Məhkəmə qərarları › İş №2(103)-1992/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1992/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1992/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(005)-916/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən, tərəfindən sözügedən ev 40.000 manata satılmış, lakin cavabdeh sonradan müqavilədən imtina edərək, iddia ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında evə görə cavabdehdən aldığı pulun qaytarılması qət edilmişdir. Həmin qətnamənin icrası hazırda onun pensiyasına yönəldilməklə ödənilir. Buna baxmayaraq, cavabdeh hal-hazıradək həmin evdə yaşamaqla, onun tələblərinə məhəl qoymur. Bununla bağlı ilk dəfə məhkəməyə iddia ilə müraciət edərək, mübahisəli evin satılmasını, əldə olunan məbləğdən ev cavabdehə satılarkən tərəfindən su, qaz, elektrik xətlərinin çəkilməsi, yeni sayğacın quraşdırlması üçün çəkilmiş 5000 manat və cavabdehin 2018-ci ilin iyun ayından hal-hazıradək orada yaşamasına görə kirayə haqqı kimi 16.500 manat çıxılaraq, qalan məbləğin cavabdehə verilməsi və bundan sonra cavabdehin evdən çıxarılması tələbi ilə müraciət etmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmə bununla bağlı qətnaməsində qeyd etmişdir ki, cavabdehin evdən çıxarılması ilə bağlı tələb evin satılması və müvafiq məbləğlər çıxıldıqdan sonra əldə olunmuş məbləğin cavabdehə qaytarılması tələblərindən asılı edildiyinə, həmin tələblər isə əsassız olduğuna görə təmin edilə bilməz. Ona görə də hazırda cavabdehin istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması barədə müstəqil iddia ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(005)- 916/2022 saylı qərardadı ilə (hakim Gültəkin Əsədova) iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilmişdir. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(005)- 916/2022 saylı qərardadı ilə şikayəti təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi, iddia ərizəsini qəbul etməkdən imtina edərkən MPMin 153.2.2-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Baxılan işdən görünür ki, tərəflər arasında Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanında yerləşən fərdi yaşayış evin alqı-satqısına dair müqavilə bağlanmış, lakin sonradan hazırkı iş üzrə Cavabdeh müqavilədən imtina edərək, ödədiyi pulun (40.000 manat) geri qaytarılmasını tələb etmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiası təmin olunmuşdur (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli, 2(005)-3888/2019 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2020-ci il tarixli, 2(103)-2014/2020 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınını 28.10.2020ci il tarixli, 2(102)-4831/2020 saylı qərarı). Bundan sonra, İddiaçı, mübahisəli fərdi yaşayış evinin satılması, əldə olunan məbləğdən ev cavabdehə satılarkən tərəfindən çəkilmiş xərclər və sonuncunun orada yaşadığı müddət üçün kirayə haqqı məbləği çıxılmaqla, qalan məbləğin cavabdehə verilməsi və onun evdən istifadə hüququna xitam verilməklə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2021-ci il tarixli, 2(103)-6643/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə qətnaməsi ləğv edilərək, iddianın başqa əsaslarla ləğv olunması barədə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, iddiaçı müstəqil olaraq cavabdehin evdən çıxarılmasını tələb etməmiş, yalnız evin satılması və əldə edilmiş pul vəsaitindən öz hesabına qaz, su və elektrik xətlərinin ayrılması, texniki şərtlərin alınması, ayrıca sayğacların quraşdırılması və pasport qeydiyyatına alınması üçün ödədiyi 5000 manat pulun, 2018-ci ilin iyun ayından bu günə kimi orta hesabla 16.500 manat kirayə haqqının xaric edilməsi və bundan sonra cavabdehin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ...Kollegiya hesab edir ki, iddiaçının cavabdehin evdən çıxarılması ilə bağlı tələbi digər tələblərdən asılı edilməklə irəli sürüldüyündən, digər tələblərin isə əsassız olduğu üçün təmin edilməsi mümkün olmadığından evdən çıxarılma tələbi də təmin edilə bilməz. Göründüyü kimi, tərəflər arasında mübahisəli evdən istifadə hüququna xitam verilməklə çıxarılma barədə ayrıca məhkəmə mübahisəsi olmamış, iddiaçının bununla bağlı əvvəlki tələbi digər tələblərdən asılı olmaqla, onların nəticəsi kimi qeyd olunmuşdur. Həmin iş üzrə isə məhkəmə tərəfindən əsas tələblər təmin olunmadığından evdən çıxarılma tələbi üzrə hər hansı hüquqi araşdırma aparılmadan rədd olunmuşdur. Belə olan halda, iddiaçının sonradan müstəqil qaydada verdiyi “cavabdehin istifadə hüququna xitam verilməklə evdən çıxarılması” barədə hazırkı iddia tələbinin məhkəmə tərəfindən MPM-in 153.2.2-ci maddəsinin tələbləri baxımından qəbul edilməsindən imtina olunması əsassız olmuşdur. Qeyd olunmalıdır ki, həmin norma hüquqi müəyyənliyin və məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlməklə, yalnız eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə tərəfindən bir dəfə hüquqi qiymət verilmiş məsələyə məhkəmə qaydasında yenidən və (yaxud) təkrarən baxılmasının, bununla da eyni məsələyə dair məhkəmələr tərəfindən ziddiyyətli qərarların qəbul edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hazırkı işin halları baxımından isə yuxarıda qeyd olunanlardan da göründüyü kimi, bu maddənin dispozisiya şərtlərinin ödənilməsi müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla həll edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(005)-916/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(005)-916/2022 saylı qərardadı ləğv edilsin, mülki iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar