Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1992/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “kompensasiya verilməklə mənzilə olan istifadə hüquqlarının itirilməsi tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş mənzil üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qəbul etdiyi 05 dekabr 2024-cü il tarixli qətnamədən İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil5, Cavabdeh1 və vəkili (nümayəndəsi) Vəkil3, İddiaçı iddiası üzrə digər cavabdeh Məmmədova (Məmmədli) Xədicə Əsvər qızının iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci instansiya məhkəməsindəki icraat barədə məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun övladı Xədicə (Məmmədli) Məmmədovaya və keçmiş arvadı Cavabdeh1 cəmi 20.000 manat məbləğində kompensasiya verilməklə onların ona məxsus olan və Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsi, ev 102-də yerləşən 2 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında olan nikaha 2022-ci ildə məhkəmə qaydasında xitam verilmişdir. Birgə nikah dövründə əldə olunmuş və Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 1-də yerləşən 19 saylı mənzil satılmış və satışdan əldə olunmuş 54.000 manat 2 hissəyə bölünsə də, o, öz payına düşən hissədən 5.000 manatı cavabdehlərə hədiyyə etmişdir (bu mənzil hazırkı məhkəmə baxışının predmetini təşkil etmir). Mübahisəli mənzil iddiaçının həmin vaxt işlədiyi X8 tərəfindən iddiaçıya təxminən 1992-ci ildə əvəzsiz olaraq verilmiş, hədiyyə edilmişdir. Mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdehlərin bir mənzildə yaşamaları qeyri-mümkündür, çünki aralarındakı münasibətlər pozulmuşdur və bu səbəbdən də o, hazırda həmin mənzildə yaşamır. İddiaçının mülkiyyət hüququ pozulduğu üçün o, cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsi qarşılığında kompensasiya ödəmək istəyir.
3. İddiaçı iddiası üzrə cavabdehlərdən biri olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə iddiaçıya qarşı qarşılıqlı iddia irəli sürərək, birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin üzərində onun 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı qarşı ayrıca iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin üzərində onun 1/2 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh1 bu iddiası Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir.
6. Rayon Məhkəməsi Cavabdeh1 bu iddiasına dair mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə həmin işi İddiaçı iddiasına dair mülki işlə bir icraatda birləşdirmişdir.
7. Cavabdeh1 qeyd edilən hər iki iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasındakı nikah 2022-ci ildə məhkəmə qaydasında xitam verilmişdir. İddiaçı mübahisəli mənzilin ona 1992-ci ildə X8 tərəfindən hədiyyə edildiyini bildirsə də, bu həqiqətə uyğun deyil. Mənzil, X8 tərəfindən verilmiş orderlə onların ailəsinə ayrılmışdır. Belə ki, Mənzil növbəsinə durarkən Cavabdeh1 iddiaçının arvadı, xx.xx.1990-cı il təvəllüdlü Xədicə Məmmədova isə onların övladı kimi nəzərə alınmış və buna görə İddiaçı order ilə 3 otaqlı mənzil ayrılmışdır. Mənzil əldə edildiyi vaxtdan hər üçü pasport qeydiyyatındadır, Cavabdeh1 və Xədicə Məmmədova hazırda da həmin mənzildə yaşayırlar. İddiaçı isə işi ilə əlaqədar mənzildə faktiki olaraq yaşamır. Mənzilin kommunal xidmətləri də Cavabdeh1 tərəfindən ödənilir. Həmin mənzilə İddiaçı mülkiyyət hüququ Cavabdeh1 razılıq ərizəsi ilə tanınmış və İddiaçı adına xx.xx.2004-cü il tarixli “Qeydiyyat vəsiqəsi” verilmişdir. “Qeydiyyat vəsiqəsi” isə xx.xx.2022-ci il tarixdə “Reyestrdən çıxarış” ilə əvəz olunmuşdur. Bundan başqa mənzildə birgə yaşadıqları dövrdə İddiaçı ilə Cavabdeh1 birgə vəsait hesabına mənzilin şəraitini yaxşılaşdırmış, mənzilin sahəsini xeyli artırmışlar. Bu hal isə özü özlüyündə Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnun yaranması üçün əsasdır. Odur ki, göstərilənlərə əsasən mübahisəli mənzil İddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş ümumi əmlak kimi qiymətləndirməli və mənzil üzərində Cavabdeh1 payı 1/2 hissədə tanınmalı, ilk iddia isə rədd edilməlidir.
8. İlk iddia üzrə İddiaçı Cavabdeh1 tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onunla Cavabdeh1 birgə nikahları dövründə əldə olunsa da, onların birgə vəsaiti hesabına əldə edilməmiş, işlədiyi müəssisə tərəfindən 1992-ci ildə ona verilmişdir. Buna görə də, Cavabdeh1 mənzil üzərində hər hansı bir həcmdə mülkiyyət hüququ yaranmamışdir. Bundan başqa nəzərə alınmalıdır ki, mənzilin şəraitinin yaxşılaşdırılması və mənzilin sahəsinin artırılması İddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə həyata keçirilsə də, onların birgə vəsaiti hesabına deyil, İddiaçı şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Buna görə də Cavabdeh1 iddiası rədd, ilk iddia isə təmin edilməlidir.
9. İddiaçı və Cavabdeh1 övladı Xədicə Məmmədova İddiaçı qarşı qarşılıqlı iddia irəli sürərək, mübahisəli mənzilə onun istifadə hüququnun tanınmasını xahiş etmişdir.
10. Bu iddia tələbi onunla əsaslandırılmışdır ki, Xədicə Məmmədova uşaqlıqdan hazıra kimi həmin mənzildə yaşayır. İddiaçı mənzilin ona 1992-ci ildə X8 tərəfindən hədiyyə edildiyini bildirsə də, bu həqiqətə uyğun deyil. Mənzil, X8 tərəfindən verilmiş orderlə onların ailəsinə ayrılmışdır. Buna görə də, İddiaçı iddiası rədd edilməli, Xədicə Məmmədovanın isə iddiası təmin edilməli və onun həmin mənzilə istifadə hüququ tanınmalıdır.
11. İddiaçı ona qarşı Xədicə Məmmədova tərəfindən irəli sürülmüş iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Xədicə Məmmədova bu yaxınlarda nikaha daxil olmuş və ər evinə köçmüşdür. Buna görə də Xədicə Məmmədovanın iddiası rədd, ilk iddia isə təmin edilməlidir. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
12. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla Xədicə Məmmədova tərəfindən İddiaçı qarşı irəli sürülmüş “mübahisəli mənzilə istifadə hüququnun tanınması tələbi barədə” iddiasına aid hissədə iş üzə üzrə icraata xitam verilməsini qərara almışdır.
13. Qərardad onunla əsaslandırılmışdır ki, Xədicə Məmmədovanın mübahisəli mənzildən istifadə etməkdən ibarət hüququ var və bu hal iş üzrə digər proses iştirakçıları tərəfindən təsdiqlənir. Mövcud olan hüququn məhkəmə qaydasında bir daha tanınmasına lüzum yoxdur.
14. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Xədicə Məmmədovaya qarşı irəli sürdüyü “kompensasiya verilməklə mənzilə olan istifadə hüquqlarının itirilməsi tələbi barədə” ilk iddiasının və Cavabdeh1 İddiaçı qarşı irəli sürdüyü “birgə nikah dövründə əldə edilmiş mənzil üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasının təmin edilməməsini qət etmişdir.
15. Rayon Məhkəməsi Cavabdeh1 iddiasının təmin edilməməsini onunla əsaslandırmışdır ki, mənzil özəlləşdirilərkən Cavabdeh1 mənzilin onun əri İddiaçı adına özəlləşdirilməsinə və mənzilin xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” İddiaçı adına qeydiyyata alınmasına yazılı razılıq vermişdir. İşin qeyd edilən bu halına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli qərarında şərh olunan hüquqi mövqedən yanaşdıqda müəyyən edilir ki, Cavabdeh1 mənzil üzərində yarana biləcək mülkiyyət hüququndan İddiaçı xeyrinə imtina etmişdir. Belə olan halda qəbul edilməlidir ki, Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququ yoxdur. Cavabdeh1 birgə nikah dövründə və birgə vəsait hesabına mənzilin şəraitinin yaxşılaşdırılması, mənzil sahəsinin artırılmasına istinad etmişdir. Məhkəməyə “X6 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan, 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubundan və evə dair verilmiş “Plandan” görünür ki, mübahisəli mənzilin sahəsi faktiki olaraq 16 kv.metr artırılmış, mənzilin birinci mərtəbəsində əlavə olaraq sahəsi 16 kv.metr olan qaraj inşa edilmişdir. Lakin bu hallar Cavabdeh1 iddiasının təmin edilməsi üçün zəmin yaratmır. Rayon Məhkəməsi İddiaçı iddiasının təmin edilməməsini onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə etməkdən ibarət hüquqları var və bu hal işin mübahisəsiz halını təşkil edir. İddiaçı cavabdehlərin bu kimi hüququna, onun tərəfindən cavabdehlərə cəmi 20.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzildən istifadə etmək hüquqlarına xitam verilməsini tələb etsə də məhkəmə kompensasiyanın məbləğini ədalətli hesab etməmiş və məbləğin artırılaraq cəmi 40.000 manat müəyyən edilməsini İddiaçı təklif etmiş, lakin o, bu təklif ilə razılaşmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ilk iddia təmin edilə bilməz. c) apellyasiya şikayətləri barədə məlumat
16. İlk iddia üzrə İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Əsasları ilk iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən hissədə Rayon Məhkəməsinin nəticəsi işin hallarına və iş üzrə toplanmış sübutlara cavab vermir. Belə ki, İddiaçı, onun tərəfindən cavabdehlərə ödənilməsini təklif etdiyi kompensasiyanın məbləği ədalətlidir. Bu hal onunla təsdiq edilir ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, mübahisəli mənzilin aylıq kirayə haqqı 540 manat təşkil edir. “Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə” iddialara baxan məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən, nəzərə alırlar ki, təklif olunan kompensasiyanın məbləği, kompensasiya ödənilən şəxsə, 3 il ərzində kirayədə yaşamağa imkan verməlidir. Bu məhkəmə təcrübəsindən İddiaçı təklif etdiyi 20.000 manat kompensasiya məbləğinə yanaşdıqda müəyyən edilir ki, həmin məbləğ ədalətlidir (540 manat x 36 ay = 19.440 manat). Lakin Rayon Məhkəməsi bunu nəzərə almamış və əsassız olaraq hesab etmişdir ki, kompensasiyanın məbləği 40.000 manat olmalıdır.
18. Cavabdeh1 da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni Cavabdeh1 iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin iddianın təmin edilməsini xahiş etmişdir.
19. Əsasları Cavabdeh1 iddiasının əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsaslı olan qarşılıqlı iddianı əsassız olaraq təmin etməmişdir. Belə ki, mübahisəli mənzil özəlləşdirilən zaman Cavabdeh1 mənzilin onun keçmiş əri olan İddiaçı adına özəlləşdiriləməsinə və mənzilin xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” İddiaçı adına qeydiyyata alınmasına razılıq verməsi, Cavabdeh1 mənzil üzərində yarana biləcək mülkiyyət hüququndan İddiaçı xeyrinə imtina etməsi kimi qəbul edilə bilməz. Bu baxımdan Cavabdeh1 hesab edir ki, İddiaçı tərəfindən ona ödəniləcək kompensasiya onun istifadə hüququna xitam verilməsi üçün deyil, mənzil üzərində onun 1/2 hissədə mülkiyyət hüququna xitam verilməsi üçün ödənilməli və mənzilin real bazar dəyərinin 1/2 hissəsini təşkil etməlidir. Çünki Cavabdeh1 ilə İddiaçı birgə nikahları dövründə mənzildə əlavə sahələr inşa edilmiş, mənzilin şəraiti yaxşılaşdırılmış, onların münasibətləri pozulduqdan sonra isə Cavabdeh1 və onun övladı Xədicə Məmmədova tərəfindən mənzildə 15.000 manat məbləğində təmir işləri aparılmış, mənzilin şəraiti bir qədər də yaxşılaşdırılmışdır. d) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
20. Məhkəmə, işə baxmış Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla Xədicə Məmmədova tərəfindən İddiaçı qarşı irəli sürülmüş “mübahisəli mənzilə istifadə hüququnun tanınması tələbi barədə” qarşılıqlı iddiasına aid hissədə iş üzrə icraata xitam verilməsini, həmin qərardaddan şikayətin verilməməsini, qərardadın qüvvəyə minməsini nəzərə alaraq bildirir ki, Xədicə Məmmədovanın həmin iddiası apelyasiya baxışının predmetini təşkil etmir və həmin qərardadla müəyyən edilmiş hal (Xədicə Məmmədovanın mübahisəli mənzildən istifadə etmə hüququnun mövcud olması) hazırkı işin mübahisəsiz halı kimi qəbul edilir.
21. Hazırkı apellyasiya baxışının predmetini Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamənin əsaslılığı təşkil edir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
22. İddiaçı vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin və İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
23. Cavabdeh1 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
24. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, Bakı Şəhəri Səbail RİK tərəfindən verilmiş 007530 saylı, xx.xx.1993-cü il tarixli “Order”dən görünür ki, mübahisəli mənzil yaşamaq üçün, X5 işləyən İddiaçı, onun ailə üzvləri (cəmi 3 nəfər: özü, arvadı və övladı) nəzərə alınmaqla verilmişdir.
26. İşdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz Əmlakın Dövlət Reyestrində” İddiaçı adına qeydiyyata alınmış, bununla bağlı onun adına xx.xx.2004-cü il tarixli “Qeydiyyat vəsiqəsi”, xx.xx.2022ci il tarixdə isə “Reyestrdən Çıxarış” verilmişdir.
27. “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” X9 1 saylı Bakı ərazi İdarəsi tərəfindən işə baxmış Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixli məktubla göndərilmiş sənədlərdən görünür ki, mənzil İddiaçı adına ilkin olaraq özəlləşdirilən zaman onun arvadı olmuş Cavabdeh1 xx.xx.2023-cü il tarixli yazılı ərizə ilə həmin İdarəyə müraciət edərək, mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 4/168 saylı rəydən görünür ki, yuxarıda qeyd edilən xx.xx.2003-cü il tarixli razılıq ərizəsi Cavabdeh1 tərəfindən yazılmış və imzalanmışdır.
29. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 4/1223 saylı təkrar məhkəmə-xətşünaslıq ekspertizası rəyindən də görünür ki, yuxarıda qeyd edilən xx.xx.2003-cü il tarixli razılıq ərizəsi Cavabdeh1 tərəfindən yazılmış və imzalanmışdır.
30. Bakı Şəhəri Nizami Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 432063 saylı “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasındakı nikah ləğv edilmiş və bu barədə “nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabı”nda xx.xx.2022-ci il tarixdə müvafiq qeyd edilmişdir.
31. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərindən bəlli olur ki, İddiaçı ilə Cavabdeh1 arasındakı nikah ləğv edildikdən sonra iş üzrə tərəflər arasında yuxarıda qeyd edilən mənzil ilə bağlı mülki mübahisə yaranmış, iş üzrə tərəflər mübahisəni öz aralarında, o cümlədən mediasiya icraatı qaydasında həll edə bilməmiş və bu səbəbdən də yuxarıda qeyd edilən iddialar ilə məhkəməyə müraciət etmişlər.
32. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığını və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyə görə, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
35. Odur ki, qeyd edilən maddi hüquq normaların tələblərindən və Konstitusiya Məhkəməsi Plenumunun qərarında təsbit edilmiş hüququ mövqeyindən Cavabdeh1 İddiaçı qarşı irəli sürülmüş iddia tələbinə yanaşdıqda müəyyən edilir ki, həmin tələb əsassızdır. Çünki mübahisəli mənzil onların birgə vəsaiti hesabına əldə olunmamışdır və mənzil İddiaçı adına özəlləşdirilərkən Cavabdeh1 buna razılıq vermişdir.
36. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdeh1 verdiyi apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlili əsassızdır.
37. Cavabdeh1 iddia ərizəsindən və qətnamədən verdiyi apellyasiya şikayətindən görünür ki, o, mübahisəli mənzil üzərində mülkiyyət hüququnun yaranmasını həmçinin onunla əsaslandırır ki, İddiaçı ilə birlikdə mənzildə yaşadıqları dövrdə onlar birgə vəsait hesabına mənzilin şəraitini yaxşılaşdırmış, mənzilin sahəsini xeyli artırmışlar. Bu hal isə özü özlüyündə onun həmin mənzil üzərində mülkiyyət hüququnun yaranması üçün əsasdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
38. Məhkəmə, Cavabdeh1 bu dəlili ilə bağlı bildirir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə xidmət göstərən, 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli məktubdan və plandan görünür ki, mübahisəli mənzilin sahəsində artırma var. Mənzilin birinci mərtəbəsində artırma 16 kv.metr qaraj sahəsindən, ikinci mərtəbəsində isə 16 kv.metr yaşayış sahəsindən ibarətdir.
39. "xxxx" MMC tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2 ədəd hesabatlarda qeyd edilmişdir ki, mübahisəli mənzilin bazar dəyəri 124.600 manat, mənzildə edilmiş artırmalar ilə birlikdə isə bazar dəyəri 149.600 manat təşkil edir.
40. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə görə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
41. Mülki Məcəllənin 225.4-ci maddəsinə görə, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir (bənd 4.4.). Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz (maddə 4.5.).
43. Qeyd edilən maddi hüquq normalarının tələblərindən və Ali Məhkəmənin Plenumunun qərarında təsbit edilmiş hüququ mövqeyindən Cavabdeh1 müzakirə edilən dəlilinə yanaşdıqda müəyyən edilir ki, mənzildə edilmiş yaxşılaşdırma (25.000 manat) mənzilin dəyərinə (124.600 manat) nisbətdə təxminən 1/5 hissəsini təşkil edir və mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran yaxşılaşdırma hesab edilə bilməz.
44. Bu kimi nəticəyə gələn Məhkəmə həmçinin nəzərə alır ki, mənzilin yaxşılaşdırılmasına çəkilmiş xərc də ər-arvad olmuş İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə qazandıqları pul vəsaiti hesabına həyata keçirilmişdir. Baxmayaraq ki, İddiaçı həmin yaxşılaşdırmanın məhz onun şəxsi vəsaiti hesabına həyata keçirildiyini bildirir. Lakin o, bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi Cavabdeh1 iddiasını təmin etməməkdə haqlı olmuşdur. Cavabdeh1 verdiyi apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlili əsassızdır.
46. Cavabdeh1 apellyasiya şikayətində həmçinin qeyd edilir ki, Cavabdeh1 ilə İddiaçı münasibətləri pozulduqdan sonra Cavabdeh1 və onun övladı Xədicə Məmmədova tərəfindən mənzildə 15.000 manat məbləğində təmir işləri aparılmış, mənzilin şəraiti bir qədər də yaxşılaşdırılmışdır.
47. Məhkəmə, Cavabdeh1 bu dəlilini əsassız hesab edir. Çünki o, mübahisəli mənzildə onun tərəfindən qeyd edilən məbləğdə təmir işlərinin aparılmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
48. O, bu halı təsdiq edə biləcək sübutları təqdim etmiş olsa idi belə, mənzildə 15.000 manat məbləğində təmir işlərinin həyata keçirilməsi mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran yaxşılaşdırma kimi qəbul edilə bilməz.
49. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə İddiaçı övladı Xədicə Məmmədovaya və keçmiş arvadı olmuş Cavabdeh1 qarşı irəli sürdüyü “cavabdehlərə kompensasiya verilməklə cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsi tələbi barədə” iddiasını rədd etmişdir.
50. Rayon Məhkəməsi iş üzrə gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı iddiası üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə etməkdən ibarət hüquqları var və bu hal işin mübahisəsiz halını təşkil edir. İddiaçı cavabdehlərin bu kimi hüququna, onun tərəfindən cavabdehlərə cəmi 20.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb etsə də, məhkəmə kompensasiyanın məbləğini ədalətli hesab etməmiş və məbləğin artırılaraq cəmi 40.000 manat müəyyən edilməsini İddiaçı təklif etmiş, lakin o, bu təklif ilə razılaşmamışdır. Buna görə də, İddiaçı iddiası təmin edilə bilməz.
51. Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayan İddiaçı isə qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, Rayon Məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, mübahisəli mənzilin aylıq kirayə haqqı 540 manat təşkil edir. “Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə” iddialara baxan məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən, nəzərə alırlar ki, təklif olunan kompensasiyanın məbləği, kompensasiya ödənilən şəxsə, 3 il ərzində kirayədə yaşamağa imkan verməlidir. Bu məhkəmə təcrübəsindən onun cavabdehlərə təklif etdiyi 20.000 manat kompensasiya məbləğində yanaşdıqda müəyyən edilir ki, məbləğ ədalətlidir (540 manat x 36 ay = 19.440 manat). Lakin Rayon Məhkəməsi bunu nəzərə almamış və əsassız olaraq hesab etmişdir ki, kompensasiyanın məbləği 40.000 manat olmalıdır.
52. İddiaçı dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, həqiqətən də, “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, “Əmlakın qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, mübahisəli mənzilin aylıq kirayə haqqı 540 manat təşkil edir.
53. Məhkəmə müzakirə edilən bu dəlilin əsaslılığına qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyin mənasına görə, yaşayış sahəsinə istifadə hüququ olan şəxsə yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən kompensasiya verilməklə həmin şəxsin istifadə hüququna xitam verilməsi ilə bağlı iddialara baxılarkən məhkəmələr mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
54. Bundan başqa Məhkəmə qeyd edir ki, İddiaçı apellyasiya şikayətində qeyd edildiyi kimi, məhkəmə təcrübəsi onu göstərir ki, “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə” iddialara baxan məhkəmələr kompensasiyanın məbləğini müəyyən edərkən, nəzərə alırlar ki, təklif olunan kompensasiyanın məbləği kompensasiya ödənilən şəxsə ən azı 3 il ərzində kirayədə yaşamağa imkan verməlidir.
55. Nəzərə alınmalıdır ki, İddiaçı 20.000 manat məbləğində kompensasiyanın onun tərəfindən 2 nəfər cavabdehə ödənilməsini təklif edir. Başqa sözlə, hər 1 cavabdehə düşən kompensasiyanın məbləği 10.000 manat təşkil edir.
56. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehlər birlikdə bir yaşayış sahəsində yaşamağa məcbur edilə bilməzlər.
57. Odur ki, bu məsələyə İddiaçı bildirdiyi və yuxarıda qeyd edilən hesablanmasından yanaşıqda müəyyən edilir ki, onun 2 nəfər cavabdehlərə cəmi 20.000 manat məbləğində təqdim etdiyi kompensasiyanın məbləği azdır və Rayon Məhkəməsi bu məbləğ ilə razılaşmayaraq İddiaçı kompensasiyanın məbləğinin artırılmasını təklif etməkdə, İddiaçı bu təklif ilə razılaşmamasını nəzərə alaraq onun iddiasını rədd etməkdə haqlı olmuşdur.
58. Bu baxımdan qəbul edilməlidir ki, İddiaçı apellyasiya şikayəti əsassızdır. g) apellyasiya baxışının nəticəsi
59. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
60. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
61. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.
62. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı və Cavabdeh1 verdikləri apellyasiya şikayətləri təmin edilmədiyi üçün onlar hazırkı qətnamədən kassasiya şikayəti verə bilərlər. İddiaçı iddiası üzrə cavabdeh olan Xədicə Məmmədovaya qarşı hər hansı iddia təmin edilmədiyindən, o, hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
63. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. İddiaçı və Cavabdeh1 hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. X3 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.