Məhkəmə qərarları › İş №2(103)-2006/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2006/2022

12.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2006/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin vəkili Vaqif Ramazanovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “əmlakın təhvil verilməsi tələbinə dair” 2(004)-4444/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 125 kv.m, yaşayış sahəsi 65 kv.m olan 391 saylı mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci il tarixdə cavabdehdən mənzil almışdır. Sonradan məlum olmuşdur ki, mənzil digər şəxslərə də satılıb. Problemin həlli kimi iddiaçıya hazırki mübahisənin predmeti olan mənzil təklif edilmişdir. İddiaçı təkliflə razılaşmışdır. 07.03.2012-ci il tarixli, 391 saylı müqaviləyə əsasən cavabdeh qeyd olunan mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı mənzilin dəyəri olan 50 000 manatı ödəmişdir. Hazırda borcu yoxdur. Lakin MTK müxtəlif bəhanələrlə evi təhvil verməkdən boyun qaçırır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. İş materiallarından göründüyü kimi iddiaçı ilə müqavilə daha əvvəl bağlanmışdır. Müqavilə bağlanan gün mənzilin dəyəri tam ödənilmişdir. İddiaçının borcunun olmadığını isə MTK-nın direktoru Nümayəndə1 Məhəmmədəli oğlunun imzalayıb möhürlədiyi maliyyə arayışı sübut edir. Həmin sənəddə ödənilən məbləğ (50000 manat), ödəmə tarixi (07.03.2012-ci il) və "xxxx" sözləri yazılıb. Buna baxmayaraq MTK iddiaçı ilə olan müqaviləyə xitam vermədən ona məxsus mənzili başqa şəxsə satmışdır. Məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi bu vəziyyəti iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməməsi ilə izah etmişdir. Əvvəla bildirirəm ki, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilib. Əgər fərz etsək ki, dəyər ödənilməyib. Bəs bu halda MTK tərəfindən hüquqi prosedurlara niyə əməl edilməyibdir. İddiaçıya bununla əlaqədar hər hansı bir xəbərdarlıq, bildiriş göndərilməmişdir. Müqavilələrdən də göründüyü kimi 391 saylı müqavilə xitam olunmuş olsa idi, elə həmin rəqəm yeni müqavilədə qeyd olunardı. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin vəkili şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməmlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi hallara qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqdim olunmuş sübutlarla mübahisəli mənzilin MTK-nın mülkiyyətində deyil, başqa şəxsin mülkiyyətində olması müəyyən edilmiş, iddiaçı həmin şəxsin hüquqlarının dövlət qeydiyyatını mübahisələndirməmişdir, buna görə də iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşdə olan Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12.03.2020-ci il tarixli, ********** saylı çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yol, 20 saylı evin, giriş 2, 391 saylı mənzilinə X1 mülkiyyət hüququ 12.03.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaların tələbləri pozulmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yol, 20 saylı evin, 391 saylı mənzilinin mülkiyyətçisi X2 işdə iştirak edilməyə cəlb edilmədən onun hüquq və vəzifələrinə toxunan hazırkı mülki mübahisə üzrə qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı X2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır(2.2). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (2.4) Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil başqa şəxsin mülkiyyətində olduğundan cavabdehdən onun hüququ olmayan mənzilin alınaraq iddiaçıya təhvil verilməsi barədə hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(004)- 4444/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “əmlakın təhvil verilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar