Məhkəmə qərarları › İş №2(103)-2004/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2004/2022

10.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2004/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Firidun Xəlilovun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nümayəndəsi İntiqam Hacıyevin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(009)-2481/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.10.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair 05 avqust 2021-ci il tarixli, A21-421 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdeh tərəfindən əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsi, hüquqi yardıma görə 1000 manat və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin arasında 05.10.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əmək münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin Ortopediya-Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya Şöbəsində həkim-resident vəzifəsində fəaliyyət göstərmişdir. Əmək müqaviləsinin bir nüsxəsi ona hələ də təqdim edilməmiş bununla da üzərinə düşən vəzifə öhdəliklərinin siyahısını görə bilməmişdir. Müqavilənin bir nüsxəsinin onda qalmalı olduğunu isə işdən çıxarkən vəkillə söhbət zamanı ona məlum olmuşdur. İşəgötürən müqaviləni ondan gizlətməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Mərkəzi Klinika onun daimi iş yeri sayılmır. Belə ki, o burada həkim-resident kimi Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş və rezidenturanı bitirdikdən sonra başqa tibb müəssisəsində çalışmağı planlaşdırır. Son bir il ərzində şöbə ilə müəssisənin rəhbərliyi arasında yaranmış xoş olmayan münasibətlərdən o, əziyyət çəkmiş olur. Bu məqsədlə bir neçə dəfə işdən çıxarılacağı ilə bağlı kadrlar şöbəsinin rəhbəri tərəfindən hədələnmişdir. Klinika rəhbərliyi 2019-cu ilin may və iyun aylarında onu rezidentura keçməli olduğu Mərkəzi Klinikadan ayıraraq Port Baku adlanan biznes mərkəzində heç bir ödəniş etmədən işləməyə göndərib. Digər yerdə işləməyi barədə nə müvafiq əmr, nə də təhsil aldığı müəssisənin göstərişi olmamışdır. Səbəbini soruşduqda isə rəhbərliyin göstərişidir deyə kifayətlənmişlər. Lakin məsələdən şikayət edəcəyini bildirdikdən sonra dərhal onu öz iş yerinə qaytarmışlar. Orada 2 ay ərzində işləməyi barədə kitayət qədər şahidlər və faktlar mövcuddur. Cavan olduğu üçün ilk vaxtlar klinika rəhbərliyinin bunu edə bilər deyə düşünürdü lakin vəkillə söhbətdən sonra ona məlum oldu ki, klinika rəhbərliyi özbaşına hərəkət edərək onu məcburi əməyə sövq etmişdir. Bu azmış kimi klinika rəhbərliyinin tapşırığı ilə o, əməliyyat otağında olduğu zaman onun telefonunda istifadə edilən “whatsapp” proqramı tibb bacısı tərəfindən digər cihaza qoşulmuş, bununla da onun bütün şəxsi yazışmaları rəhbərlik tərəfindən izlənmişdir. Bu cinayət əməlinin etiraf edilməsi ilə bağlı onda səs yazıları və müvafiq təsdiqləyici smslər mövcuddur. Əmək müqaviləsinə xitam verilməsi barədə 05 avqust 2021-ci il tarixli, A21-421 saylı əmr qanunsuz olaraq verilmiş, belə ki, əmrdə istinad edilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin hansı hissəsinə əsasən xitam verildiyi göstərilməmişdir. Əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab qanunvericiliyə uyğun aparılmamış (ödənişlər 06 avqust və 11 avqust 2021-ci il tarixlərdə gecikmə ilə edilmiş), sənədləri ona təqdim olunmamış və bu günə qədər də əmək kitabçasını və şəxsi əşyalarını Klinikadan götürə bilməmişdir. Cavabdeh 05 avqust 2021-ci il tarixli, A21-421 saylı əmrdə kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın və həmkarlar ittifaqının qərarına istinad etmişdir. Kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın qərarında dörd əsas göstərilir: Həkim-rezident İddiaçı öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməməsi, etik-davranış qaydalarını pozması barədə yazılanların tamamilə yalnış olduğunu bildirərək qeyd etmək istərdi ki, öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməsi və etik davaranış qaydalarının yüksək səviyyədə icra etməsi ilə bağlı şöbə rəhbəri (birbaşa rezident rəhbəri) tərəfindən verilən xasiyyətnamədə öz əksini tapmışdır. Onun vəzifə borcunu yerinə yetirməyi ilə bağlı yalnız birbaşa rəhbəri olan şəxs yəni şöbə rəhbəri qərar verə bilər və o, müvafiq qərarını xasiyyətnamədə əks etdirmişdir. Komissiya qərarını imza atan şəxslər baş həkimin müavini və personal və ümumi işlər şöbəsinin müdiri onun vəzifə borcunu qiymətləndirən şəxslər deyillər. Təsadüfi deyil ki, onu işdən uzaqlaşdırmaq niyyətində olan bu şəxslər Komissiyanın iclasına birbaşa rəhbəri olan şöbə müdiri Elviz Qasımovu dəvət etməmişlər. İşlədiyi müddət ərzində haqqında dəfələrlə şikayətlərin olması halları əsassızdır, belə ki, şöbə ilə ədavətə başlayarkən personal və ümumi işlər şöbəsinin müdiri Nikbin Yusifov tərəflərindən müalicə olunmuş şəxslərə dəfələrlə “Ceyhundan bir şikayət yaz” deyə xəstələrə müraciət etmişdir. Şübhəsiz xəstələr bu barədə məlumatı ona vermiş və onlar heç bir ərizə yazmadıqlarını ona bildirmişlər. Xəstədən xidmət haqqına görə pul alması və qeydiyyatdan keçirilməsi barədə ittihamların olması onun bu cür əməli etməyi anlamına gəlmir. Bildirmək istərdi ki, ittihama görə işdən çıxarılma halı qanunvericilikdə mövcud olsa idi, ilk növbədə Klinika rəhbərliyindəki bəzi adamlar işdən qovulmalı idi. Dəfələrlə barəsində müvafiq intizam tədbirlərinin görülməsi (qüvvədə olma müddəti bitsə də bir neçə dəfə xəbərdarlıq və sonuncu xəbərdarlıqla edilməklə şiddətli töhmət verilməsi) ilə bağlı bildirmək istəyir ki, ona heç vaxt şiddətli töhmət və ya töhmət verilməyib, əgər ona töhmət verilibsə onda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 3 bəndində deyilir ki, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. O indiyə qədər heç bir əmrlə tanış edilməmişdir və bu barədə heç bir yerə imza atmamışdır. Göründüyü kimi bu ağ yalandır. 17.07.2021-ci il tarixdə iş günü olmasına baxmayaraq rəsmi icazə almadan işə gəlməməsi barədə yazılanla bağlı demək istərdi ki, Klinika rəhbərliyi onun işə gəlməyindən bu günə qədər xəbər tutmamağı doğurdan da acınacaqlı haldı. Belə ki, müşahidə kameraları mövcuddur. Kameralar vasitəsilə asanlıqla müəyyən etmək olar ki, o, saat 09:00-dan işdə olmuşdur. Üstəlik onun işdə olmağını onun şöbə rəisi və şöbənin digər əməkdaşları təsdiq edə bilər. Klinika rəhbərliyinin növbəti yalanı göz qabağındadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bundan başqa həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində göstərilir ki, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsində göstərilir ki, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 299-cu maddəsində deyilir ki, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(009)- 2481/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-nin 05.08.2021-ci il tarixli, A21-421 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-də həkim-rezident vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsi, iddiaçı tərəfindən hüquqi yardıma görə 500 manat pul vəsaitinin Cavabdeh MMC tutularaq iddiaçıya ödənilməsi, mənəvi ziyanın əvəzi kimi 300 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə tam əsassızdır və ləğv edilməlidir. Belə ki, qətnamədə faktiki olaraq əmək müqaviləsinin ləğv edilməsi əsası kimi iddiaçı tərəfindən yol verilmiş pozuntular deyil, maddi hüquq normalarını pozulması əsas gətirilir. Eyni zamanda işə baxan hakim tərəfindən faktiki olaraq iddiaçı tərəfindən yol verilən qanun pozuntularını, etik davaranış qaydalarını, əmək intizamına riayət etməməsi, kənar şəxslərdən pul alması, müəssisədən kənarda tibbi xidmət göstərməsi haqqında günahlandırılması barədə etirazına heç bir reaksiya verilməmişdir. Bu qətnamədən belə fikrə gəlmək olar ki, işçinin yol verdiyi bütün qanuna zidd əməllər heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, əmr əsaslandırılmayıb. Lakin bildirilir ki, əmr tam əsaslandırılmışdır və onun əsaslandırılmaması tam absurddur. İşi dəqiq araşdırarkən iddiaçının işlədiyi dövrdə dəfələrlə qanun pountusuna yol verdiyi nəzərə alınmamış, əksinə olaraq əsəb stress iztirab keçirdiyi müəyən edilmişdir. Bununla əlaqədar olaraq baş vermiş pozuntular barədə məlumatı qeyd etmək istəyirlər. Belə ki, 1) 02.02.2019-cu il tarixində müəssədən kənarda xəstəyə tibbi xidmət göstərib və buna görə 3 dəfə olmaqla hərəsindən 50 manat pul alıb. Yazdığı izahat və xahiş rəhbərlik tərəfindən nəzərə alınıb. 2) 18.06.2020-ci il tarixində növbəni rəhbərliyin icazəsi olmadan tərk etmiş və digər rezidentdən onu əvəz etməsini xahiş etmişdir. Rəsmi növbə dəyişikliyi formasını pozaraq müəssisədaxili intizamı pozmuşdur. 3) 13.11.2020 tarixində müəssə daxili geyim qaydalarını pomuşdur. 4) 04.05.2021-ci il tarixində kənar şəxslərin və əməkdaşların yanında tibbi bacısı Yeganə Cəfərovanı təhqir etmişdir. 5) 17.07.2021-ci il tarixində üzürlü səbəb olmadan işə gəlməmişdir. Həmin gün üçün Ağcəbədi rayonunda yerləşən “Şəfa” tibb mərkəzində xəstələri qəbul edəcəyi haqqında elan yerləşdirmişdir. İşdə olmadığına görə ona zəng edilmiş və işə gəlməli olduğu bildirilmişdir. Buna baxmayaraq, o, toya getdiyini bildirərək telefonu qapatmışdır. 4 gün iş günü olmadığı üçün işə gəlmədiyinə görə izahat yazması tələb olunduqda izahat yazmaqdan imtina etmişdir, artıq bu halın özü 70 ci maddənin “ç” bəndinin tətbiq edilməsi üçün əsasdır. Eyni zamanda, ortoped-travmotoloq olmadığı halda bu adla xəstə qəbul edilməsi barədə elan verməsi artıq hüquq pozuntusudur və bu birinci hal deyil. Belə ki, daha əvvəl özünü Mərkəzi Klinikanın həkim ortoped-travmotoloqu kimi təqdim edərək X1 5 mart tarixində xəstə qəbul edəcəyi barədə elan vermişdir. 6) 13.06.2021-ci il tarixində artıq həkim rezident kimi birbaşa əmək funksiyasını icra etməmiş, xəstəyə qulluğu lazımı səviyyədə yerinə yetirməmiş, xəstə və xəstə yaxınları ilə kobud rəftar etmiş, sonra isə xəstəyə qulluqdan ümumiyyətlə imtina etmişdir. Bu qədər qanun pozuntuları hakim tərəfindən nəzərə alınmamış və iddia ərizəsi təmin edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı əvvəllər dəfərlərlə əmək fəaliyyətində pozuntulara yol vermiş, lakin ona güzəştlər edilmişdir. Onun işdən azad edilməsi barədə mübahisələndirilən əmrin əsasını İddiaçı əməliyyatı planlaşdırılan bir xəstə barədə əməliyyat edən həkimə məlumat bildirməməsi, vaxtında növbəyə daxil etməməsi, həmin xəstənin yaxın qohumu ilə kobud davranış nümayiş etdirməsi və bu xəstəyə qulluqdan imtina etməsi təşkil etmişdir. Hazırda Səhiyyə Nazirliyinin iddiaçını rezidenturanı başqa tibb müəssisəsində davam etdirməsi üçün köçürülməsinə yazılı təminat verdiyi halda iddiaçı ilə mübahisəni barışıq yolu ilə həll etməyə razıdırlar. Lakin, Səhiyyə Nazirliyinin nümayəndəsi bunu yazılı qaydada deyil, şifahi bildirir və buna görə də barışıq mümkün deyildir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və bildirdi ki, təhsil pilləsi olan rezidenturanın son kursunda olmuş, qanunsuz olaraq işdən azad edilməsi nəticəsində ona rezidentura təhsilini bitirməyə imkan verilməmiş, gələcək həkim karyerasının üstündən xətt çəkilmişdir. O, həkim rezident kimi vəzifə öhdəliyinə və səlahiyyətinə aid olmayan əsaslar gətirilməklə işdən azad edilmişdir. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İ.Hacıyev iş üzrə tərəflərin barışıq əldə etmələrini arzu etdiklərini bildirdi və qeyd etdi ki, Cavabdeh MMC-nin müraciəti olarsa Səhiyyə Nazirliyi iddiaçını rezidentura təhsilini davam etdirməsi üçün başqa tibbb müəssisinə göndərə bilər. Cavabdeh MMC tərəfindən iddiaçının əvvəllər əmək intizamını pozması barədə Səhiyyə Nazirliyinə müraciət edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini iddianın təmin edilmiş hissəsinin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05.10.2017-ci il tarixli, 2017/235 saylı əmək müqaviləsinə əsasən, İddiaçı əmək haqqı 165 manat olmaqla həmin MMC-nin həkim-rezident vəzifəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi (təhsil müddəti) 05.10.2020-ci il tarixdən 01.10.2022-ci il tarixədək 5 il müddətinə bağlanmışdır. Əmək müqaviləsi İddiaçı tərəfindən imza olunmamışdır. İş materiallarında olan Cavabdeh MMC baş direktoru Həsən Qəndilov tərəfindən imzalanmış 05.08.2021-ci il tarixli, A21-421 saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ləğv edilmişdir. Əsas kimi kadr məsələlərinin tənzimlənməsi üzrə komissiyanın qərarı, İşəgötürənin Təqdimatı və Həmkarlar İttifaqı Komitəsinin 03.08.2021-ci il tarixli qərarından çıxarış olmuşdur. Lakin əmr əsaslandırılmayıbdır. İş materiallarında olan Cavabdeh MMC-nin Həmkar İttifaqı Komitəsinin 03.08.2021ci il tarixli qərarından çıxarışdan görünür ki, kadr məsələlərinin tənzimlənməsi üzrə Komissiyanın 23.07.2021-ci il tarixli, KK-21-055(3) saylı qərarı Əmək Məcəlləsinin tələblərinə uyğun olduğu üçün İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi barədə əmr verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Kadr məsələlərinin tənzimlənməsi üzrə Komissiyanın 23.07.2021-ci il tarixli, KK-21-055(3) saylı protokolunun surətindən görünür ki, gündəlikdə duran məsələ həkim-rezident İddiaçı öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməməsi, etik-davranış qaydalarını pozması ilə bağlıdır. Təqdim edilən sənədlər - həkim laborant Ofelya Hümbətovanın şikayət ərizəsi və rəhbərliyin dərkənarı, Həkimrezident İddiaçı izahatı. Personal və ümumi işlər şöbəsinin müdiri Nikbin Yusifov çıxış edərək bildirdi ki, həkim-laborant Ofelya Hümbətova tərəfindən həkim-rezident İddiaçı öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməməsi barəsində rəhbərliyə şikayət ərizəsi daxil olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, 13.06.2021-ci il tarixində Dr. İddiaçı əməliyyatı planlaşdırılan xəstəyə lazımi səviyyədə qulluq həyata keçirməmişdir (vaxtında əməliyyatxanaya bildirməmiş, növbəyə daxil etməmiş, xəstə yaxınları ilə kobud davranış nümayiş etdirmiş və xəstəyə qulluqdan imtina etmişdir). Eyni zamanda məqsədyönlü şəkildə xəstənin xidmətinin ləngiməsinə şərait yaratmışdır, eyni zamanda 17.07.2021-ci il tarixi rəsmi iş günü elan edilsə də və bu barədə Dr. İddiaçı məlumatlandırılsa da həmin gün heç bir rəsmi icazə almamış və işə gəlməmişdir. Bundan əlavə qeyd etmək istəyirik ki, Dr. İddiaçı barəsində rəhbərliyə dəfələrlə şikayətlər daxil olduğuna görə, belə ki, müəssisədaxili prosedur, subordinasiya və etik-davranış qaydalarının pozulması, sənədləşmə qaydalarına, geyim qaydalanna əməl etməməsi hallarına yol verdiyinə görə dəfələrlə barəsində müvafiq tədbirlər görülmüş, hətta haqqında xəstədən xidmət haqqına görə pul alması və qeydiyyatdan keçirməməsi ilə bağlı ittihamlar da irəli sürülmüşdür. Bununla belə o, öz vəzifə səlahiyyətini pozaraq rayon xəstəxanasında xəstə qəbuluna cəhd göstərmiş, bu isə Mərkəzi Klinika tərəfindən vaxtında aşkarlanmış, tədbirlər görülmüş və bundan sonra bu hala yol verməkdən çəkinmişdir. Lakin qeyd olunan digər məsələlərlə bağlı görülmüş intizam tədbirlərindən heç bir nəticə çıxarmamış, əksinə bu hallar daha da artmışdır. Hesab edir ki, Dr. İddiaçı tərəfindən xəstəyə lazımi səviyyədə qulluq həyata keçirilməməsi, xəstəyə qulluqdan imtina etməsi halı onun öz vəzifə borcunun lazımı səviyyədə yerinə yetirilməməsi halı kimi, xəstə yaxınları ilə kobud davranış nümayiş etdirməsi halı isə etik-davranış qaydalarının pozulması halı kimi qiymətləndirilməli, eyni zamanda işlədiyi müddət ərzində qüvvədə olma müddətləri bitsə də bir neçə dəfə xəbərdarlıq edilməsinə və bir neçə dəfə sonuncu xəbərdadlıq edilməklə şiddətli töhmət verilməsinə baxmayaraq görülmüş tədbirlərdən heç bir nəticə çıxartmamasını nəzərə alınaraq haqqında ciddi tədbir görülməsi məqsədəuyğundur. Digər çıxış edənlər də şöbə müdirinin rəyi ilə razı olduqlarını bildirdilər. Nəticədə həkim-rezident İddiaçı öz vəzifə borcunu lazımi səviyyədə yerinə yetirməməsi, etik-davranış qaydalarını pozması (xəstəyə lazımi səviyyədə qulluq həyata keçirməməsi, məqsədyönlü çəkildə xəstənin xidmətinin ləngiməsinə şərait yaratması, xəstənin yaxınları ilə kobud davranış nümayiş etdirməsi); işlədiyi müddət ərzində haqqında dəfələrlə şikayətlərin olması halları (subordinasiya qaydalarını pozması, xəstə, xəstə yaxınları, personalla kobud rəftar nümayiş etdirməsi, xəstədən xidmət haqqına görə pul alması və qeydiyyatdan keçirməməsi barədə ittihamların olması); dəfələrlə müvafiq tədbirlərin görülməsi (qüvvədə olma müddətləri bitsə də bir neçə dəfə xəbərdarlıq edilməsi, bir neçə dəfə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi); görülmüş tədbirlərdən heç bir nəticə çıxartmaması; 17.07.2021-ci il tarixində iş günü olmasına baxmayaraq rəsmi icazə almadan işə gəlməməsi və onun özünü müdafiə etmək üçün verdiyi izahatın qeyriqənaətbəxş hesab edilməsi ilə bağlı qərara alınmışdır ki, həkim-rezident İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq birtərəfli qaydada xitam verilsin və onun Mərkəzi Klinika daxilində rezidentura fəaliyyəti dayandırılsın, bu barədə Azərbaycan Tibb Universitetinə məlumat verilsin. İş materiallarında olan Cavabdeh MMC üzrə 26.02.2019-cu il tarixli, A19-144 nömrəli əmrin surətindən görünür ki, həkim-rezident İddiaçı xəstəxanadaxili qaydaları pozmasına görə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. İş materiallarında olan Cavabdeh MMC üzrə 24.06.2020-ci il tarixli, A-20-341 nömrəli əmrin surətindən görünür ki, həkim-rezident İddiaçı və həkim-rezident Fərid Əbilova müəssisədaxili qaydaları pozduqlarına (növbə dəyişikliyi formasını rəsmi olaraq təsdiqlətməmələrinə) görə yazılı xəbərdarlıq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 286-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Əmək Məcəlləsinin 10-cü maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək daxildir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi haqqında 05.08.2021-ci il tarixli əmr əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Bu hal kifayətdir ki, əmr ləğv edilsin. Məhkəmə əmək mübahisəsini həll edərkən qəbul etdiyi qətnamədə əmək müqaviləsinin ləğvini işəgötürənin əvəzinə əsaslandırmalı deyil. Bunu işəgötürən əmrdə əsaslandırmalı, məhkəmə isə əsaslandırmanın düzgün olub-olmadığını yoxlamalıdır. Hazırkı əmrdə əsaslandırma olmadığına görə əsaslandırmanın düzgünlüyünü yoxlamaq mümkün deyildir. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 23.07.2021-ci il tarixdə birtərəfli akt tətrib edilən zaman Həmkarlar İttifaqı Komitəsi pozuntunu görmüş lakin pozuntuların aradan qaldırılması üçün heç bir hərəkət etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. “Həmkarlar ittifaqı haqqında” Qanunun 12-ci maddəsinə əsasən Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur. Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Cavabdeh MMC-nin Kadr məsələlərinin tənzimlənməsi üzrə Komissiyanın 23.07.2021-ci il tarixli, KK-21-055(3) saylı protokolundan görünür ki, həkim-laborant Ofelya Hümbətova tərəfindən həkim-rezident İddiaçı öz vəzifə borcunu lazımı səviyyədə yerinə yetirməməsi barəsində rəhbərliyə şikayət ərizəsinin araşdırılma nəticəsində məlum olmuşdur ki, 13.06.2021-ci il tarixində həkim-rezident İddiaçı əməliyyatı planlaşdırılan xəstəyə lazımi səviyyədə qulluq həyata keçirməmişdir (vaxtında əməliyyatxanaya bildirməmiş, növbəyə daxil etməmiş, xəstə yaxınları ilə kobud davranış nümayiş etdirmiş və xəstəyə qulluqdan imtina etmişdir). Eyni zamanda məqsədyönlü şəkildə xəstənin xidmətinin ləngiməsinə şərait yaratmışdır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilində göstərdiyi mübahisələndirilən əmrin əsası kimi nəzərdə tutduğu həmin pozuntunun baş verməsindən 1 ay müddət keçəndən sonra əmək qanunvericiliyin tələbləri pozularaq intizam tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə iddiaçı həkim-rezident kimi hələ təhsil prosesini tam başa çatdırmamış şəxsdir və onunla bağlanmış əmək müqaviləsindən, həmçinin həkim rezidentin nümunəvi vəzifə təlimatından cavabdehin pozuntu kimi qeyd etdiyi əməliyyatı planlaşdırılan xəstənin vaxtında əməliyyat həkiminə bildirilməməsinin, növbəyə daxil edilməməsinin və xəstəyə göstərilən həmin qulluğun iddiaçının əmək funksiyasına və ya əmək müqaviləsi üzrə öhdəliyinə daxil olması müəyyən edilmir. Cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.10.2015-ci il tarixli, 88 nömrəli əmri ilə təsdiq edilmiş Həkim-rezidentin nümunəvi vəzifə Təlimatının 1.6-cı bəndinə əsasən həkim-rezident pasiyentlərə göstərilən xidmətlər üzrə öz vəzifələrini (klinik tapşırıqları) kurator, müalicə həkimi yaxud cavabdeh növbətçi həkimin nəzarəti altında həyata keçirir. Nəzarətin səviyyəsi barədə kurator və şöbə müdiri birgə qərar verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli, 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.3-cü bəndinə əsasən bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının forması; 1.3.2. rezident - rezidenturada təhsil alan şəxs; 1.3.3. kurator - rezidentin müvafiq ixtisas üzrə zəruri olan nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini təmin edən, elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan, praktiki təcrübəsi 10 ildən çox olan mütəxəssis; 1.3.4. klinik baza müasir maddi-texniki bazası olan, təşkilati-metodiki, tədris, müalicə-diaqnostika və elmi tədqiqat işlərinin müasir metodları əsasında rezidentlərin hazırlığını həyata keçirən səhiyyə müəssisəsi; 1.3.5. stajorluq - rezidentin ixtisası üzrə tibb müəssisəsində ilkin iş təcrübəsi keçməsi; 1.3.6. klinik hal - tibbi praktikada bir və ya bir neçə müştərək patologiya ilə əlaqədar müşahidə olunan konkret kliniki vəziyyət. Həmin Qaydaların 1.4-cü bəndinə görə rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli, 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkim mütəxəssis ixtisasları üzrə aparılır. 1.5-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. 3.1-ci bəndinə əsasən rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsili və elmi müəssisələrdə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində təşkil edilir. 3.2-ci bəndinə görə rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir. 4.1-ci bəndinə əsasən rezidenturada təhsil əyani formada həyata keçirilir. 4.2-ci bəndinə görə rezidenturada təhsil dövründə rezident: 4.2.1. fərdi iş planını yerinə yetirir; 4.2.2. fərdi iş planının, kuratorun tövsiyə və tapşırıqlarının yerinə yetirilməsini əks etdirən gündəlik aparır; 4.2.3. fərdi iş planının yerinə yetirilməsi ilə bağlı hər tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi (tibbi) şurası qarşısında hesabat verir. Hesabatda il ərzində görülmüş işlər əks etdirilməlidir. Hesabat yazılı təqdim edilir, onun səsləndirilməsi üçün rezidentə 15 dəqiqə vaxt ayrılır. Hesabatı məqbul hesab edilən rezident dövri attestasiyaya buraxılır. 4.4-cü bəndə görə dövri attestasiyadan keçə bilməyən rezidentlər 1 (bir) aydan tez olmayaraq, növbəti 2 (iki) ay müddətində təkrar attestasiya edilirlər. 4.6-cı bəndə əsasən rezidenturada hazırlığın son ilində rezidentlər ixtisas üzrə təhsil proqramında müəyyən edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün rezident Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin birinə stajorluğa göndərilir. 4.7-ci bəndə əsasən təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. 6.1-ci bəndinə əsasən aşağıdakı əsaslar olduqda rezidentin təhsilinə xitam verilir: 6.1.1. bu barədə rezident yazılı ərizə verdikdə; 6.1.2. əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə; 6.1.3. məhkəmə qaydasında məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə; 6.1.4. attestasiyadan təkrarən keçmədikdə; 6.1.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəyyən edilmiş hallarda; 6.1.6. ödənişli əsaslarla təhsilalanlar müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi həyata keçirmədikdə; 6.1.7. həkim andını və sirrini pozduqda. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin Ortopediya-Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya Şöbəsinin müdiri Elviz Qasımov tərəfindən imzalanmış həmin şöbənin həkim-rezidenti İddiaçı barəsində 15.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, iddiaçının əmək funksiyasını vaxtında yerinə yetirdiyi, daxili əmək intizamı qaydalarına riayət etdiyi qeyd edilmişdir. Cavabdeh MMC-nin Kadr məsələlərinin tənzimlənməsi üzrə Komissiyanın 23.07.2021-ci il tarixli, KK-21-055(3) saylı qərarının qəbul edilməsi zamanı istinad edilmiş iddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsinə dair 26.02.2019-cu il tarixli, A19-144 saylı və 24.06.2020-ci il tarixli, A-20-341 saylı əmrlər mübahisələndirilən əmrin verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əsasən qüvvədə olmamışdır. Belə ki, Əmək Məcəllənin 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Cavabdehin apellyasiya şikayətinin dəlilində göstərdiyi və mübahisələndirilən əmrin əsası kimi nəzərdə tutduğu digər hal 17.07.2021-ci il tarixdə iş günü olmasına baxmayaraq rəsmi icazə almadan işə gəlməməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, cavabdehin bu nəticəyə gəlməsi klinikanın Elm-təhsil üzrə məsul şəxsi Sevinc Abbasovanın Baş direktora ünvaladığı 22.07.2021-ci il tarixli yazılı müraciəti olmuşdur. Həmin müraciətdə S.Abbasova qeyd edir ki, 17.07.2021-ci il tarixdə gündəlik nəzarət zamanı həkim-rezident travmotoloq İddiaçı iş yerində olmadığını aşkar etmişdir. Telefon ilə onunla əlaqə saxlayan zaman İddiaçı şöbə müdiri Elviz Qasımovdan icazə alaraq rayona toya getdiyini bildirmişdir. E.Abbasova 17.07.2021-ci il tarixdə İddiaçı işdə olmadığını aşkar etsə də, şənbə gününə təsadüf edən həmin günün iş günü elan edilməsi, şöbə müdiri Elviz Qasımovun rezidentə icazə verib-verməməsi araşdırılmamış, bununla bağlı həmin gün hər hansı rəsmiləşdirilmə aparılmamış və yalnız 5 gündən sona həmin müraciət tərtib edilmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, klinikanın rəhbərliyinin 17.07.2021-ci il tarixdə onun işə gəlməyindən bu günə qədər xəbər tutmamağı təəcüblüdür. Belə ki, müşahidə kameraları mövcuddur. Kameralar vasitəsilə asanlıqla müəyyən etmək olar ki, o, saat 09:00-dan işdə olmuşdur. Üstəlik onun işdə olmağını onun şöbə rəisi və şöbənin digər əməkdaşları təsdiq edə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh MMC-nin 05.08.2021-ci il tarixli, A21-421 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, həkim-rezident vəzifəsinə bərpa edilməsi hissəsində qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır. Bununla yanaşı birinci instansiya məhkəməsi iddiaçının ona vurulmuş mənəvi ziyanla bağlı tələbini qismən təmin etmək qənaətinə gələrkən haqlı olmamışdır. Belə ki, iş materialları ilə iddiaçının mənəvi zərər çəkdiyi müəyyən edilmir. İddiaçı tərəfindən cavabdehin ona mənəvi zərər vurulmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 290-cı maddəsinin qeydinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində izah edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərarının 2-ci bəndində göstərilir ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.04.2020-ci il tarixli Qərarında müəyyən olunmuşdur ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə kollegiyası “hüquqi yardıma görə cavabdehdən iddiaçının xeyrinə tutulacaq pul vəsaitinin məbləği ilə razılşamayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi yardıma görə tutulan məbləğ hissəsində dəyişdirilməli, həmin məbləğ ağlabatan həddə 300 (üç yüz) manat olaraq müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(009)- 2481/2021 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyanın tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə cavabdehdən iddiaçının xeyrinə hüquqi yardıma görə tutulan pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin. Cavabdehndən hüquqi yardıma görə 300 (üç yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar