Məhkəmə qərarları › İş №2(103)-1991/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1991/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1991/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1442/2008 saylı, 19 dekabr 2023cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Nikoyl” X2 Cavabdeh qarşı müqaviləyə vaxtından əvvəl xitam verilməsi, borcun ipoteka predmeti və digər əmlak hesabına təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə Bankın 2 saylı filialı arasında bağlanmış 23 yanvar 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə, Cavabdeh banka olan 7.559,12 manat məbləğində kredit, ödəniş gününə hesablanacaq faiz borclarının, hesablanmış 158,35 manat məbləğində dəbbə pulunun, 19,80 manat dövlət rüsumunun ipotekaya qoyulmuş, Cavabdeh məxsus 1997-ci il buraxılış ili, ban WDB2100041A553069, qara rəngli “Mersedes Benz C 220” minik markalı avtomobilin açıq hərracdan satılaraq ödənilməsi, əldə olunmuş vəsait kifayət etməzsə, digər əmlakı hesabına yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2008-ci il tarixli, 2(009)- 1442/2008 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2008-ci il tarixli, 2(009)-1442/2008 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1442/2008 saylı, 19 dekabr 2023cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, Cavabdeh mülki iş üzrə itirilmiş məhkəmə icraatının tam və ya qismən bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardaddan Cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 2(009)-1442/2008 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlar kontekstində işin halları ondan ibarətdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1442/2008 saylı 19 dekabr 2023-cü il tarixli qərardadı Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2008-ci il tarixli, 2(009)- 1442/2008 saylı qətnaməsindən apellyasiya şikayəti vermək məqsədilə yaradılmış elektron kabinetinə 30 dekabr 2023-cü il tarixdə yerləşdirilmişdir. 24 yanvar 2024-cü il tarixdə isə Cavabdeh tərəfindən mübahisələndirilən qərardad təkrarən təhvil alınmışdır. Buna baxmayaraq həmin qərardaddan Cavabdeh tərəfindən şikayət on gündən artıq müddət keçdikdən sonra, adına açılmış elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Nəzərə alınmalıdır ki, qətnamədən Cavabdeh şikayət vermə müddəti 30 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cavabdehin sonradan qətnamənin surətini təkrarən alması prosessual müddətin axımını təzələmir. Bundan başqa qeyd edilməlidir ki, şikayəti verən cavabdeh tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmiş, bununla da prosessual müddətin ötürülmüş olmasının üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət vermək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi apelyasiya şikayətini mümkün hesab edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1442/2008 saylı 19 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət ona qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1442/2008 saylı, 19 dekabr 2023cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar