Məhkəmə qərarları › İş №2(103)-1972/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1972/2025

07.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1972/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 6444/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.1991-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuşdur.

2. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.1991-ci il təvəllüdlü X4 birinci dərəcəli əlildir, diaqnozu ağır dərəcəli əqli gerilik, kəmağıllıq.

3. X7 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışa əsasən, X4 xx.xx.2017-ci il tarixindən ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatdadır.

5. "xxxx" ASC ilə İddiaçı arasında ünvan 2 ünvanına dair xx.xx.2024-cü il tarixli, 993810 №-li “elektrik enerjisinin alqı-satqısının” birtipli müqaviləsi bağlanmışdır.

6. “Azəriqaz” İB ilə Cavabdeh2 arasında ünvan 3 ünvanına dair xx.xx.2022-ci il tarixli, AKX-03954xx/xx-2022 №-li “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Abonent saldosuna əsasən ünvan 4 ünvanı üzrə Cavabdeh2 Nurəddin qızının adına **********10000 nömrəli abonent kodu verilmişdir.

7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı və X5 adına “MİS” məlumat bazasında qeydiyyatın olmadığı müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəməyə müraciət edərək, özünün və himayəsində olan əqli cəhətdən birinci qrup əlil olan qızı X1 NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsi 101, ev 10V ünvanına köçürülməsi, cavabdehlər tərəfindən maneələrə qadağalar qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə X7 ilə ailə həyatı qurmuşdur. Bundan sonra, iddiaçının anası və atası öz vəsaitləri hesabına onlara Əhmədli qəsəbəsi, N.Tusi küçəsi, ev 9, mənzil 30 ünvanında ev almışdırlar. Lakin daha sonra iddiaçının əri X7 tikinti işi ilə məşğul olmaq üçün həmin evi satmışdır. Uzun mübahisələrdən sonra onlar Əhmədli qəsəbəsi, B.Şıxlinski küçəsi 57, mənzil 127 ünvanında ev almışdırlar. Sonradan həmin ev də satılmış və NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsi 101, ev 10V ünvanındakı evi almışdırlar. Bundan sonra, 2005-2006-cı illərdə X5 qardaşı, Cavabdeh1 evlənmiş və o da həmin sözügedən mənzildə yaşamağa başlamışdır. Bir müddət sonra qayınanası Cavabdeh2 onu qardaşının evinə qovmuşdur. Daha sonra iddiaçının qardaşı X7 ilə danışıqlar aparmış və son nəticədə Bilalov Bilal sağaldıqdan sonra iddiaçı ilə bir mənzilə köçəcəklərini bildirmişdir. Lakin daha sonra 2016cı ilin noyabr ayında X7 ölmüşdür. Bundan sonra, cavabdehlər iddiaçını və onun birinci qrup əlil qızı olan X2 evdən qovmuşdurlar. Həmin ev iddiaçının ərindən miras qalmışdır və iddiaçı həmin mirası öz faktiki hərəkətləri ilə qəbul etmişdir.

10. Cavabdeh1 iddia ərizəsinə qarşı etiraz verərək göstərmişdir ki, mərhum qardaşı Bilalov Bilal və onun həyat yoldaşı İddiaçı 1990-cı ildə Əhmədli qəsəbəsi, N.Tusi küçəsi, ev 9, mənzil 30 ünvanındakı evi almış, daha sonra onu sataraq 1999-cu ildə B.Şıxlinski küçəsi 57, mənzil 127 ünvanındakı evi almışdırlar. 2.000-ci ildə Əhmədli qəsəbəsi, B.Şıxlinski küçəsi 57, mənzil 127 ünvanındakı ev satılmış və satışdan əldə edilən pul xərclənmişdir. O, ünvan 5 ünvanında 2007-ci ildən bəri öz ailəsi və qardaşı X6 ailəsi ilə birlikdə yaşamaqdadır. İddiaçı sözügedən ünvanda heç vaxt yaşamamışdır.

11. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh saxta sənədlər düzəltmişdir. O, həmin evə 2006-cı ildə köçmüşdür. 2016-cı ildə əri vəfat etdikdən sonra onu qovaraq qardaşının yanına göndərmişdirlər. O, hazırda bir nəfərin həyətində istixanada işləyir və 2016-cı ildən orada qalır. Onun xəstə qızını da əvvəllər qovmuşdurlar, sonradan isə polis vasitəsilə ondan almışdırlar. Hazırda cavabdeh onun oğlunu da qovmuşdur, oğlu ailəsi ilə birlikdə kirayədə yaşayır. 2024-cü ilin iyun ayında qızı ona imzası lazım olduğunu bildirmiş və o, bundan sonra məhkəməyə müraciət etmişdir. Evi 2006-cı ildə 30.000 manata yoldaşı almışdır. Əri atasının onlara aldığı Əhmədlidəki evi 2001-ci ildə satdıqdan sonra pulu saxlamış və həmin evi almışdır. Əvvəl mərhum əri ilə küsülü olmuş, ondan sonra barışmışdırlar. Onlar barışdıqdan sonra əri ona demişdir ki, evi anası ilə birlikdə almışdır. Həmçinin, qazın anasının adına, işığın öz adına olduğunu bildirmişdir. 2024-cü ilin iyul ayında isə işığı öz adına rəsmiləşdirmişdir. Əvvəlki evi 2001-ci ildə satdıqdan sonra bir müddət kirayədə yaşamış, daha sonra anası onu öz yanına aparmışdır. Əri ilə barışdıqdan sonra 2006-cı ildən 2015-ci ilədək həmin evdə yaşamışdır. Əvvəl əri sağ olan zaman onu qovduqları üçün 37-ci Polis Şöbəsinə müraciət etmiş, lakin əri öləndən sonra müraciət etməmişdir. Bu müddət ərzində pulu olmadığı üçün məhkəməyə müraciət edə bilməmişdir.

12. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, 2000-ci ildə iddiaçının Günəşlidə olan evi satılmış, o vaxtdan bəri kirayələrdə yaşamaqdadırlar. İddiaçı heç vaxt onun evində yaşamamışdır. Hal-hazırda həmin evdə onun və qardaşının ailəsi və onun xalası yaşamaqdadır. O, evi 2007-ci ildə 18-20 min manata almışdır. Daha sonra 2016-cı ilin 24 noyabrda qardaşı rəhmətə getmişdir. O, hərdənbir həmin evə gəlmiş, lakin heç vaxt daimi yaşamamışdır. Su və qaz anasının, işıq qardaşının adına olmuşdur. Əhmədlidə atasından qalma 5 otaqlı evləri olmuş, həmin evi sataraq Zabrat 2-də ev almış, daha sonra həmin evi sataraq Zabrat 1-də ev almış və sonda həmin evi də sataraq NZS qəsəbəsindəki indiki yaşadığı evi almışdır. İddiaçının ana və atasının pulu hesabına həmin ev alınmamışdır.

13. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, evi 2007-ci ildə 18.000 manata almışdır. Əhmədlidə 5 otaqlı evi satmış, bundan sonra Zabratda 2 ev tikmiş, sonra isə NZS qəsəbəsinə köçmüşdür. Təzə köçən zaman onun şəxsiyyət vəsiqəsi olmamış, buna görə də işığı oğlunun adına keçirmişdirlər. İddiaçı heç vaxt həmin evdə yaşamamış, həmişə kirayədə yaşamışdır. İddiaçı 2016-cı ildən həmin evə köçmək üçün gəlməmişdir.

14. Məhkəmə iclasında Şahid3, Şahid1 və Şahid2 şahid qismində dindirilmişlər.

15. Şahid3 ifadəsində bildirmişdir ki, iddiaçı 2006-cı ilə qədər kirayədə qalmış, sonra NZS qəsəbəsindəki evə köçmüş və 2015-ci ilə qədər NZS-də yaşamışdır. İddiaçı evlənəndən sonra bir müddət qaynanası ilə yaşamış, daha sonra iddiaçının atası onlara Əhmədlidə ev almışdır. Əhmədlidəki evi 1998-ci ildə satmış, Şıxlinskidə yeni ev almışdır. 2002-ci ildə əri iddiaçını döymüş və həmin evi də satmağa razı salmışdır. Bundan sonra 2006-cı ilə qədər kirayədə yaşamış, daha sonra isə NZS qəsəbəsindəki evə köçmüşdürlər. Lakin 2015-ci ildə iddiaçını döyərək qovmuşdurlar. O, iddiaçının böyük qardaşının yoldaşıdır. Qayınatası əvvəllər neftdə işləmiş, onun yaxşı imkanı olmuşdur.

16. Şahid1 ifadəsində bildirmişdir ki, 1986-cı ildən NZS qəsəbəsində yaşamaqdadır. Nizami və Cavid təxminən 15 ildir ki, ora köçmüşdür və həmin vaxtdan onları tanıdığını bildirmişdir. Nizaminin yaşadığı evlə onun evi qarşı-qarşıyadır. İddiaçını tanımır, onu heç vaxt görməmişdir. Bilalov Bilal təxminən 8-10 il əvvəl rəhmətə getmişdir. O, NZS qəsəbəsinə tez-tez gəlib getmişdir. Bilalov Bilalın xəstə qızı da vardır, hal-hazırda da onu hərdənbir nənəsigilə gələndə görür.

17. Şahid2 ifadəsində bildirmişdir ki, o uzun müddətdir ki, cavabdehlərlə qonşu kimi yaşayır, nə iddiaçını, nə də iddiaçının mərhum ərinin orada yaşadığını görməmişdir.

18. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 6444/2024 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia təmin edilməmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikilidir, iddiaçı həmin evdə 2016-ci ildən mərhum həyat yoldaşı vəfat etdikdən sonra yaşamır. Məhkəmə iclasında verilmiş izahlardan, o cümlədən şahid ifadələrindən məlum olur ki, iddiaçı ilə mərhum həyat yoldaşının əvvəllər xüsusi mülkiyyətdə evləri olmuş, daha sonra həmin əmlakları satmış və kirayədə qalmışıar, mərhum həyat yoldaşının xəstəliyi ilə əlaqədar mübahisəli mənzilə, qaynanası və qaynıgilə gəlmişlər. İddiaçının birinci qrup əlil olan qızı X1 isə 2016cı ildən faktiki Cavabdeh2 Nurəddin qızının himayəsində olduğu müəyyən olmuşdur.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin yaxın ailə üzvləri dairəsinə aid olmadığı, mübahisəli evdə uzunmüddət yaşaması halı, evin alınmasına iddiaçı və ya iddiaçının mərhum ərinin hər hansı vəsait qoyması halı öz təsdiqini tapmadığından, iddiaçı bu halları sübuta yetirən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə iddia tələbini əsaslı hesab etmir. Şahid3 iddiaçının qardaşının həyat yoldaşı olması, tərəflərlə birgə və ya yaxınlıqda yaşamaması səbəbindən məhkəmə həmin izahı mötəbər sübut hesab etmir. Qeyd edilənlərlə yanaşı iddiaçının özünün də qeyd etdiyi kimi 2016-cı ildən həmin evdən çıxması, başqa yerdə yaşaması və bu halı mübahisələndirməməsi hallarını da məhkəmə nəzərə almışdır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinin İ, İİ, İİİ bəndlərinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokoluna, Mülki Məcəlləsinin 27.2, 152.1, 152.4, 152.5, 157.4, 180.1, 180.2, 215.4, 228.5-ci maddələrinə, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 2.1, 2.2, 2.3-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına, Mülki-Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 81, 88, 107, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mübahisəli mənzili əri Bilal Bilalov aldığına görə işıq sayğacı onun adına olmuş, xx.xx.2024-cu il tarixdə sayğacı ərinin adından öz adına rəsmiləşdirmiş və bu hərəkəti ilə faktiki olaraq miras əmlakı qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar 1975ci ildən Əhmədli qəsəbəsində yaşamışlar. Dörd qardaş olmuşlar, iddiaçının həyat yoldaşı olan böyük qardaşı 2016-cı ildə dünyasını dəyişib. 90-cı illərdə eyni binada birinci blokda, ikinci mərtəbədə yaşayırdılar. Onlar isə üçüncü blokda beşinci mərtəbədə 30 nömrəli mənzildə yaşayırdılar. Onlar 1999-cu ildə həmin mənzili sataraq Şıxlinski küçəsinə köçdülər, daha sonra 2000-ci ildə oranı satdılar və kirayədə yaşadılar. Cavabdeh 2001-ci ildə evi sataraq, Zabrat-2-yə, daha sonra isə orada olan evimi satıb Zabrat-1-ə köçmüşdür. Qeyd edir ki, atasının evi satıldıqdan və qardaşlar arasında bölündükdən sonra payını götürüb Zabrat-2-yə köçmüşdür. 2007-ci ildə evlənmiş və həmin ildə Zabrat-1-də olan evini sataraq NZS qəsəbəsinə köçmüşdür. NZS qəsəbəsində olan evi özünə məxsus evin satışından əldə olunan pul ilə almışdır. Elektrik enerjisini qardaşının adına rəsmiləşdirmə səbəbi odur ki, o vaxt evləndiyi dövr idi, tələskənlik var idi. Anası Turanəyə 5-6 aylığından baxır. İddiaçı uşağı atıb çıxıb gedirdi. Uşaq hazırda da nənəsinin yanındadır. Kommunal xidmətlərdən qaz sayğacı özünün, su isə anasının adınadır. Su sərfiyyatı ilə borc olduğu üçün hazırda adına rəsmiləşdirə bilmir. Borc sıfırlandıqdan sonra adına rəsmiləşdirə bilər. İddiaçının Məhəmmədi kəndində yerləşən ata evi ilə bağlı öz qardaşı ilə məhkəmə mübahisəsi var idi. Qardaşı ilə mübahisələri baş verdi, sonda həmin evi əldə etdi. İddiaçı hazırda orada qeydiyyatdadır.

26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.https://e-qanun.az/framework/46945 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İş materialları ilə müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən ev özbaşına tikilidir.

33. İddiaçı iddia edir ki, həmin evi mərhum əri X7 ilə Cavabdeh2 2005-ci ildə almışlar və həmin evdə yaşamağa başlamışlar. 2006-2007-ci ildə digər Cavabdeh1 ailəsi ilə həmin evdə yaşamağa başlamış, əri vəfat edəndən sonra o, həmin evdən çıxarılmışdır.

34. Cavabdeh tərəf isə bildirir ki, ev onlar tərəfindən alınmış, X7 heç vaxt o evdə daimi yaşamamış, ailəsi ilə birgə kirayədə yaşamışdır. Evə təzə köçən zaman anasının şəxsiyyət vəsiqəsi olmadığından elektrik sayğacını X5 adına rəsmiləşdirmişlər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evin alınmasına iddiaçının mərhum ərinin hər hansı vəsait qoyması və iddiaçının uzun müddət orada yaşaması barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. İş üzrə şahid qismində ifadə vermiş qonşular iddiaçının həmin evdə yaşadığını görmədiyini bildirmişlər.

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı ilə qohum olduğu üçün Şahid3 ifadəsini mötəbər sübut kimi qiymətləndirməmişdir.

37. Bundan başqa işdən müəyyən olunur ki, iddiaçı uzun müddət başqa yerdə yaşamasına baxmayaraq hazırki iddianı irəli sürməmiş, yalnız elektrik enerjisi ilə bağlı sayğacın mərhum yoldaşının adına olduğunu bildikdən sonra məhkəməyə müraciət etmişdir.

38. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təkcə bu hal fərdi yaşayış evinin iddiaçının mərhum ərinə məxsusluğunu təsdiq etmək üçün kifayət deyil.

39. Kollegiya onu da vurğulayır ki, İddiaçı öz iddiasında həm də yetkinlik yaşına çatmış qızı Turanə Bilalovanın adından tələb irəli sürmüş, lakin X1 qəyyumu təyin olunmasına dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6444/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar