Məhkəmə qərarları › İş №2(103)-2003/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2003/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2003/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1045/2024saylı, 31 yanvar 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 1991-ci il tarixdə SSRİ X3 rayonun Xudat şəhər Əmanət kassasında qoyulan 40 min (qırx min) rubl əmanətinə görə 2500 manat (iki min beş yüz manat) birdəfəlik verilməli kompensasiya pulunun SSRİ Əmanət Bankının qanuni varisi Cavabdeh ASC-dən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1045/2024 nömrəli 3 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "birdəfəlik ödəmənin ödənilməsi" tələbinə dair iddiasının rədd edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair” vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, iddia ərizəsindəki 40 min (iyirmi min) rubl əmanətə görə 2500 manat birdəfəlik kompensasiya pulunun verilməsi barədə Cavabdeh ASC-yə qarşı iddia tələbini, «Azərbaycan Respublikasi Prezidentinin 14 mart 2012-ci il tarixli, 602 saylı fərmanın tələblərinə əsasən “birdəfəlik ödəmənin verilməsi” tələbi kimi qəbul edilməsi, məhkəmələrin elektron məhkəmə informasiya sisteminə keçməsi ilə əlaqədar (əvvəlki qaydada Nəsimi Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayətinin qəbul edilməməsini nəzərə alaraq) buraxılmış müddət bərpa edilməklə, həmin mülki işə mahiyyəti üzrə baxılmasını Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1045/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1045/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayət ona geri qaytarılmışdır. Məhkəmə iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəblərini (iddiaçının qətnamədən apellyasiya şikayətinin verilməsi qaydasını bilməməsi) üzrlü hesab etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəmə iclasında daha əvvəl xx.xx.2024-cü il tarixli apellyasiya şikayətini məhkəməyə təqdim etdiklərini bildirsə də, sözügedən apellyasiya şikayəti məhkəməyə rəsmi qaydada daxil olmamışdır. Həmçinin daxil olmuş olsaydı da belə, sözügedən xx.xx.2024-cü il tarixli apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada verilməmiş (elektron qayda və elektron kabinet vasitəsi ilə) və ondan sonra 7 ay keçdikdən sonra şikayət verilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1045/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, əks halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o hüquqi savadsızlığından bunları vaxtında edə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1045/2024saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, mülki prosessual hüquqlardan istifadə etməklə proses iştirakçıları vicdanla hərəkət etməli, qanunla onlara verilən hüquqlardan sui-istifadəyə yol verməməlidirlər. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə ki, buraxılmış müddətin bərpası haqqındakı ərizələrə baxılarkən edilməli prosessual hərəkətlərin mülki prosesin uzadılması məqsədi ilə edilib-edilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq işdə iştirak edən şəxsin şikayət vermək hüququndan sui-istifadəyə yol veribverməməsi ağlabatanlıq meyarlarına uyğun olaraq dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququn mütənasibliyi prinsipləri əsasında müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məhkəmə aktlarından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla suiistifadəyə yol vermişdir. Belə ki, mülki işin materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1045/2024 saylı qətnaməsi İddiaçı iddia ərizəsində qeyd edilən ünvanına xx.xx.2024-cü il tarixdə poçtla göndərilmiş və xx.xx.2024-cü il tarixdə xəbərnaməyə (poçt qəbzinə) imzalanmaqla qətnamə rəsmi qaydada əldə edilmişdir (iş mat. səh.155). Bundan sonra xx.xx.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti və «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» vəsatətlə məhkəməyə müraciət etmişdir Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırki işdə müəyyən edilməmişdir. İddiaçının prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi və barəsində hər hansı sübutu təqdim etmədiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan iddiaçı tərəfindən hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1045/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayəti üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1045/2024saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar