Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-200/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18nə qarşı iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması X2 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18nə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-256/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2013-cü il tarixdə Cavabdeh ASC-yə (bundan sonra cavabdeh) işə qəbul edilərək, müxtəlif vəzifələrdə işləmiş, o cümlədən cəmiyyətin xx.xx.2023-cü il tarixli əmrinə əsasən “Bakı Sukanal” İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinə 13-cü dərəcə ilə sahə rəisi vəzifəsinə keçirilmişdir. Bununla bağlı onunla həmin tarixdə müddətli (1 il) yeni əmək müqaviləsi bağlanmışdır.
2. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X18 yaradılmışdır.
3. xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları Nümayəndə2, Elvin Əsgərov, Fikrət Kərimov, habelə iddiaçının bilavasitə rəis olduğu 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin mühəndisi Emil İbrahimov və maşinistləri Cəbrayıl Hüseynov, Əli Məmmədov, Fizuli Dadaşov, Elnur Hüseynov tərəfindən tərtib edilmiş “Pozuntu faktı barədə” aktda göstərilmişdir ki, 13106997 nömrəli iş əmri əsasında 8(11) saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad boruların demontaj işləri 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı tərəfindən icra edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə demontaj işləri düzgün həyata keçirilməmiş, borularda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədi ilə rahat daşınması üçün müxtəlif hissələrə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və demontaj olunmuş borulardan bir hissə işə rəhbərlik edən 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış və pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin 11 saylı nasosxanasının ərazisinə yığılmışdır.
4. Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının “Bakı Şəhər Komitəsi” tərəfindən “Bakı Sukanal” İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda idarənin xx.xx.2023-cü il tarixli müraciətinə (məktubuna) əsasən aparılmış araşdırma zamanı iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud pozduğunun müəyyən edildiyi göstərilmiş bə bununla bağlı onunla bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq ləğv edilməsinə etiraz edilmədiyi qeyd edilmişdir.
5. İddiaçı Bakı Sukanal İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatına sahəsində çıxardıqları boruları ölçüb, aktla idarəyə təhvil verdiyini, işlədiyi müddət ərzində Cavabdeh ASC-yə maddi, mülki və mənəvi zərər vurmadığını, işində heç bir nöqsanın olmadığını, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini göstərmişdir.
6. Bakı Sukanal İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə həmin tarixdən ləğv edililmişdir.
7. “Əmrlə bağlı məlumatlandırma və əmək kitabçasının təqdim edilməsi ilə əlaqədar” xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə İddiaçı ilə xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində telefon əlaqəsi saxlanılaraq barəsində imzalanmış xx.xx.2023-cü il tarixli, 29/K saylı əmrlə bağlı ona məlumat verilmiş və əmr, habelə əmək kitabçasının götürməli olması onun diqqətinə çatdırılmış, lakin o, həmin tarixdə saat 17:50 radələrində geri zəng edərək, idarəyə gələ bilməyəcəyini, həmin sənədlərin ona göndərilməsini xahiş etmişdir.
8. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinə ərizə ilə müraciət edərək, törətdiyi əməllərdən peşmanlıq keçirdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirmiş, eyni zamanda öhdəsində 2 azyaşlı uşağın olmasının nəzərə alınmasını və onun uyğun bir işlə təmin edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/1823/2024 nömrəli rəyinə əsasən xx.xx.2023-cü il tarixli pozuntu faktı barədə aktda “Aktın doğruluğunu öz imzamızla təsdiq edirik” qrafasında 3, 4, 5, 6 və 8-ci sıradakı imzalar müvafiq olaraq Əsgərov Elvin, X10, İbrahimov Emil, Hüseynov Cəbrayıl, X9 tərəfindən icra edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli, 29/ K nömrəli əmrin ləğv edilməsi, Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi vəzifəsinə bərpa edilərək, məcburi iş buraxma müddəti üçün əmək haqqının və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək olan dövr ərzində icra etdiyi vəzifə üzrə hesablanmamış əmək haqqı fərqini təşkil edən 1.920 manat pulun və eyni zamanda mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə əsl olmayan Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsini əsl Cavabdeh ASC ilə əvəz etmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5554/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
13. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işlədiyi müddətdə əmək funksiyasının şərtlərinə və vəzifə təlimatlarına əsasən əmək öhdəliklərini yerinə yetirmişdir. Bu müddət ərzində işəgötürən tərəfindən nə töhmət, nə də ki, yazılı xəbərdarlıq olunmuşdur. Lakin bir müddət sonra onu idarəyə çağıraraq bildirdilər ki, tərəfindən işlər düzgün həyata keçirilməmiş, borularda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədilə rahat daşınması üçün müxtəlif ölçülərə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və montaj olunmuş borulardan bir hissəsi guya onun tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış və pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq 8 saylı kanalizasiya nasosxanasının ərazisinə yığılmışdır. Bu səbəbdən də tərəfindən müəssisənin mülkiyyətçisinin qanuni mənafeyinə ciddi xələl gətirdiyindən və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış xx.xx.2023-cü il tarixli müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixli 29/K nömrəli əmrlə xitam verilmişdir. Əmək Müqaviləsinə xitam verilməsi barədə məlumatı ona Cavabdeh ASC-nin hüquqşünası Nümayəndə2 xx.xx.2023-cü il tarixdə şəxsən zəng edərək bildirdi ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2023-cü il tarixdə verildiyi halda Nümayəndə2 xx.xx.2023-cü il tarixdə necə bilə bilərdi ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Belə nəticəyə gəlmək olar ki, işəgötürən əvvəlcədən heç bir əsaslı sübut olmadan X8 ilə razılaşaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qərarlaşdırmışdır. xx.xx.2023-cü il tarixli, 29/K nömrəli əmrin qanunsuz olmasının birinci dəlili ondan ibarətdir ki, işəgötürən xx.xx.2023-cü il tarixdə onu əmək funksiyasının yerinə yetirilməsini tələb etməklə əmək müqaviləsinin 4.23-cü bəndini və eyni zamanda Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbini pozmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixli, 29/K nömrəli əmrin surətindən göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsinin ləğvi zamanı razılaşmanın aparılmasının təmin edilməsi üçün müəssisədə fəaliyyət göstərən X6 müraciət ünvanlamış və daxil olmuş məktubla onunla bağlanmış müqavilənin ləğvinə etiraz edilməmişdir. Göründüyü kimi, onun hüquqları müəssisədə fəaliyyət göstərən X8 tərəfindən də pozulmuşdur. Belə ki, barəsində qeyd edilən təşkilat tərəfindən əmək mübahisəsi ilə bağlı məsələyə baxılarkən hansı tarixdə iclasın keçirilməsi barədə şəxsən məlumatlandırılmamış və iclasda şəxsən iştirakı təmin edilməmişdir. Onu idarəyə çağırıb ərizə almaqla kifayətlənmişlər. Təşkilatın nizamnaməsinə uyğun olaraq onun iştirakı təmin edilməklə X8 tərəfindən geniş şəkildə iclas keçirilməli, iclas üzvləri işəgötürən tərəfindən təqdim edilmiş və əmək müqaviləsinin ləğvinə əsas olmuş sübutları araşdırmaqla onunla bağlanmış müqavilənin ləğvinə münasibət bildirməli idi. Lakin sadaladığı hallar baş vermədən təşkilatın iclası formal keçirilmişdir. X8 tərəfindən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi məsələsinə mahiyyəti üzrə baxılmamış və qanuni şəkildə qərar qəbul edilməmişdir. X3 iclas protokolu ortaya çıxarılmadığından həmin iclasın həqiqətən də keçirilib-keçirilməməsi, iclasda neçə nəfərin iştirak etməsi və neçə nəfərin çıxış etməsi, çıxışların məzmunu ona məlum deyil. Həmçinin xx.xx.2023-cü il tarixli, 29/K nömrəli əmrin qanunsuz olması barədə növbəti dəlili ondan ibarətdir ki, tərəfindən 8 saylı nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad xəttlər Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin balansında deyil. Lakin Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin rəhbərliyi onun barəsində əsassız ittihamlar sürərək bildirdi ki, guya tərəfindən işlər düzgün həyata keçirilməmiş, borularda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədilə rahat daşınması üçün müxtəlif ölçülərə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və montaj olunmuş borulardan bir hissəsi guya onun tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış və pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq 8 saylı kanalizasiya nasosxanasının ərazisinə yığılmışdır. Əmrdə qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, tərəfindən metal qəbul məntəqəsinə heç bir boru satılmamışdır. Həmin ərazidə işləyən işçilər belə bir faktı təsdiq edə bilərlər ki, ərazidən çıxarılan borular hansı qaydada 8 saylı kanalizasiya nasosxanalarının ərazisinə yerləşdirilmişdir. Bundan əlavə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin 4 saylı kanalizasiya nasos stansiyasının istismarı şöbəsində mühəndis vəzifəsində işləmişdir. Eyni zamanda da Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin rəisinin xx.xx.2022-ci il tarixli, 276/Ş əmri ilə 8 ay, 12 gün Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin idarəetməsi ona həvalə edilmişdir. Qeyd edilən vəzifəni o, 8 ay, 12 gün tam şəkildə icra etmişdir. Lakin Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsi tərəfindən qeyd edilən vəzifə üzrə əmək haqqına əlavə müəyyən edilib ödənilməmişdir. Mühəndis vəzifəsi ilə sahə rəisi arasındakı vəzifə maaşı üzrə fərq 224 manat təşkil edir (2022-ci il tarixli istehsalat təqviminə əsasən 8 ay*224 manat = 1.792 manat, 224 manat/ 21 gün *12 gün =128 manat, 1792 manat + 128 manat = 1.920 manat). Lakin işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri pozularaq 1.920 manat vəzifə maaşı üzrə fərq ona ödənilməmişdir.
14. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli, 29/K nömrəli əmrin ləğv edilməsi, Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi vəzifəsinə bərpa edilərək, məcburi iş buraxma müddəti üçün əmək haqqının və eyni zamanda mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən təktərəfli qaydada ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 256/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X11)
16. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC “Bakı Sukanal” İdarəsində sahə rəsi vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli pozuntu faktı barədə aktdan görünür ki, yaradılmış 13106997 nömrəli iş əmri əsasında 8(11) saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad boruların demontaj işləri 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı tərəfindən icra edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə demontaj işləri düzgün həyata keçirilməmiş, borlarda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədi ilə rahat daşınması üçün müxtəlif hissələrə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və demontaj olunmuş borulardan bir hissə işə rəhbərlik edən 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış və pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin 11 saylı nasosxanasının ərazisinə yığılmışdır. Akt əsasında müəyyən edilən hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmçinin bu pozuntu nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlmişdir. Bundan başqa, iş materiallarına əlavə edilən İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə ilə peşmanlığını bildirməsi akt əsasında müəyyən edilən halların iddiaçı tərəfindən törədilməsini təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahidin ifadəsi də ziddiyyətli olmuş, şahid F.N.Dadaşov İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmaması ilə bağlı halları təsdiq edə bilməmiş, buna görə də məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq həmin ifadələri inandırıcı hesab etməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci, 70ci, 72-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, şahid Füzuli Dadaşov birinci instansiya məhkəməsində aktın saxta tərtib edilməsini geniş şəkildə izah etsə də, nədənsə məhkəmə şahidə sərbəst şəkildə ifadə verməsinə şərait yaratmamış, bundan əlavə şahidin ifadəsini öz qətnaməsində təhrif etmişdir. Məhkəməsi öz qətnaməsində şahid ifadəsinə tənqidi yanaşdığını qeyd etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi İkinci sübut növü isə onun tərəfindən işəgötürənə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədir. Ərizə sübut növü sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəyə baxılarkən cavabdehin nümayəndəsi məhkəmə iclasında məhkəmədən vaxt istəyərək bildirmişdir ki, mübahisəni məhkəmədən kənar həll etmək üçün Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin rəisi Habil Quliyev onunla görüşmək və yenidən işinə bərpa etmək istəyir. Bu səbəbdən də məhkəmə iclası təxirə salınaraq tərəflərə barışıq üçün vaxt verilmişdir. O, Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin məsul şəxslərinin yanına çağırılmış və ona bildirilmişdir ki, onu adi qaydada işə bərpa edə bilməzlər, Cavabdeh ASC-nin rəhbərliyi irad tuta bilər. Bu səbəbdən də ondan qeyd edilən məzmunda ərizə almışlar. Halbuki, onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsində nə də ki, xx.xx.2023-cü il tarixli "Pozuntu faktı barədə" AKT-ın tərtib edilməsində belə bir ərizəyə istinad edilməmişdir. Bundan əlavə X8 tərəfindən işə baxılarkən belə bir ərizəyə istinad edilməmişdir. İşəgötürən tərəfindən qeyd edilən ərizənin alınmasının məqsədi qanunsuz əmri pərdələmək olmuşdur. Ərizəni aldıqdan sonra ona bildirilmişdir ki, rəhbərlik onu işə qəbul etmir. Bu faktlar birinci instansiya məhkəməsinə bildirilsə də, məhkəmə bunlara əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi heç bir sübuta əsaslanmadan düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qanunu pozmaqla əldə edilmiş sübutlara (xx.xx.2023-cü il tarixli "Pozuntu faktı barədə" akta və eyni zamanda xx.xx.2023-cü il tarixli ərizəyə) istinad edərək düzgün olmayan nəticəyə gəlmişdir. Bu da onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X18 yaradıldığını nəzərə alaraq, iş üzrə Cavabdeh ASC-ni onun hüquq varisi “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X18 ilə əvəz etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddianın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
23. Məhkəmə iclasında iştirak edən cavabdeh ““İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X18nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, əsassız olduğunu bildirmiş və bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 19-cu maddəsinə əsasən işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin e) bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X6 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X8 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
30. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır.
31. Əmək Məcəlləsinin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı; 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
32. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh ASC-yə işə qəbul edilərək, müxtəlif vəzifələrdə işləmiş, o cümlədən cəmiyyətin xx.xx.2023-cü il tarixli əmrinə əsasən “Bakı Sukanal” İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinə 13-cü dərəcə ilə sahə rəisi vəzifəsinə keçirilmiş, bununla bağlı onunla həmin tarixdə müddətli yeni əmək müqaviləsi bağlanmışdır. Müvafiq əmr əsasında xx.xx.2023-cü il tarixdə iddiaçının rəis olduğu 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad boruların demontaj işləri sahə rəisi olaraq iddiaçı tərəfindən icra edilmişdir.
34. Lakin sonradan müəyyən edilmişdir ki, demontaj işləri düzgün həyata keçirilməmiş, borularda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədi ilə rahat daşınması üçün müxtəlif hissələrə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və demontaj olunmuş borulardan bir hissə işə rəhbərlik edən iddiaçı (sahə rəisi olaraq) tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmışdır. Sonradan qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq, 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin nasosxanasının ərazisinə yığılmışdır.
35. Bu hal xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Pozuntu faktı barədə” aktla da öz təsdiqini tapır. Həmin akt cavabdehin əməkdaşları, o cümlədən iddiaçının bilavasitə rəis olduğu 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin mühəndisi Emil İbrahimov və maşinistləri Cəbrayıl Hüseynov, Əli Məmmədov, Fizuli Dadaşov, Elnur Hüseynov tərəfindən tərtib edilmişdir. Akta əsasən xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş demontaj işləri nəticəsində demontaj olunmuş borulardan 2 ədədi satış məqsədi ilə müxtəlif hissələrə bölünmüş və həmin hissələr bu işə rəhbərlik edən iddiaçı tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış, bu pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq, 8 saylı 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin 11 saylı nasosxanasının ərazisinə yığılmışdır.
36. İddiaçı aktın saxta olduğunu, həqiqətdə aktın onu tərtib etmiş və imzalamış kimi göstərilən şəxslər tərəfindən imzalanmadığını, bu şəxslərdən biri olan Füzuli Dadaşovun birinci instansiya məhkəməsində ifadə verən zaman aktı imzalamadığını bildirdiyini vurğulayır. Lakin araşdırma zamanı onun bu mövqeyi öz təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Füzuli Dadaşov akta olan imzanın ona məxsus olmadığını bildirmiş, boruların satışının iddiaçı tərəfindən həyata keçirilmədiyini, hansı şəxs tərəfindən keçirildiyini bilmədiyini qeyd etmiş, eyni zamanda, satışa iddiaçının rəhbərlik etdiyini göstərmişdir. Lakin iddiaçı tərəf həmin iclası əks etdirən protokola hər hansı qeyd verməmişdir. Buna baxmayaraq, iddiaçının mövqeyi nəzərə alınaraq, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman verdiyi ifadəyə aydınıq gətirilməsi üçün həmin şəxsin şahid qismində yenidən iştirakının təmin edilməsi iddiaçıya təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı nə onun, nə də ki, aktı imzalamış digər şəxslərin iştirakını təmin edə bilməmişdir.
37. Bundan başqa, aktda olan imzaların həqiqətəndə aktda göstərilən şəxslərə məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası da təyin edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspert tətqiqatı nəticəsində qeyd edilən aktın “Aktın doğruluğunu öz imzamızla təsdiq edirik” qrafasında 3, 4, 5, 6 və 8-ci sıradakı imzaların müvafiq olaraq Əsgərov Elvin, X10, İbrahimov Emil, Hüseynov Cəbrayıl, X9 tərəfindən icra edildiyi müəyyən edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli rəy verilmişdir. Nəzərə alınmalıdır ki, tədqiqat zamanı da X1 olan problemlərə istinad edərək və əlində əsmələrin artmasını səbəb gətirərək, tələb edilən həcmdə imza nümunəsi verə bilmədiyini bildirmiş, nəticədə 3 sətir imza nümunəsi vermişdir. Halbuki, ərizəsinə göstərdiklərini təsdiq edən hər hansı sübut əlavə etmədiyi və 3 sətir imza nümunəsi verdiyi bir halda, onun daha çox imza nümunəsi verə bilməsi də istisna edilmir. Bu səbəbdən məhkəmə kollegiyası da onun aktı imzalamaması barədə ifadəsinə tənqidi yanaşaraq, aktın saxta olması barədə iddiaçının mövqeyini əsassız hesab edir.
38. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda belə bir pozuntuya yol verdiyi, nəticədə müəssisənin (mülkiyyətçinin) qanuni mənafeyinə ciddi xələl gətirildiyi iddiaçıya bildirilmiş və bu əməllərin onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri baxımından ləğv edilməsi üçün əsas olması onun nəzərinə çatdırılmışdır.
39. İddiaçı isə xx.xx.2023-cü il tarixli izahatına sahəsində çıxardıqları boruları ölçüb, aktla idarəyə təhvil verdiyini, işlədiyi müddət ərzində Cavabdeh ASC-yə maddi, mülki və mənəvi zərər vurmadığını, işində heç bir nöqsanın olmadığını, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini göstərmişdir. Lakin bu izahatında istinad etdiyi və boruların ölçülərək (çıxarılan sayda və ölçüdə) idarəyə təhvil verilməsini təsdiq edən hər hansı aktın mövcudluğu müəyyən edilmir. İddiaçı da belə bir aktı məhkəməyə təqdim edə bilmir. Digər tərəfdən iddiaçı hüquqi nəticə etibarı ilə qanunsuz bir əməlin törədilməsində təqsirləndirilmişdir. Belə olan halda, ötən illər ərzində nöqsansız işləmiş, öz xidməti vəzifələrini dürüst və layıqıncə yerinə yetirmiş (məhkəmə bu halı qəbul edir) bir şəxs olaraq iddiaçı daha sərt mövqedən çıxış etməli, o cümlədən göstərilən halların araşdırılmasını və bu əmələ yol vermiş şəxslərin müəyyən edilməklə intizam məsuliyyətinə cəlb edilməsini tələb etməli idi. Onun belə bir hüququ da var idi. Lakin iddiaçı yalnız əvvəlki qüsursuz xidmətinə istinad edərək, belə bir əmələ yol vermədiyini qeyd etmişdir.
40. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməsinə və barəsində qəbul edilmiş əmrin qanunsuzluğunu mübahisələndirməsinə, yəni qəti olaraq belə bir əmələ yol verməməsi mövqeyindən çıxış etməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ünvanlayaraq, törətdiyi əməllərdən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmiş və himayəsində 2 az yaşlı uşağının olmasını nəzərə alaraq, uyğun bir işlə təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin təklifi ilə belə bir ərizə yazdığını (iddiaçının sözlərinə əsasən cavabdehin nümayəndəsi bildirmişdir ki, onu adi qaydada işə bərpa edə bilməzlər, Cavabdeh ASC-nin rəhbərliyi irad tuta bilər. Bu səbəbdən ondan qeyd edilən məzmunda ərizə almışlar.), lakin ərizə alındıqdan sonra rəhbərliyin onu işə qəbul etmədiyinin ona bildirildiyini qeyd etmişdir. Başqa sözlə, iddiaçı aldadılma nəticəsində ərizə yazdığını bildirir. Lakin bu mövqeyini də sübuta yetirə bilmir. Hər bir halda, iddiaçı həmin vaxt vəkillə təmsil edilirdi və bu baxımdan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi qaydası, o cümlədən barışıq sazişinin bağlanmasının mümkünlüyü barədə məlumatlı olmalı, həmçinin, iddiaçını bu ərizəni yazmağa vadar edən vəziyyət yaranmalı idi. Başqa sözlə, ərizənin yazılmasından əvvəl bu ərizəni təminat altına alan sövdələşmə olmalı idi. Lakin belə bir halların olması da müəyyən edilmir. Əksinə həmin ərizənin yazılmasından bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunda tərəflərin ayrı-ayrılıqda barışığın olmadığını bildirməsi barədə qeydin olduğu və barışıqla bağlı hər hansı fikirlərin əks etdirilmədiyi müəyyən edilir. Nəzərə alınmalıdır ki, iddiaçı bu ərizə ilə bağlı hazırki mövqeyinə uyğun olaraq, aldadıldığını bildikdən sonra cavabdehə həmin ərizəni təkzib edən ərizə yazmalı və hazırki mövqeyini orada əks etdirməli idi. Lakin belə bir ərizə də yazılmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının bu mövqeyini də əsassız hesab edir.
41. Bununla belə, cavabdehə məxsus boruların iddiaçının rəhbərliyi ilə demontaj olunandan sonra hissələrə kəsilərək, qanunsuz olaraq metal qəbul məntəqəsinə satılması və bu hal müəyyən edildikdən sonra onların həmin məntəqədən geri alınması öz təsdiqini tapır. Məhz bu hallara yol verməsi səbəbindən cavabdehin xx.xx.2023-cü il tarixli, 29/K nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmış, o cümlədən iddiaçının konkret olaraq hansı kobud pozuntuya yol verdiyi, o cümlədən təqsirli hərəkətlərin nədən ibarət olduğu göstərilmişdir. Cavabdehin mövqeyi əmrin qəbul edilməsinə əsas olmuş sənədlərlə və iş materiallarında olan sübutlarla təsdiq edilir. Hətta hazırki icraat zamanı iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflər izahat verərkən və biri-birinin suallarını cavablandırarkən iddiaçı əmrdə göstərilənləri dolayısı ilə etiraf da etmişdir.
42. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən əvvəl Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsinin razılığının alınması ilə bağlı prosedurda da hər hansı pozuntunun olduğunu müəyyən etməmişdir. Hüquqi nəticə etibarı ilə bu məsələ üzrə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilmişdir. Barəsində məsələyə baxılan şəxsin (iddiaçının) həmin komitənin iclasında iştirakının təmin edilməsinin məcburiliyi ilə bağlı isə qanunvericilikdə hər hansı müddəa mövcud deyil.
43. Məhkəmə kollegiyası iddiaçının demontaj işlərinin görüldüyü xx.xx.2023-cü il tarixinin şənbə günü olması və işəgötürənin həmin tarixdə ondan əmək funksiyasının yerinə yetirilməsini tələb etməklə əmək müqaviləsinin 4.23-cü bəndinin, eyni zamanda Əmək Məcəlləsinin 107-ci maddəsinin tələblərini pozması barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu hal mübahisələndirilən əmrin ləğv edilməsi üçün deyil, iş vaxtından artıq vaxtda işə cəlb olunduğuna görə əlavə əmək haqqının verilməsini tələb etmək üçün əsas yaradır. Hər bir halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsi hər hansı digər əsasla deyil (məsələn, şənbə günü əmək funksiyalarını icra etməkdən imtina etmə, həmin günü işə gəlməmə və sair), məhz cavabdehə məxsus olan boruların hissələrə kəsilməklə metal qəbul məntəqəsinə satılması əsası ilə ləğv edilmişdir.
44. Bununla belə, iddiaçı mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli əmrdə göstərilən əməllərə yol vermiş, onun tərəfindən və rəhbərliyi ilə buna hər hansı səlahiyyəti olmadan, demontaj olunmuş borulardan 2 ədəd borunun satış məqsədi ilə rahat daşınması üçün müxtəlif hissələrə bölünməsi və metal qəbul məntəqəsinə satılması tam olaraq öz təsdiqini tapmışdır. Bu da öz növbəsində onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70 “ç” maddəsi ilə xitam verilməsi üçün əsas yaradır. Qeyd edilənlər öz növbəsində əmrin qanuni olduğunu və əmək məcəlləsinin tələblərinə riayət edilməklə çıxarıldığını təsdiq edir.
45. Məhkəmə kollegiyası “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, habelə mediasiya xərcinin tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələb olduğunu, onların təmin edilib-edilməməsinin bilavasitə “əmrin ləğv edilməsi” tələbinin təmin edilib-edilməməsindən asılı olduğunu və “əmrin ləğv edilməsi” tələbinin də əsassız hesab edildiyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia həmin törəmə tələblərə aid hissədə də əsassızdır.
46. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-xəttşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 110 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 256/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (bir yüz on) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.