Məhkəmə qərarları › İş №2(103)-1991/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1991/2023

07.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1991/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “son haqq-hesabının ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (atası) X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, əvvəllər işlədiyi cavabdeh "xxxx" MMC tərəfindən ona ödənilməmiş son haqq-hesabın ödənilməsi məqsədi ilə 750 manat məbləğində pulun həmin MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən cavabdeh MMC-də mühafizəçi vəzifəsində işləmişdir. İddiaçı mühafizəçi olaraq Bakı şəhəri, Xətai rayonu, 8 noyabr küçəsində yerləşən “Yeni Həyat” yaşayış kompleksində yerləşən “Meqafun” əyləncə mərkəzində işləmiş və aylıq əmək haqqısı 500 manat olmuşdur. 2022-ci ilin sentyabr ayında işlədiyi qurum ləğv edilmiş və iddiaçı, cavabdeh MMC-nin əmri ilə işdən azad edilmişdir. Lakin cavabdeh MMC onu işdən azad etsə də, nə əmrin surətini, nə də onun son haqq-hesabını ödəməmişdir. İddiaçı, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda başlamış döyüşlərdə iştirak etmiş və psixi pozuntulara məruz qalmış və ona “Postkommotsion sindrom” F07.2 diaqnozu təyin edilmişdir. İddiaçı, Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin üzvüdür. Bütün bunlara baxmayaraq, cavabdeh MMC iddiaçıya verməli olduğu 750 manat son haqq-hesabı ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu, o cümlədən onunla cavabdeh MMC arasında bağlanmış “Əmək müqaviləsini” məhkəməyə təqdim etməmişdir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işin hallarını araşdırmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) işə qiyabi icraat qaydasında baxılmasına keçilməsi barədə məlumat

7. İddiaçının nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edərək, ərizə ilə Məhkəməyə müraciət etdi və işə, apellyasiya baxışı iclasına gəlməmiş cavabdeh MMCnin nümayəndəsini iştirakı olmadan qiyabi icraata qaydasında baxılmasını xahiş edi.

8. Məhkəmə ərizəni, işin materiallarını, cavabdeh MMC-nin nümayəndəsinin gəlməməsinin səbəbləri barədə məlumatın olmamasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238 və 376.3-cü maddələrinin tələblərini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. e) apellyasiya baxışı iclasında iştirak etmiş tərəfin izahatı barədə məlumat

9. İddiaçının nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edən apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

10. Yuxarıda artıq qeyd edildiyi kimi cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmişdir. Bunun səbəbləri barədə məlumat əldə olunmamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Qiyabi icraat qaydasında işə baxan Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

12. İşdə olan sənələrdən görünür ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda başlamış döyüşlərdə iştirak etmiş, onda psixi pozuntular yaranmış və ona “Postkommotsion sindrom” F07.2 diaqnozu təyin edilmişdir. İddiaçı, Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin üzvüdür.

13. İddiaçı bildirir ki, o, xx.xx.2022-ci il tarixdən cavabdeh MMC-də mühafizəçi vəzifəsində işləmişdir, onun aylıq əmək haqqısı 500 manat olmuşdur. 2022-ci ilin sentyabr ayında işlədiyi qurum ləğv edilmiş və o, cavabdeh MMC-nin əmri ilə işdən azad edilmişdir. Lakin cavabdeh MMC onu işdən azad etsə də, nə əmrin surətini, nə də onun son haqqhesabını ödəməmişdir.

14. Artıq yuxarıda qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi iddia tələbini rədd edərkən, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu, o cümlədən onunla cavabdeh MMC arasında bağlanmış “Əmək müqaviləsini” məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə, işə baxmış Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, iddiaçının tələbi işdən çıxması ilə bağlı son haqq-hesabın ödənilməsi ilə bağlıdır və bu qəbildən olan işlərlə bağlı sübutetmə yükü işəgötürənin, yəni hazırki halda cavabdeh MMC-nin üzərinə düşür. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia edir ki, cavabdeh MMC onu işdən azad etsə də, nə əmrin surətini, nə də onun son haqq-hesabını ödəməmişdir.

16. Bunları nəzərə almış Məhkəmə cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli məktub göndərərək MMC-nin diqqətinə çatdırmışdır ki, əmək mübahisələri ilə bağlı işlərin baxılması zamanı sübutetmə yükü işçinin deyil, işəgötürənin, yəni hazırki halda cavabdeh MMC-nin üzərinə düşür. Bunları MMC-nin diqqətinə çatdırmaqla Məhkəmə iddia tələbinə, apellyasiya şikayətinə qarşı etirazların və müvafiq sübutların təqdim edilməsini xahiş etmişdir. Buna baxmayaraq MMC etiraz və sübutları təqdim etməmişdir.

17. Göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh MMC iddia tələbinə etiraz etmir.

18. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

19. Əmək Məcəlləsinə görə, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154.).

20. Bu baxımdan müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmamışdır, iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

21. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

22. Beləliklə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanaraq, MPM-nin 238, 376.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, qiyabi icraat qaydasında

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qiyabi qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “son haqq-hesabının ödənilməsi tələbi barədə” iddiası təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 750 (yeddi yüz əlli) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Cavabdeh MMC, qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar