Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1980/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMM-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X4 Əziz qızının katibliyi, İddiaçının nümayəndələri X1 və Nümayəndə (vəkil) iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı MMM tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMM Cavabdeh ilə bağladığı şifahi alqı-satqı müqaviləsinə əsasən cavabdehə bitki mühafizə vasitələrini satdığını, lakin dəyərinin tam ödənilmədiyini bildirir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMM Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 40571 (qırx min beş yüz yetmiş bir) manat qalıq borc, 320 manat vəkil xərci, 211.70 manat dövlət rüsumu olmaqla, cəmi 41102,70 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMM arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdehə bitki mühafizə vasitələri satılmış, lakin dəyəri tam ödənilməmişdir. Hazırki günə cavabdehin ödənilməyən qalıq borcu 40571 (qırx min beş yüz yetmiş bir) manat təşkil edir. Mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə cavabdehlə dəfələrlə telefon danışığı aparılmış, eləcə də pretenziya göndərilmiş, lakin borc ödənilməmiş qalmış, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Əhmədov, iş № 2(007)-2472/24) iddia rədd edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını və müqavilə əsasında cavabdehin borcunun yarandığını qeyd etsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı müqavilənin bağlanması halı sübuta yetirilməmişdir, iddiaçı tərəf də bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi qaimə surətlərinə münasibətdə qeyd edir ki, həmin qaimələrə nəzər yetirdikdə qaimə-fakturalarda satıcı qismində “X2 MMM”, alıcı qismində “X6” qeydi aparılmış, ümumiyyətlə həmin qaimə-fakturalar imzalanmamış, alıcı qismində qeyd olunmuş şəxsin isə hazırkı iş üzrə Cavabdeh ilə hər hansı bağlılığı müəyyən edilməmiş, o cümlədən sübut qismində təqdim edilmiş whatsapp yazışmalarında isə yazışmanın “Nəbi Hacı” adlı şəxslə aparıldığı, eyni qaydada həmin şəxsin şəxsiyyətinin məlum olmaması müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş yazılı qeydlərdə isə, hazırkı cavabdehin şəxsiyyəti, borcunu təsdiq edən imzası və.s hər hansı hal aşkarlanmamış, ümumilikdə isə hazırkı iddia tələbinə cavab verməli olan şəxsin Cavabdeh olması sübuta yetirilməmişdir. Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 386.1, 442, 448.1, 600.1, 600.4, 739.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehlə yazılı qaydada hər hansı alqısatqı müqaviləsinin bağlanmasına istinad etməmişdir. İddiaçı iddia tələbinin əsası kimi göstərmişdir ki, cavabdehə İddiaçı MMC-də aqronom vəzifəsində işləyən X3 vasitəsilə (cavabdeh bilirdi ki, Elsevər Həsənov İddiaçı MMM-də aqronom kimi fəaliyyət göstərir, eyni zamanda Şirkətin idxal etdiyi dərmanlarının satışını da həyata keçirir) bitki dərmanı və gübrə alqı-satqısına dair razılaşma olmuş və X3 təmsil etdiyi İddiaçı MMC-nin adından cavabdehə dərman və gübrə satmağı, cavabdeh isə təhvil aldığı dərman və gübrənin dəyərini şərtləşdirilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. Beləliklə, işin faktiki halları belədir ki, tərəflər arasında satılan malların qiymətinin mallar təhvil verildikdən sonra şərtləşdirilmiş müddətdə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır, iddiaçı və onun təmsilçisi Elsevər Həsənov öhdəliklərini icra edərək alqısatqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişlər, lakin cavabdeh malları təhvil alsa da, onların dəyərini şərtləşdirilmiş müddətdə tam ödəməmişdir. İşin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan alqı-satqı müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Buna görə də, iddiaçı iddia ərizəsində cavabdehlə alqı-satqı müqaviləsinin bağlanmasına istinad etmişdir. Tərəflər arasında alqı-satqı müqavilələrinin bağlandığı, iş materiallarına əsasən həmin müqavilələrin etibarsızlığına dəlalət edən halların olmadığı və iddiaçının və onu təmsil edən işçisinin alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermələri (qaimələr, votsap yazışmaları, qeydlər işin mübahisəsiz hallarını təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh aldığı malların dəyərini tam ödəməmişdir. İddiaçı iddia tələbinin faktiki əsası kimi şirkətin işçisi Elsevər Həsənov ilə Cavabdeh arasında olan yazışmalara, cavabdehə göndərilmiş qaimə-fakturalara, cavabdeh tərəfindən ödənilmiş pullara, cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Belə olan halda hesab edir ki, İddiaçıMMM-dən və onun təmsilçisi Elsevər Həsənovdan hər hansı dərman, gübrə vasitələrinin alınmamasını və iddiaçıya hər hansı borcun olmamasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddia ərizəsinə yazdığı yazılı etirazda sadəcə iddiaçı ilə yazılı alqı-satqı müqaviləsinin bağlanmamasına və elektron qaimələrin göndərilməməsinə istinad etməklə iddiaya etiraz etmiş, iddia tələbinin əsassızlığına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş sübutlar araşdırılmamışdır. Məhkəməyə təqdim edilmiş 73 ədəd qaimə-fakturada cavabdehə təqdim edilmiş və onun tərəfindən təhvil alınmış dərman, gübrə vasitələrinin adları, çeşidi, məbləği qeyd edilmiş, eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş Maliyyə arayışında da həmin qaimə-fakturalarda olan dərman, bitki və gübrə vasitələri öz əksini tapmışdır. Cavabdehin sifarişi əsasında həmin mallar hazırlanmış, qaimə fakturaların şəkilləri cavabdehin istifadəsində olan votsap nömrəsinə göndərilmiş, həmin mallar cavabdeh tərəfindən təhvil alınmış, bir qisminin dəyəri ödənilmişdir. Bundan başqa, iddiaçının təmsilçisi Elsevər Həsənovun telefonunda Cavabdeh Hacı oğlunun adı “Nəbi-Hacı” kimi qeyd edilmiş və bütün danışıqlar həmin nömrə ilə aparılmışdır. Həmin nömrənin cavabdehə aid olmaması və ya aparılmış votsap yazışmalarının cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi sübuta yetirilmədiyi halda, birinci instansiya məhkəməsinin həmin nömrənin və yazışmaların cavabdehə aid olmamasına istinad edərək iddia tələbinin rədd olunması qənaətinə gəlməsi başa düşülən deyil. Birinci instansiya məhkəməsinin bu qənaəti işin araşdırılmış (və ya araşdırılmamış, çünki məhkəməiclasında hər hansı araşdırılma aparılmamış, iddiaçının təqdim etdiyisübutlara qiymət verilməmişdir) hallarına uyğun olmadığı və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. İddiaçı hazırki iddia tələbi ilə ona görə məhkəməyə müraciət etmişdir ki, o, təmsilçisi vasitəsilə cavabdehə müxtəlif çeşiddə, məbləğdə və miqdarda dərman, bitki mühafizə vasitələri satmış,cavabdeh həmin malları qəbul etmiş, istifadə etmiş, qazanc əldə etmiş, lakin dəyəri ödənilməmişdir. Yuxarıda sadaladığı sübutlarla, iddiaçının istinad etdiyi hallar təsdiq olunduğu halda, birinci instansiya məhkəməsinin tərəflərin əsl iradə ifadəsini nəzərə almayaraq, yalnız formal tələblərə riayət edilmədiyi üçün iddia tələbinin rədd etməsi qanuni və ədalətli ola bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edərkən apellyasiya şikayətini qəbul etməmiş və onun rədd olunmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyası cavabdehin və onun nümayəndəsinin sonuncu məhkəmə iclasında iştirak etməmələrinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv edilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində alqı-satqı müqaviləsinə əsasən cavabdehə bitki mühafizə vasitələri satıldığını, lakin həmin malların dəyərinin tam ödənilmədiyinə istinad edərək 40571 manat qalıq borcun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
20. Məhkəmə iddiaçının tələbini iddianın əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyinə görə rədd etmişdir.
21. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə Mülki Məcəllənin 386.1-ci maddəsinə istinad etmişdir. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin tərəflər arasında belə bir müqavilənin mövcudluğu müəyyən olunmamışdır.
22. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini cavabdehlərin yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin.
23. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab etmişdir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
24. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin ona borclu olduğunu sübuta yetirə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
26. Məhkəmə, iddia tələbi üzrə tərəfin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər.
27. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
28. Yuxarıda göstərildiyi kimi, iddiaçı öz tələbinin faktiki əsası kimi göstərdiyi halları, o cümlədən qeyd etdiyi borcu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Bu prinsipə görə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.
29. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara qiymət verərək bu qənaətə gəlmişdir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir.
33. Apellyasiya şikayətinin dəlillərindən biri sübutların və işin hallarının ətraflı araşdırılmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
34. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəsəssəl hüquqi qiymət verilməsini təmin etmək və cavabdehin iddiaçı qarşısında ödənilməmiş öhdəliyinin olub-olmamasını müəyyən etmək məqsədilə 19 may 2025-ci il tarixli qərardadla iddiaçı tərəfindən təqdim olunmuş qaimələr əsasında iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2025-ci il tarixli rəyinə əsasən tədqiqat obyekti sayılan ilkin uçot sənədləri (konkret dövr üzrə göndərilmiş e-qaimələr və bununla bağlı aparılmış ödənişlər) tədqiqata təqdim edilmədiyindən, o cümlədən təqdim edilmiş sənədlərin də imzasız və möhürsüz qaimə fakturalar, maliyyə arayışları, tərəflərin whatsapp yazışmaları və dəftər məlumatlarından ibarət olduğundan hazırkı tədqiqat zamanı təqdim edilmiş iş materiallarında olan iddia ərizəsində tələb olunan məbləğin düzgünlüyünü, həmçinin ekspert qarşısında qoyulmuş sualda soruşulan qaimələr üzrə borcun hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır.
35. Aellyasiya şikayətinin başqa bir dəlili sübutların düzgün qiymətləndirilməməsi barədə MPM-nin 88-ci maddəsinin və qətnamənin qanuni və əsaslı olması ilə bağlı 217-ci maddəsinin tələblərinin pozulması barədədir.
36. Məhkəmə kollegiyası bu dəlilləri də əsassız sayır və aşağıdakıları qeyd edir.
37. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir.
40. Apellyasiya şikayətində qətnamənin Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsində nəzərdə tutulmuş qanunilik və əsaslılıq tələblərinə cavab vermədiyi də qeyd olunmuşdur.
41. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin mənasına görə qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin MPM-nin 217-ci maddəsinin tələblərinə cavab verdiyini qeyd edir və həmin qətnaməni qanuni və əsaslı sayır.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMM tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 150 (bir yüz) manat pul İddiaçı MMM-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.