Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2005/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək müqaviləsinin müddətli bağlanmasının mümkün olduğu hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X5 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı 02 aprel 2003-cü il tarixdə X9 Mərkəzinin Gəncə filialına 1 il sınaq müddəti müəyyən edilməklə massaj üzrə tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur.
2. X9 Mərkəzinin 57/Ü saylı xx.xx.2014-cü il tarixli əmri ilə Gəncə filialının Mürəkkəb Protezləşdirmə stasionarı həmin tarixdə Mərkəzin tabeliyinə verilmiş, İddiaçı xx.xx.2014-cü il tarixli əmrlə xx.xx.2014-cü il tarixdən Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən stasionara böyük tibb bacısı vəzifəsinə keçirilmişdir.
3. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə Cavabdehnin nizamnaməsi təsdiq olunmuş, nizamnamənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
4. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 5-ci bəndində göstərilmişdir ki, X10-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyatı üzrə adı çəkilən publik hüquqi şəxsə keçir.
5. Fərmanın 7-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, Nazirlər Kabineti ilə razılaşdırmaqla publik hüquqi şəxsin işçilərinin sayının yuxarı həddini və əməkhaqqlarını təsdiq etsin (7.2.2), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən işçilərin publik hüquqi şəxsdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat versin (7.5).
6. X9 Mərkəzinin 30 noyabr 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, əmrə əsas kimi İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi göstərilmişdir.
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı Naftalan X6 və kiçik tibb heyətinə baş tibb bacısı vəzifəsinə təyin olunmuş, onunla eyni tarixdə 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2021-ci il tarixinə qədər, əmək haqqı 700 manat müəyyənləşdirilmişdir.
8. 15 mart 2021-ci il tarixdə İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək, daha sonra isə xx.xx.2022-ci il tarixinədək uzadılmışdır.
9. İddiaçı ilə bağlanmış 25 dekabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsində göstərilən müddətlərin bitməsinə görə xitam verilmiş, əmrə əsas kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli **********8 saylı razılığı göstərilmişdir.
10. Elektron məhkəmə sistemindən əldə olunmuş məlumata görə, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserində tibb bacısı vəzifəsində işləyir və 573,6 manat əmək haqqı alır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin 28 sentyabr 2022-ci il tarixli **********8 nömrəli əmrinin ləğv olunması, işə bərpa edilməsi və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 02 aprel 2003-cü il tarixdə X9 Mərkəzinin Gəncə filialında massaj üzrə tibb bacısı vəzifəsinə təyin edilmiş, həmin idarədə 30 noyabr 2020-ci il tarixədək işləmiş, 25 dekabr 2020-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək X4 Orta və kiçik tibb heyətinin baş tibb bacısı vəzifəsində çalışmışdır. Əmək fəaliyyətini icra etdiyi dövrdə işini peşəkar səviyyədə icra etmiş və ona hər hansı intizam tədbiri verilməmişdir. 28 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılması qanunsuz və əsassızdır, ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
13. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən 25 dekabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, X3 Orta və Kiçik tibb heyətində baş tibb bacısı vəzifəsinə qəbul edilmişdir. İddiaçının əmək müqaviləsinin müddətinin qurtardığı tarix 25 mart 2021-ci il tarixi müəyyən edilmiş, daha sonra Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən sözügedən müqavilənin müddəti 25 sentyabr 2022-ci il tarixinə qədər uzadılmış, 28 sentyabr 2022-ci il tarixdə Məcəllənin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddətinin qurtarması ilə əlaqədar müqaviləyə xitam verilmişdir. Bununla bağlı Agentlik tərəfindən iddiaçının ünvanına əmək müqaviləsinə xitam verilməsi barədə 28 sentyabr 2022-ci il tarixli xxxxxxx0002XO nömrəli bildiriş göndərilmişdir. Həmçinin, iddiaçının əmək müqaviləsinə 28 sentyabr 2022-ci il tarixində xitam verilsə də o, məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 1 noyabr 2022-ci il tarixli qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, bundan sonra iddiaçı yenidən məhkəməyə müraciət etmiş, beləliklə də Əmək Məcəlləsinin 296.2-ci maddəsində müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Agentlik tərəfindən aparılmış hərəkətlər qanunvericiliyə tam uyğun olduğundan iddia tələbi təmin olunmamalıdır.
14. İddiaçı cavabdehin nümayəndəsinin etirazı ilə bağlı mülahizəsini göndərərək bildirmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin 9.2-ci bəndinin tələbləri pozulmuş, əmək müqaviləsi ləğv edilərkən xəbərdar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xəbərdarlıq məktubu da birmənalı şəkildə təsdiq edir ki, həmin məktubda onun imzası olmamaqla yanaşı, məktubun tarix və nömrəsi də yoxdur. İkincisi, işdən çıxarılma haqqında 28 sentyabr 2022-ci il tarixli əmr verilərkən “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 4.11.9-cu bəndinin tələbləri pozulmuş, işdən çıxarılmamışdan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı alınmamışdır. Üçüncüsü, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı əsaslandırmasının nə məntiqi, nə də hüquqi əsası vardır. O, qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən öncə məcburi ilkin mediasiya sessiyasından keçmiş, ona 24 oktyabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı arayışı aldıqdan sonra dərhal Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 01 noyabr 2022-ci il tarixli qərardadı ilə aidiyyət qaydasına əməl olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməmişdir. Dördüncüsü, cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 45-ci və 47-ci maddəsinin f) bəndinin tələbləri pozulmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, o, X9 Mərkəzinin Gəncə filialının Mürəkkəb protezləşdirmə stasionarında 02 aprel 2003-cü il tarixdən 01 dekabr 2014-cü il tarixədək tibb bacısı, 01 dekabr 2014-cü il tarixdən 30 noyabr 2020-ci il tarixədək böyük tibb bacısı vəzifəsində işləmiş, həmin filialının stasionar şöbəsinin əsaslı təmirə ehtiyacı olduğu nəzərə alınaraq fəaliyyəti dayandırılmışdır. Bundan sonra həmin şöbənin işçiləri, o da daxil olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Reabilitasiya Mərkəzində müvafiq vəzifələrə təyin edilmişlər. Uzun illər ərzində işləyən şəxslə sınaq müddəti ilə 3 ay müddətində əmək müqaviləsinin bağlanılması və həmin müqavilənin 2 ilə yaxın müddətdə eyni cür qalması işə götürənin səlahiyyətlərindən sui- istifadə etməsinin nəticəsidir. Burada tərəflər arasında bağlanılmış müqavilənin hüquq bərabərliyindən söhbət gedə bilməz.
15. Cavabdehin nümayəndəsi xidməti məruzəyə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin razılığının olması xüsusatı ilə bağlı sübut olaraq məhkəməyə Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilmiş “X7”ndən xx.xx.2022-ci il tarixli çıxarışı təqdim edib bildirmişdir ki, həmin sənəd qanunvericiliklə müəyyən edilmiş razılığı ifadə edir.
16. Birinci instansiya məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.
18. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı işdən azad edilmə barədə əmri və əmək kitabçasını 28 sentyabr 2022-ci il tarixdə cavabdehdən əldə etmiş, mediasiya təşkilatına 2022-ci ilin oktyabr ayının 4-də müraciət etmiş və müvafiq arayışı 2022-ci ilin oktyabr ayının 25-də əldə etmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə iddia ərizəsi ilə isə 10 noyabr 2022-ci il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğundan, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti buraxılmamışdır.
19. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 42.1-ci, 43.1-ci, 45.1-ci, 45.4-cü, 47-ci, 68.2-ci, 73.1-ci, 83.1-ci, 296-cı, 300-cü, Mülki Məcəllənin 372.1-ci, 375.2-ci, 379-cu, 379.4-1-ci, “Mediasiya haqqında” Qanunun 32-ci, 35.1-ci, 35.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinad etmişdir.
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, Əmək Məcəlləsinin 45-ci maddəsini yanlış təfsir etdiyini, həmin maddi hüquq normasını işin hallarına düzgün tətbiq etmədiyini, onunla müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olduğunu, uzun illər ərzində eyni vəzifədə işləyən şəxslə sınaq müddəti müəyyənləşdirilməklə müddətli müqavilənin bağlanmasının işəgötürənin öz səlahiyyətlərindən sui-istifadə olmasını, işdən çıxarıldığı zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığının alınmadığını nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
22. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, artıq başqa yerdə işləməyə başlasa da, barəsində verilmiş əmri qanunsuz hesab edir və həmin əmrin ləğv olunaraq əvvəlki işinə bərpa edilməsini istəyir. Həm də əvvəlki işinin maaşı ilə hazırda işlədiyi işin maaşı arasında fərqa vardır. Cavabdeh tərəfindən onunla müddətli əmək müqaviləsi bağlandığı zaman əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş, bütün işçilər kimi o, da işəgötürənin diktəsinə əsasən müddətli əmək müqaviləsi bağlamaq məcburiyyətində qalmışdır. Halbuki əvvəlki işəgötürənlə bağlanmış əmək müqaviləsi müddətsiz olduğu halda, cavabdehlə müddətli əmək müqaviləsi bağlamaqda onun hər hansı üstün marağı və motivi aşkar şəkildə olmamışdır. Agentlikdə 20 ilə yaxın müddətdə fasiləsiz olaraq xidmət etdiyi müddətdə daimi xarakter daşıyan vəzifəsini layiqincə icra etmiş, barəsində hər hansı tənbeh tədbiri görülməmişdir.
23. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndələri iddiaya qarşı yazılı etirazda qeyd olunanları müdafiə edərək bildirmişlər ki, işçilərlə müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin hüququdur və cavabdeh bu hüququndan istifadə etmişdir. İddiaçı ilə müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması ilə, iddiaçının özünün sərbəst iradə ifadəsi ilə imzalanmaqla bağlanmışdır. Müqavilə bağlanarkən ƏMnin 47-ci maddəsinin “f” bəndinin tələbləri pozulmadığından müqavilə qanuni hesab edilməlidir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
26. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
27. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
28. Maddə 56. (1-ci hissə). İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.
29. Maddə 59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
30. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ...b) əmək müqaviləsinin müddətinin qurtarması.
31. Maddə 73. 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
32. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Dövlət Tibbi-Sosial Ekspertiza və X1 (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmişdir)
33. Bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
34. Bənd 1.2. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
35. Bənd 4.11.9. İdarə Heyətinin sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
45. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, sübutları düzgün qiymətləndirməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
46. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, cavabdeh publik hüquqi şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisi kimi müəyyən edilməklə, Xidmətin bütün hüquq və öhdəlikləri, habelə əmlakı publik hüquqi şəxsə keçmiş, publik hüquqi şəxsin fəaliyyət istiqamətlərinə onun hüquqi sələfi olan Xidmətin fəaliyyət istiqamətləri üzrə xidmətlər daxil edilmiş, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2020-ci il tarixindək Xidmətdə müddətsiz əmək müqaviləsi əsasında işləmişdir.
47. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin məzmunundan, publik hüquqi şəxsin nizamnaməsində göstərilən fəaliyyət istiqamətindən görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir. Yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Xidmətin hüquqi varisidir və struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin Xidmətdə müddətsiz əmək müqaviləsi əsasında işləmişdir. Beləliklə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə əsassız olaraq müddətli əmək müqaviləsi bağlanmışdır.
48. Müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə də uzlaşmır.
49. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
50. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
51. Bu nöqteyi nəzərdən apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2003-cü ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
52. Kollegiyanın qənaətinə görə, iddiaçı ilə qanunun tələbinə uyğun olmayan müddətli əmək müqaviləsinin bağlanması və onun sonra işdən azad edilməsi, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüququna zidd olmuşdur.
53. Xüsusilə qeyd olunmalıdır ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran hallar olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və nəticədə ƏM-nin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur.
54. Kollegiya onu da qeyd edir ki, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir.
55. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin Agentliyin Nizamnaməsinin 4.11.9-cu bəndinə uyğun olaraq Nazirliklə razılaşdırılmış olduğu da müəyyən olunmamışdır. Belə ki, cavabdehin nümayəndəsinin həmin razılaşdırmanın həyata keçirildiyinə dair sübut olaraq məhkəməyə təqdim etdiyi “X7”ndən çıxarışda müvafiq xidməti məlumatın nazirə göndərildiyi barədə informasiya vardır; iddiaçının işdən azad edilməsi ilə bağlı olan həmin xidməti məlumatın nazirlə razılaşdırılıb-razılaşdırılmadığı isə sözügedən çıxarışdan görünmür.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-616/2023 saylı iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 28 sentyabr 2022-ci il tarixli **********8 nömrəli əmri İddiaçı aid hissədə ləğv olunsun və İddiaçı Cavabdeh X3 Orta və kiçik tibb heyətində baş tibb bacısı vəzifəsinə bərpa edilsin. 22 sentyabr 2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə