Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-199/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh “X3 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X3 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı səhhətə vurulmuş ziyana görə aylıq ödənc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)- 5040/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X3 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona səhhətə vurulmuş ziyana görə 04 sentyabr 2018-ci il tarixdən hesablanmaqla hər ay 400 manat məbləğində aylıq ödənişin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 fevral 2018-ci il tarixdən 27 sentyabr 2018-ci il tarixə kimi “Üstay” tikinti-quraşdırma şirkətində elektrik ustası vəzifəsində işləmişdir. Şirkət podrat müqaviləsi əsasında Sumqayıt Kimya Sənaye parkında “Sumqayıt Polimer” zavodunun inşasını həyata keçirmiş, iddiaçı həmin zavodun tikintisində elektrik ustası kimi boruların çəkilməsində iştirak etmişdir. 04 sentyabr 2018-ci il tarixdə zavodda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 40 faizini itirmiş, ona 3-cü qrup əlillik təyin edilmişdir. İstehsalatda bədbəxt hadisə X1 Xidmətinin əməkdaşları tərəfindən təhqiq edilmiş, hadisənin baş verməsində cavabdeh müəssisənin səlahiyyətli şəxsinin də təqsirli olması müəyyən edilmişdir. Müəssisə onu işçi kimi icbari sığorta etdirmədiyindən, müəssisənin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bədbəxt hadisə ilə bağlı müəssisə tərəfindən ona 2470 manat məbləğində maddi yardım göstərilmişdir. Ona aylıq ödənc verilməsi üçün cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının aylıq əmək haqqı 1000 manat olduğuna görə hesab edir ki, ona aylıq əmək haqqının 40 faizi miqdarında, yəni 400 manat aylıq ödənc verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)- 5040/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 04 sentyabr 2018-ci il tarixdən hesablanmaqla hər ay 180 manat ödənişin (zərərçəkənin 450 manat aylıq əmək haqqının 40 %-i həddində) cavabdeh “X3 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bədbəxt hadisənin baş verməsi şirkət tərəfindən qurulmuş hər hansı bir qurğu və ya avadanlığın nasazlığı səbəbindən və ya şirkətdə çalışan və texniki təhlükəsizliyə cavabdeh olan hər hansı məsul şəxsin təqsiri ucbatından deyil, məhz İddiaçı ümumi qaydalara və tələblərə dair giriş təlimatının müvafiq bəndinə əməl etməməsi səbəbindən baş vermişdir. Hadisə ilə bağlı prokurorluqda aparılmış araşdırma zamanı keçirilən təkrar məhkəmə tibbi ekspertizasının 08 aprel 2019cu il tarixli T125/2019 saylı rəyinə əsasən, İddiaçı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən onda əlin və barmağın (barmaqların) anadangəlmə olmaması, sol əlin sıxılma sindromunun fəsadları, 2,3,4,5-ci barmaqların kəskin açıcı kontrukturası, əlin tutma qabiliyyətinin kəskin pozulması, bazu səviyyəsində mil sinirinin travması, sol əldə hissi funksiyanın kobud pozulması, mil sümüyünün travmatik nefriti, oynağın ankilozu, osteoparoz davamlı ağrı sindromu və kəskin funksiya pozğunluğu ilə kontrakturası aşkar olunmuşdur.Belə olan halda Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iki il sonra İddiaçı qoyulan diaqnozun onun 2018-ci ilin sentyabr ayının 4-də iş yerində aldığı yüngül xəsarətlə əlaqəsinin olması və ya diaqnozun ağırlaşma səbəblərinin nədən qaynaqlanması kimi suallar meydana çıxır. Bundan əlavə məhkəmə tərəfindən iş araşdırılarkən cavabdeh qismində “X3 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cəlb olunduğu nəzərə alınmamışdır. Mülki və mülki prosessual qanunvericiliyin tələblərini də nəzərə alaraq iddia tələbi üzrə cavabdeh qismində Türkiyə Respublikası İstanbul şəhəri Polaris Plaza ünvanında fəaliyyət göstərən “X5 Taahhüt Ticaret ve Anonim Şirkəti” cəlb olunmalı idi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və onun nümayəndəsi isə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)- 5040/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan istehsalatda bədbəxt hadisə haqqında 08 noyabr 2018-ci il tarixli 3 saylı aktdan görünür ki, İddiaçı 04 sentyabr 2018-ci il tarixdə saat 17:00-da “X3 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən inşa edilən “SOCAR Polimer” layihəsinin tikinti sahəsində turbin borularını bir-birinin içərisinə keçirərkən sol əli sürüşərək həmin boruya dəymiş və nəticədə sol əlindən xəsarət almışdır. Akta əsasən bədbəxt hadisənin səbəbləri---İddiaçı tərəfindən “X3 ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “İş sahələrinin təhlükəsizlik texnikası ilə bağlı ümumi qaydalar və tələblər giriş təlimatı № 2”nin 14-cü bəndinin (hər bir şəxs öz təhlükəsizliyini qorumalıdır. Bu o deməkdir ki, hər bir şəxs özünün və ətrafdakıların təhlükəsizliyinə cavabdehdir.) tələblərinə əməl edilməməsi, habelə X2 tərəfindən "xxxx" MMC-nin rəhbərliyinin təsdiq etdiyi “Ekipbaşının (dəstəbaşı)” vəzifə təlimatının 4-cü bölümünün 3-cü abzasının (elektriklər tərəfindən görülən işlərə nəzarət etmək) tələblərinə əməl edilməməsi olmuşdur. Aktın 12-ci bəndində əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər kimi İddiaçı və H.Karadaş göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 09.05.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı “əlin və barmağın (barmaqların) anadangəlmə olmaması, sol əlin sıxılma sindromunun fəsadları, 2,3,4,5-ci barmaqların kəskin açıcı kontrukturası, əlin tutma qabiliyyətinin kəskin pozulması, bazu səviyyəsində mil sinirinin travması, sol əldə hissi funksiyanın kobud pozulması, mil sümüyünün travmatik nefriti, oynağın ankilozu, osteoparoz davamlı ağrı sindromu və kəskin funksiya pozğunluğu ilə kontrakturası” kimi xəsarətlər aşkar olunmuş, ona üçüncü qrup əlillik təyin edilmiş və əmək qabiliyyətinin 40 % itirilməsi müəyyən edilmişdir. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılmış və cinayət hadisəsi müəyyən edilmədiyinə görə 15 aprel 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, İddiaçı təkrar məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərin olması müəyyən edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, istehsalatda bədbəxt hadisə nəticəsində zərər çəkmiş – xəsarət almış İddiaçı müayinə və müalicəsi ilə bağlı müvafiq tibbi sənədlər, həmçinin TSEK-də şəxsi müayinənin nəticələrinə görə iddiaçıya üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Əlillik müddətsiz təyin edilmişdir. İddiaçı əmək qabiliyyətinin 40 %-ni itirmişdir. İddiaçı hüququ çatan aylıq ödənişin ona verilməsi üçün cavabdehə rəsmi şəkildə müraciət etmiş, ona 2470 manat maddi yardım edilməsi səbəbi ilə aylıq ödəniş verilməsindən imtina edilmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılınası barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərər çəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərər çəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərər çəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər «pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.2-ci maddəsinə əsasən zərər çəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir : zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə - mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. Həmin Qərarın 3.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərər çəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərər çəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərər çəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərər çəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, iddiaçının aldığı əmək haqqı hər ay 450 manat təşkil etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 450 manat əmək haqqının 40 %-i 180 manat təşkil etməklə, qeyd olunan məbləğin hər ay iddiaçıya verilməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İstehsalatda bədbəxt hadisənin iddiaçının təqsiri üzündən baş verməsi səbəbindən “X3 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddiaçıya aylıq ödənc vermək öhdəliyi daşımaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan istehsalatda bədbəxt hadisə haqqında 08 noyabr 2018-ci il tarixli 3 saylı aktdan görünür ki, İddiaçı ilə yanaşı hadisənin baş verməsində X2 da təqsirli bilinmişdir. İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində aldığı bədən xəsarətinin TSEK tərəfindən ona verilmiş əlillik dərəcəsinə uyğun gəlməməsi barədə apellyasiya şikayətinin dəlilini yoxlamaq məqsədilə apellyasiya icraatı zamanı məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın 25 iyun 2021-ci il tarixli 303 saylı rəyinə əsasən, İddiaçı adına doldurulmuş 88 saylı formada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında 14.01.2020-ci il tarixdə müayinəsi zamanı ona müddətsiz üçüncü dərəcəli əlillik verilmiş və əmək qabiliyyətinin 40 % itirilməsi göstərilmişdir. İddiaçı müəyyən edilmiş travma və fəsadları 04 sentyabr 2018-ci il tarixdə onun almış olduğu istehsalat travması ilə birbaşa əlaqəlidir. Təyin edilmiş müddətsiz 3-cü dərəcəli əlillik və əmək qabiliyyətinin 40 % itirilməsi də onun hazırkı vəziyyətinə uyğundur. “X3 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi hüquqi şəxs olmadığına görə hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, əvvəla Azərbaycan Respublikasında vergi ödəyicilərinə dair rəsmi internet məlumatlarında “X3 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi VÖEN nömrəsi ********** olmaqla vergi ödəyicisi olan hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin mülki işlərdə tərəf olmasına dair çoxsaylı işlər mövcuddur. (Pakistan Milli Bankının Bakı filialı, X6 Bakı filialı və s.) Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “X3 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)- 5040/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-199/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-199/2022
15.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver