Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1972/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(008)-5360/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, orta məktəbdə bir sinifdə oxuduğu cavabdeh 16 sentyabr 2017-ci il tarixdə ondan 3000 manat məbləğində borc almış və həmin pulu 2018-ci ilin fevral ayında qaytaracağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(008)- 5360/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən, yəni 1600 manat hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, iddiaçıdan həqiqətən 3000 manat məbləğində borc almış, lakin borcun 1400 manat hissəsini qaytarmışdır. Birinci instansiya məhkəməsi yalnız iddiaçının dediklərinə əsasən iddianı tam təmin etmiş, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı ərizə ilə, cavabdeh isə teleqramla məhkəməyə müraciət edərək apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyul 2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılmış və tərəflər arasında münasibətlər mülki xarakterli olduğundan, cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh araşdırma zamanı verdiyi izahatında İddiaçı 3000 manat borc aldığını, sonradan borcun 1400 manat hissəsini qaytardığını və hal-hazırda ona 1600 manat borclu qaldığını göstərmişdir. Beləliklə, Cavabdeh İddiaçı olan borcundan 1400 manat hissəsini qaytardığını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı isə məhkəməyə ünvanladığı ərizədə cavabdehin ona pul qaytarmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh sifarişli poçt vasitəsilə göndərilmiş bildirişlərlə məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(008)- 5360/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1972/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1972/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver