Məhkəmə qərarları › İş №2(103)-1979/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1979/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1979/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, X11 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(007)-1570/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə birlikdə istifadə hüquqlarının tanınması və köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə birlikdə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(007)-1570/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, o, ailə qurduqdan sonra cavabdeh ilə Sabunçu rayonu, Musabəyov küçəsi, ev 10 ünvanında yerləşən 14 saylı mənzildə yaşamış, orada özü və uşaqları qeydiyyata düşmüşdür. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, cavabdehlə birlikdə aldıqları evə münasibətdə isə bildirdi ki, həmin ev onun bibisinin adınadır, uşaqlar ilə birlikdə hazırda həmin evdə yaşayır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, hazırkı iş üzrə mübahisəli ev ona atası tərəfindən bağışlanmışdır və orada o, valideynləri ilə birlikdə yaşayır. Bundan əlavə, o qeyd etdi ki, onlar iddiaçı ilə razılaşaraq birlikdə makler vasitəsilə Sabunçu rayonu, Ramana qəsəbəsindəki evi satın almış, lakin iddiaçı Müdafiə Nazirliyində işlədiyindən və oradan müəyyən məbləğdə kirayə haqqı aldığından, özbaşına tikiliyə aid kommunal müqavilələr iddiaçının bibisi adına bağlanmışdır. Hazırda iddiaçı uşaqlar ilə birlikdə həmin evdə yaşayır, bu səbəbdən mübahisəli evə dair hazırkı şikayəti əsassızdır. Göstərilənlərə əsasən, şikayətin rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi: Məhkəmə kollegiyası tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən olunmuşdur ki, Daxili İşlər Nazirliyinin ******* saylı arayışdan görünür ki, Cavabdeh, İddiaçı, X9 və X10 ünvan 3 ünvanında yerləşən 14 saylı mənzildə qeydiyyatadırlar. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-2808/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısının Xocavənd kənd icra nümayəndəliyində 30 saylı akt qeydi ilə bağlanmış nikahları pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 anaları İddiaçı himayəsində saxlanılmaları və onlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə biri miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Musabəyov küçəsində yerləşən, 10 saylı evin, 14 saylı mənzilin 1 otağı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci ildə Cavabdeh adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin notairal qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 14 ünvanda yerləşən ümumi sahəsi 107.1 kv.m olan 4 otaqlı mənzilin 1 otağını Cavabdeh bağışlamışdır. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh Bank tərəfindən illik 27,84 faiz dərəcəsi ilə 36 ay müddətinə 6500 manat kredit verilmişdir. Azərbaycan Respublikası “xxxx” MMC-nin Fiziki və Hüquqi Şəxslərin Mülkiyyətində və X15 X5 X1 dair xx.xx.2017-ci il tarixli hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən özbaşına tikilinin sahibi X4r. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 76363 saylı, xx.xx.2018-ci il tarixli Müqavilə “Azəriqaz” İB ilə X7 arasında bağlanmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X8 ifadə verərək qeyd etdi ki, iddiaçı və cavabdeh onunla görüşərək ev axtardıqlarını dedilər, daha sonra Sabunçu rayonu, Ramana qəsəbəsindəki ev təcili satışa çıxarıldıqda, onu almağa qərar verdilər. X.Məmmədova bildirdi ki, İddiaçı ona hazırda 4000 manat pulu olduğunu, qalan hissəsini 2-3 gün ərzində bankdan götürərək tamamlayacaqlarını dedi. Sonra onlarla gecə 11:00 radələrində ümumilikdə 10500 manata evin alğı-satqısına dair müqavilə bağlamışlar, ümumi məbləğin 4000 qədərini İddiaçı, qalanını isə Cavabdeh ödəmiş və evin xanımın bibisinin – X3 adına sənədləşdirəcəklərini qeyd etmişlər. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh 2010-cu il tarixində rəsmi nikaha daxil olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göstərilən normalara əsaslanan kollegiya qeyd edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaransa da, onunla iddiaçı arasında olan nikaha xitam verildiyindən və tərəflər arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatası "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair" xx.xx.2015-ci il tarixli Qərardadında Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququnu nə zaman həyata keçirmək məsələsi ilə bağlı qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. İddiaçının istifadə hüququnun müəyyən müddətə saxlanmasına əsasların olubolmaması ilə bağlı isə kollegiya qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmunundan da görünür ki, bu maddə keçmiş ailə üzvü ilə mülkiyyətçi arasında nikah münasibətlərinə xitam verildiyi və keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus mənzildə yaşamağa davam etdiyi hallarda mülkiyyətçinin tələbi ilə keçmiş ailə üzvünün mənzildən çıxarılması halında tətbiq oluna bilər. Kollegiya bu xüsusatla bağlı qeyd edir ki, hazırkı iş materiallarından da görünür ki, iddiaçı cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən ərazidən özbaşına tikili almış və həmin tikiliyə aid bütün kommunal müqavilələr iddiaçının bibisi X3 adına bağlanmışdır. Bu fakt məhkəmə iclasında şahid qismində dindirilən, evin alğı-satqısında makler kimi iştirak etmiş X.Məmmədova tərəfindən təsdiq edilmişdir. Belə ki, cavabdehin izahatı, şahid ifadəsi və işin hallarından müəyyən olunur ki, hazırda iddiaçı uşaqlar ilə birlikdə bibisinin adına sənədləşən, lakin öz istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən özbaşına tikilidə yaşayır. Bununla da müəyyən olunur ki, hazırkı halda iddiaçının mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq olunması üçün əsaslar mövcud deyil. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddianı rədd, qarşılıqlı iddianı isə təmin edərkən haqlı olmuş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(007)-1570/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar