Məhkəmə qərarları › İş №2(103)-1986/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1986/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1986/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçının cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2119/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 mənzil 2 ünvanı üzrə (abonent kodu **********00020) Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, İddiaçı (abonent kodu **********00020) xx.xx.2018-ci il tarixli, ******* saylı aktı əsasında tərtib edilmiş 1944 manat borcun silinməsi vəzifəsinin “Cavabdeh” İstehsalat Birliyinə həvalə edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aktın ləğv edilməsi, akt əsasında əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Cavabdeh" İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə Sabunçu rayonu, Zabrat-1 qəs, Neftçilər küç, ev 5, mənzil 2 ünvanda ona məxsus evdə 2012-ci ildə QİS tərəfindən küçədə quraşdırılmış qaz sayğacına baxış keçirilmişdir. Nümayəndələr tərəfindən baxış zamanı qaz sayğacına müdaxilə olunması ilə bağlı ******* nömrəli akt tərtib edilmişdir. Eyni zamanda ünvanda quraşdırılmış G-4 markalı 1502AQ**********57 nömrəli qaz sayğacını onun iştirakı olmadan sökülərək yenisi ilə əvəz olunmuşdur. xx.xx.2018-ci il tarixdə “Cavabdeh” İB-nin nümayəndələri tərəfindən qaz sayğacı çıxarılıb dövlət yoxlamasınadan keçirilərkən onun iştirakı olmadan edilmişdir. xx.xx.2018-ci il tarixdə “Cavabdeh” İB-yi tərəfindən ******* saylı akt tərtib edərək 180 gün yəni 6 ay müddətinə heç bir qanuna əsaslanmayaraq təbii qazın itirilməsinə görə hesab koduna 1944 manat məbləğində pul hesablanmışdır. Maliyyə arayışında göründüyü kimi 2018-ci il ərzində onun tərəfindən karta pul vuraraq təbii qazdan istifadə olunmuşdur. "Cavabdeh" İB-nin ərazi üzrə nümayəndələri tərəfindən təlimata əsasən qaz sayğaclarına hər ay baxış keçrilir və orada olan göstərici kompyuter bazasına işlənilir. Buradan belə sual meydana çıxır həmin aylar ərzində təhkim edilmiş nəzarətçi tərəfindən sayğaca müdaxilə olunması görülməmişdir? Küçədə quraşdırılmış qaz sayğacına abonent tərəfindən nəzarət edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il 80 nömrəli qərarına əsasən 6 aydan bir müddətində mənzilərin qaz təhcizatına baxış keçirilməlidir. Təlimata əsasən mənzillərə quraşdırılan sayğaclar 5 ildən bir dəfə olaraq dövlət yoxlamasından keçirilməlidir. Ancaq həmin sayğac 2012-ci ildə quraşdırılmış və istismar müddəti bitmişdir. xx.xx.2018-ci tarixdə cərimənin silinməsi ilə bağlı tərəfinindən “Cavabdeh" İB-nə müraciət olunsada heç bir nəticə olmamış hesab kodundan əsassız hesablanmış 1944 manat silinməmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi Zaur Qurbanov Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onlarıın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. şdə olan AKX-002140208-2018 saylı, xx.xx.2018-ci il tarixli qaz paylayıcısı Cavabdeh ilə İddiaçı arasında qazın alqı-satqısına dair müqavilədən görünür ki, Qaz paylayıcısı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018- ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********00020 olan İddiaçının yaşadığı ünvana quraşdırılmış sayğacın plasmas borusundan deşildiyi üçün sayğac off vəziyyətinə gətirilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İşə əlavə olunan abonentin saldosundan müəyyən olunmuşdur ki, ünvan 2 mənzil 2 ünvanı üzrə abonent İddiaçı (abonent kodu **********00020) akt üzrə hesablanan borc 1944 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq müraciəti olduqda, təmirprofilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan başqa iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmin akt isə sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar