Məhkəmə qərarları › İş №2(103)-1975/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1975/2024

04.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1975/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3303/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdehndə xəzinədar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə orkestrin artisiti vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Lakin bu barədə əmrin surəti və digər aidiyyəti sənədlər əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə iddiaçıya təqdim edilməmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə bu əsasla xitam verilməsini qanunsuz və əsassız hesab edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə şikayət xarakterli müraciətlər etmişdir. Həmin müraciətlərə uyğun olaraq, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər araşdırılmış və nəticədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verildiyi, lakin bu zaman qanun pozuntusuna yol verildiyi müəyyən edildiyindən cavabdehin vəzifəli şəxsi (direktoru vəzifəsini müvəqqəti icra edən X11) İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilənərək 1.500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya bu barədə məlumat verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 51 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, işdən azad edilməsi barədə əmri qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, 2015-ci ildə əmək müqaviləsinə əsasən işə qəbul olmuş, beş ildən sonra isə onun əmək müqaviləsi daimi olmuşdur. Buna baxmayaraq, işəgötürən onu qanunsuz olaraq, müqavilə müddətinin bitməsini göstərməklə 2020-ci ilin sonunda işdən azad etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, əmrin surəti və digər haqq-hesab sənədləri ona verilməmişdir. Əmək Müfəttişliyinə müraciət etmək məcburiyyətində qalmışdır. Əmək Müfəttişliyinin qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində müraciət etsə də cavabdeh ona əmrin surətini və digər sənədləri verməmişdir. Əlavə olunmuş Əmək Müfəttişliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən cavabdehin inzibati məsuliyyətə cəlb olunduğu təsdiq olunur.

4. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qimsində işə cəlb edilmişdir.

5. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı işdən azad edildikdən 3 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3303/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı Məmmədrza oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli, 51 saylı əmrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Məmmədrza oğlunun əvvəlki işinə - orkestr artisti – böyük baraban vəzifəsinə bərpa edilməsi qət edilmişdir. (hakim X10)

7. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Bu halda həmin müqavilənin müddətinin qurtarması ilə əlaqədar xitam verilməsi üçün əsas xx.xx.2020-ci il tarixədək olmuşdur. Göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin müqavilə müddətsiz bağlanmış əmək müqaviləsi hesab olunur. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin və 73-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci, 68-ci və 73-cü maddələrində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını və qaydalarını pozaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı orkestr artisti – böyük baraban vəzifəsinə bərpa edilməlidir.

8. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün isə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür ki, cavabdeh tərəfindən göstərilən sənədlər iddiaçıya məhkəmə iclasında təqdim edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən hazırki mübahisəyə münasibətdə iddia müddəti tətbiq oluna bilməz.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 43-cü, 45-ci, 68-ci maddəsinin “b” bəndinə, 73-cü, 296-cı, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırılmış və bir sıra Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinad edilərək əlavə olaraq qeyd edilmişdir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsinin əsasını Əmək Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi işçinin hüququnun pozulduğunu bildiyi tarixi müəyyən edilməsini mümkün olmadığı hallara aiddir. Göründüyü kimi, işəgötürən əmrin və əmək kitabçasının işçiyə təqdim olunması üçün zəruri addımları atmış, sonuncu isə bu sənədlərin qəbulundan imtina etmişdir. İşəgötürənin vəzifəli şəxslərinin bu zaman davranışı və işçinin sənədlərin qəbulundan imtinanın motivləri iddia müddətinin axımının hesablanması üçün əhəmiyyət kəsb etmir. İddiaçıya əmr, əmək kitabçası və digər sənədlər təqdim edilmiş və ondan “qəbul etdim ” yazılaraq imza atması tələb olunmuşdur. İddiaçı sənədləri qəbul etdiyini yazaraq imzalamaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona əmək müqaviləsi və əmr təqdim edilərkən ondan tələb olunmuşdur ki, o, yazsın ki, heç bir şikayət və tələbi yoxdur. O, isə bunu yazıb imzalamadığı üçün əmr və əmək kitabçasını ona təqdim etməmişlər. O, isə onun qanunsuz olaraq işdən azad olunması barədə Əmək Müfəttişliyinə şikayət etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 xidmətinin nümayəndəsi X6 oğlu suallara cavab olaraq iddiaçının 2020-ci il tarixdə qanunsuz olaraq müqavilə müddətinin bitməsi əsası ilə işdən çıxarılması barədə müraciət etməsini bildirmişdir. Göründüyü kimi, hər bir halda həm iddiaçının özünün, həm də üçüncü şəxsin nümayəndəsinin ifadəindən açıq aydın bəlli olur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olunmasını və onun barəsində bu barədə əmrin çıxarılmasını bilmişdir. Onun işdən azad olunmasını bilməməsi mümkün də deyildir, çünki əks halda işə çıxmalı olardı. Belə olan halda iddia müddətinin axımı həmin vaxtdan başlanmalıdır və göründüyü kimi şəxs iddia müddətini ötürmüşdür. Əks halda hüquqi balans pozulmuş olar və iddiaçının hüquqdan sui-sitifadəsi haqlı olardı. Çünki hazırki işdə olduğu kimi, iddiaçı əmək müqaviləsini götürməkdən imtina edər və iddia qaldrımaq prossesini illərlə uzadar və nəhayətində işləmədiyi halda uzun illəri əhatə edən aylıq maaşı alardı. Belə olan halda, iddia müddətinin axımının başlanğıcının iddiaçının istədiyi tarixdən hesablanması Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunduğu halda, işəgötürənin qeyd etdiyi zaman olmasa da, bundan sonra qısa müddətdə müraciət edərək müvafiq sənədləri tələb etmək və hüquqların müdafiəsi üçün elementar addımları atmaq imkanı olmuşdur. Digər tərəfdən qeyd olunmalıdır ki, müvafiq sənədlərin iddiaçıya lazımi qaydada təqdim olunmaması qəbul olunduğu halda da, iddia müddətinin hesablanması ilə bağlı hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olmaması müəyyən olunur. Belə ki, iş materiallarına əsasən iddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Yəni, “Mediasiya haqqında” Qanunun 35-ci maddəsi tətbiq edilməklə, iddia müddəti azı həmin tarixdən hesablanmalıdır. Belə ki, iddiaçının mediasiya təşkilatına müraciət etdiyi tarixədək iddia müddətinin hesablanmamasını qəbul etsək də belə, artıq mediasiya təşkilatının bu arayışı aldıqdan sonra iddia müddətinin axımı başlanmışdır. Lakin, iddiaçı hazırki iddia ilə ilkin olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə 2022-ci ilin dekabr ayında müraciət etməklə, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxması ehtimal olunur. Belə ki, mediasiya təşkilatının arayışının iddiaçıya hansı tarixdə təqdim olunması ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamışdır. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmənin qətnamə üzrə müəyyən etdiyi hallar subutlara söykənmir və iddia tələbinin əsasını təşkil edən subutlar düzgün qiymətləndirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 87-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir; 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur; 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə, o cümlədən iddia müddətinin axımının başlanmasında və müddətin hesablanmasında səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əmək qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə irəli sürüldüyündən rədd edilməlidir.

24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, cavabdeh təşkilatda işləmiş iddiaçı əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. Bundan sonra iddiaçı onun işdən azad edilməsini qanunsuz hesab etmiş və cavabdehin hərəkətlərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə şikayət etmişdir. Nəticədə cavabdeh təşkilatın rəhbəri (direktor vəzifəsini müvəqqəti icra edən) əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi səbəbi ilə İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinmiş, onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə “işdən azad olunmasının qanunsuz hesab edilməsi və son haqq-hesabın verilməsi” tələbi ilə mediasiya təşkilatına və bundan sonra “işdən azad edilmə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla verilməsi səbəbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-4339/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1713/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iddia ilə artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.

25. Cavabdeh hazırki iddianın əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdə qaldırılmadığını bildirir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə, iddianın bu əsasla rədd edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətində də bu mövqedən çıxış edir. Bu səbəbdən məhkəmə kollegiyası hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab edir.

26. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

27. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).

28. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).

29. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixi müəyyən edilməsini mümkün olmadığı hallara aiddir. Belə ki, əmək münasibətlərində işçi daha zəif tərəfdir və bu baxımdan məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

31. Xüsusilə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi və bunun əsası barədə məlumatsız olması mənasını daşıya bilməz.

32. Məhkəmə kollegiyası bu prizmadan yanaşaraq qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad edilməsinə baxmayaraq, bundan təxminən 1 il 6 ay sonra mediasiya təşkilatına müraciət etmişdir. Halbuki, 2021-ci ilin əvvəllərindən iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir.

33. Digər tərəfdən şikayəti üzrə aparılmış araşdırmaya uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda əmək müqaviləsinə xitam verilməsinin səbəbləri barədə ona ətraflı məlumat verilmişdir. Bununla belə, iddiaçı hüququnun pozulduğunu ehtimal etdiyindən pozulmuş hüquqlarının bərpası məqsədi ilə həmin quruma müraciət etmiş və əldə etdiyi cavab məktubunda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası barədə ona ətraflı məlumat verilmişdir. Bu da öz növbəsində onun həmin cavab məktubunu əldə etdiyi tarixdən hazırda mübahisələndirdiyi hüquqlarının pozulması, o cümlədən həmin əmrin məzmunu barədə tam məlumatlı olmasını birmənalı şəkildə təsdiq edir. Buna baxmayaraq, iddiaçı bu tarixdən də təxminən 1 il 3 ay sonra mediasiya təşkilatına müraciət etmişdir.

34. Bütün qeyd edilənlər nəzərə alınmadığı təqdirdə belə, hazırki iddiaya iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı mediasiya təşkilatına müraciət etmiş və müəyyən edilmiş prosedurun nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə həmin qurumun arayışını əldə etdikdən bir neçə ay sonra ilk öncə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onun iddia ərizəsi 2023-cü ilin yanvar ayında məhkəmənin müvafiq qərardadı ilə ərazi aidiyyəti qaydalarının pozulması səbəbindən geri qaytarılmasına və bu qərardaddan verilmiş şikayətin Bakı Apellyasiya Məhkəməsi tərəfindən elə həmin ayda da təmin edilməməsinə baxmayaraq, iddiaçı hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə bir neçə aydan sonra, yəni yalnız 2023-cü ilin iyul ayında müraciət etmişdir.

35. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iş materiallarında iddiaçının iş yerinə gəlməməsi və iş vaxtında iş yerində olmaması ilə bağlı sənədlər də (cavabdehin X12 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubu, orkestrin dirijor assistentinin təqdimatı, Azərbaycan Dövlət Nəfəsi Alətləri Orkestri üzrə yaradılmış xüsusi komissiyanın xx.xx.2021-ci il tarixli aktı) mövcuddur. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verildiyindən, məhkəmə kollegiyası bu məsələyə hüquqi qiymət verilməsinə hər hansı əsas görməmişdir.

36. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, nəticə etibarı ilə iddiaçı iddia tələbinin predmetini təşkil edən əsaslar üzrə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Cavabdeh də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Bu da öz növbəsində hazırki iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini şərtləndirir. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq hazırki iddiaya iddia müddətinin tətbiq edilməli olmaması qənaətinə gəlmiş və nəticədə hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3303/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar