Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1986/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1986/2024 (Açar sözlər: miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi»tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1007/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 6 mart 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mərhum atası X8 tərəfindən qoyulmuş vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmiş, iddia tələbini isə atasınin vəsiyyətnamə tərtib edilərkən əqli qüsurlarının olması və cavabdehin də onun həmin vəziyyətindən istifadə edərək vəsiyyətnamə tərtibinə məcbur edilməsi ilə əsaslandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31-də yerləşən 3 otaqlı 3 nömrəli mənzilə dair Cavabdeh2 adına mərhum X7 tərəfindən Bakı şəhəri 45 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə qoyulmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X8 27 mart 1940-cı ildə Füzuli rayonunda anadan olmuşdur. 29 mart 2022-ci il tarixdə vəfat etmişdir. Vəfat edən günə mərhum atasından Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 31-də yerləşən 3 otaqlı, 3 nömrəli mənzil miras qalmışdır. Vəfat edən günə onun birinci dərəcəli 8 vərəsəsi (Rauf 1965, Azər (cavabdeh) 1971, Dilarə 1967, Sevda 1969, Səadət 1974, Balaxanım 1978 , Fatma 1981 və Şəfa 1984) qalmışdır. Miras qalmış əmlaka mərhum atası tərəfindən 2017-ci ildə vəsiyyətnamə qoyulması barədə cavabdeh qardaşı Cavabdeh2 tərəfindən məlumat verilmişdir. Cavabdehə inamı olduğundan, verdiyi məlumat əsasında məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar digər cavabdeh, ərazi üzrə Bakı şəhəri 45 saylı Notariat ofisinə müraciət edilmişdir. Notariat ofisinin xüsusi notariusu Tofiq Şükürov müraciətinə belə bir cavab vermişdir ki, atası X7 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum öz sağlığında bütün əmlakını oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Onun ərizəsi əsasında xx.xx.2022-ci ildə Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Ərizədən göründüyü kimi vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğuna görə məhkəməyə müraciət etməlidir. Atası tərəfindən qoyulmuş vəsiyyətnamə barədə onda məlumat olmamışdır. O, həmişə mərhum valideynləri ilə birlikdə yaşamışdır. Anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra atasını cavabdeh Azər yaşadığı Badamdar qəsəbəsinə aparmışdır. Atası gedən günədək vəsiyyətnamə barədə ona heç bir söz deməmişdir. Miras əmlaka hüquqları olan vərəsələrin bəzilərinin rəsmi qeydiyyatları miras əmlakın yerləşdiyi ünvan olsa da, onların hamısı ailə qurmuş və müxtəlif ünvanlarda yaşamışlar. Hal-hazıradək qoyulmuş vəsiyyətnamənin məzmunu barədə notariat ofisi bilgi vermişdir, lakin həmin vəsiyyətnamə nə ona, nə də ki, digər vərəsələrə göstərilməmişdir, vəsiyyətnamənin məzmunu ilə notarius onları - vərəsələri tanış etməli olduğu halda, bu hərəkətləri etmədiyindən, 8 vərəsəsi olan mərhum atası tərəfindən yalnız Azərin adına vəsiyyətnamə qoyulması ona inandırıcı görünmür. Buna görə də artıq vərəsəliyin qanunla nəzərdə tutulmuş qəbulu müddəti (6 aylıq müddət) keçdiyindən, vəsiyyətnamə olduğu təqdirdə vərəsəlik şəhadətnaməsinin verilməsini 45 saylı Notariat ofisindən xahiş etsə də, vərəsələr arasında mübahisəni gündəmə gətirən notariat ofisi məhkəməyə müraciət etməyi bildirmişdir. Miras əmlakı faktiki və rəsmi olaraq o, qəbul etmişdir və hazırda da onun idarəçiliyindədir. Məhkəməyə məlum edir ki, miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi üzrə məhkəmənin icraatında olan 2(006)-122/2023 saylı mülki işin (hakim G.Haşımova) araşdırılması zamanı cavabdehlər tərəfindən təqdim olunmuş vəsiyyətnaməyə baxış keçirilən zaman vəsiyyətnamədə olan imzanın mərhum atası tərəfindən icra olunması şübhə doğurmuşdur. Tərəfindən təqdim edilmiş sənədlərdə olan imzalar vəsiyyətnamədə olan imza ilə uyğun gəlmədiyindən, artıq həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi əsasları mövcud olduğundan, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Hesab edir ki, miras əmlaka dair vəsiyyətnamə mərhum atası tərəfindən imza edilməmişdir. Çünki həmin vaxtlar atası xəstə olmuşdur. Bununla yanaşı, mərhum valideynləri ilə o yaşayırdı, onların qulluğunda o dururdu, hər bir halda xx.xx.2017-ci ildə atasının notariat ofisinə getməsi barədə məlumatı olardı. Belə bir hal isə baş verməmişdir. Cavabdeh tərəfindən vəsiyyətnamə qoyulması üçün notariat ofisinə mərhum atası aparıldığı təqdirdə, xəstə olduğundan, öz hərəkətlərinin mənasını başa düşmədiyi, özünü idarə edə bilmədiyi səbəbindən vəsiyyətnaməni imzalaya bilməzdi. Belə halda səbəbləri göstərilməklə digər şəxs tərəfindən imzalanma qeyd olunmalı idi. Hazırki vəsiyyətnamədə isə bu barədə heç bir qeydə rast gəlinmir. Düşünür ki, cavabdehlərin birgə fəaliyyəti nəticəsində miras əmlaka dair vəsiyyətnamə tərtib edilmiş və vəsiyyətnamə digər şəxs tərəfindən imzalanmışdır.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1007/2023 saylı qətnaməsi ilə (hakim Günay Həşimova) iddia təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1166, 1167, 1168, 1176.1, 1176.2, 1177, 1179.1, 1179.2-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, mülki iş materiallarından bəlli olur ki, (baxmayaraq ki, ekspertiza rəyinə əsasən vəsiyyətnamədə olan imza X7 tərəfindən icra edilmişdir) notariat orqanının depozitə qəbul olunmuş vəsiyyətnamənin məzmunu ilə digər vərəsələri tanış etməməsi, buna şərait yaratmaması, ən əsası isə cavabdeh qismində məhkəmədə iştirak etməməsi, hansı vəziyyətdə, hansı qaydada mərhum atası tərəfindən cavabdehin adına qoyulmuş vəsiyyətnamənin tərtibatı (əl yazma və yaxud texniki vasitələrlə), müvafiq şahidlərin iştirakı və imzası ilə təsdiqlənməsi halları məhkəmə araşdırması zamanı da müzakirə olunmadığından, uzun illər birgə yaşadığı atasının yalnız Cavabdeh2 adına vəsiyyətnamə qoyması halları ağlabatan deyildir və mütləq qaydada təsir altında vəsiyyətnamə qoyulması anlamına əsas verir. Çünki maddi hüquq normasına əsasən, əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Notariusun həmin vəsiyyətnamə ilə vərəsələri tanış etməməsi, cavabdehin atasının ölümündən dərhal sonra 15 gün müddətində vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamənin alınması ilə əlaqədar notariat ofisinə müraciət etməsi halları bir daha təsdiq edir ki, xx.xx.2017-ci ildə atası tərəfindən qoyulmuş vəsiyyətnamə cavabdehin birbaşa iştirakı və təkidi ilə qeydiyyata alınmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası hər zaman deyib ki, evi 8 övladının arasında bölünsün. Buna dair səs yazısı da mövcuddur. Atası 2015-ci ildən etibarən özünü idarə etməyi itirmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atasının ağlı həmişə yerində olub. Ölənə kimi iddiaçını övladı kimi tanımayıb, onlar atasına zülm etmiş, pulunu oğurlamışlar. Anaları rəhmətə gedəndən sonra onu psixiatr xəstəxanasına yerləşdirmək istəyiblər, cavabdeh buna imkan verməyib və öz evində saxlayıb.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
13. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
14. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
15. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
16. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
17. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
18. Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
19. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
20. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
21. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
22. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
23. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
24. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
25. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
26. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
37. Belə ki, 269394 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 29 mart 2022-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2022-ci il tarixdə 246 saylı nömrə ilə qeyd edilmişdir.
38. Mülki iş materiallarında olan Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X4 məktubuna cavab olaraq bildirilmişdir ki, atası X7 xx.xx.2022-ci ildə vəfat etmişdir. Mərhum öz sağlığında bütün əmlakını oğlu - Cavabdeh2 vəsiyyət etmişdir. Onun ərizəsi əsasında xx.xx.2022-ci ildə Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Ərizədən göründüyü kimi vərəsələr arasında məcburi payın verilməsi ilə əlaqədar mübahisə olduğuna görə məhkəməyə müraciət edilməlidir.
39. Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri 45 saylı notariat ofisi, xx.xx.2023-cü il tarixli, 2(002)-1007/2023 nömrəli işlə əlaqədar məhkəmə bildirişinə cavab olaraq bildirir ki, X7 adından xx.xx.2017-ci il tarixdə elektron vasitələrlə tərəfindən vəsiyyətnamə tərtib edilmişdir və şahidlərin iştirakı ilə onun yanında vəsiyyət edən imzalamışdır.Vəsiyyətnamə rəsmiləşdirilərkən vəsiyyət edənə və şahidlərə qanunvericiliyin tələbləri izah edilmişdir. Şahidlər vəsiyyətnamədə etdikləri qeydlə vəsiyyətnamənin onların yanında tərtib edildiyini və imzalandığını təsdiqləmişlər. İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə olan iddiasını rədd edir
40. Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli vəsiyyətnamədən görünür ki , o- Bakı şəhəri ,Sahil qəs,E.Quliyev küçəsi, ev.31, mənzil 3- də yaşayan: xx.xx.1940-cı il təvəllüdlü, X7 (Ş/V AZE ********. Qaradağ RPl-dən xx.xx.2005-ci ildə verilib) vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir:Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını- Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi ,E,Quliyev küçəsi, ev.31, mənzil 3-də yaşayan Cavabdeh2 vəsiyyət edir.
41. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, Bakı şəhər, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzil xx.xx.2022- ci il tarixdən ********** nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır.
42. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023cü il tarixli 4/1235 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2v-66 nömrəli notariat işinin 2-ci vərəqəsində olan xx.xx.2017-ci il tarixli 2V-66 reyestr nömrəli vəsiyyətnamədə “İmza” qrafasında “X10” yazıları önündəki imza - X7 tərəfindən icra olunmuşdur.
43. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, iddiaçı atası tərəfindən qoyulmuş vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmiş, iddia tələbi və apellyasiya şikayətini isə atasının vəsiyyətnamə tərtib edilərkən əqli qüsurlarının olması və cavabdehin də onun həmin vəziyyətindən istifadə edərək vəsiyyətnamə tərtibinə məcbur edilməsi ilə əsaslandırmışdır. Cavabdehlər isə iddia tələbini rədd edərək, bildirmişdir ki, vəsiyyətnamə vəsiyyət qoyan tərəfindən heç bir kənar təsir altında olmadan şahidlərin iştirakçılığı ilə mülki qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmişdir, iddiaçının əsaslandığı hallar əsassızdır, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş faktlar heç bir sübutlar əsasında təsdiqini tapmadığından məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir
44. Kollegiya iddiaçının vəsiyyətnamənin atası tərəfindən imzalanmaması və yenidən ekspertiza təyin edilərək imzaların yenidən təsdiq edilməli olduğu ilə bağlı fikirlərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1007/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixli 4/1235 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tərəfindən tədqiqatın aparılması üçün kifayət qədər imza nümunələri - X1 vəsiqəsində, sonuncunun adından olan mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsində və pasportda olan imza nümunələrindən istifadə edilmiş və 2v-66 nömrəli notariat işinin 2-ci vərəqəsində olan xx.xx.2017-ci il tarixli 2V-66 reyestr nömrəli vəsiyyətnamədə “İmza” qrafasında “X10” yazıları önündəki imzanın X7 tərəfindən icra edildiyi qənaətinə gəlinmişdir.
45. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, vəsiyyətnamədəki ekspertizanın həqiqiliyi ilə bağlı kifayət qədər hərtərəfli və tam tədqiqat aparıldığından məhkəmə tərəfindən yenidən ekspertizanın keçirilməsinə zərurət qalmamışdır və bu rəylə imzaların, həqiqətən də, X5 məxsus olduğu öz təsdiqini tapdığından iddiaçının bu barədə olan apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir.
46. Həmçinin iddiaçının atasının vəsiyyətnaməni imzalayarkən anlaqlı vəziyyətdə olmaması, o cümlədən cavabdehin təkidi ilə imzalaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur.”
48. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən qərarının məzmunundan da göründüyü kimi şəxsin fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi, yəni qısacası, həmin anda anlaqlılığın olmaması bu faktı irəli sürən şəxs tərəfindən məhz sübuta yetirildiyi təqdirdə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanını yarada bilər.
49. Kollegiya hesab edir ki, mülki hüquq nəzəriyyəsində də vəsiyyətnamənin özünün də birtərəfli əqd olduğunu nəzərə alaraq onun verilməsi prosesi ilə bağlı da məhz əqdlərin etibarlılıq şərtləri prizmasından yanaşılmalıdır. Hazırki iş üzrə isə iddiaçı atasının vəsiyyətnamənin verildiyi və imzalandığı anda anlaqlılığının olmaması, o cümlədən hansısa hədə-qorxu təsiri altında bu aktı yerinə yetirməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu hal da iddiaçının qeyd edilənlərə bağlı apellyasiya şikayətinin əsaslılığını şübhə altına salır və təmin edilməsinə hər hansı zəmin yaratmır.
50. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
51. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
53. İddiaçı həmçinin öz apellyasiya şikayətində qeyd etmişdir ki, uzun illər birgə yaşadığı atasının yalnız Cavabdeh2 adına vəsiyyətnamə qoyması halları ağlabatan deyildir və mütləq qaydada təsir altında vəsiyyətnamə qoyulması anlamına əsas verir.
54. Qeyd edilənlərə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir.”
55. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi vəsiyyət edən şəxsin öz vərəsələrinin və ya kənar şəxslər arasından istədiyi şəxsi öz vəsiyyətnaməsi üzrə vərəsəsi seçməsi onun müstəsna hüququdur və bu hüququnun əsasında tərtib etdiyi vəsiyyətnamənin ünvanlandığı şəxslər dairəsinin hansısa formada sorğulanması onun iradəsinin zədələnməsinə gətirib çıxaracaqdır. Hazırki iş üzrə iddiaçı da uzun illər atası ilə yaşamasına baxmayaraq sonuncunun yalnız Cavabdeh2 adına vəsiyyətnamə qoymasını mübahisələndirsə də, qeyd edilən məsələ vəsiyyət edən mərhum X2 öz iradəsindən asılı olan hüququdur və bunun mübahisələndirilməsi vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığının pozulması ilə nəticələnəcəkdir.
56. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının atasının yalnız cavabdehin adına vəsiyyətnamə qoymasının vəsiyyətnamənin etibarsızlığına gətirib çıxara biləcəyi ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassız hesab edilməlidir.
57. Beləliklə, iddiaçının iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
58. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
60. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1007/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova