Məhkəmə qərarları › İş №2(103)-1982/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1982/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1982/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1982 /2025 (Açar sözlər: kommunal xidmətlərə görə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Musatafa oğlu, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kommunal xidmətlərə görə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2870/2024 nömrəli 01 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İdarəedici təşkilat "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən idarəedici təşkilat ünvan 1 ünvanında yerləşən binadan kommunal xidmətlərin göstərilməsini həyata keçirir. Sakin isə kommunal xidmətlərin xərclərinin ödəyicisi sayılır və həmin xərcləri ödəyir.

2. Ümümi Yığıncağın xx.xx.2017-ci il tarixli qərarı ilə kommunal ödənişlərin məbləği hər kvadrat metr üçün 0,40 manat müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı ünvan 1 A, bina 1, 101 və 102 saylı mənzillərə dair kommunal xərclərə görə avqust 2024-cü il tarixinə 2389 manat xidmət haqqının, 43,89 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanan 27 yanvar 2014-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən ünvan 1A, bina 1, № 101 və № 102 saylı mənzillərə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsini cavabdeh öhdəsinə götürüb. Ümumi yığıncağın 20 aprel 2017-ci il tarixli qərarına əsasən 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0,40 manat müəyyən edilmişdir. Cavabdeh mənzilin 1 kv.m sahəsi üçün 0,40 manat hesablamaqla hər ay 235.67 kv.m sahə üçün komunal xidmətlərə görə 94,26 manat haqq ödəməlidir. Müqaviləyə əsasən Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq xidmət xərclərini aylıq ödəməlidir. Belə ki, Mənzil Məcəlləsinin 135.2.3.-cü maddəsinə əsasən yaşayış sahəsi verildiyi andan cavabdehin kommunal xidmətlərə görə haqq ödəməsi vəzifəsi yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2024-cü ilin avqust ayı da daxil olmaqla komunal borcu 2389 manat təşkil edir. Bununla bağlı cavabdehə bildirişlər xəbərdarlıqlar göndərilməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir.

5. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kommunal Xidmətin Göstərilməsinə dair xx.xx.2014-cü il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən, «İdarəedici təşkilat» ünvan 1, ünvanda yerləşən binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir.

6. Müqavilənin 1.2-ci bəndinə əsasən “Sakin” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135, 136, 137, 138, 139, 140-cı maddələrinə əsasən kommunal xidmətlərin xərclərinin ödəyicisi sayılır və həmin xərcləri ödəyir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2870/2024 nömrəli 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə 2389 manat xidmət haqqı, 43,89 manat dövlət rüsumu "xxxx" MMCnin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 449.1, 462.1, 465.2, 567, 600.1, 601.1, Mənzil Məcəlləsinin 135.2.3, 136.2, Mülki Prosessual Məcəllənin 284-5, 284-6 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, o, uzun müddət mənzillərə görə kommunal ödənişlər etmişdir. Sonuncu dəfə, yəni 2025-ci ilin fevral ayında ona məlum olmuşdur ki, kommunal xidmətləri bir müddət ödəmədiyinə görə cavabdeh tərəfindən Nizami rayon məhkəməsinə müraciət edilmiş və 2500 manat pulun tutulması barədə qətnamə qəbul olunmuşdur. Bundan sonra o, Nizami rayon icra şöbəsinə dəvət edilmiş və orada ona məlum olmuşdur ki, 2 saylı mənzil üzrə 0.4 qəpik olmaqla, həmin mənzilimin sahəsi 131,59 hesablanmış, 3 saylı mənzilin ümumi sahəsi isə üçün 104,08 kv/m əsas götürülərək ona komunal xidmətlər üçün xx.xx.2025-ci il tarixli 3651 saylı və 3649 saylı Medaxil qəbzləri təqdim edilmişdir. Həmin zamanda isə çıxarışlar nəzər keçirən zaman, məlum olmuşdur ki, 131,59 kv/m hesablanmış 2 saylı mənzilin faktiki ümumi sahəsi 113,1 kv/m təşkiledir, digər 3 saylı mənzilin ümumi sahəsi 104,08 kv/m yox, 90,90 kv/m təşkil edir. Həmin tarixdən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən müqavilədə 235,67 (131,59 + 104,08) kv/m qeyd etməsinə baxmayaraq , ona faktiki olaraq (çıxarışlara əsasən) 204 (113,1 + 90,90) kv/m təhvil vermiş, ödənişi isə 235 kv/m üçün almışdır. Ondan 31,67 kv/m üçün əlavə pul almışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etdilər. Cavabdeh həmçinin bildirdi ki, ödənişlərdə heç vaxt problemi olmamışdır. Lakin pandemiya dövründə kommunal ödənişləri etməyə imkan olmamış və bu səbəbdən borcu yığılmışdır. Hazırda xx.xx.2024-cü il tarixdən ödənişləri bərpa etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Mənzillərin sahəsi ilə bağlı çıxarışla müqavilə arasındakı fərqlərin müqavilə ilə tənzimləndiyini bildirdi. Belə ki, mənzilin alqısatqısına dair xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən mənzilin ümumi sahəsinə bütün ara kəsmələrin oturacaqlarının sahəsi, şaxtalar və eyvan sahəsi daxildir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi 15.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

16. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 17.Maddə 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.

18. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq.

19. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

20. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

21. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.

22. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

23. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

24. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar.

34. Hazırki işin hallarından görünür ki, mübahisəli binanın sakinləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmamışdır və bina idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunur. İdarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəməlidirlər.

35. Cavabdeh tərəfindən ona məxsus mənzillərin sahəsinin müqavilə qeyd ediləndən fəqli olması onun faktiki olaraq istifadə etdiyi kommunal xidmətləri ödəməkdən azad edən hal deyildir.

36. Belə ki, mənzilin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilənin 3.6-cı bəndinə əsasən mənzilin ümumi sahəsinə bütün ara kəsmələrin oturacaqlarının sahəsi, şaxtalar və eyvan sahəsi daxildir. İddiaçının nümayəndəsi də məhz bu hala istinad edir.

37. Bundan əlavə kollegiya qeyd edir ki, mənzillərin sahəsinin fərqli olmasının hazırki iddia predmetinə aidiyyəti yoxdur. Qeyd edilən məsələ cavabdeh tərəfindən müstəqil qaydada məhkəmədə mübahisələndirilə bilər (cavabdehin bildirməsinə görə, artıq belə bir iddia qaldırmışdır). Yalnız həmin hal məhkəmə qaydasında müəyyən olunduqdan sonra, cavabdeh müqavilənin dəyişdirilməsi, kommunal xidmətlərə görə artıq ödənilmiş vəsaitin geri qaytarılması və s. məsələləri qaldıra bilər.

38. Cavabdeh özü də izahatında pandemiya zamanı borcunun yarandığını, yəni 2020-ci il tarixdən kommunal ödənişləri etmədiyini bildirmişdir. Kommunal xidmətlərdən istifadə etməsinə baxmayaraq, ödənişlərin edilməsini dayandırmışdır.

39. MMC-nin xx.xx.2017-ci il tarixli qərarına əsasən kommunal xidmətlərin haqqının 0,40 qəpik müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan 2 mənzilə görə 235,67 kv.m sahəyə aylıq 94 manat haqq ödənilməlidir.

40. Bir halda ki, iddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda həmin xidmətlərin haqqını ödəməlidir.

41. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2707 saylı və 2909 saylı mədaxil qəbzlərindən görünür ki, cavabdehin kommunal xidmətlər üzrə 101 saylı mənzilə görə 1327,8 manat, 102 saylı mənzilə görə isə 1043,56 manat ödənilməmiş borcu qalmışdır. Hər iki mənzil üzrə sonuncu ödəniş 2022-ci ilin oktyabr ayında olmuşdur.

42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2870/2024 nömrəli 01 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar