Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1995/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(006)-745/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, sorğuya cavab verilməsi öhdəliyi qoyularaq, qiymətləndirməyə dair hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hərəkətlərini qanunsuz hesab edərək, sorğuya cavab verilməsi vəzifəsini üzərinə qoyaraq, onun tərəfindən ünvan 1 ünvanda ümumi sahəsi 9,0 kv.m olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsinə dair bilə-bilə yalan hesabat tərtib etdiyi üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını, həmin məsələnin araşdırılması məqsədi ilə xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsini xahiş etmişdir. Sonradan, İddiaçı MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hərəkətlərinin qanunsuz hesab edərək, sorğuya cavab verilməsi vəzifəsini üzərinə qoyaraq, onun tərəfindən ünvan 1 ünvanda ümumi sahəsi 9,0 kv.m olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsinə dair bilə-bilə yalan hesabat tərtib etdiyi üçün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmin məsələnin araşdırılması məqsədi ilə xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(006)-736/2019 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddiaçı X3 cavabdeh İddiaçı MMCyə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin məhkəmənin 31.01.2019-cu il tarixli, 2(006)-736/2019 saylı qərardadı ilə ünvan 1 ünvanda ümumi sahəsi 9,0 kv.m olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar dəyərinin nə qədər təşkil etməsinə dair məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İdarə 15.03.2019-cu il tarixli məktubla xidmət haqqı ödənilmədiyi üçün iş materiallarını geri qaytarmışdır. Bundan sonra, məhkəmə 31.05.2019-cu il tarixli qərardadla əvvəlki qərardadını yenidən icraya yönəltmiş, qərardadda bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında eksperti xəbərdar edərək, ekspertizanın keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. Qiymətləndirici isə iddiaçıdan lazımi xidmət haqqını əvvəlcədən aldığı üçün əmlakın 1 kv.m-nin dəyərinin 10.000 manat olduğuna dair bilə-bilə yalan rəy vermişdir. İddiaçı MMC-nin vəkili tərəfindən cavabdeh "xxxx" MMC-yə 06 avqust 2020-ci il tarixdə sorğu verilərək göstərilmişdir ki, qiymətləndirici ekspert X5 həmin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair 01 iyul 2019-cu il tarixli hesabat tərtib edərək orada qeyd etmişdir ki, qiymətləndiricinin haqqının ödənilməsi əmlakın dəyərindən asılı deyil. Sorğuda xahiş edilmişdir ki, qiymətləndiricinin haqqının nə vaxt, kim tərəfindən və nə qədər ödənilməsinə dair müvafiq sənədlərin təsdiq olunmuş surətini əlavə etməklə ətraflı arayış verilsin. Cavabdeh sorğuya cavab verməmiş, lakin şifahi olaraq bildirmişdir ki, ekspertiza xərcini almamışdır və sorğuya cavab verməyəcəkdir. Halbuki, ekspertiza xərci ödənildiyi üçün məhkəmə qətnamədə həmin xərcin ödənilməsini göstərməmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar (maddə 7, bənd 1). Azərbayan Respublikası MPM-də göstərilir ki, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir (maddə 117.1). Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir (maddə 118.1). Qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir (maddə 220.5). Beləliklə, cavabdehin hərəkətləri şübhə doğurduğundan Azərbaycan Respublikası Prezidentinin Fərmanını əsas tutaraq həmin əmlakın qiymətləndirilməsinə dair ayrı-ayrı qiymətləndirilmə müəssisələrində müstəqil ekspertiza keçirilməsi xahiş edilmiş və müəyyən olunmuşdur ki, cavabdeh əmlakın qiymətini şişirdərək bilə-bilə yalan rəy vermişdir. Belə ki, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən tərtib edilmiş 24.08.2020-ci il tarixli mütəxəssis rəyinə görə həmin əmlakın 1 kv.m-nin bazar dəyəri 45.000 manat təşkil edir, digər "xxxx" MMC-nin qiymətləndiricisinin rəyinə görə əmlakın 1 kv.m-nin bazar dəyəri 45.000 manat təşkil edir. Sonda Azərbaycan Respublikası ƏMDK-ya, eyni zamanda Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-yə müraciət edilərək, göstərilən qeyri-yaşayış sahəsinin real bazar dəyərinin nə qədər təşkil edilməsinə dair tikinti-texniki ekspertizası keçirilməsinə dair rəy verilməsi xahiş olunmuş və həmin rəylərin də tərtib edilməsi nəzərdə tutulur. Hesab edirlər ki, cavabdeh MMC-nin tərtib etdiyi rəy yalan olduğuna görə əsassız sayılmalı və əmlakın qiymətini olduqca şişirdiyi üçün ləğv edilməli, eyni zamanda ekspert bilə-bilə yalan rəy verdiyinə görə xüsusi qərardad çıxarılaraq həmin məsələnin araşdırılması məqsədi ilə prokurora məlumat verilməlidir. Cavabdeh "xxxx" MMC məhkəməyə iddia ərizəsinə etiraz və iddia ərizəsində qeyd olunanlarla bağlı mülahizəni yazılı şəkildə məhkəməyə göndərərək göstərmişdir ki, onlara qarşı sürülən və işgüzar nüfuzlarına xələl gətirən bu iddia tələbini tam əsassız hesab edirlər və iddia tələbində göstərilən faktların məhkəmədə təkrar araşdırılmalı olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Belə ki, MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İddiaçı MMC-dən və ya onun “vəkilindən” ünvanlarına rəsmi qaydada heç bir sorğu məktubu daxil olmadığından, habelə əməkdaşları adı çəkilən sorğunu rəsmi qaydada qəbul etmədiyindən, iddiaçıya qarşı hər hansı qanunsuz hərəkət etmədikləri bəlli olur və iddia tələbinin tam əsassız olduğu sübut olunur. İddiaçı MMC-nin və onun “vəkilinin” qiymətləndirici ekspertlərinin məhkəmə qərardadı əsasında tərtib edilmiş hesabatını (rəyini) hər üç məhkəmə instansiyasında təsdiq edildikdən sonra yenidən məhkəmə qaydasında mübahisələndirməsi tam əsassız və qanunsuzdur. İddiaçı tərəf elə bu səbəbdən, hazırkı mülki iş üzrə iddia ərizəsinə məhkəmə aktlarını əlavə etməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) 31.05.2019-cu il tarixli 2(006)-736/2019 saylı qərardadı icra edilməklə, vətəndaş (iddiaçı) X6 məxsus olan və onun razılığı olmadan sökülmüş 9,0 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsinə dair qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş obyektiv hesabat, 05.07.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Nəticə etibarı ilə həmin mülki iş üzrə cavabdeh İddiaçı MMC-dən iddiaçı G.A.Səfərovanın xeyrinə (9,0 m2 x 10.000 manat = 90.000 manat) vurulmuş maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən hakim Z.Əliyev) 12.02.2020-ci il tarixli 2(102)-1792/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin adı çəkilən qətnaməsi qismən ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmişdir. Hazırda apardıqları araşdırma nəticəsində məlum olmuşdur ki, apellyasiya məhkəməsində cavabdeh “JMR2 MMC-dən iddiaçı X4 xeyrinə əlavə 30.000 manat faiz tutulmaqla, ümumilikdə 121.000 manat pulun tutulması qət edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.08.2020-ci il tarixli 2(102)-3538/2020 saylı qərarı ilə (sədrlik edən hakim İ.Xəlilov), “JMR2 MMCnin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının adı çəkilən qətnaməsi dəyişiklik edilmədən saxlanılmaqla iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Diqqət çəkən məqam ondan ibarətdir ki, hazırkı iş üzrə İddiaçı MMC birinci və apellyasiya instansiyası məhkəmələrində təmsil olunan nümayəndələri “vəkili” vasitəsi ilə "xxxx" MMC-nin qiymətləndirmə rəyini (hesabatını) o zaman mübahisələndirməmiş və təkrar qiymətləndirmə aparılması barədə hər iki məhkəmə instansiyasında vəsatətlə çıxış etməmişlər. Bu hal isə onu deməyə əsas verir ki, 2(006)-736/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan və cavabdeh İddiaçı MMC-dən iddiaçı G.A.Səfərovanın xeyrinə 121.000 manat pul məbləği tutulması barədə qətnamə icraya yönəldildikdən sonra, borclu İddiaçı MMC icra prosesini qərəzli şəkildə ləngitmək və əhkəmələrdə növbəti süründürməçiliyə şərait yaratmaq məqsədi ilə onlara (əslində iş üzrə qərəzsiz tərəfə) qarşı hazırkı əsassız iddia tələbini irəli sürmüşdür. Bu qənaətə gəlmək üçün İddiaçı MMC-nin iddia ərizəsi ilə diqqətlə tanış olmaq kifayət edir. Belə ki, iddiaçı "xxxx" MMC-nin ekspert rəyini şübhə altına alaraq ünvan 1 ünvanda 1 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyərinin 10.000 manat olduğunu mübahisələndirdikləri təqdirdə, hazırda öz sifarişləri ilə müstəqil qaydada tərtib olunan və hazırda sübut kimi təqdim etdikləri digər “Əmlak Bazarı İştirakçıları” və "xxxx" MMCnin rəylərinə əsasən eyni ünvanda 1 kv.m sahənin bazar dəyərinin üç dəfə baha olan 45.000 manat olduğunu qeyd edirlər. Məlum olduğu kimi "xxxx" MMC-nin qiymətləndirici ekspertinin rəyi məhkəmə sifarişi ilə tam qərəzsiz və obyektiv şəkildə hesablanmışdır. "xxxx" MMC-yə qiymətləndirmə xidməti haqqı ödənilmədiyindən, xidmət haqqının məhkəmə qaydasında tərəflərdən tutulması məqsədi ilə mülki iş üzrə yeni qətnamə çıxaran Bakı Apellyasiya Məhkəməsinə müvafiq məktub və hesabfaktura ünvanlanmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(006)-745/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(006)-745/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı MMC-nin vəkili AR “Vəkillər və Vəkillik fəaliyyəti” haqqında qanunun 7, 15-ci maddələrinə əsaslanaraq 06.08.2020-ci il tarixdə “X10” MMC-yə sorğu verərək qiymətləndiricinin haqqının nə vaxt, kim tərəfindən və nə qədər ödənilməsinə dair müvafiq sənədlərin t/o sürətini əlavə etməklə ətraflı arayış verilməsi xahiş edilmişdir. Həmin sorğu 068994 nömrəli yol qaiməsi ilə sürətli poçt xidməti vastəsi ilə göndərilmiş və MMC-də Ruhəngiz xanım adlı şəxs imza edərək qəbul etmişdir (Bax: Yol qaiməsinə). Vəkil sorğusuna cavab verilməyəcəyi bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(006)-745/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, bəli o, qüvvədə olan məhkəmə qətnamələri ilə qiymət verilmiş "xxxx" MMC-nin rəyinin etibarsızlığını mübahisələndirir. Eyni zamanda vəkil sorğusunda ünvan düzgün göstərilməsə də, hesab edir ki, həmin sorğunu cavabdeh almışdır. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(103)- 1995/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(006)-745/2021 saylı qətnaməsi iddianın - "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda ümumi sahəsi 9,0 kv.m olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsinə dair bilə-bilə yalan hesabat tərtib etdiyi üçün etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının predmetində qalan hissə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(006)-745/2021 saylı qətnaməsi ilə iddianın- cavabdeh "xxxx" MMC-nin hərəkətlərinin qanunsuz hesab edərək, sorğuya cavab verilməsi vəzifəsinin üzərinə qoyulmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Bu kontekstdə məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə əsassız oldğundan təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından 06 avqust 2020-ci il tarixdə "xxxx" MMC-yə ünvanlanmış vəkil sorğusundan görünür ki, sorğu Bakı şəhəri, 1-ci mkr, Asif Məhərrəmov küçəsi, ev 21, mənzil 50-yə göndərilmişdir. İş materiallarından Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin məlumatından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, 1-ci mkr, Asif Məhərrəmov küçəsi, ev 21, mənzil 49-dur. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə sorğununun göndərilməsi halı müəyyən edilmir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə rəsmi şəkildə sorğu ünvanlanmamış, cavabdehə sorğu təqdim olunmasına dair sübutlar (xəbərnaməli məktub və s.) məhkəməyə təqdim olunmamışdır. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razalışar. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1995/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1995/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver