Məhkəmə qərarları › İş №2(103)-1973/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1973/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1973/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (təhsil haqqının tutulması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) Məmməd Allahverdi oğlu Məmmədov və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(006)-2085/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı MMC ilə təhsilalanın valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0171-20 saylı “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqavilənin surətindən görünür ki, “lisey” bu müqavilənin qüvvədə olduğu müddətdə “təhsilalan”a ünvan 1 ünvanında yerləşən təhsil müəssisəsində 6-cı sinif Azərbaycan bölməsi üzrə təhsil xidmətləri göstərməyi, “təhsilalan”nın “qanuni nümayəndə”si isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0171-20 saylı, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “lisey”ə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə tərəflərin razılaşdığı illik təhsil haqqı 5.500 manat təşkil edir. 2.İddiaçı MMC ilə təhsilalanın valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Razılaşdırma protokolu”nun surətindən görünür ki, illik təhsil haqqı 5.500 manat müəyyən edilmiş və “qanuni nümayəndə” tərəfindən 612 manat ilkin ödəniş edilmişdir. Cavabdeh yerdə qalan təhsil haqqını isə oktyabr ayından etibarən 8 ay müddətində (xx.xx.2020xx.xx.2021) hər ay üzrə 612 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. 3.İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, sonuncuya borcun olması ilə bağlı xəbərdarlıq edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş ) manat dövlət rüsumu da daxil olmaqla 5.120 (beş min yüz iyirmi manat) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, təhsil alan X3 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 017-1-20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2020-ci il tarixli Razılaşdırma Protokolu bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “lisey” “təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2020-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən təhsil haqqı 5.500 manat təşkil etməkdədi. Lakin cavabdeh tərəfindən təhsil haqqının az bir hissəsi olan-1000 manat ödəniş etmiş, qalan hissəsinin isə ödənilməsindən yayınmışdır. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirik ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5%-lə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 75 manat dövlət rüsumu ondan tutularaq liseyə ödənilməlidir. 4500+4500 manat x 5% = 225 manat + 320 manat + 75 manat = 5120 (beş min yüz iyirmi manat) cavabdehdən alınaraq liseyə ödənilməlidir. 6.Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.500 manat əsas borc, 225 manat dəymiş zərər, 75 manat dövlət rüsumu, ümumilikdə 4.800 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 may 2022-ci il tarixli, 2(001)-2085/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Cəmilə Musayeva) iddia qismən təmin edilərək, əsas borc üzrə 4500, borcun gecikdirildiyi vaxt üçün illik 5 % hesablanmaqla faiz borcu üzrə 187,5 manat və dövlət rüsumu kimi ödənilmiş 71 manatın 70 manatı, cəmi 4.757,50 manat Cavabdeh olundan tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia digər hissədə rədd edilməsi, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 4 manat dövlət rüsumunun onun özünə qaytarılması qət olunmuşdur. 8.Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0171-20 saylı “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən “lisey” “təhsilalan”a ünvan 1 ünvanında yerləşən təhsil müəssisəsində 6-cı sinif Azərbaycan bölməsi üzrə təhsil xidmətləri göstərməyi, “təhsilalan”nın “qanuni nümayəndə”si isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0171-20 saylı, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “lisey”ə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh müqavilə ilə müəyyən edilmiş məbləği iddiaçıya ödəməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə cavabdehin öhdəliyi lazımi qaydada icra etməsinə dair dəlilləri hər hansı sübut vasitəsilə təsdiq edə bilmədiyini nəzərə alaraq onun mübahisə predmeti olan öhdəliyi icra etmədiyi qənaətinə gəlir. 9.Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən müqavilələrin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqaviləsindən göründüyü kimi İddiaçı MMC təhsilin təşkili üzrə xidmətləri göstərməsi təhsilalanın qanuni nümayəndəsinin bu xidmətlərin müqabilində müqavilə ilə müəyyən edilən haqqı ödəməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 10.Məhkəmə həmçinin qeyd etmişdir ki, borcalan-cavabdeh kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissədə qismən təmin edərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla (4.500 x 5%=225:12 ay x (xx.xx.2021-xx.xx.2022) 10 ay) 187,5 manat məbləğində faiz borcu yaranmışdır. 11.Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 4.500 manat, borcun gecikdirildiyi vaxt üçün illik 5 % hesablanmaqla faiz borcu üzrə 187,5 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 71 manatın 70 manatı, cəmi 4.757,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. 12.Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd etmişdir ki, dövlət rüsumu ilə bağlı qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 75 manat məbləğində pul ödəmişdir. Məhkəməyə müraciət edilən zaman iddianın qiyməti 5.045 manat təşkil etdiyindən, iddia Cavabdeh münasibətdə qismən (99%) təmin edildiyindən, məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan 71 manatın 70 manatı məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMCyə tərəfindən artıq ödənilmiş 4 manat məbləğində dövlət rüsumu isə onun özünə geri qaytarılmalıdır. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 385.1, 445.7ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 114.1.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2.-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı MMC məhkəməyə təqdim etdiyi iddia ərizəsində onun ümumilikdə 5.500 manat olan təhsil haqqından onlara 4.500 manat məbləğində borcumun qaldığını qeyd etsə də, iddiaçının göstərdiyi borc məbləği həqiqəti əks etdirmir. Belə ki, tərəfindən sonuncu dəfə iddiaçı liseyin hesabına ümumilikdə 2.500 manat ödəniş edilmişdir. Həmin pulun 1.000 manatı bank vasitəsilə, yerdə qalan 1.500 manat isə məktəbdə ödənilmişdir. Ona görə də, ona hər hansısa qəbz verilməmişdir. 2.500 manat ödəniş olunduqdan sonra onlar ona təhsil haqqına görə ödənilməmiş borcunun 1.000 manat olduğunu bildirmişdirlər. Yəni tərəfimdən 5.500 manat məbləğindəki təhsil haqqının 4.500 manatı iddiaçı liseyə ödənilmişdir. Sonradan o, liseyin təhsilindən narazı qaldığı üçün 2020-ci ilin sonunda oğlu X4 başqa məktəbə yönləndirmək qərarına gəlmişdir. Bu məqsədlə iddiaçı liseyə müraciət edərək övladının sənədlərinin qaytarılmasını tələb etsə də, onlar ona sözügedən sənədləri həmin vaxt yox, etdiyi müraciətdən 4 ay sonra qaytarmışdırlar. Tərəfindən bu məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciətlər və şikayətlər ünvanlansa da, onların heç birinin nəticəsi olmamışdır. Qeyd etdiyi məsələyə görə oğlu Turqay müəyyən müddət ərzində təhsilindən yayınmışdır. İddiaçı lisey tərəfindən oğluna keyfiyyətli təhsil verilmədiyi üçün o, liseyə qalan 1.000 manat məbləğindəki borcunu ödəməmişdir. Yəni iddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən onun öhdəlikləri lazımınca icra edilmədiyi üçün o, öz öhdəliyimi icra etməmişdir. Beləliklə, iddiaçı tərəfindən oğlu X1 təhsil verilməmiş, oğlumun keyfiyyətli təhsil almaq hüququnu həyata keçirə bilməsi üçün zəruri olan və tərəfindən geri qaytarılması tələb edilmiş sənədlər ona vaxtında təqdim edilməmişdir.Bununla da, İddiaçı MMC mülki hüquq münasibətinin subyekti kimi özünün hüquqlarını və vəzifələrini vicdanla həyata keçirməmiş, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməmiş, müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək hərəkətlərə yol vermiş və öhdəliyini lazımınca icra etməmişdir. Ona görə də, hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2085/2022 saylı qətnaməsi qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, iddiaçı tərəf işin təxirə salınmasını xahiş etsə də, kollegiya işin təxirə salınması üçün ciddi əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 22.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 23.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24.Maddə 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 25.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 26.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnamənin təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(006)-2085/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 33.Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0171-20 saylı “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən “lisey” “təhsilalan”a ünvan 1 ünvanında yerləşən təhsil müəssisəsində 6-cı sinif Azərbaycan bölməsi üzrə təhsil xidmətləri göstərməyi, “təhsilalan”nın “qanuni nümayəndə”si isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0171-20 saylı, xx.xx.2020-ci il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini “lisey”ə ödəməyi öhdəsinə götürmüşdür. 34.Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh müqavilə ilə müəyyən edilmiş məbləği iddiaçıya ödəməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. 35.Cavabdeh apellyasiya şikayətinin dəlilində liseyin hesabına ümumilikdə 2.500 manat ödəniş etdiyini, yəni pulun 1.000 manatını bank vasitəsilə, yerdə qalan 1.500 manat isə məktəbdə ödədiy ini, övladına lazımi keyfiyyətdə təhsil verilmədiyini qeyd etsə də, bu dəlilləri təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 36.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 37.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 38.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 39.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 40.Göründüyü kimi, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, cavabdehin öhdəliyi lazımi qaydada icra etməsinə dair dəlilləri hər hansı sübut vasitəsilə təsdiq edə bilmədiyini nəzərə alaraq onun mübahisə predmeti olan öhdəliyi icra etmədiyi qənaətinə gəlir. 41.Beləliklə iddiaçı cavabdehdən müqavilələrin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. 42.Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsi” haqqında müqaviləsindən göründüyü kimi İddiaçı MMC təhsilin təşkili üzrə xidmətləri göstərməsi təhsilalanın qanuni nümayəndəsinin bu xidmətlərin müqabilində müqavilə ilə müəyyən edilən haqqı ödəməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 43.Məhkəmə həmçinin qeyd etmişdir ki, borcalan-cavabdeh kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə iddianı bu hissədə qismən təmin edərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla (4.500 x 5%=225:12 ay x (xx.xx.2021-xx.xx.2022) 10 ay) 187,5 manat məbləğində faiz borcu yaranmışdır. 44.Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək düzgün olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 4.500 manat, borcun gecikdirildiyi vaxt üçün illik 5 % hesablanmaqla faiz borcu üzrə 187,5 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 71 manatın 70 manatı, cəmi 4.757,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. 45.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 46.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 4757,50 manat təşkil etdiyindən, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(006)-2085/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar