Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1975/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Qürbət Ağa oğlu Əsgərov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-1930/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı fərdi əmək müqaviləsinin ləğv edilməsi, bununla bağlı məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemə işlənilməsi, əmək haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2020-ci ildə cavabdeh “xxxx” MMC-də barista (kofedüzəldən) vəzifəsinə işə qəbul olmuşdur. Onunla aparan danışıqlara əsasən zəhmət haqqı olaraq 600 manat ödənilməli idi. İşlədiyi 1 həftə müddətində müqavilə məbləğinin 250 manat olduğunu müəyyən etmiş və öz etirazını bildirmişdir. Bu etirazına görə işdən uzaqlaşdırılmışdır. Dəfələrlə iş yerinə getsə də, onu iş yerinə buraxmayaraq, işini icra etməsinə şərait yaradılmadı. Bundan sonra o, əmək kitabçanı və müvafiq əmrini tələb etdikdə ona məlumat veriləcəyi bildirildi. Fevral ayının sonunda və mart ayının əvvəlində bir daha müraciət etdikdə ondan 60 manat pul vəsaitin ödənilməsini və bundan sonra sənədlərini verəcəklərini bildirdilər. Artıq o, özünə iş axtarmağa başlamış və mart ayının sonunda işə düzəlmək müraciət etdikdə ona adının işçi kimi cavabdehin işçisi olduğunu və bu səbəbdən də onunla əmək müqaviləsi bağlamaqdan imtina edilmişdir. Daha sonra o, bu məsələyə aydınlıq gətirilməsi üçün dəfələrlə cavabdehə müraciət etsə də, ona düzgün cavab verilməmişdir və hər dəfə ondan pul tələb edilmişdir. Həmin dövrdə ölkədə və o cümlədən Bakı şəhərində COVİD-19 pandemiyası ilə bağlı ciddi karantin rejimi olduğu üçün aidiyyəti dövlət orqanlarına müraciət edə bilməmişdir. Nəhayət o, cavabdehə işdən azad edilməsi barədə rəsmi ərizə və eyni zamanda 2020-ci ilin may ayının əvvəlində 6 saylı Bakı şəhər Dövlət Əmək Müfəttişliyinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyində araşdırma zamanı məlum oldu ki, həqiqətən onu işdən azad etməyiblər və buna baxmayaraq onun əmək funksiyası icra etməyə şərait yaradılmamışdır. Bu müddətdə hara işlə bağlı müraciət etsə də, onunla əmək müqaviləsi bağlanması mümkün olmayıb. Çünki cavabdeh onunla əmək müqaviləsinə xitam verməyib və bununla bağlı məlumatları qərəzli olaraq sistemə işləməyib. Cavabdeh qanunsuz olaraq onu işləməyə imkan yaratmamış və xx.xx.2020-ci il tarixdən bu vaxtadək ona əmək haqqı ödənilməmişdir. İşləməsinə cavabdeh bilərəkdən maneçilik törətmişdir və əmək funksiyanı icra etməməsində onun hər hansı təqsiri olmayıb. Bu səbəbdən məcburi iş buraxmaya görə ona aylıq əmək haqqı ödənilməlidir. Sistemdən çıxarışa əsasən müəyyən olur ki, cavabdeh onunla xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlayaraq sistemə işləmişdir. Eyni zamanda ona bununla bağlı müvafiq əmri və ya əmək kitabçasını təqdim etmir. Bundan başqa o, dəfələrlə etdiyi müraciətdən və araşdırmadan sonra əmək müqaviləsinə xitam verilmədiyini bildikdən sonra cavabdehə yazılı şəkildə də ərizə ilə müraciət etmişdir. Ancaq cavabdeh öz qanunsuzluğunu davam etdirmişdir. Cavabdeh ona nə işləməyə şərait yaratmamışdır, nə də ki qanuni uyğun olaraq əmək müqaviləsinə xitam verməmişdir ki, o, başqa işə düzəlsin. O, dəfələrlə başqa iş tapmışdır və ilkin razılaşmalarına əsasən tapdığı iş yerinin ona təklif etdiyi aylıq əmək haqqı 600 manat olmuşdur. Göstərilənləri nəzərə alaraq İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi (ləğv edilməsi) və bununla bağlı məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sisteminə işlənilməsi və bununla bağlı bildirişin surətinin iddiaçıya təqdim edilməsi vəzifəsinin “xxxx” MMC-yə həvalə edilməsi, xx.xx.2020ci il tarixdən qətnamə icra edilən anadək məcburi işburaxma müddəti üçün xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsinin “xxxx” MMC-yə həvalə edilməsi, vurulmuş maddi ziyanın əvəzi kimi 2020-ci ilin mart ayından başlayaraq hər təqvim ayı üçün 600 manat olmaqla, cəmi 3600 manatın və vurulmuş mənəvi ziyanın əvəzinə xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının 4 misli həcmində (1000 manat) pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-1930/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə «xxxx» MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən “tərəflərdən birinin təşəbbüsü” əsası ilə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya son haqq-hesabın ödənilməsi, Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı son haqq-hesabın ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin elektron informasiya sistemində yerləşdirilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin surətinin İddiaçı verilməsi «xxxx» MMC-yə həvalə edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1930/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin qismən, iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə iddia tələbinin rədd ediliməsi hissəsində qanunsuz və əsassızdır. Məhkəmə qətnamə çıxaran zaman gəldiyi nəticənin əsaslarını ümumiləşdirərək ümumi formada əsaslandırıb. Məhkəmə təmin etmədiyi iddia tələbləri aşağıdakılardır və bu hallarla bağlı şikayətin qısa mahiyyəti qeyd edilir. xx xxxxxx 2020-ci il tarixdən qətnamə icra edilən anadək məcburi iş buraxma müddəti üçün xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının iddiaçıya ödənilməsi vəzifəsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi; Məhkəmə iddia tələbini bu hissəsinin təmin edilməsi ilə bağlı nəticə hissəsində dəqiq mövqeyini bildirib. Düzdür məhkəmə cavabdehin üzərinə son haqq hesabın ödənilməsi vəzifəsini qoysa da dəqiq şəkildə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini qeyd etməyib. Hesab edir ki, məhkəmə bu hissədə cavabdehin üzərinə əmək müqaviləsində nəzərdə tutulmuş aylıq əmək haqqının məbləğini müəyyən etməklə ödəmək vəzifəsini qoymalıdır.Digər tərəfdən son haqq-hesab əmək qanunvericiliyində əsasən işçinin istifadə etmədiyi əmək məzuniyyəti hüququ ilə bağlı ödəniş və son aylıq əmək haqqı ilə bağlı olduğu üçün cavabdeh ona ödəniləcək xx xxxxxx 2020-ci il tarixdən qətnamə icra edilən anadək olan məbləği ödəməkdən yayına biləcəyini qeyd etmişdir. Ən əsası bu qətnamə qüvvəyə mindikdən sonra icra mərhələsində dəqiq müəyyən edilməlidir ki, cavabdeh ona hansı məbləği ödəməlidir və qeyri müəyyənlik olmamalıdır. Birinci instansiya məhkəmə baxışı zamanı sübut edilmişdir ki, cavabdeh qanunsuz olaraq onu uzun müddət işdən azad etməyib və bu səbəbdən də məhkəmə iddianı qismən təmin edib. Hesab edir ki, məhkəmə cavabdehin qanunsuz hərəkətlərə yol verdiyini təsdiq etdiyi halda ona dəymiş ən azı mənəvi ziyanıda ödənilməsi barədə qətnamə çıxarmalı idi. Bunu ədalətlilik prinsipi də tələb edir. Yəni cavabdeh qanunsuzluğa yol veribsə onun məsuliyyətini də daşımalı və onun pozulmuş hüququ hüquqi müstəvidə restitusiya, bərpa edilməli idi. Həmçinin o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət işə girə bilmədiyini və bu onun maddi durumumunun ağır vəziyyətə salmaqla yanaşı real gəlirdən də azad edildiyini bildirmişdir. Məhkəmənin işin hallarını tam araşdırmadığını və şahid ifadələrinə hüquqi qiymət vermədiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə istinad edərək, apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edilməməsi hissəsində (yəni 3600 maddi və 1000 manat mənəviziyana dair tələbin təmin olunmaması) yoxlanılması təşkil edir.(Həmçinin, apelyator şikayətində göstərmişdir ki, məhkəmə cavabdehin üzərinə son haqq hesabın ödənilməsi vəzifəsini qoysa da dəqiq şəkildə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini qeyd etməyib) Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə xxxxxxx000200 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı “xxxx” MMC-yə pesepşn vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 250 manat müəyyən edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanılmışdır. İş üzrə İddiaçı tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, 2020-ci ilin fevral ayında “xxxx” şirkətilə əmək müqaviləsi əsasında işə qəbul olunmuşdur. Lakin COVİD-19 virusunun Respublikada yayılmasının qarşısının alınması səbəbilə elan edilmiş karantin şəritinin tələblərini riayət edərək işə gedə bilməmişdir. Adına aktiv əmək müqaviləsi olduğundan karantinlə bağlı birdəfəlik müavinət ala bilməmişdir. Beləliklə, 2020-ci ilin İİİ və İV ayları üçün heç bir əmək haqqı və ya digər müavinat ala bilməmişdir. Bunları nəzərə alaraq əmək haqqını almasına hüquqlarını bərpa etməyə yardım etməsini xahiş etmiş, eyni zamanda xx.xx.2020-ci ildən etibarən əmək müqaviləsinə xitam verilməsinə vasitəsi olmasını xahiş etmişdir. İş üzrə İddiaçı tərəfindən “xxxx” MMC-nin direktorun adına yazılmış ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdən etibarən öz xahişi ilə onu tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “resepşn” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə bir il müddətinə bağlanılmış və əmək haqqı 250 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək həmin tarixdən etibarən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin iddiaçının bu ərizəsi cavabdeh tərəfindən cavabsız qalmış və nəticədə hazırki vaxtadək tərəflər arasında bağlanmüş əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların elektron sistemə işlənməsi və bununla bağlı bildirişin ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; məcburi işburaxmaya üçün xx.xx.2020-ci il tarixli əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının ona ödənilməsi və vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sistemində qeydiyyata alımnası ilə bağlı tələbi təmin olunmuş və bu hissə mübahisələndirilmir. İddiaçının qətnamə icra edilən günədək məcburi işburaxmaya görə əmək müqaviləsində müəyyən edilmiş əmək haqqının ödənilməsi tələbi üzrə 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, həmin hissədə tələb qismən əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ilk növbədə qeyd edir ki, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə o halda yol verilir ki, məhkəmə işəgötürənin əmrini qanunsuz hesab etməklə işçini əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul etmiş olsun. İddiaçı tərəfindən isə işə bərpa ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. AR Əmək Məcəlləsinin 300-cü madəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi müəyyən edilmişdir ki, iddiaçı işəgötürənin müəssisəsində bir həftə işləmişdir və əmək haqqının 250 manat olduğunu müəyyən etdikdən sonra buna etiraz etmişdir. Bu səbəbdən iddiaçı işəgötürən tərəfindən işdən uzaqlaşdırılmış və faktiki olaraq həmin vaxtdan iddiaçı hər hansı əmək funksiyasını yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı işəgötürənin müəssisəsində bir həftə ərzində işlədiyi üçün, ona həmin müddət üçün əmək haqqı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab verilməlidir. AR Əmək Məcələlsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası maddi ziyanın əvəzi kimi 3600 manat, vurulmuş mənəvi ziyanın əvəzi kimi 1000 manat məbləğində pulun tutulması tələbinin rədd edilməsi üzrə də 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissələrdə tələb təmin edilməməlidir. AR Əmək Məcəlləsinin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, araşdırma zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Digər tərəfdən AR Əmək Məcəlləsinin 290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən maddənin qeyd hissəsinə əsasən bu maddənin (290-cı maddənin) üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı işəgötürən tərəfindən ona maddi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda işəgötürən tərəfindən iddiaçıya hər hansı üsulla mənəvi ziyan vurulması halları da müəyyən edilmədiyindən, iddia tələbinin 3600 manat maddi və 1000 manat mənəvi ziyanın tutulması hissələrində əsassız hesab edilməsi və təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-1930/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1975/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1975/2021
28.01.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver