Məhkəmə qərarları › İş №2(103)-2003/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2003/2022

15.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2003/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, cavabdeh «Cavabdeh1» MMC-nin nümayəndəsi X2 və X5 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh1» MMC-yə (X5 və İqtisadiyyat Nazirliyi yanında Dövlət və ya Xidmət Aparatının Hüquq Baş İdarəsi üçüncü şəxs qismində) qarşı “dəymiş ziyan və s.” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2665/2021 saylı, 17.12.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı - cavabdeh «Cavabdeh1» MMC-yə (X5 və İqtisadiyyat Nazirliyi yanında Dövlət və ya Xidmət Aparatının Hüquq Baş İdarəsi üçüncü şəxs qismində) qarşı “dəymiş ziyan və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 01.11.2020-ci il tarixdə imzalanmış müqavilədə əks olunan məlumatlar həqiqətə və faktiki əmək fəaliyyətinə uyğun olmadığı üçün iş rejiminin iki növbəli deyil, çox növbəli olaraq qəbul olunmasını, bu müddət ərzində çox növbəli iş rejiminə uyğun olaraq çalışmağının tanınmasını və çıxdığı əlavə axşam və gecə növbələrinə görə hesablanmayan əmək haqqının çalışdığı günlərə və qanunvericiliyə uyğun şəkildə hesablanaraq ona təqdim edilməsi, gecə növbəsində nəzərdə tutulan vaxtdan çox çalışdırılmağına, yeni əmək müqaviləsində ondan xəbərsiz dəyişikliklər edildiyinə və 2021-ci ilin iyun ayından etibarən qabaqcadan xəbərdar etmədən yeni ödəniş sisteminə keçildiyi və müqavilə bağlanmadan çalışıdırıldığına, bu səbəblə də yeni iş tapmağa fürsəti olmadığına və itirilmiş mənfəətə görə 15.000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.11.2020-ci il tarixdən hazırki vaxta qədər “Cavabdeh1” MMC şirkətində mühafizəçi kimi işləyir. Şirkətdə çalışdığı müddət ərzində onun əmək hüquqları dəfələrlə pozulubdur. Bu hüquq pozuntuları onun əmək fəaliyyəti üçün nəzərdə tutulan əlavə maaşın mənimsənilməsi ilə müşahidə olunan əvəzi ödənməmək şərtilə əlavə saat çalışdırılmaq, təhlükəli işlərə yönləndirilmək və sair halları ehtiva etməkdədir. Müqavilədə iki növbəli iş rejimindən bəhs edilsə də bu həqiqəti əks etdirmir. Belə ki, mühafizəsini həyata keçirdiyi obyektlərə dağıtılmaq üzrə servis maşınları ilə alınma vaxtı 20:00, növbəyə başlama vaxtı isə 20:30- dur. Bu isə öz növbəsində çoxnövbəli rejimə uyğundur. Səhər saat 06:00-da bitməli olan iş səhər saat 09:00-da növbənin təhvil verilməsi ilə sonlanmaqdaydı. Şirkət eyni zamanda iddiaçının maaşını, öncədən xəbərdar etmədən və yeni əmək müqaviləsi bağlamadan, saatlıq tarifə uyğun olaraq öncəki əmək haqqından fərqli olaraq daha az tariflə hesablayaraq ödəməyə başlamışdır. Hərçənd öncəki əmək müqaviləsinin müddətinin bitməsindən etibarən o, əmək müqaviləsi olmadan çalışmışdır. Şirkət onun üzərinə basqı edərək, onun hər hansı bir həmkarlar ittifaqına üzv olmağına və hüquqlarını tələb etməyinə hər cür maneə yaradıbdır. Bu basqı onun iş fəaliyyətinə xitam veriləcəyinə dair hədə-qorxu edilməkdə ifadə olunurdu.

3. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, iddiaçı ilə cavabdeh arasında 01.11.2020-ci il tarixdə imzalanmış müqavilədə əks olunan məlumatlar həqiqətə və faktiki əmək fəaliyyətinə uyğun olmadığı üçün iş rejiminin iki növbəli deyil, çox növbəli olaraq qəbul olunmasını, bu müddət ərzində çox növbəli iş rejiminə uyğun olaraq çalışmağının tanınmasını və çıxdığı əlavə axşam və gecə növbələrinə görə hesablanmayan əmək haqqının çalışdığı günlərə və qanunvericiliyə uyğun şəkildə hesablanaraq ona təqdim edilməsi, gecə növbəsində nəzərdə tutulan vaxtdan çox çalışdırılmağına, yeni əmək müqaviləsində ondan xəbərsiz dəyişikliklər edildiyinə və 2021-ci ilin iyun ayından etibarən qabaqcadan xəbərdar etmədən yeni ödəniş sisteminə keçildiyi və müqavilə bağlanmadan çalışıdırıldığına, bu səbəblə də yeni iş tapmağa fürsəti olmadığına və itirilmiş mənfəətə görə 15.000 manat məbləğində mənəvi zərərin və əmək haqqının, mediasiya xidməti üçün ödənilən məbləğ ilə hüquq xidmətlər də daxil 1759,66 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2665/2021 saylı, 17.12.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: İlkin Rüstəmli).

5. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh «Cavabdeh1» MMC şirkətinin, başda Anar Məmmədov olmaq üzrə, səlahiyyətli şəxsləri Şirkətdə çalışdığı müddət ərzində iddiaçının əmək hüquqlarını dəfələrlə pozublar. Bu hüquq pozuntuları, iddiaçının əmək fəaliyyəti üçün nəzərdə tutulan əlavə maaşın mənimsənilməsi ilə müşahidə olunan qarşılığı ödənməmək şərtilə əlavə saat çalışdırılmaq, təhlükəli işlərə yönləndirilmək, sağlamlığa və gigiyena qaydlarına zidd şəraitdə çalışdırılmaq, ləyaqətin alçaldılması hallarını ehtiva etməktədir (Qoşma 1). Səbail Rayon Məhkəməsinə 01 oktyabr 2021 tarixində müraciət etdiyində, Məhkəmə 15.10.2021 tarixli Qərardad ilə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsaslanaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Bu da Birinci İnstansiya Məhkəməsində iddiaçının hüquqlarının kobudça pozulmasının bir başlanğıcı idi. Belə ki, daha öncə iddiaçı şirkətə dəfələrcə müraciət etmiş və bundan ziyadə Qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya qaydasında məhkəmədən kənar prosedur həyata keçirilmişdir. Məhkəmənin qərarına hörmət əlaməti olaraq bir daha Şirkətə iddiaçı və nümayəndəsi X1 (Qoşma 2) dəfələrcə müraciətinə baxmayaraq, şirkət iddiaçının pozulmuş hüquqlarının müdafiəsindən boyun qaçırmış və əlavə olaraq 01.11.2021-ci il tarixində iddiaçının əmək fəaliyyətinə, əvvəlcədən xəbərdar etmədən, xitam vermişdir. Məhkəmə baxışının yenilənməsi üçün ərizə ilə Məhkəməyə müraciət etdiyində, mediasiya və hüquqşünas xərclərinin də əlavə edilməsi niyyəti ilə Məhkəməyə iddia tələbinin artırılmasına dair ərizə təqdim etmiş. Bu zaman ərzində müəyyən oldu ki, Şirkət iddiaçıya ödəməli olduğu və çox növbəli rejim üçün müəyyən olunan maaş kəsintilərini hesabına köçürübdür. Belə olduğu halda Məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə yazaraq, bu məbləğin (1515,15 AZN) tələbdən çıxarılmasını, ancaq mənəvi zərərə əlavə olaraq mediasiya və hüquqşünasın pulunun maddi zərər olaraq saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının prosessual hüquqları dəfələrcə pozulmuşdur. Belə ki, iddiaçıya yetərincə söz verilməmişdir, məhkəmədə qaldırdığı vəsatət baxılmamış, müzakirəyə çıxarmamışdır. Hakim iddiaçı ilə kinayəli şəkildə danışaraq ehtiyacı olduğu pulun miqdarını lağ mövzusu etmişdir. İddiaçının işdən qeyri-qanuni şəkildə çıxarılmağını ıməhkəməyə bildirməyinə baxmayaraq, bu yekun qətnamədə öz əksini tapmamışdır. İddiaçının Şirkət tərəfindən hüquqlarının pozulması Məhkəmədə sübut olunmuşdur və Məhkəmənin 17.12.2021-ci il tarixli, 2(009)-2665/2021 saylı iş üzrə qərarı qeyri-qanunidir. Belə ki, Məhkəmə gedişatı zamanı, Şirkətin iddiaçıya basqı göstərdiyi açıqaşkar üzə çıxmış oldu. İddiaçının hüquqlarının bərpasını tələb edəcəyi halda iddiaçını işdən uzaqlaşdıracağı, üzərinə şər atacağı və sağlamlığına zərər vuracağı ilə ona hədə qorxu gəlirdilər. İddia ərizəsinin baxılmamış saxlanıldığı müddətdə, onların niyyəti Məhkəməyə bildirdikləri kimi, barışıq deyil, iddiaçını daha da çox əzilməyi idi. Belə ki, 03.12.2021-ci il tarixində Prokurorluğa ərizə yazaraq iddiaçını şərləmək təşəbbüsü göstərdilər və yuxarıda da qeyd etdiyi kimi, 01.11.2021 tarixində iddiaçını, öncədən xəbərdar etmədən, işdən çıxadıblar. Bundan ziyadə, iş materiallarından da məlum olduğu kimi Şirkətin iddiaçıya əlavə iş və saatlar üçün ödəniş gerçəkləşdirmədikləri, həm özlərinin etirafı, həm də Əmək Müfəttişliyinin nümayəndəsinin eksprt rəyi ilə öz təsdiqini tapmışdır. Şirkət təmsilçilərinin maaşdan kəsintilərin olmasını boynuna alması, həqiqətən də iki növbəli iş rejimi yerinə çoxnövbəli iş rejiminə uyğun olaraq çalışdırıldığını və beləcə də əməyinin istismar edildiyinin sübutudur. Bundan başqa, Məhkəmə öz qərarında bildirmişdir ki, guya iddiaçı ilə şirkət arasında imzalanan müqavilənin müddəti 01.11.2021 tarixində bitmişdir. Lakin, bu həqiqəti əks etdirmir və iddiaçı ilə Şirkət arasında imzalanan müqavilənin müddəti 01.05.2021 tarixində yekunlaşmışdır. Beləcə də göstərilən tarixdən etibarən iddiaçı əmək müqaviləsi olmadan çalışdırılmışdır. Şirkət nümayəndələri, vergidən yayınmaq və digər korrupsiya hallarını ört-basdır etmək üçün elektron portal sisteminə eyni tarixdə başlayan, lakin müxtəlif tarixlərdə bitən müqavilələr əlavə ediblər. Bu, Şirkət tərəfindən yol verilən saxtakarlıq və cinayət əməlinin bariz nümunəsidir. Belə olduğu halda, iddiaçı həm müqaviləsiz çalışdırılmış, həm də işdən xəbərdar olunmadan uzaqlaşdırılmışdır. Cavabdehin təqdim etdiyi arqumentlər əsassızdır və Məhkəmə tərəfindən qəbul olunması yol verilməzdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları (imzalanmış müqavilə və elektron portalda yer alan elektron müqavilə nümunələri) diqqətə almadı. Bundan əlavə öncədən xəbərdar edilmədən ödəniş şəklinin dəyişdirilməsi də iddiaçının hüquqlarını birbaşa pozan amillər arasındadır. Məhkəmədə dəfələrcə vurğulasa da, iddia ərizəsində göstərsə də, iddiaçının təhlükəli işlərə yönləndirilməyi, təhlükəsizlik və sanitariya şəraitinə uyğun olmayan iş şəraitində çalışdırılmağı, şirkət nümayəndələri tərəfindən ləyaqətinin alçaldılması və bununla da ona mənəvi iztirab törədilməsi Məhkəmədə baxılmayıbdır və bütün müraciətlərim, laqeydliklə qarşılanıbdır. Hətta iş şəraitinin yoxlanılmasına dair qaldırdığı vəsatət müzakirəyə belə çıxarılmayıbdır. Şirkət nümayəndələrinin qanuna zidd əməlləri, qeyri-insani rəftarı və ləyaqətinin alçaldılması iddiaçıya böyük mənəvi zərbə vuraraq mənəvi əzab və iztiraba səbəb olmuşdur. Bundan başqa, çalışdığı iş yerində sanitar qovşağın olmaması (məhkəmədə qeyd etməyimə və yoxlama keçirilməsini tələb etməyimə baxmayaraq, göz ardı edilmişdir) və iddiaçının nəzərdə tutulan iş saatından artıq müddətdə öz təbii ehtiyaclarını qarşılaya bilməməyi, nəinki mənəvi, fiziki əziyyətə səbəb olmuşdur və işgəncə olaraq qiymətləndirilə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif oluna bilər. Məhkəmənin qərarının əsassız və qeyri-qanuni olmasının bir digər sübutu da, hüquq xidmətlərini sübut edə bilmədiyini göstərilməsidir. Lakin bu həqiqəti əks etdirmir, belə ki, 10.11.2021-ci il tarixində məhkəməyə təqdim olunan qəbzlərdə hüquqşünasa ödənilən məbləğ və notarius xərcləri göstərilməkdədir (Qoşma 3-6). Bundan başqa Məhkəməyə Mediasiya prosesini və bu xidmətə görə ödənilən məbləği göstərən sənəd də təqdim edilmişdir. Ancaq bu da Məhkəmənin nəzərindən yayılıbdır. Məhkəmə araşdırması zamanı iddiaçının prosessual hüquqları dəfələrcə, kobudcasına pozulmuşdur, təqdim etdiyi vəsatətlər diqqətə alınmamışdır, qarşı tərəf iddiaçıya qarşı Prokurorluğa müraciət edərək və iş kollektivi arasında şər və qısnama kampaniyasına başlayanda, özünü müdafiə vasitələrindən istifadə etməyi məhdudlaşdırılmışdır. Belə ki, 09.12.2021-ci il tarixində “Elektron daşıyıcı və vasitələrlə yazışmaların yoxlanmasına dair ekspertizanın təyin edilməsi haqqında vəsatət” də, digər vəsatət kimi görmədən gəlindi. Məhkəmə gedişatından belə qənaətə gəlmək olardı ki, guya mənim əsas pretenziyası, əmək haqqından olan kəsintilərin ödənməsi idi. Halbuki, bu, iddiaçının tələbləri arasında yer alan amillərdən biri idi. İddiaçı sadəcə əmək haqqı kəsintilərinin geri qaytarılmasını deyil, eyni zamanda onun digər hüquqlarının bərpasını da tələb edirdi. 2021-ci ilin may ayından etibarən əmək müqaviləsi yenilənmədən çalışdırımışdır (elektron portalda müxtəlif saxtakarlıqlara yol verilib), iddiaçının razılığı olmadan ödəmə rejimi dəyişdirilib və bu barədə maaş günü məlumat verilib, əmək müqaviləsinin şərtləri kobudcasına pozulubdur (iki növbəli rejim yerinə üç növbəli rejimə uyğun çalışdırılmışdır), iş yerində təhlükəsizlik qaydalarına riayət olunmayıbdır (estakadanın olmaması, çalışdığı obyektə qədər qaranlıqda yarım saat piyada getməyi və s.), sağlamlıq və gigiyena şəraitinə uyğun olmayan mühitdə çalışdırılmışdır (sanitar qovşağın, ilk yardım çantasının və s. olmaması), həmkarlar ittifaqına üzv olacağı təqdirdə və ya hər hansı digər yol ilə öz hüquqlarını tələb edəcəyi halda iddiaçının əmək fəaliyyətinə xitam verilməsi, iddiaçıya sağlamlığı və iş nüfuzu ilə hədə-qorxu gəlinməsi, şərəf və ləyaqətinin alçaldılması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Məcəllə) 46-cı maddəsinin 2-ci hissəsinə görəəmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Məcəllənin 77-ci maddəsinin, 4-cü hissəsinə əsasən, əmək fəaliyyətinə xitam verildiyində işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsixəbərdarlıq müddətiəvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmişxəbərdarlıq müddətiəvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Şirkət iddiaçını xəbərdar etmədən işdən azad etdi və iş gününün sonunda işdən azad edildiyini elan etdi, bunun səbəbini soruşanda isə “Anar müəllimin kefi belə istəyir” cavabını almışdır. Bu fakt Məhkəmənin nəzərinə çatdırılmışdı, lakin digər məsələlər kimi diqqətə alınmamışdır. Məcəllənin 195-ci maddəsinə əsasən işəgtürənişçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə və sair hallarda işəgötürənin işçiyə vurduğu ziyana görə maddiməsuliyyət daşıyır. Məcəllənin 238-ci maddəsinə görə işçilərin iş yerlərində sağlamvə təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilməkdədir. İddiaçı Məhkəmədə faktlar təqdim etməyinə və iş şəraitinin yoxlanılmasına dair vəsatət qaldırmağına baxmayaraq, hakim bu faktlara göz yumdu. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi O.İsmayılov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən X5 Xidmətinin nümayəndəsi M.Həsənli bildirmişdir ki, müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı pozuntu olmamış və artıq işlədiyi saatlara görə iddiaçıya ödəniş edilmiş, cavabdeh isə cərimə edilmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 01.11.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı mühafizəçi kimi işə qəbul edilmişdir.

12. 01.11.2021-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitdiyi səbəbindən xitam verilmişdir.

13. MN № ******* inzibati xəta haqqında protokolun surətindən görünür ki, İddiaçı normal əmək və istirahət rejiminə riayət edilməsində, əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verildiyindən “Cavabdeh1” MMC barəsində İXM-nin 192.4 və 198.1.5-ci maddələri ilə inzibatı xəta haqqında protokol tərtib edilmişdir.

14. 16.12.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 24,60 manat məbləğində ödəniş edilmişdir.

15. İş materiallarında olan 05.11.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1515,15 manat məbləğində ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə:

16. Kollegiya iş materiallarının araşdırılması nəticəsində qeyd edir ki, İddiaçı "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 01.11.2021-ci il tarixədək uzadılmış, 01.11.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əlavə işlədiyi saatların əvəzinin ödənilmədiyini əsas gətirərək, məhkəməyə müraciət etmişdir.

17. İddiaçı iddia tələbində və apellyasiya şikayətində çoxnövbəli iş rejimində çalışdığını bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçı onun əmək hüquqlarının cavabdeh tərəfindən pozulması ilə əlaqədar Müfəttişliyə müraciət etmişdir. Aparılan araşdırma zamanı iddiaçının çoxnövbəli iş rejimində çalışdığı müəyyən edilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı gecə növbəsində işləmişdir.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

19. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

20. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən işəgötürən əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin etməlidir.

21. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

22. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

23. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

24. İşin hallarına və qeyd edilən hüquq normalarının tələblərinə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının çoxnövbəli iş rejimində çalışdığı iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin X4 nümayəndəsi apellyasiya instansiyasında və birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı müraciətinə əsasən cavabdeh şirkətdə araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı əlavə çalışdığı saatların əvəzi ödənilməmişdir. Bu səbəbdən şirkət barəsində inzibati xəta haqqındaq protokol tərtib edilmişdir. Bundan sonra şirkət hesablamalar aparmış və iddiaçıya ödəməli olduğu əmək haqqını ödəmişdir.

25. Bununla bağlı kollegiya qeyd edir ki, həqiqətən də iş materiallarında olan 05.11.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 1515,15 manat məbləğində ödəniş edilmişdir.

26. AR Nazirlər Kabinetinin 05 aprel 2001-ci il tarixli 74 saylı Qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir.

27. Qeyd edilən hallara və qanunvericilik normalarının tələblərinə əsasən Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin əlavə iş saatlarına görə hesablanmış və ödənilməmiş əmək haqqını ödədiyindən və bu hal iddiaçının özü tərəfindən də etiraf edildiyindən, habelə iş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surəti ilə öz təsdiqini tapdığından iddia tələbinin “iddiaçının çıxdığı əlavə axşam və gecə növbələrinə görə hesablanmayan əmək haqqının çalışdığı günlərə və qanunvericiliyə uyğun şəkildə hesablanaraq ona təqdim edilməsi” hissəsində əsassız hesab edilərək təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

28. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, şirkət arasında imzalanan müqavilənin müddəti 01.05.2021 tarixində yekunlaşmış və həmin tarixdən etibarən iddiaçı əmək müqaviləsi olmadan çalışdırılmışdır. İddiaçı istinad etdiyi bu halı şirkətin vergidən yayınmaq və digər korrupsiya hallarını ört-basdır etmək üçün elektron portal sistemdə eyni tarixdə başlayan, lakin müxtəlif tarixlərdə bitən müqavilələrin əlavə edilməsi ilə izah etmişdir.

29. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra qeyri-rəsmi olaraq cavabdeh təşkilatda işləməyə davam etməsi iddiaçı tərəfindən sübuta yetirilməmiş və bununla bağlı hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili mülahizə xarakteri daşıyır və qətnamənin ləğvi üçün əsas deyildir.

30. İddia tələbinin və apellyasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir.

31. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

32. M “ ənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur.

33. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

34. Hazırki iş üzrə iddiaçı 15000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə 15000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

35. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

38. İddia tələbinin mediasiya xidməti üçün ödənilən məbləğ ilə hüquq xidmətlər də daxil 1759,66 manat pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 1759.66 manat məbləğində vəsaitin hüquq xidmətləri üçün ödənilməsi iş materialları ilə sübut edilməməklə yanaşı, iddia tələbi rədd edildiyindən, mediasiya xidməti və hüquq xidmətləri üçün ödənilən məbləğ iddia tələbi rədd edildiyindən cavabdeh tərəfindən ödənilə bilməz.

39. Belə ki, Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

40. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

44. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2665/2021 saylı, 17.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar