Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1993/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «öhdəliyin vaxtında icra edilməməsinə görə cərimənin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1864/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Sifarişçi İddiaçı ilə İcraçı Cavabdeh MMC arasında 21 may 2023-cü ildə bağlanmış müqaviləyə əsasən İcraçı ünvan 1 ünvanında yerləşən 200 kv. metr mənzilin 131 kv. metr sahəsini təqdim etdiyi dizayn(əlavə olunur) əsasında təmir-tikinti işlərini 60(altmış) gün müddətində yerinə yetirməyi, Sifarişçi isə bunun müqabilində 20,800 manatı İcraçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilə bağlandıqdan sonra Sifarişçi tərəfindən İcraçıya müxtəlif tarixlərdə ümumilikdə 20,394 manat ödənilmişdir. Lakin İcraçı öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməyərək, sözügedən mənzilin təmirini başa çatdırmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6240 manatın və 83 manat dövlət rüsumu əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, iddiaçı ilə Cavabdeh MMC arasında 21 may 2023-cü il tarixində № 0053 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Sifarişçi kimi iddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 200kv.m olan mənzilin 131 kv.m sahəsini təqdim etdiyi təmir-tikinti işlərinin göstərilməsini sifariş verərək İcraçı ilə razılaşdırılmış xidmət haqqını ödəməyi, cavabdeh isə İcraçı tərəf olaraq tələb olunan xidmətlərin göstərilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən icraçı müqavilə üzrə nəzərdə tutulan xidmətləri 7.1-ci maddəyə əsasən müqavilə üzrə işlərin başlanma tarixindən 60 təqvim günü ərzində yəni 22 iyul 2023-cü il tarixinədək icra etməli idi. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin ümumi dəyəri bütün vergilər daxil olmaqla 20800 manat təşkil edir və müqavilənin 5.1-ci maddəsinə əsasən 4 hissəyə bölünərək birinci hissədə 8320 Azn, ikinci hissədə 6240 Azn, üçüncü hissədə 4160 Azn, dördüncü hissədə 2080 Azn ödənilir. Həmin müqavilənin 4.1.3-cü maddəsinə əsasən Sifarişçi tapşırıqları qarşısı alınmaz hallarla bağlı olmayan səbəblərdən qeyd edilən müddətdə təhvil verməzsə İcraçı müqavilə dəyərinin 30%-i məbləğində cərimə üçün iddia qaldıraraq birtərəfli qaydada müqaviləyə xitam verir. 21 may 2023-cü il tarixli, № 0053 saylı xidmət müqaviləsinin 4.2-ci maddəsində nəzərdə tutulan öhdəliklər iddiaçı tərəfindən tam icra edilərək, hissəvi olmaqla 20800 manat vəsait cavabdehə ödənilmişdir. Cavabdeh tərəf müqavilənin 1.2-ci maddəsinin şərtlərini pozmuş və nəzərdə tutulmuş 60 təqvim günü və buna əlavə olaraq verdiyi 29 təqvim günü ərzində də öz öhdəliyini yerinə yetirməmişdir. Nəticədə ünvan 1 ünvanında yerləşən mənzilində təmir-tikinti işlərini dayandırılmışdır. Cavabdehdən müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirilməsi dəfələrlə tələb olunsa da nəticə əldə edilməmişdir. Hal-hazırda qeyd olunan mənzildə ümumi dəyəri 5000 manat təşkil edən laminat, plintus, elektrik-santexnik, alçıpan, malyar, kafel-metlax işləri görülməmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1864/2023 saylı, 27 dekabr 2023cü il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia tələbinin təmin edilərək 6,240 (altı min iki yüz qırx) manat məbləğində pul vəsaiti Cavabdeh MMC dən İddiaçı xeyrinə tutulması, ödənilmiş 83 dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. Göstərilən səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin ləğvini tələb etməkdə haqlıdır. İddia tələbinin “6,240 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə razılaşdırılmış məbləğdən 406 manat əksik olaraq 20,394 manat ödənildiyi halda belə, həmin məbləğ ilə ekspert rəyində göstərilmiş məbləğin hasilindən 8,488 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ yaranır. İddiaçı isə hazırda 6,240 manat pulun tutulmasını xahiş etdiyindən və bu tələb qeyd olunan məbləğ daxilində olduğundan iddiaçı tərəfindən cavabdehə ödənilmiş puldan cavabdeh tərəfindən görülən işlərin dəyərini təşkil edən pul çıxılmaqla 6,240 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd olunması xahiş edilmiş və şikayətdə göstərir ki, cavabdeh MMC tərəfindən iddiaçıya məxsus mənzildə yalnız təxminən 1000-1200 manatlıq laminat işləri görülməmiş qalmışdır. Təmir-tikinti işinin gedişinə iddiaçının valideynləri maneçilik törətdiyindən iş yarımçıq saxlanılmışdır. Bununla bağlı MMC dəfələrlə iddiaçıya şifahi qaydada, hətta sonuncu dəfə yazılı qaydada xəbərdarlıq etsə də, heç bir nəticə hasil olmadı. Ona görə də qeyd edilən məbləğdə iş yarımçıq qaldı. İddiaçı tərəfindən tələb edilən məbləğ tamamilə əsassızdır. Belə ki, iddiaçı MMC-yə ödənilən məbləği hissə-hissə, görülən işlərin müqabilində ödəmişdir. Əgər o, görsə idi ki, işlər görülmür, heç vaxt həmin ödənişləri etməzdi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2-ci Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından tutulmalı vəsaitin məbləği istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün, tutulmalı vəsaitin məbləği istisna olmaqla iddia haqlı sayılır.
19. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tutulmalı məbləğ istisna olunmaqla mahiyyəti üzrə düzgün hesab edir. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, tərələr arasında bağlanmış müqavilə etibarlı əqd olmuş, bu müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən pozulmuşdur. Çünki mənzilin təmiri xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə, o cümlədən müqavilənin müddətinə uyğun deyildir. Apellyasiya şikayətində MMC tərəfindən iddiaçıya məxsus mənzildə yalnız təxminən 1000- 1200 manatlıq laminat işləri görülməmiş qaldığı göstərilsə də bu dəlil iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təkzib edilir. Belə ki, ekspertiza rəyində aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyərinin 11906 manat məbləğində olduğu müəyyən edilir. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə üçün məcburi deyildir, məhkəmə həmin rəylə razılaşmaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin məhkəmənin də ekspertizanın rəyi ilə razılaşmaması üçün əsaslar olmalıdır. Belə bir əsas isə apellyasiya instansiyası məhkəməsi tərəfindən aşkar edilməmişdir.
21. Buna baxmayaraq, hazırki iddia tələbi müqavilənin 4.1.3-cü bəndinin tələblərinin pozulmasına, yəni müqavilənin razılaşdırılmış 60 gün müdətində icra edilməməsinə görə irəli sürülmüşdür. Cavabdeh təmir-tikinti işinin gedişinə iddiaçının valideynləri maneçilik törətdiyindən iş yarımçıq saxlanıldığını göstərir, demək yeni bir hala istinad edir. Bu halı sübut etmək yükü isə onun üzərinə düşür. Ancaq bəyan etdiyi bu halı sübut edə bilmir. Ən azından həqiqətən belə bir maneçilik müqavilə müddətində olsaydı cavabdeh buna dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Pulun hissə-hissə ödənilməsi də müqavilə şərtlərinə uyğun olmuşdur. Demək ki, göstərilən hallar, iddiaçıya əsas verib ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qüsurlu icra etdiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə vurulmuş zərəri geri tələb etsin. Başqa sözlə müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən qüsurlu icra olunmaqla yanaşı, demək olar ki, həm də tam icra olunmamışdır, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilir. Hətta cavabdeh öhdəliklərinin qismən icra etmiş olsa belə, iddiaçı müqavilədən imtina edərək müqavilə şərtinə uyğun vurulmuş zərərin geri qaytarılmasını tələb etməkdə haqlı sayılır. Ona görə də cavabdehin müxtəlif bəhanələr gətirərək, təmir-tikinti işinin gedişinə iddiaçının valideynlərinin maneçilik törətdiyi barədə dəlilləri də əsaslı sayıla bilməz.
22. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən tələb edilən cərimə(zərər) azaldılmamışdır. Tərəflər cərimə ilə bağlı şərti bağladıqları müqavilədə razılaşdırmışlar. Ancaq iddiaçının tələb etdiyi cərimə azaldıla bilər. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimənin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Buna görə də cərimə məbləği məhkəmə tərəfindən ədalətli və mövcud məhkəmə təcrübəsinə uyğun şəkildə azaldılaraq tutulmalı olan məbləğ 4500(dörd min beş yüz)manat müəyyən edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, müqavilənin lazımi qaydada icra edilməməsinin nəticələri, müqavilədən imtina, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
24. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1864/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qətnaməsi tutulmalı vəsaitin miqdarı hissəsində dəyişdirilməli və Cavabdeh MMC-dən tutulan məbləğ azaldılaraq 4500 (dörd min beş yüz) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1864/2023 saylı, 27 dekabr 2023-cü il tarixli qətnaməsi tutulmalı vəsaitin miqdarı hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən tutulmalı məbləğ azaldılaraq 4500 (dörd min beş yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.