Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1993/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1993/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa edilmə, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(007)-2721/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 12 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 21 sentyabr 2022-ci ildən Cavabdehndə təchizat üzrə mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamış, 01 mart 2023-cü ildən isə həmin Cəmiyyətdə təchizat üzrə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli T0639-24 nömrəli əmri ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsi işəgötürənə maddi ziyan vurulması ilə nəticələnən təqsirli hərəkətlərə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli T0639-24 nömrəli əmrinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam olunması hissəsində ləğv edilməsi, onun təchizat üzrə mütəxəssis vəifəsinə bərpa edilməsi, onun xx.xx.2024-cü il tarixdən işə bərpa edilməsinə dair müvafiq əmr verildiyi tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq verilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun və 10000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 21 sentyabr 2022-ci il tarixdə Cavabdehnə təchizat üzrə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Sonradan 01 mart 2023-cü il tarixdə iddiaçı təchizat üzrə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. Cavabdehin 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmri ilə 28 mart 2024-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “ƏM”) 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrdə cavabdeh ƏMnin 72-ci maddəsinin “c” bəndinə istinad etmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdən əvvəl 06 mart 2024-cü il tarixdə guya ki, xidməti araşdırmanın aparılması ilə bağlı onun işdən kənarlaşdırılmasını bildirmişdir. Lakin bu kənarlaşdırma ilə bağlı hər hansı rəsmiləşdirmə aparılmamışdır. Ehtimal edir ki, cavabdeh ƏM-nin 72-ci maddəsinin “c” bəndinə istinad edilməsini və ona maddi ziyanın vurulmasını əsaslandırmaq məqsədilə əmrdə qeyd edilmiş 15 mart 2024-cü il tarixli akt tərtib etmişdir. Lakin sözügedən akt iddiaçıya təqdim edilməmiş, iddiaçı aktla tanış olmamış və nəticədə, iddiaçı özünü müdafiə etmək hüququndan məhrum edilmişdir. Əmrin surətini aldıqda, iddiaçı aktın ona təqdim edilməməsi barədə öz qeydini əmrin surətində etmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsinə dair 15 aprel 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən 08 may 2024-cü il tarixdə ilkin mediasiya sessiyası təyin edilmişdir. Barışıq sazişinin şərtlərinin müzakirəsi məqsədilə, sessiya 10 may 2024cü il tarixə təyin edilmiş, lakin barışıq əldə olunmamışdır. Nəticədə, mediator tərəfindən iddiaçıya 10 may 2024-cü il tarixli MŞB/MT15/2024-0135/02 nömrəli arayış verilmişdir. ƏM-nin 71 və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, cavabdeh iddiaçı barədə əmr çıxardıqda, həmin əmrdə onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasının zəruriliyini əsaslandırmalı idi. Belə ki, əmrdə onun verilməsi üçün əsas kimi yalnız iddiaçının izahatı və mahiyyəti məlum olmayan 15 mart 2024-cü il tarixli akt göstərilmişdir. Halbuki, əgər cavabdeh iddiaçı tərəfindən maddi ziyanın vurulmasını müəyyən etmişdirsə, öz mövqeyini əsaslandıran sənədlərə də əsaslanmalı idi. Məsələn, cavabdeh ona vurulmuş maddi ziyanın məbləğini əmrdə göstərməmişdir. Belə ehtimal edir ki, cavabdeh əmri verdiyi tarixdə heç maddi ziyanın məbləğini də bilmirdi. Çünki, əmri verməyə “tələsirdi” və araşdırmanı lazımi qaydada aparmamışdır. Əmrin ƏM-nin 72-ci maddəsinin “c” bəndinə əsasən verilməsi üçün cavabdeh ƏM-nin 191.2-ci maddəsində qeyd olunan halları və aşağıdakıları müəyyən etməli idi: - İddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyini; - maddi ziyanın vurulmasını və bu ziyanın məbləğini; - hərəkət və ya hərəkətsizliklə maddi ziyan arasında olan səbəbli əlaqəni. Hesab edir ki, cavabdeh tərəfindən bu üç hal müəyyən edilməmişdirsə (müəyyən edilməsini əmrdən və onun verilməsinə əsas olan sənədlərdən müəyyən etmək mümkün deyil), Cavabdehin əmri qanunsuz hesab olunmalı və ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh əmrində akta (ehtimal edir ki, araşdırma sənədidir) istinad etsə də, ƏM-nin tələblərinə zidd olaraq, iddiaçını həmin aktla tanış etməmiş, onu müdafiə hüququndan məhrum etmiş və iddiaçıya mənəvi ziyan vurmuşdur. İddiaçı tərəfindən müvafiq mediasiya təşkilatına 15 aprel 2024cü il tarixdə müraciət edilmişdir. Deməli, müddətin axımı 16 aprel 2024-cü il tarixdən dayandırılmışdır. Arayış isə yuxarıda qeyd edildiyi kimi 10 may 2024-cü il tarixdə verilmişdir. Yəni, müddətin axımı 11 may 2024-cü il tarixdən bərpa edilmiş və müddət 23 may 2024-cü il tarixdə bitir.
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılması haqqında Bakı Şəhər Nizami Rayon Məhkəməsinə verilmiş iddiasını aşağıdakılara görə əsassız hesab edir: iddia ərizəsinin 1-ci bəndinə münasibətdə: iddiaçı 21 sentyabr 2022-ci il tarixində ASL1493 nömrəli əmək müqaviləsi (bundan sonra “Müqavilə”) əsasında təchizat üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, 01 mart 2023-cü il tarixdə isə təchizat üzrə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. İddia ərizəsinin 2-ci bəndinə münasibətdə: iddiaçı ilə bağlanmış Müqavilənin 3.2-ci bəndində işçinin biznes fəaliyyətinin həyata keçirilməsi, təhlükəsizliyi və məxfiliyi üzrə işəgötürənin standartlarına riayət etməli olduğu müəyyənləşdirilmişdir. O cümlədən, iddiaçının sonuncu vəzifə dəyişikliyi ilə bağlı vəzifə öhdəliklərinə əsasən, o, şirkət və onun layihələri adından materialların/xidmətlərin təchizatına nəzarət etmək, xərcləri optimallaşdırmaq və tələb olunan vaxt məhdudiyyətlərinə və keyfiyyət standartlarına nəzarət etmək; bazar və məhsul araşdırması və xərclərin təhlilini aparmaq; dövri və xüsusi hesabatlar hazırlayır və təchizatçılar və yeni məhsullar, habelə müvafiq qeydlər və formalar haqqında aktual məlumatların mövcudluğunu təmin etmək; təchizatçının şərt və qaydalarını müəyyən etmək; təchizat prosesi üçün tələb olunan zəruri inzibati məlumat və/və ya sənədlərin əldə edilməsi üçün sorğu yönləndirmiş departamentlə əlaqə saxlamaq; fəaliyyətin gedişatı və/və ya sorğu əsasında dövri hesabatlar tərtib etmək; təkliflərin kommersiya baxımından qiymətləndirilməsini tələb etmək və onların cədvəlini tərtib etməyə kömək etmək; bütün Qlobal Təchizat üzrə İdarəetmə Layihələrində regional və yerli məlumatların lazımi qaydada nəzərə alınmasını təmin etmək; Qlobal Təchizat üzrə İdarəetmə Strategiyalarının həyata keçirilməsini və uyğunluğunu təmin etməklə yanaşı, ümumi standartlara, prosedurlara və proseslərə əməl olunmasını və satınalma; sifarişlərinin inkişaf dövrünü davamlı olaraq təkmilləşdirmək üçün ən yaxşı təcrübələrdən istifadə olunmasını təmin etmək və digər bu kimi öhdəliklər daşımışdır. Müqavilə və vəzifə öhdəliklərindən göründüyü kimi, iddiaçı Cəmiyyətin təhlükəsizlik standartlarına riayət etməli, Cəmiyyətin maraqlarından çıxış edərək xərcləri optimallaşdırmala tələb olunan keyfiyyət standartlarına nəzarət etməli, bununla bağlı dövri hesabatlar tərtib etməli, o cümlədən Cəmiyyətin gözləntilərinin dəqiqliyini təmin etmək məqsədilə tələb olunan zəruri inzibati məlumat və/və ya sənədlərin əldə edilməsi üçün sorğu yönləndirmiş departamentlə əlaqə saxlamalı idi. İddia ərizəsinin 3-cü bəndinə münasibətdə: 28 mart 2024-cü il tarixdə Cəmiyyətlə iddiaçı arasında bağlanılmış ASL1493 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verilmişdir. İddia ərizəsinin 4cü bəndinə münasibətdə: a) isdən kənarlaşdırılmanın rəsmiləşdirilməsinə münasibətdə bildirir ki, Cəmiyyətdə Daxili nəzarət və araşdırma, audit komandaları tərəfindən Cəmiyyətin maraqlarının və mənafeyinin müdafiəsi məqsədilə ofis daxilində və mağazalarda (“Bravo” marketlərdə) mütəmadi olaraq araşdırma (yoxlanış) keçirilərək bu araşdırmaların nəticəsində aşkar olunmuş uyğunsuzluq və pozuntular müvafiq aktla rəsmiləşdirilir. 2024-cü ilin mart ayında da sözügedən komandalar tərəfindən ofisdaxili araşdırma aparılmış və nəticədə təchizat komandasının əməkdaşları - təchizat üzrə menecer vəzifəsində çalışan X6 və təchizat üzrə baş mütəxəssis İddiaçı fəaliyyətləri dövründə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətin maraqlarından kənara çıxdıqları, o cümlədən müxtəlif üsullarla Cəmiyyətə maddi ziyan vurduqları aşkar olunmuşdur. Araşdırmanın gedişatında sözügedən şəxslərin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətə ziyan vurduqları məlum olduğundan 06 mart 2024-cü il tarixində Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən həmin şəxslər barəsində 003-24/K nömrəli əmr tərtib edilərək bu şəxslər əmək haqqı saxlanılmaqla araşdırma yekunlaşanadək işdən kənarlaşdırılmışlar. Daha sonra 15 mart 2024-cü il tarixində Hacıyeva Nərmin və İddiaçı Cəmiyyətin ofisinə çağırılmış, onlar Əmək Məcəlləsinin 203-cü maddəsinə uyğun olaraq yoxlama nəticələri ilə tanış edilmiş və sözügedən şəxslərin izahatı alınmışdır. Bununla bağlı tərtib olunmuş 15 mart 2024-cü il tarixli “Təchizat şöbəsinin meneceri Nərmin Hacıyeva və həmin şöbənin böyük mütəxəssisi İddiaçı tərəfindən törədilən uyğunsuzluq və saxtakarlıq halları haqqında” akt da etiraza əlavə edilir. b) iddiaçının qeydiyyatı üzrə poliklinikaya zəng edilməsi: bununla əlaqədar olaraq bildirir ki, iddiaçı üzrlü səbəbləri barədə Cəmiyyətə məlumat vermədən öz iradəsi ilə 18 mart 2024-cü il tarixdən etibarən 20 mart 2024-cü il tarixinədək işə gəlməmişdir. Bu səbəbdən həmin tarixdə ona Cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq məktubu göndərilmiş və heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi üçün barəsində Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə əsasən müvafiq tədbirlərin görüləcəyi barədə məlumatlandırılmışdır. İddiaçı xəstə olduğundan xəstəxanada yatdığını və bu səbəbdən işə gəlmədiyini bildirmişdir. Xəstəlik faktının təsdiqlənməsi məqsədilə Cəmiyyət tərəfindən İddiaçının qeydiyyatı üzrə poliklinikayla əlaqə saxlanılaraq iddiaçının hər hansı xəstəliyinin mövcudluğu və bu səbəbdən qeyd edilən tarixdə xəstəxanada yatması barədə müvafiq həkimdən məlumat alınmışdır. Daha sonra iddiaçı Cəmiyyətə sağlamlıq vəziyyəti haqqında arayış təqdim etmişdir. İddia ərizəsinin 5 və 22-ci bəndlərinə münasibətdə: iddiaçı 15 mart 2024-cü il tarixdə araşdırma materialları ilə tanış edilmiş və buna müvafiq suallar verilərək izahatı alınmışdır. O, öz izahatında məhsulların təcili tələb olunduğunu qeyd etsə də, bu halda markanın dəyişdirilməsinin zəruriliyi, gecikmə yaşanacağı təqdirdə hansı risklərin olması və s. iddiaçı tərəfindən araşdırılmamış, ofis daxili şöbələrlə kommunikasiya qurulmamış və hər hansı əsaslandırılma edilmədən Cəmiyyət tərəfindən sorğulanan məhsul birbaşa dəyişdirilmişdir. Belə ki, Cəmiyyət tərəfindən alınması üçün “Kale” markalı qapı kilidinin sorğulanmasına baxmayaraq, iddiaçı təchizatçıdan birabaşa “Assa Abloy” markalı məhsulu sifariş edərək həmin məhsul üçün yüksək qiymət təklifi almışdır. Daha sonra isə bazar qiyməti dəfələrlə ucuz olan “Omni” markalı məhsulun alışını həyata keçirmiş və Cəmiyyətə yüksək məbləğdə maddi ziyan vurulmasına səbəb olmuşdur. İddiaçının baha qiymətlə ucuz məhsulu almasından xəbərdar olduğu və bu əməli bilərəkdən, təqsirli şəkildə törətdiyi Təchizatçı tərəfindən sifarişə müvafiq göndərilən qiymət təklifində “Assa Abloy” markalı məhsulun qiymətinin, marka adı hissəsində isə “Omni” markasının qeyd edilməsindən açıq-aşkar məlum olur. İddiaçı izahatında qiymət təklifində markanın göstərilmədiyi hallara münasibətdə təchizatçıdan markanın dəqiqləşdirildiyini bildirsə də, bütün danışıqların mail üzərindən aparılmasına baxmayaraq rəsmi danışıqların heç birində bu barədə məlumat mövcud deyildir. O cümlədən, iddiaçı izahatında sorğulanan məhsulun alınması ilə bağlı müxtəlif təchizatçılardan qiymət təklifi istənildiyini qeyd etsə də, həmin qiymət təklifləri saxtalaşdırılmışdır. Belə ki, iddiaçı “Omni” markalı məhsulu aldığı "xxxx" adlı təchizatçının məhsulla bağlı yeni qiymət təklifini, digər təchizatçıların isə 2023-cü il üçün verilmiş və 5 (beş) iş günü ərzində qüvvədə olması nəzərdə tutulan qiymət təkliflərini tenderə əlavə etmiş, nəticədə saxta formada "xxxx" adlı təchizatçının tenderin qalibi olmasını təmin etmişdir. İddia ərizəsinin 9 və 18-ci bəndlərinə münasibətdə: iddiaçı ərizəsində əmək müqaviləsinə ləğv olunmasının zəruriliyinin əmrdə əsaslandırılmalı olduğunu qeyd etmişdir. Bununla əlaqədar bildirir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 mart 2024-cü ildə xitam verilmişdir. İddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinə uyğun formada sənədləşdirilmiş, habelə xitam əmri Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam uyğun şəkildə tərtib edilmişdir. Xitam əmrində 15 mart 2024-cü il tarixli akta istinad edilmişdir ki, bu aktda da 2024-cü ilin mart ayı üzrə aparılmış araşdırmalar nəticəsində Hacıyeva Nərmin və İddiaçı tərəfindən Cəmiyyətə vurulmuş maddi ziyanın məbləği qeyd edilərək faktlarla əsaslandırılmışdır. İddia ərizəsinin 12-ci bəndinə münasibətdə: a) maddi ziyanın vurulması və səbəbli əlaqə: bildirir ki, Nərmin Hacıyeva və İddiaçı öz fəaliyyəti dövründə təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək tələb olunan markadakı məhsulu yox, daha baha qiymətə olan məhsul markasını sifariş etmişlər. Lakin bununla belə öz sifariş etdikləri markanı da yox, real bazar qiyməti ondan aşağı olan digər markadakı məhsulu bazar qiymətindən daha baha qiymətə satın almışlar. Belə ki, Cəmiyyət tərəfindən “Kale” markalı məhsulun sorğulanmasına baxmayaraq, iddiaçı Hacıyeva Nərmin və İddiaçı tərəfindən təchizatçıdan qiyməti yüksək olan “Assa Abloy” markalı məhsulun sifariş edilməsi, lakin bu marka əvəzinə yüksək qiymətli məhsulun ödənişini edərək bazarda dəfələrlə ucuz qiymətə satışda olan “Omni” markalı məhsulun alınmasını göstərmək olar. Təchizatçı tərəfindən göndərilən qiymət təkliflərində ucuz markaya (Omni) aid məhsulun adının qeyd edilməsi Nərmin Hacıyeva və İddiaçı baha qiymətli məhsulun əvəzinə ucuz qiymətli məhsulun göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiklərini təsdiq edir. Faktlardan göründüyü kimi, iddiaçı öz vəzifə səlahiyyətlərini pozaraq şəxsi mənafeyindən çıxış etmiş və Cəmiyyətə maddi ziyan vurmuşdur. Əlavə olaraq nəzərə çatdırır ki, iddiaçı Hacıyeva Nərmin və İddiaçı tərəfindən Cəmiyyətin standartlarından kənara çıxaraq müvafiq şöbələrlə razılaşdırmadan sorğulanan məhsulu dəyişdirib digər məhsulu sifariş etməsi, daha sonra isə bazarda dəfələrlə ucuz qiymətə satışda olan məhsulu alması nəticəsində Cəmiyyətə ümumilikdə 35000,00 (otuz beş min) manat məbləğində maddi ziyan vurulmuşdur. Bu ziyan iddiaçının tenderdə süni şəkildə qalib gəlməsini təmin etdiyi və alışları həyata keçirdiyi "xxxx" şirkəti tərəfindən də etiraf edilmişdir. "xxxx" şirkəti Cəmiyyətə məktub ünvanlayaraq qeyd edilən əməlin Cəmiyyətin adıçəkilən işçilərinin təsdiqi ilə törədildiyini bildirmişdir. Bu isə öz növbəsində Cəmiyyətin işgüzar nüfuzunun ləkələnməsi və təchizatçılar arasında reputasiyasının zədələnməsi hesab olunur. b) törədilmiş əməlin qanuna zidd olması: nəzərə çatdırır ki, iddiaçı tender qaydalarını pozaraq sənədləri saxtalaşdırmış və süni şəkildə "xxxx" adlı təchizatçının tenderdə qalib olmasına imkan yaratmışdır. Belə ki, iddiaçı bir sıra təchizatçılara digərlərinə nisbətdə fərqli şərtlər göstərərək həmin təchizatçıların tenderdə qalib gəlməsini təmin etmişdir. İddiaçının “Omni” markalı məhsulu aldığı "xxxx" adlı təchizatçının məhsulla bağlı verilmiş yeni qiymət təklifini, digər təchizatçıların isə 2023-cü il üçün verilmiş və 5 (beş) iş günü ərzində qüvvədə olması nəzərdə tutulan qiymət təkliflərini tenderə əlavə etmiş, nəticədə süni şəkildə "xxxx" adlı təchizatçının tenderin qalibi olmasını təmin etməsi buna misal olaraq göstərilə bilər. O cümlədən, iddiaçı Şirkət standartlarından kənara çıxaraq uyğun olmayan məhsulların alışını həyata keçirmiş və müvafiq olaraq bir sıra hallarda insan həyatının önəmi üçün yüksək keyfiyyət tələb edən məhsullarda fərqli məhsullar almaqla potensial risklər yaratmışdır. Buna nümunə olaraq qeyd edə bilər ki, iddiaçının sonuncu sifarişi yanğın çıxışı qapılarının kilidi ilə əlaqədar olmuşdur. Belə ki, müvafiq komanda tərəfindən iddiaçıdan yanğın çıxışı qapıları üçün Şirkət standartlarına uyğunluğu yoxlanılmış “Kale” markalı kilidin alınması sorğulansa da, iddiaçı Cəmiyyətlə razılaşdırmadan sifarişi standartlara uyğunluğu yoxlanılmayan digər marka ilə dəyişmiş, hətta yekunda keyfiyyət baxımından daha aşağı olan və bazar qiyməti dəfələrlə ucuz olan üçüncü markanı baha qiymətlə almışdır. Nəticədə həm Cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş, həm də insan həyatının təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik olan bir məsələdə risk faktoru yaratmışdır. İddiaçının vəzifə öhdəliklərində də qeyd edildiyi kimi, o, cəmiyyətin maraqlarından çıxış edərək xərcləri optimallaşdırmalı, tələb olunan keyfiyyət standartlarına nəzarət etməli, Cəmiyyətin gözləntilərinin dəqiqliyini təmin etmək məqsədilə tələb olunan zəruri inzibati məlumat və/və ya sənədlərin əldə edilməsi üçün sorğu yönləndirmiş departamentlə (Ofis daxili müvafiq departamentlər nəzərdə tutulur. Məs. Sətəm, Maliyyə) əlaqə saxlamalı, yəni Cəmiyyət tərəfindən sorğulanan markanın dəyişdirilməsinin, digər marka üçün sifariş verməyin uyğun olub-olmadığını müəyyənləşdirməli idi. Göründüyü kimi, iddiaçı fəaliyyəti dövründə öz vəzifə səlahiyyətlərindən şəxsi maraqlarından çıxış edərək sui-istifadə etmiş və Cəmiyyətin mənafeyinə xələl gətirərək müxtəlif üsullarla Cəmiyyətə maddi ziyan vurmuşdur. Əlavə olaraq bildirir ki, Nərmin Hacıyeva və İddiaçı vəzifə səlahiyyətlərindən kənara çıxaraq Cəmiyyət adından istifadə edib tender qaydalarını pozmuş, tender sənədlərini saxtalaşdırmış və iştirakçılar arasında ayrı-seçkiliyə yol verərək müvafiq təchizatçının süni şəkildə qalib gəlməsini təmin etmişdir. O cümlədən, onlar Cəmiyyətin standartlarından kənara çıxaraq uyğun olmayan məhsulların alışını həyata keçirmişdir. Bu əməllər öz növbəsində Cəmiyyəti təchizatçılar arasında da nüfuzdan salmışdır. Habelə, tender sənədlərinin saxtalaşdırılaraq qalibin süni şəkildə seçilməsi Cəmiyyətə olan etimadı sarsıdaraq təchizatçıları Cəmiyyət adından keçirilən tenderlərdə iştirakdan çəkindirir və nəticədə Cəmiyyətin fəaliyyətinə və nüfuzuna xələl gətirir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsinin verilməsi üçün əsas cavabdehin 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmri ilə 28 mart 2024-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi olmuşdur. İddiaçı hesab etmişdir ki, əmrin verilməsi ilə onun əmək hüquqları pozulmuş və iddiaçı öz hüquqlarını bərpa etmək niyyətində olmuşdur. Birinci növbədə qeyd edilməlidir ki, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsini “sifarişli” və sadəcə digər, cavabdehdə formalaşmış qruplaşmaya “yaxın” şəxsin onun yerinə gətirilməsi məqsədilə həyata keçirilmiş hesab edir. İddia ərizəsində qeyd olunduğu kimi, iddiaçı 21 sentyabr 2022-ci il tarixdə təchizat üzrə mütəxəssis vəzifəsinə, 01 mart 2023-cü il tarixdə təchizat üzrə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. Yəni, əmək müqaviləsinə xitam verildiyi tarixədək iddiaçı təxminən 18,5 ay təchizat strukturunda çalışırdı. Qeyd etmək lazımdır ki, həmin dövr ərzində (18,5 ay) cavabdehin daxili nəzarət strukturu onu üç dəfə yoxlamadan keçirmişdir. Bu cür yoxlamalardan biri də 2023-cü ilin fevral ayında baş vermişdir. Hətta, yoxlama baş verdiyi dövrdə həm “Omni” qıfılları alınmış, həm də ki, cavabdehin "xxxx" MMC ilə dövriyyəsi artmışdır. Lakin, yoxlama dövründə bu hallara neqativ hal kimi qiymət verilməmişdir. Digər tərəfdən, qeyd etmək lazımdır ki, iddiaçının dövründə üç dəfə yoxlama keçirilsə də, cavabdehin məsul şəxsləri tərəfdən iddiaçının fəaliyyətində ümumiyyətlə hər hansı neqativ hal, habelə kotirovka və ya tenderlərin keçirilməsində pozuntulara yol verilməsi aşkar edilməmişdir. Əksinə, etiraza münasibətdə göstərdikləri kimi, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin sonuna qədər iddiaçı cavabdeh üçün təxminən ******* manat dəyərində mal və xidmətləri təchiz edərkən, təxminən 718000 manat məbləğində (15 faiz) xərcləri azaltmışdır. Audit və digər yoxlamaların prinsipinə görə əvvəl yoxlanılmış dövr yenidən yoxlanılmır. Buradan təəccüb doğurur ki, 15 mart 2024-cü il tarixli aktda əvvəlki dövrə (əslində aktda yoxlama dövrü göstərilməmişdir) də qiymət verilmişdir. Ehtimal edir ki, bunun baş vermə səbəbi iddiaçının əmək fəaliyyətində hər hansı neqativ hal müəyyən edə bilmədiyinə görə cavabdeh məhz qıfıl məsələsindən “yapışmışdır” ki, “sifariş” olduğundan bu məsələni guya neqativ hal kimi qələmə versin. Göründüyü kimi, iddiaçının 18,5 aylıq əmək fəaliyyəti nəticəsində cavabdeh yalnız qıfıl alışını “aşkar” edərək, hər hansı digər neqativ halı üzə çıxara bilməmişdir. "xxxx" MMC ilə münasibət: Birinci növbədə qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi sənədlərdən göründüyü kimi "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) cavabdehin təchizatçılar siyahısına 2016-cı ildən daxil edilmişdir və uzun illərdir ki, cavabdehlə əməkdaşlıq edir. Yəni, həmin şirkət təchizatçılar siyahısına daxil olunanda, iddiaçı ümumiyyətlə cavabdehdə işləmirdi. Cavabdeh məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC olduğunu bilirdi və onların faktiki sahiblərini tanıyırdı. Burada qeyd etmək lazımdır ki, iddiaçı təchizat strukturunda 21 sentyabr 2022-ci il tarixdən işləməyə başlamışdır. Cavabdehin təqdim etdiyi sənədlərdən isə məlum olur ki, "xxxx" MMC artıq 2023-cü ilin avqustunda cavabdehin siyahısında "xxxx" MMC kimi qeyd olunur. Digər tərəfdən, cavabdeh qeyd etmişdir ki, iddiaçı vəzifəsinə gəldikdən sonra "xxxx" MMC ilə dövriyyə kəskin artmış və bununla da iddiaçı ilə "xxxx" MMC arasında olan münasibətlərini sübut etməyə çalışmışdır. Qeyd etmək istərdi ki, cavabdehin şəbəkəsi sürətlə artmış və mağazaların sayı aşağıdakı kimi olmuşdur: 2020-ci il – 60 mağaza, 2021-ci il – 87 mağaza, 2022-ci il – 123 mağaza, 2023-cü il – 148 mağaza. Yəni, mağazaların sayı artdıqca, onlara alınan avadanlıq və ləvazimatların sayı da təbii surətdə artmış, habelə əvvəlki dövrdə açılmış və fəaliyyət göstərən mağazalarda da təmir-tikinti işləri aparılmışdır. Bu da o deməkdir ki, "xxxx" MMC-nin mallarının çeşidinə tələbat artmış və bu halda onunla olan dövriyyənin artması təbii xarakter daşıyır. Əlavə olaraq bildirmək istərdi ki, cavabdeh dövriyyənin artmasını göstərsə də, bu dövriyyənin hansı hissəsinin məhz iddiaçıya aid olmasını göstərməmişdir. Çünki, iş materiallarında təqdim etdikləri yazışmalardan göründüyü kimi, "xxxx" MMC-dən alışlar yalnız iddiaçı tərəfindən aparılmamış və iddiaçıdan başqa cavabdehin digər təchizat strukturları tərəfindən də həyata keçirilmişdir. Məsələn, Validə adlı xanım cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktında göstərilən təkərlərin alışını həyata keçirmişdir. Yəni, "xxxx" MMC-dən alınan təkərlər iddiaçı tərəfindən deyil, digər təchizatçı tərəfindən alınmışdır. Bu halda, cavabdehin yoxlama aparan strukturu özünə balaca “əziyyət” verib, iddiaçıya aid olan dövriyyəni müəyyən etməli və ümumi dövriyyədən ayrılmalı idi. Yalnız bu halda, cavabdeh əminliklə qeyd edə bilərdi ki, dövriyyə məhz iddiaçının fəaliyyəti nəticəsində artmışdır. Cavabdeh təqdim edilmiş "xxxx" MMCnin məktubu ilə “sübut” etməyə çalışmışdır ki, iddiaçı hansısa maraqlardan bu şirkətə üstünlük vermişdir. Lakin, həmin məktubda göstərilir ki, cavabdehin əməkdaşları qıfılları baha qiymətə almış və bununla da 35000 manat məbləğində ziyan vurmuşlar. Hesab edir ki, bu məktub da mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin məktubda "xxxx" MMC ilə iddiaçının və ya hər hansı konkret əməkdaşların əlbirliyi qeyd edilməmiş və hətta dəymiş ziyan məbləği belə düzgün qeyd edilməmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, bu məktub cavabdehin diktəsi ilə tərtib edilmiş və ya cavabdeh özü tərəfindən tərtib edilərək imza üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Onu da qeyd etmək istərdi ki, məktubda qıfılların baha satılması göstərilsə də, məktubda qıfılların real qiyməti qeyd edilməmişdir. Bir sözlə, hesab edir ki, cavabdeh iddiaçı ilə "xxxx" MMC arasında olan “münasibəti” birbaşa sübut edə bilməmiş, yalnız ehtimallara əsaslanmışdır. Hətta, "xxxx" MMC-ni birbaşa “dəstəkləyən” şəxsləri məsuliyyətdən yayındırmışdır. Maddi ziyan: Birinci növbədə qeyd etmək istərdi ki, cavabdeh özü maddi ziyanı müəyyən etsə də, onun məbləğini konkret müəyyən edə bilməmişdir. Cavabdeh 15 mart 2024-cü il tarixli aktda, etirazında və digər materiallarda fərqli məbləğlər göstərmişdir və məhkəmə iclasında buna aydın izah verə bilməmişdir. Düzdür, cavabdeh 35000 manat məbləğində dəymiş ziyanı əsaslandırmağa çalışmış, lakin bu əsaslandırma özü də aydın olmamışdır. Cavabdeh gah qeyd etdi ki, bu məbləğ akt üzrə ümumi məbləğdir, gah qeyd etdi ki, bu qıfılların sökülməsi və yeni qıfılların alınması üçün sərf olunan xərclərdir (halbuki hər hansı sənəd təqdim etmədi). “Sübut” kimi cavabdeh qüsur aktında qeyd olunan malların ödənişinə görə hesab fakturaların azaldılması və həmin fakturalar üzrə 35000 manat məbləğində vəsaitin geri alınmasını göstərmişdir. Lakin, birinci növbədə qeyd etmək istərdi ki, həmin məbləğ təkərlərə aiddir və qıfıllarla heç bir bağlılığı yoxdur. İkincisi, ehtimal edir ki, cavabdeh qıfıllara görə dəymiş ziyanı məhz ona görə 35000 manat göstərmişdir ki, həmin məbləğ hesab fakturalarda öz əksini tapmışdır. Yəni, hesab fakturalarda məbləğ məsələn, 30000 manat və ya 40000 manat olsaydı, cavabdeh dəymiş ziyanı məhz həmin məbləğdə olduğunu bildirəcəkdi. Əgər, 15 mart 2024-cü il tarixli akta istinad etsək, qıfılların alınması üçün sərf olunan məbləğ: xx.xx.2023-cü il tarixli alış – 468 manat (1 ədəd üçün ilk qiymət) – 3 ədəd alınıb – cəmi 1404 manat; - xx.xx.2023-cü il tarixli alış – 409.50 manat (1 ədəd üçün endirimli qiymət) – 9 ədəd alınıb – cəmi 3685.50 manat; - xx.xx.2024-cü il tarixli alış – 409.50 manat (1 ədəd üçün endirimli qiymət) – 3 ədəd alınıb – cəmi 1228.50 manat; Cəmi: 15 qıfıl üçün 6318 manat vəsait ödənilmişdir. Əgər, onlar cavabdehin göstərdiyi kimi, qıfılların əsl qiymətini 80 manat kimi nəzərə alsa, bu halda qıfılların real dəyəri 15x80=1200 manat təşkil etməlidir. Yəni, dəymiş ziyan 5118 manat təşkil etməli idi. Lakin, dəymiş ziyanın bu məbləği də sübut edilmiş hesab oluna bilməz. Çünki, cavabdeh 15 mart 2024-cü il tarixli aktı və əmri tərtib etdiyi dövrdə həmin məbləği müəyyən etməmiş, bu barədə onun hər hansı sübutu olmamışdır. Yalnız məhkəmə prosesi zamanı cavabdeh məlum olmayan təchizatçıdan məlum olmayan texniki xarakteristikası olan qıfılı guya ki, əldə etmişdir. Belə ki, cavabdehin təqdim etdiyi qaimədə “Omni” markalı qıfıl göstərilsə də, bu qıfılın hansı model olduğu qeyd olunmamışdır. Bu halda da aydın deyil ki, söhbət hansı qıfıldan gedir. Əlavə olaraq onu qeyd etmək istərdi ki, təqdim edilmiş satınalma prosedurlarına görə iddiaçı və/və ya onun əməkdaşı malların pərakəndə bazardan nağd pula almırdı və yalnız təchizatçılar siyahısına daxil olan təchizatçılardan təqdim edilmiş malları ala bilərdi. Onu da qeyd etmək lazımdır ki, texniki xarakteristikaları “Omni” qıfıllarından fərqlənməyən “Assa Abloy” qıfılların alınması üçün ən azı 420 USD x 15 ədəd = 6300 USD = 10710 manat məbləğində vəsait xərclənməli idi. Yəni, “Omni” qıfılı sifariş olunmaqla, cavabdeh əksinə 10710 – 6318 = 4392 manat məbləğində vəsaitə qənaət etmişdir. Hesab edilsə ki, cavabdeh dəymiş ziyanın məbləğini düzgün müəyyən etmişdir (maddi ziyan vurulubsa, onun məbləği əhəmiyyət kəsb etmir). Bu halda, cavabdeh maddi ziyanın vurulması subyektini və maddi ziyanla subyekt arasında səbəbli əlaqəni müəyyən etməli idi. Subyekt aydındır və bu iddiaçıdır. Bəs səbəbli əlaqə? Burada iddiaçının məsuliyyət dairəsi müəyyən olunmalıdır. İş materiallarından göründüyü kimi qıfılların sifarişçisi cavabdehin Nicat İsmayılov adında işçisi olmuşdur. Alınmış qıfılları da məhz o, qəbul etmişdir. Əgər, Nicat İsmayılova onun sifariş etmədiyi qıfıllar təqdim edilmişdirsə, bu halda Nicat İsmayılov həmin qıfılları necə və hansı səbəbdən qəbul etmişdir? Yəni o, narazılıq edib həmin qıfılları qəbul etməməyi və “Assa Abloy” qıfıllarının alınmasını tələb edə bilərdi. Bu məsələyə Əlavə 3-də də aydınlıq gətirilir. Onu da qeyd etmək lazımdır ki, satınalma proseduruna əsasən iddiaçı hər hansı satınalma edərkən malın nümunəsini tələb edir və həmin nümunəni malın sifarişçisinə təqdim edərək, onunla malın keyfiyyətini və texniki xarakteristikalarını razılaşdırır. İddiaçı da qıfılları əldə etdikdə, “Omni” markalı qıfılın nümunəsini tələb etmiş və onu sifarişçiyə təqdim edərək razılaşdırmışdır. Göründüyü kimi, cavabdeh yalnız subyekti müəyyən etməyə çalışmış, maddi ziyanı, subyektin təqsirini və səbəbli əlaqəni isə ümumiyyətlə sübut edə bilməmişdir. Ehtimal edir ki, cavabdeh kənar audit təşkilatına da məhz bu səbəbdən müraciət etməmişdir ki, kənar audit şirkəti mövcud olan sənədlərlə hər hansı maddi ziyanı və təqsiri təsdiq etməyəcəkdi. Əmrlər: cavabdeh iş materiallarına 06 mart 2024-cü il tarixli 003-24/K nömrəli “İşçinin işdən kənar edilməsi barədə” əmri əlavə etmişdir. Lakin, iddiaçı həmin əmrlə tanış olmamışdır. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya bu əmrlə bağlı xəbərdarlıq göndərilmişdir. Lakin, cavabdeh yanlışlığa yol vermişdir. Çünki, iddiaçıya hər hansı xəbərdarlıq göndərilməmişdir. Yəni, sözügedən əmrlə bağlı iddiaçıya ümumiyyətlə məlumat verilməmiş, yalnız şifahi olaraq bildirilmişdir ki, o, işdən kənar edilmişdir. Lakin, maraqlıdır ki, iddiaçı işdən kənar edilsə də, iş materiallarında olan sənədlərdən məlum olur ki, iddiaçı işinə davam edirdi. Həmin əmr də pozuntularla verilmişdir. Çünki, kənar edilmənin qanunvericilikdə konkret əsasları var ki, həmin əsaslar mövcud deyildi. Mövcud olan əsaslar sənədlərlə təsdiq olunmalıdır ki, həmin sənədlər əmrə əlavə edilməmişdir. Maraqlısı odur ki, əmrdə Nicat İsmayılovun adı göstərilsə də, onun barəsində olan araşdırmanın nəticələri heç bir yerdə öz əksini tapmamışdır. Ən əsası isə, 28 mart 2024cü il tarixli T0639-24 nömrəli əmrin pozuntularla verilməsidir. Əmrin tərtibatında hər hansı nöqsan yoxdur. Təbii ki, cavabdeh əmrin formal əsaslara görə əsassız hesab olunmasını istəməzdi. Lakin, əmrin verilməsi üçün əsas olan 15 mart 2024-cü il tarixli aktın mövcudluğu şübhə doğurur. Əks halda, həmin akt iddiaçıya təqdim edilməli və iddiaçı aktla tanış olaraq ona münasibət bildirməli idi. Çünki, qüvvədə olan qanunvericiliyə əsasən əgər işçi barədə araşdırma aparılıbsa, işçi mütləq qaydada araşdırmanın nəticələri ilə tanış olmalıdır. Hesab edir ki, cavabdeh 28 mart 2024-cü il tarixli T0639-24 nömrəli əmrin verilməsi üçün əsaslarını sübut edə bilməmiş və iddia ərizəsində qeyd olunan tələblər əsaslıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(007)- 2721/2024 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 10-cu maddəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “c” bəndinə, 186-cı maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətində birinci instaniya məhkəməsində verdiyi izahatındakı dəlilləri sadalamış və əlavə olaraq qeyd etmişdir ki, əmrin ƏM-nin 72-ci maddəsinin “c” bəndinə əsasən verilməsi üçün cavabdeh ƏM-nin 191.2.-cimaddəsində qeyd olunan halları və aşağıdakıları müəyyən etməli idi: - İddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyini; - maddi ziyanın vurulmasını və bu ziyanın məbləğini; - hərəkət və ya hərəkətsizliklə maddi ziyan arasında olan səbəbli əlaqəni. Əgər, cavabdeh tərəfindən bu üç hal müəyyən edilməmişdirsə (müəyyən edilməsini əmrdən və onun verilməsinə əsas olan sənədlərdən müəyyən etmək mümkün deyil), cavabdehin əmri qanunsuz hesab olunmalı və ləğv edilməlidir. Bir sözlə, Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinin düzgün tətbiq olunmasını müəyyən etmək üçün, Məhkəmə işi həmin Məcəllənin 191.2.-ci maddəsinin tələblərinə uyğun yoxlamalı idi. Məhkəmə İddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş sənədləri məhkəmə iclasında araşdırsa da, əsaslandırma zamanı Qətnamənin mətninə yalnız cavabdehin təqdim etdiyi sənədlərin mətnini (məsələn, Qətnamənin19-cu bəndinə araşdırmanın nəticələri deyil, Cavabdehin 15 mart 2024-cü il tarixli aktın mətni köçürülmüşdür) köçürmüş, yuxarıda qeyd etdiyi üç halı isə əsaslandırmadan yalnız bir neçə “əsaslandırıcı” abzasla kifayətlənmişdir. Məhkəmə İddiaçının əmək funksiyalarını müəyyən etməli və məhz bu funksiyaların icra edilibedilməməsini müəyyən etməli idi. Lakin, Məhkəmə Qətnamədə qeyd etdiyi kimi sənədləri və qanunvericiliyin normalarını araşdırsa da, bu məsələyə qiymət verməmişdir. Cavabdeh müxtəlif sənədlərində maddi ziyanın vurulmasını qeyd etsə də, Məhkəmə ziyanın vurulubvurulmamasını, həmin ziyanın nədə ifadə olunmasını və ziyanın məbləğini (ikinci dərəcəli əhəmiyyətli olsa da) müəyyən etməli idi. Ən əsası da, hərəkətlə ziyanın arasında səbəbli əlaqə müəyyən edilməli idi. Məhkəmə hərəkətə və ziyana qiymət verməsə də, ən azı səbəbli əlaqənin nədə görməsini açıqlamalı idi. Məhkəmə isə “İddiaçı sübut edə bilmədi, Cavabdeh sübut etdi” sitatları ilə kifayətlənmişdir. Səbəbli əlaqə nədə ifadə olunurdu? Hesab edir ki,səbəbli əlaqə olmadığına görə, Məhkəmə də Qətnamədə əsasldırma aparmamışdır. Məhkəmə Əmək Məcəlləsinin 191.2.-ci maddəsində göstərilən halları əsaslandırmamaqla, Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini də səhv tətbiq etmiş və bu səbəbdən səhv nəticəyə gəlmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 385.1.1.-ci maddəsinə əsasən Məhkəmə Qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yaratmışdır Məhkəmə bütün təqdim olunmuş sübutları qətnaməyə köçürsə də, araşdırılmış sübutlara isə düzgün qiymət verməmişdir. Çünki, məhkəmə sübutları düzgün araşdırsaydı, ənazı iddiaçının təqsirli hərəkətinin nədə ifadə olduğunu və maddi ziyanla səbəbli əlaqənin necə yarandığına düzgün qiymət verərdi. Lakin, məhkəmə nəinki düzgün qiymət verməmişdir, bu məsələlərə ümumiyyətlə toxunmamışdır. Məhkəmə iddiaçının təqsirli hərəkətini və səbəbli əlaqəni müəyyən etmək üçün lazım olan halları aydınlaşdırmamış, hətta maddi ziyanın faktiki məbləğini belə müəyyən etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı cavabdehin yazılı etirazı daxil olmuşdur. 11.Apellyasiya şikayətinə etiraz birinci instansiya məhkəməsinə təqdim olunmuş etirazla eyni fomada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iddiaçı 21 sentyabr 2022-ci il tarixində Cəmiyyətdə təchizat üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Diqqətə çatdırır ki, İddiaçının bu vəzifəyə qəbul edilməsindən sonra sözügedən təchizatçının Cəmiyyətdə dövriyyəsi dəfələrlə artmışdır. İddiaçının vəkili dövriyyənin artmasını mağaza sayının artması ilə əlaqələndirsə də, bu, tamamilə absurddur. Belə ki, 2022-ci ilin avqust ayında Cəmiyyətə məxsus “Bravo” əmtəə nişanı altında fəaliyyət göstərən mağazaların sayı 98, sentyabr ayında 103, oktyabr ayında isə 107 olmuşdur. Göründüyü kimi mağaza sayı 3 ay ərzində ümumilikdə 9 vahid artmış, dövriyyə isə avqust və sentyabr aylarının orta məxrəci (11.233,5 AZN) ilə müqayisədə oktyabr ayı (45.837,00 AZN) üzrə 34.603,5 AZN, yəni 4 dəfədən çox artmışdır. O cümlədən, 2022-ci ilin noyabr ayından 2023-cü ilin mart ayı da daxil olmaqla mağaza sayında artım davam etmiş və mart ayı üzrə Cəmiyyətə məxsus “Bravo” əmtəə nişanlı market sayı 135-ə çatmışdır. Əgər dövriyyənin artması həqiqətən İddiaçının vəkilinin qeyd etdiyi kimi mağaza sayı ilə əlaqədar olsaydı, dövriyyə mağaza sayına mütənasib olaraq artmağa davam edər və mağaza sayındakı artımla təchizatçının Cəmiyyətdə olan dövriyyəsində olan artımın faiz-nisbəti bir-birinə münasibətdə uyğunluq təşkil edərdi. Belə ki, 2023-cü ilin mart ayında mağaza sayının artaraq 135-ə çatması İddiaçının vəkilinin qeyd etdiyi halda dövriyyənin artması ilə nəticələnməli olsa da, əksinə İddiaçı barəsində araşdırma gedən mart ayı (!) üzrə müvafiq təchizatçının Cəmiyyətdə dövriyyəsi azalmış və 20.184,00 AZN təşkil etmişdir. Beləliklə, iş materiallarına əlavə etdikləri sənədlərdən də açıq şəkildə məlum olduğu kimi, təchizatçının Cəmiyyətdə dövriyyəsi heç də mağaza sayı ilə əlaqədar olmayıb, İddiaçının müvafiq vəzifəyə qəbul edilməsindən sonra tənasübsüz şəkildə artmışdır. Bu isə öz növbəsində İddiaçının həyata keçirilən alışlar zamanı sözügedən təchizatçıya üstünlük verməsi faktını bir daha təsdiq edir.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndə-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
13. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
14. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
15. Maddə 71, 2-ci hissə Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
16. Maddə 72, “c” və “e” bəndləri. İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
17. Maddə 83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
18. Maddə 186.2, “Ç” bəndi. İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbeh növünü tətbiq edə bilər.
19. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
20. Maddə 288, “a” bəndi. Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır:
21. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
22. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin bu sahədə tətbiq edilməli olan normalarına uyğun olmuşdur.
32. belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ASL1493 nömrəli əmək müqaviləsindən və əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında həmin tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu təchizat üzrə mütəxəssis vəzifəsinə 12 ay müddətinə işə qəbul edilmişdir.
33. xx.xx.2022-ci il tarixli ASL1493 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, əmək müqaviləsinə dəyişiklik edilmiş, İddiaçı təchizat üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir.
34. Təchizat üzrə baş mütəxəssisin vəzifə öhdəliklərinə dair Əlavə 1-də qeyd olunur ki: Şirkət və onun layihələri adından materialların/xidmətlərin təchizatına nəzarət edir, xərcləri optimallaşdırır və tələb olunan vaxt məhdudiyyətlərinə və keyfiyyət standardlarına nəzarət edir, Layihə üzrə təchizatçı siyahısının müəyyən edilməsində əməkdaşlıq edir, bazar və məhsul araşdırması və xərclərin təhlilini aparır, tenderlərin hazırlanması mərhələsində potensial təchizatçılara nəzarət edir, tenderlərin keçirilməsi zamanı məxfiliyə zəmanət verir, departament ilə xüsusi təchizat ehtiyaclarını və spesifikasiyaları müəyyən edir, dövri və xüsusi hesabatlar hazırlayır və təchizatçılarvə yeni məhsullar, habelə müvafiq qeydlər və formalar haqqında aktual məlumatların mövcudluğunu təmin edir və s.
35. Tam maddi məsuliyyət haqqında ASL1493 nömrəli müqavilənin 3-cü bəndinə əsasən, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda işəgötürərənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: əmək funksiyalarına görə saxlanmaq, daşınmaq, istifadə və başqa məqsədlər üçün ona verilmiş əmlakın, pulun və digər sərvətlərin salamatlığını təmin etməyə borclu olduğu halda, o, əmlakı, pulu və ya digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati hüquqpozmalar, yaxud cinayət habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlaməti olduqda; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsullarla ziyan vurduqda; alkoqol, toksik (zəhərli) və ya narkotik maddələrdən sərxoşlanmış vəziyyətdə ziyan vurduqda; işəgötürənin (və ya onunla müqavilə münasibətlərində olan (olmuş) hüquqi və ya fiziki şəxslərin) şəxsi, bank, kommersiya, “Nou-Hau” sirlərini yaydıqda; işəgötürənin şəxsiyyətini və təsərrüfat imicini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurduqda.
36. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 003-24/K nömrəli “İşçinin işdən kənar edilməsi barədə” əmrinin surətindən görünür ki, işəgötürən tərəfindən ƏM-nin 62-ci maddəsi rəhbər tutulmaqla, mülkiyyətçilərin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə, xx.xx.2024-cü il tarixdən əmək haqqının saxlanılması şərti ilə Nəzarət və Araşdırma şöbəsi araşdırmanı yekunlaşdırana qədər Təchizat üzrə menecer X6, təchizat üzrə baş mütəxəssis İddiaçı və istismar xidmətləri üzrə qrup rəhbəri X7 işdən kənarlaşdırılmışlar.
37. xx.xx.2024-cü il tarixli “Təchizat şöbəsinin meneceri Nərmin Hacıyeva və həmin şöbənin böyük mütəxəssisi İddiaçı tərəfindən törədilən uyğunsuzluq və saxtakarlıq halları” barədə aktın surətindən görünür ki, Cavabdeh MMCnin Nəzarət və Araşdırma şöbəsinin böyük mütəxəssisi Emil Əhmədli, daxili auditi Qalib Abdallı, Nəzarət və Araşdırma şöbəsinin müdiri Rəşad İmanov bu aktı tərtib ediblər ondan ötrü ki, həqiqətən təchizat şöbəsində menecer vəzifəsində çalışan Nərmin Hacıyeva və həmin şöbədə böyük mütəxəssis vəzifəsində çalışan İddiaçı tərəfindən aşağıda qeyd olunan uyğunsuzluq və saxtakarlıqlar edilmişdir: 1) İddiaçı və Nərmin Hacıyevanın iştirakı ilə təchizatçıdan bazar qiyməti daha baha olan brend markalı məhsul sifarişi ilə daha ucuz, fərqli marka məhsul alışı olmuşdur. Təchizatçı bahalı məhsul tələbi olan alışlarda qalib seçilmişdir, lakin faktiki olaraq daha ucuz olan məhsulu şirkətə təhvil vermişdir (Assa Abloy). Nərmin Hacıyeva və İddiaçı ilə görüş keçirildi, adları qeyd olunan əməkdaşlar təchizatçının onlara fərqli brendin (bazar qiyməti çox ucuz olan “Omni” markası) məhsulunu verməsi barəsində məlumatsız olduqlarını bildirdilər. Araşdırma zamanı isə məlum olmuşdur ki, təchizatçı ucuz brend markasını təklif etməsini göndərdiyi qiymət təkliflərində qeyd etmişdir, bu isə öz növbəsində Nərmin Hacıyeva və İddiaçı qeyd olunan baha alışdan məlumatlı olmasını təsdiq edir. Nərmin Hacıyeva və İddiaçı digər şirkətlərin tələbə uyğun olan fərqli brendli məhsullarının təklifini uyğunsuzluq kimi görmüş və onlardan alış etməmişlər. "xxxx" təchizatçısından alış zamanı isə fərqli brendin məhsullarının alınmasına şərait yaratmışlar. Nərmin Hacıyeva və İddiaçı təsisat şöbəsi tərəfindən “Kale”markalı məhsul alınması üçün sorğunu qəbul etmişlər. Təchizatçılardan “Kale” markası əvəzinə “Assa Abloy” markalı (bazar qiyməti ən bahalı olan) brendin məhsulun tələbi üçün qiymət sorğusu istənilmişdir. Ən ucuz qiymət təklifi etmiş "xxxx" təchizatçısı isə “Assa Abloy” brendinin əvəzinə “Omni” brendinə məxsus məhsulu göndərmişdir. Yuxarıda qeyd olunan səbəblərdən təchizatçıya, şirkət tərəfindən alınan məhsullara görə bazar dəyərindən 8323 (səkkiz min üç yüz iyirmi üç) manat artıq ödəniş olunmuşdur. "xxxx" təchizatçısı iştirak edən BİD-lərdə uduzan hallarda yenidən daha ucuz qiymət təklifi göndərir (sonuncu təklif) və məhsul alışı təchizatçılar arasında bölünərək qalib olur. Digər təchizatçılar uduzan BİD-lərdə isə məhsul bölgüsü aparılmır və bu səbəbdən şirkət tərəfindən alınan həmin məhsullara görə ümumi 4830 (dörd min səkkiz yüz otuz) manat artıq ödəniş olunmuşdur. "xxxx" təchizatçısı qalib olduğu BİD-də yenidən qiymətləri qaldıraraq təklifi göndərmiş və qalib olmuşdur. "xxxx" təchizatçısı məğlub olduğu BİD-lərdə alışın son günü digər təchizatçılar qiymət təklifi göndərdikdən uzun müddət sonra, yenidən qiymət təklifi almış və cüzi fərq ilə qalib olmuşdur. Qeyd olunan alış zamanı Nərmin Hacıycva və İddiaçı digər təchizatçılardan qiymət sorğusunu istəməmişlər. Nərmin Hacıyeva və İddiaçı tərəfindən "xxxx" təchizatçısı iştirak edən BİD-lərdə digər təchizatçılardan qiymət sorğusu alınmır. BİD sənədində digər təchizatçıların qüvvədə olmayan qiymət təkliflərini "xxxx" təchizatçısından aldığı yeni qiymət təklifi ilə müqayisə edərək "xxxx" təchizatçısını qalib etdirmişdir. Bu uyğunsuzluq daha çox Alüminium lövhələrin (Chekenboard) alışı zamanı olmuşdur. Aliminium lövhələri Google-da axtarış edilən zaman ilk çıxan sayt olan “Caspinox” təchizatçısı ilə əlaqə saxlanıldı, şirkətin 250 (iki yüz əlli) manat məbləğində aldığı məhsula 170 (yüz yelmiş) manat məbləğində təklifi alınmışdır. Qeyd olunan məhsul birbaşa istehsalçı ilə əlaqə saxlanılıb endirim istənilməklə 7118 (yeddi min yüz on səkkiz) manat daha ucuz almaq mümkündür. Nərmin Hacıyeva və İddiaçı tərəfindən mağazalarda olan müştəri arabaları üçün təkərlərin alışı zamanı qiymət fərqi aşkarlanmışdır. Satınalınan təkərlər Türkiyənin “Kama” brendinə məxsusdur və “Kama” şirkəti özü də BİD-də iştirak etmişdir lakin baha qiymət təklifinə görə qalib olmamışdır. “Kama” şirkətinin təchizat komandası və araşdırma komandasına təklif etdiyi qiymətlərdə ciddi fərq mövcud olmuşdur. Qeyd olunan məhsuldan 73425 (yetmiş üç min dörd yüz iyirmi beş) manat dəyərində alış olunmuşdur, birbaşa istehsalçı ilə əlaqə saxlanılıb endirim istənilməklə 12925 (on iki min doqquz yüz iyirmi beş) manat daha ucuz almaq mümkündür. Nərmin Hacıyeva və İddiaçı qeyd olunan məhsulu "xxxx" təchizatçısından 13,50 (on üç manat 50 qəpiyə) almışlar, hal-hazırda isə "xxxx" təchizatçısından 12,83 (on iki manat səksən üç qəpiyə) alınmışdır. Nərmin Hacıyeva xx.xx.2022-ci il tarixdə “Teams” proqramında İddiaçı istehsalçının köçürmə ilə verməyəcəyi məhsulu "xxxx" təchizatçısına bildirməsi və o məhsulu "xxxx" təchizatçısından alması barəsində göstəriş vermişdir və nəticədə yazışmada qeyd olunan məhsul "xxxx" təchizatçısından alınmışdır. Bu da öz növbəsində "xxxx" ilə Nərmin Hacıyeva arasında münasibətin olmasının təsdiqidir. Nərmin Hacıyeva xx.xx.2023-ci tarixdə “Teams” proqramında İddiaçı sorğu məbləğinin 5000 (beş min) manata qədər azaltmasını və yalnız özünün imzalamasını bildirmişdir, əlavə olaraq sorğunu açan əməkdaşlara sayının azaltmasını, lazım olarsa sonra yenidən alınması üçün xahiş etməsini bildirmişdir. Yuxarıda yazılanları nəzərə alaraq yekunda bildirmək istəyilər ki: Tərtib olunmuş sənədin 1-ci və 2-ci bəndində Nərmin Hacıyeva və İddiaçı tərəfindən "xxxx" təchizatçıdan “Assa Abloy” brendinə məxsus yanğın çıxış qapısının kilidlərinin alınması zamanı şirkətə 8323 (səkkiz min üç yüz iyirini üç) manat ziyan vurulması sübut olundu. Həmçinin tərtib olunmuş sənədin 3-cü bəndində Nərmin Hacıyeva və İddiaçı tərəfindən öz səlahiyyətlərindən sui-istifadə edərək təchizatçılara fərqli yanaşmışlar və bu səbəbdən şirkətə 4830 (dörd min səkkiz уüz otuz) manat ziyan dəyməsi sübut olundu. Tərtib olunmuş sənədin 6-cı bəndində "xxxx" təchizatçısı barəsində Nərmin Hacıyeva və İddiaçı arasında yazışmada qeyd olunan məhsul alışının həmin təchizatçıdan alınması adları çəkilən işçilərin "xxxx" təchizatçısına prioritet yanaşması sübut olundu. Tərtib olunmuş sənədin 8-ci bəndində Nərmin Hacıyeva və İddiaçı tərəfindən keçirilən BİD-lərdə qüvvədə olmayan qiymət təkliflərinin salınması sübut olundu. "xxxx" Təchizatçısının barəsində aparılmış araşdırma nəticələri öz növbəsində sübuta yetirir ki, həmin təchizatçının tanıdılması da şirkət maraqlarına cavab vermirdi. Bu təchizatçı ilə bağlı aparılan araşdırma nəticələri sübut edir ki, adları araşdırma detallarında qeyd olunan məsul şəxslərin öz şəxsi maraqları ön plandadır. Təchizatçı "xxxx" fərqli brendə məxsus məhsul verməsini təsdiq etmişdir və bu səbəbdən şirkətə ziyan vurmasını şifahi olaraq qəbul etmişdir.
38. xx.xx.2024-cü il tarixli Qüsur aktından görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli EBDY 083105 nömrəli və xx.xx.2024-cü il tarixli EBEA 252605 nömrəli elektron qaimə fakturalar barədə aşağıdakı razılığa gəlinmişdir:- "xxxx" MMC təsdiq edir ki, yuxarıda qeyd edilmiş qaimə fakturalar vasitəsi ilə Cavabdeh MMC-yə təqdim edilmiş metal təkərlər istifadə üçün kifayət qədər yararlı deyil. Buna görə də həmin elektron qaimə fakturalarda qeyd edilmiş ƏDV daxil qiymətin yalnız müəyyən hissəsi Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödəniləcəkdir; Cavabdeh MMC tərəfindən EBDY 083105 nömrəli elektron qaimə faktura üzrə 1054,45 AZN (ƏDV daxil) və EBEA 252605 nömrəli elektron qaimə faktura üzrə isə 1058,46 (ƏDV daxil) olmaqla, cəmi 2116.91 (ƏDV daxil) ödəniş ödəniləcəkdir (metal təkərlər üçün); Qiymət azalması EBDY 083105- QD 2404 00680119; EBEA 252605- QD 2404 ********.
39. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 024 nömrəli məktubundan məlum olur ki, müxtəlif tarixlərdə Cəmiyyətin əməkdaşları şirkətlərindən “Assa Abloy” markalı qapı kilidlərinin qiymətini sorğulamışdır. Şirkət tərəfindən göndərilən qiymət təkliflərində məhsul adı bilərəkdən dəyişdirilərək “Omni” markasının adı qeyd edilmiş, lakin qiymət olaraq “Assa Abloy” markalı kilidlərin qiyməti yazılmışdır. Bu təkliflər Cəmiyyətin əməkdaşları tərəfindən təsdiqlənmiş və nəticədə bazar qiyməti daha aşağı olan “Omni” markalı kilidlər “Assa Abloy” markalı kilidlərin qiymətinə Cəmiyyətə satılmışdır. Qeyd edirlər ki, törədilmiş əməl nəticəsində Cəmiyyətə maddi ziyan vurulmuş və şirkət 35000 (otuz beş min) manat qazanc əldə etmişdir. Gələcəkdə bu halların qarşısını almaq üçün şirkətləri daxilində müvafiq qabaqlayıcı tədbirlərin görüldüyünü və əməkdaşlıqlarındakı etimadı bərpa etməyə çalışacaqları bildirilmişdir.
40. xx.xx.2024-cü il tarixi T0639-24 nömrəli əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmaq işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. “Azərbaycan Supermarket" MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan X6 və təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan İddiaçı təchizatçılardan məhsulların alınması zamanı ciddi uyğunsuzluqlara yol verərək bazar qiyməti baha olan markaya aid məhsullar sifariş etmiş, lakin fərqli markalı ucuz məhsullar almışlar. Təchizatçı tərəfindən göndərilən qiymət təkliflərində ucuz markaya aid məhsulun qeyd edilməsi Nərmin Hacıyeva və İddiaçı baha qiymətli məhsul əvəzinə ucuz qiymətli məhsul göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiyini təsdiq edir. Buna misal olaraq təchizatçının qiyməti yüksək olan “Assa Abloy” markalı məhsul əvəzinə qiyməti ucuz olan “Omni” markalı məhsulu göndərməsini göstərmək olar. Alınan bu məhsullara görə təchizatçıya məhsulların real dəyərinin bir neçə misli qədər artıq ödəniş olunmuş və nəticədə işəgötürənə maddi ziyan vurulmuşdur. Bununla yanaşı, Cavabdeh MMC bu və ya digər malların alınması üçün keçirilən tenderlər zamanı təchizatçılara bərabər imkanlar yaratmaqla onlar arasında şəffaf rəqabətin təmin edilməsini əsas prinsiplərindən hesab edir. X12 və İddiaçı "xxxx" adlı təchizatçıya digər təchizatçılarla müqayisədə haqsız üstünlük vermişdir. Belə ki, onlar digər təchizatçıların sifariş olunan markadan fərqli markaya məxsus məhsul təkliflərini uyğunsuzluq kimi qiymətləndirərək Cəmiyyətə məhsullar vermələrinə maneə yaratmışlar. Buna baxmayaraq "xxxx" sifariş edilən markadan fərqli markalı məhsul göndərsə də, bu hala göz yummuş və onlardan məhsul alınmasını davam etdirmişlər. Bununla da Nərmin Hacıyeva və İddiaçı Cəmiyyətin yuxarıda qeyd edilən şəffaf rəqabət və bərabərlik prinsiplərini pozmuşlar. Cəmiyyətin tapşırığı ilə hər iki işçinin əmək münasibətləri dövrü yoxlanılmış və məlum olmuşdur ki, onlar bütün dövrlərdə öz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində işəgötürənə maddi ziyan vurmuşlar. Bununla bağlı aidiyyəti işçilərdən izahat alınmışdır. Yuxarıda qeyd edilənləri və Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndini rəhbər tutaraq, Cavabdeh MMC-də təchizat üzrə menecer vəzifəsində çalışan X3 və təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2024-cü il tarixindən xitam verilmiş, Cəmiyyətin baş mühasibinə tapşırılmışdır ki, işçilərin əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) onlara son haqq-hesabının ödənilməsini (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçilərə ödənilməli əmək haqqı və digər ödəmələr) təmin etsin, bu əmrin birinci bəndi ilə əmək müqavilələrinə xitam verilməsi barədə bildirişlər “Əmək müqaviləsi bildirişi" X1 daxil edilməsi əmr edilmişdir. Əmrə əsas verən sənədlər: işçilərin izahatları və xx.xx.2024-cü il tarixli akt.
41. İddiaçı Əmək kitabçasının surətindən görünür ki, xx.xx.2024-cü il tarixi T0639- 24 nömrəli əmrə müvafiq olaraq “Azərbaycan Supermarket" MMC-də təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
42. MŞB/MT015/2024-0135/02 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.
43. WhatsApp, email yazışmaları və sifarişlərdən görünür ki, Cavabdeh MMC-nin təchizatçıları "xxxx" MMC-dən yalnız “Assa Abloy” markalı qapı kilidlərinin qiymətini tələb etmişlər, lakin “Omni” markalı kilidlər almışlar .
44. Kollegiya ilk növbədə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin xitamı əsası kimi müraciət etdiyi Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. Qeyd olunan norma onun məzmunundan da aydın olduğu kimi 2 müstəqil tərkib hissəyə malik olduğundan bunların hər biri bir-biri ilə vəhdətdə təhlil edilməlidir. Belə ki, hazırki iş üzrə işçi barəsində adıçəkilən normanın tətbiqi üçün: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli; 2) bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması kimi faktlar mövcud olmalıdır.
46. İşin müəyyən olunmuş faktiki hallarından və tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, iddiaçının vəzifə öhdəliklərinə Şirkət və onun layihələri adından materialların/xidmətlərin təchizatına nəzarət etmək, xərcləri optimallaşdırmaq və tələb olunan vaxt məhdudiyyətlərinə və keyfiyyət standardlarına nəzarət etmək, bazar və məhsul araşdırması və xərclərin təhlilini aparmaq və digər bu kimi öhdəliklər aiddir. 2024cü ildə cavabdeh tərəfindən aparılmış daxili araşdırma nəticəsində təchizat üzrə baş mütəxəssis vəzifəsində çalışan iddiaçının fəaliyyəti dövründə özünün vəzifə öhdəliklərini pozaraq, işəgötürənə maddi ziyan vurması aşkar olunmuş, bu barədə həmçinin müvafiq akt tərtib olunmuş, iddiaçının izahatı alınmışdır.
47. Belə ki, həmin aktdan görünür ki, iddiaçı əmək fəaliyyəti dövründə ciddi nöqsanlara yol verərək bahalı markaya məxsus məhsullar sifariş vermiş, lakin ucuz qiymətə olan fərqli markalı məhsullar almış, qiymət olaraq isə əldə edilən ucuz markalı məhsulun deyil, bahalı markalı məhsulun dəyərini ödəmişdir. Təchizatçı tərəfindən göndərilən qiymət təkliflərində ucuz markaya aid məhsulun qeyd edilməsi iddiaçıya baha qiymətli məhsul əvəzinə ucuz qiymətli məhsul göndərilməsindən məlumatlı olduğunu və bu uyğunsuzluğa qəsdən yol verdiyini təsdiq edir. Buna misal olaraq təchizatçının qiyməti yüksək olan “Assa Abloy” markalı məhsul əvəzinə qiyməti ucuz olan “Omni” markalı məhsulu göndərməsini göstərmək olar. Alınan bu məhsullara görə təchizatçıya məhsulların real dəyərinin bir neçə misli qədər artıq ödəniş olunmuş və nəticədə işəgötürənə maddi ziyan vurulmuşdur. Bundan əlavə Cəmiyyətin adından keçirilən tenderlər zamanı iddiaçı təchizatçılar arasında ayrı-seçkiliyə yol verərək "xxxx" MMC-yə üstünlük vermiş və digər təchizatçıların qalib olmasına maneələr yaratmışdır. Cəmiyyətin tapşırığı ilə işçinin əmək münasibətləri dövrü yoxlanılmış və məlum olmuşdur ki, bütün dövrlərdə öz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində işəgötürənə maddi ziyan vurmuşdur. Bununla bağlı aidiyyəti işçilərdən izahat alınmışdır.
48. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin məktubu, İddiaçı ilə email və WhatsApp yazışmaları, sifariş məktubları da qeyd edilən halları təsdiq edir.
49. Kollegiya qeyd edir ki, ƏM-nin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir.
50. Göründüyü kimi göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir.
51. Belə olan halda kollegiyanın qənaətinə görə iddiaçının əmək qanunvericiliyinin əsas prinsip və tələblərini pozması, aparılmış yoxlama nəticəsində işəgötürənə maddi ziyan vurması aşkar olunduğundan işəgötürən tərəfindən onun əmək müqaviləsinə ƏMnin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə tam əsas olmuşdur.
52. Həmçinin kollegiya qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, o, əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmişdir, belə ki, kifayət qədər əsaslandırılmış, müvafiq normalara istinad edilmişdir və s.
53. Beləliklə, kollegiya hesab edir ki, mübahisələndirilən əmrin ləğvi üçün hər hansı əsas müəyyən edilmir, işin tədqiq edilmiş hallarından iddiaçının yol verdiyi hərəkətlərlə cavabdehə maddi ziyan vurması faktı açıq-aşkar görünür. İddiaçı tərəf isə qanunsuz olaraq işdən azad edildiyini iddia etsə də, bunu təsdiq edən halları sübut edə bilməmişdir.
54. Qeyd edilən hissədə iddia əsassız olduğundan qalan hissələrdə də təmin edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
56. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
58. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli 2(007)- 2721/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev