyatdan keçirmək məqsədilə “Asan Kommunal” mərkəzinə müraciət etdiyi zaman məlum olmuşdur ki, sayğac bloklanıb. Cavabdeh İB-yi ilə əlaqə yaratmış, ona şifahi olaraq bildirilmişdir ki, köhnə sayğaca müdaxilə var və bu səbəblə 1439 manat cərimə ödənilməlidir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 1439 manat borcunun olmasından yalnız xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən hesablanmış cərimələrin silinməsi zamanı məlumatı olmuşdur.
8. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş, xahişini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən silinməsi xahiş olunan ümumi borcun 362,20 manat hissəsi və 932,90 manat hissəsi müvafiq olaraq 2011-ci ilin noyabr ayında və 2012-ci ilin iyul ayında yaranmış olduğundan, mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi iddia müddəti (10 il) ötürülmüşdür.
9. Birinci instansiya məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən **********10000 saylı abonent kodu olan İddiaçı qanunsuz hesablanmış 1439 (bir min dörd yüz otuz doqquz) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, sayğacın çıxış plastmas borusunun deşildiyinin məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən **********0000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 432 manat borc silinməlidir. Məhkəmə iddia tələbinin 1007 manat digər borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə iddiaçıya məxsus saldodan, nə də ki, iddiaçıya məxsus GASREP məlumatlarından 2011, 2012 və 2013 cü ildə yazılmış borcun nəyə əsasən yazılmış olduğu müəyyən edilmədiyindən iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir.
11. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iddia müddətinin axımının hansı vaxtdan hesablanmalı olamasına dair dəlillər təqdim edilməmişdir. Cavabdeh iddia müddətinin axımının borcun yazılmış olduğu tarixdən hesablanmalı olduğunu qeyd etsə da, qeyd edilən halı əsalandırmamışdır. Belə ki, iddiaçıya onun məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixinədək “Azərqaz” İB-nə borcunun olmasına dair hər hansı bir bildiriş verilməmiş, o cümlədən borcun ödənilməsi tələb edilməmişdir. İddiaçı isə qeyd edilən borcun olmasını yalnız ******* nömrəli xx.xx.2021-ci il tarixli akta əsasən ona hesablanmış borcdan tutmalar olduğu zaman məlum olduğunu bildirmişdir.
12. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 377.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.8-ci və 4.9-cu bəndlərinə istinad etmişdir.
13. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
14. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, bununla belə nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiyini, habelə işə iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir.
15. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı da məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Qaz təchizatı” haqqında Qanun
19. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
20. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
21. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
22. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.
31. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir və istinad etdiyi akt iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.
32. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6928/2022 saylı iş üzrə 28 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə