Məhkəmə qərarları › İş №2(103)-1977/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1977/2024

27.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1977/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(011)-6812/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2-11/3 1K-166/2023 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa edilməsi, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(011)- 6812/2023 nömrəli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(011)- 6812/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin bərpası barədə ərizə təmin olunmamışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, şikayətin təmin olunaraq qərardadın ləğv olunması və ərizənin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 135.6-cı maddəsinin tələbinə görə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(011)-6812/2023 nömrəli qətnaməsi cavabdehin elektron kabinetinə 06 noyabr 2023-cü il tarixində yerləşdirilmiş, lakin apellyasiya şikayəti elektron kabinet vasitəsilə məhkəməyə 17 yanvar 2024-ci il tarixində göndərmişdir. Göründüyü kimi, qətnamə 06 noyabr 2023-cü il tarixdə cavabdehin şəxsi elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmiş hesab edilmiş, belə olan halda isə qətnamədən apellyasiya şikayəti verilməsi üçün sonuncu gün 06 dekabr 2023-cü il tarixi olmuş, lakin həmin müddət ərzində şikayət verilməmiş, bu səbəbdən də qətnamə qanuni qüvvəsini almışdır. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə isə apellyasiya şikayəti və buraxılmış müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət olunsa da, buraxılmış müddətin üzrlü hesab olunması üçün hər hansı sübut təqdim olunmamışdır. Əksinə, cavabdeh hüquqi şəxsdir, müddətin ötürülməsi cavabdehin iradəsindən kənar baş verməmiş, başqa nümayəndə vasitəsilə də apellyasiya şikayəti verə bilərdi. Cavabdeh isə şikayətin dəlili kimi qətnamənin elektron kabinetə yerləşdirilməsindən gec məlumatlı olmasını göstərsə də, bu hal özü özlüyündə yetərli sayıla bilməz. Yuxarıda da qeyd edildiyi kimi qətnamə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, bununla da, rəsmi qaydada təqdim hesab olunmuşdur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün prosessual əsaslar yoxdur. Cavabdehin irəli sürdüyü dəlillər prosessual müddətin üzrlü sayılması üçün qanuni əsas təşkil edə bilməz. Belə olan halda, məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, qərardad qanuni və əsaslıdır. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(011)-6812/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(011)- 6812/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar