Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2009/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzillərin təhvil verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı həmçinin digər İddiaçı1 nümayəndəsi İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3575/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Podratçı” Cavabdeh MMC ilə “Sifarişçi” İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 159 saylı müqavilənin notarial təsdiq edilmiş surətindən görünür ki, Sifarişçi müqavilədə göstərilmiş məbləği “Podratçı”ya tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 313 m2 olan izolə olunmuş 5 otaqdan ibarət 209 saylı mənzilin tikintisini “Podratçı”ya həvalə edir və “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir;
2. xx.xx.2018-ci il tarixli maliyyə arayışının notarial təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 313 m2 -dən ibarət olan, 209 saylı beş otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı1 Cavabdeh MMC-yə borcu yoxdur;
3. “Podratçı” Cavabdeh MMC ilə “Sifarişçi” İddiaçı2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 139A saylı müqavilənin notarial təsdiq edilmiş surətindən görünür ki, Sifarişçi müqavilədə göstərilmiş məbləği “Podratçı”ya tam ödəməklə Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 93,75 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 203 saylı mənzilin tikintisini “Podratçı”ya həvalə edir və “Podratçı” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir;
4. xx.xx.2019-cu il tarixli maliyyə arayışının notarial təsdiq edilmiş surətindən görünür ki, Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 93,75 m2 olan izolə olunmuş 2 otaqdan ibarət 203 saylı beş otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı2 Cavabdeh MMC-yə borcu yoxdur;
5. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Abdulla Cəlilli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş və material üzrə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə fakta görə cinayət işinin başlanması və ibtidai istintaqın aparılması üçün Nərimanov RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır; Zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir;
6. İş materiallarına əlavə edimiş (cinayət işi üzrə keçirilmiş) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilənin, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışının blankları və "xxxx" MMC ilə X7 arasında bağlanmış 8 may 2018-ci il tarixli 178 nömrəli müqavilənin, 8 may 2018-ci il tarixli maliyyə arayışının blankları eyni şırnaklı çap üsulu ilə hazırlamışdır. 2.Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilədə, 23 yanvar 2019cu il tarixli maliyyə arayışında olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 3.Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilənin ikinci vərəqinin “Podratçı” sütunundakı imza, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışında olan imza faksimile klişe vasitəsilə icra edilmişdir. 4. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139A nömrəli müqavilənin ikinci vərəqənin “Sifarişçi” sütunundakı imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir.
5. Tədqiqata təqdim edilmiş "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 139A nömrəli müqavilədə, xx.xx.2019-cu il tarixli maliyyə arayışında olan möhür əksləri öz aralarında və ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün eksperimental əks nümunələri eynilik təşkil edir. 1.1 Ekspertizaya təqdim edilmiş ********* nömrəli cinayət işinin 6-8-ci vərəqlərində İddiaçı2 adından olan tarixsiz "Ərizəçinin izahatı” adlı sənədin 1-ci vərəqinin aşağı hissəsində “Ağayev ” yazısı və imza, 2-ci vərəqin aşağı hissəsində “İmza:” qrafasındakı “Ağayev A” yazısı və imza, 3-cü vərəqində “İmza:” qrafasındakı imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. 1.2 Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilənin ikinci vərəqəndə “Sifarişçi” sütununda möhür üzərində əks olunmuş imza, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışında möhür üzərində əks olunmuş imza və "xxxx" MMC ilə X7 arasında bağlanmış 8 may 2018-ci il tarixli 178 nömrəli müqavilədə “Sifarişçi” sütununda möhür üzərində əks olunmuş imza, 8 may 2018-ci il tarixli maliyyə arayışında möhür üzərində əks olunmuş imza - Eyni şəxs tərəfindən icra olunmuş imzanın əksidir. 2. Ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin 6-8-ci vərəqlərində İddiaçı2 adından olan tarixsiz ərizəçinin izahatı adlı sənədin 1-ci vərəqində “İzahatı alınan şəxs haqqında məlumatlar” qrafasındakı əlyazmalar və 2-3-cü vərəqlərindəki yazılar - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, Evrostroy” MMC ilə İddiaçı2 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 139A nömrəli müqavilənin ikinci vərəqənin “Sifarişçi” sütununda möhür üzərində əks olunmuş imza, 23 yanvar 2019-cu il tarixli maliyyə arayışında möhür üzərində əks olunmuş imza - İddiaçı2 tərəfindən yox, X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş imzanın" əksidir. Rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən “xx.xx.2019-cu il tarixli, 139A nömrəli müqavilənin və xx.xx.2019-cu tarixli “Maliyyə Arayışı”nın blanklarının nəşr olunma vaxtı müəyyən edilsin” və “xx.xx.2019-cu il tarixli 139 A nömrəli müqavilənin və xx.xx.2019-cu il tarixli “Maliyyə Arayışı”n icra olunmasının nisbi müddətini müəyyən etmək mümkündürmü mütləq müddət müəyyən oluna bilərmi?” sualları üzrə tədqiqat aparılmadı;
7. İş materiallarına əlavə edimiş (cinayət işi üzrə keçirilmiş) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 16 yanvar 2018-ci il tarixli 10 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 19 mart 2018-ci il tarixli 159 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 21 may 2018-ci il tarixli 190 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 08 iyun 2018-ci il tarixli 329 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 20 iyun 2018-ci il tarixli 552 nömrəli mədaxil xəzinə orderinin, 23 iyun 2018-ci il tarixli 216 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, o cümlədən müqayisəli tədqiqat aparmaq üçün Cavabdeh MMC tərəfindən təqdim edilmiş 08 may 2018-ci il tarixli 178 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş 16 yanvar 2018-ci il tarixli 10 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 19 mart 2018-ci il tarixli 159 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 21 may 2018-ci il tarixli 190 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 08 iyun 2018-ci il tarixli 329 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, 20 iyun 2018-ci il tarixli 552 nömrəli mədaxil xəzinə orderinin, 23 iyun 2018-ci il tarixli 216 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının, o cümlədən müqayisəli tədqiqat aparmaq üçün Cavabdeh MMC tərəfindən təqdim edilmiş 08 may 2018-ci il tarixli 178 nömrəli müqavilənin və həmin tarixli maliyyə arayışının üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksləri öz aralarında və eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 16 yanvar 2018-ci il tarixli 10 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında, 19 mart 2018-ci il tarixli 159 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında, 21 may 2018-ci il tarixli 190 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında, 08 iyun 2018-ci il tarixli 329 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında, 20 iyun 2018-ci il tarixli 552 nömrəli mədaxil xəzinə orderində, 23 iyun 2018-ci il tarixli 216 nömrəli müqavilədə və həmin tarixli maliyyə arayışında “Yeqanova A.R” adı qarşısında olan imzalar sənədlərin üzərinə faksimile klişe vasitəsilə əks olunmuşdurlar;
8. İş materiallarına əlavə edimiş (cinayət işi üzrə keçirilmiş) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, Ekspertizaya təqdim olunmuş, X1 adına tərtib edilmiş 16 yanvar 2018-ci il tarixli 10 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMCnin Direktoru: Yeqanova A.R” qrafalarında; İddiaçı1 adına tərtib edilmiş 19 mart 2018-ci il tarixli 159 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMC-nin direktoru: Yeqanova A.R” qrafalarında; X4 adına tərtib edilmiş 21 may 2018-ci il tarixli 190 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMC-nin Direktoru: Yeqanova A.R” qrafalarında; X6 adına tərtib edilmiş 08 iyun 2019-cü il tarixli 329 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMC-nin Direktoru: Yeqanova A.R” qrafalarında; X2 adına tərtib edilmiş 08 may 2018-ci il tarixli 178 nömrəli müqavilədə, həmin tarixli maliyyə arayışında Cavabdeh MMC-nin Direktoru: Yeqanova A.R” qrafalarında; xx.xx.2018-ci il tarixli 552 nömrəli mədaxil xəzinə orderində “Rəhbər” qrafasında faksimile klişe vasitəsilə icra olunmuş imzalar (Bax: Sənədlərin texniki ekspertizasının 28 iyun 2024- cü il tarixli 5/632 nömrəli rəyinə) eyni şəxs tərəfindən icra olunmuş imzanın əksidir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Bakı ş, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı, 209 saylı mənzilin İddiaçı1 təhvil verilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh MMC-nin Bakı ş, Nərimanov rayonu, F.Məmmədov, K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı, 203 saylı mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin direktoru X8 ilə xx.xx.2018-ci il tarixində İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 159 saylı müqaviləyə əsasən, Cavabdeh MMC-nin Bakı ş, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı, 209 saylı mənzilinin tikintisi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. xx.xx.2018-ci il tarixli, 159 saylı müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin hər kv.m sahəsinin dəyəri 1100 manat olmaqla, cəmi 344300 manat pulun ödənilməsini İddiaçı1 öhdəsinə götürmüş, müqavilənin 3.2-ci maddəsinə əsasən İddiaçı1 344300 manat pulu müqavilənin imzalanması ilə bir vaxtda ödəmişdir. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur. Cavabdeh MMC-nin direktoru X8 ilə xx.xx.2019-cu il tarixində İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139A saylı müqaviləyə əsasən, Cavabdeh MMC-nin Bakı ş, Nərimanov rayonu, EvrostroyS.S, F.Məmmədov, K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı, 203 saylı mənzilinin tikintisi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. xx.xx.2019-cu il tarixli, 139A saylı müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin hər kv.m sahəsinin dəyəri 900 manat olmaqla, cəmi 84375 manat pulun ödənilməsini İddiaçı2 öhdəsinə götürmüş, müqavilənin 3.2-ci maddəsinə əsasən İddiaçı2 84375 manat pulu müqavilənin imzalanması ilə bir vaxtda ödəmişdir. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilmişdir, onun Cavabdeh MMC-yə borcu yoxdur. Mübahisəli halın yaranmasına səbəb binanın tikilib qurtarmasına baxmayaraq mənzilin iddiaçılara təhvil verilməməsi olmuşdur.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3575/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı 209 saylı mənzilin İddiaçı1 təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı, 203 saylı mənzilin İddiaçı2 təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. (hakim X9)
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, , iddiaçıların irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslıdır. İddiaçıların izahatlarına və iş materiallarına əsasən mübahisələndirilən mənzillər iddiaçılara təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası, iddiaçıların müqavilədən irəli gələn hüquqlarının həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması vəzifəsi onun üzərinə qoyulmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı2 daha öncə Cavabdeh MMC-yə qarşı Nərimanov rayonu, Təbriz küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş D, yaşayışın 6-cı mərtəbəsi, ümumi sahəsi 93,75 m2 olan 2 otaqdan ibarət 203 saylı mənzilə istifadə və sahiblik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3573/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, qanunvericilik dövlət reyestrində qeydə alınmamış tikiliyə istifadə hüququnun tanınmasını nəzərdə tutmadığı və belə bir yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına zidd olduğu halda, mübahisəsi gedən əmlaka iddiaçının istifadə və sahiblik hüququ tanına bilməz. Digər tərəfdən, iddiaçının mənzillə bağlı olan sənədləri kserosurətdir, halbuki Azərbaycan Respublikası MPM-nin 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Mübahisəli mənzili inşa edən hüquqi şəxslə iddiaçı arasında müqavilənin olması, onun kooperativ üzvü kimi qəbul edilməsi müəyyən edilmədiyi halda, mənzilə dair istifadə və sahiblik hüququnun tanınması tələbi təmin oluna bilməz Lakin qeyd edilməlidir ki, hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin əsli təqdim edilmişdir. İddiaçı isə əvvəlki məhkəmə prosesindən məlumatı olmadığını, həmin iş üzrə vəkilə hazırki işlə əlaqəli cinayət işində iştirak etmək üçün etibarnamə verdiyini, vəkilin ona məlumat vermədən mülki iddia qaldırdığını, sənədlərin əsli onda olduğu halda, bu sənədlərin ondan tələb edilmədiyini bildirmişdir. Digər tərəfdən hazırki iş üzrə iddia tələbi mənzilin təhvil verilməsi olduğu halda əvvəlki iş üzrə iddia tələbi mənzilə istifadə və sahiblik hüququnun tanınmasından ibarət olmuşdur. Hər bir halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 125-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci, 752.1-ci, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 217.3-cü, 217.4-cü, 119.1-ci, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kiməhkəmə tərəfindən təqdim edilən müqavilələrin və maliyyə arayışlarının həqiqiliyi yoxlanılmamış, yalnız tərəflər arasında mübahisə olan zaman cinayət işi üzrə keçirilmişekspertiza rəylərinə əsaslanmışdır. Halbuki iddiaçılar tərəfindən cavabdeh MMC-nin hesabına heç bir ödəniş olmamışdır. Qətnamədə istinad edilmiş cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi iləmüəddəyn edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, ********* nömrəlicinayət işinin 6-8-ci vərəqlərində İddiaçı2 adından olan tarixsiz ərizəçinin izahatı adlı sənədin 1-ci vərəqində “İzahatı alınanşəxs haqqında məlumatlar” qrafasındakıəlyazmalar və 2-3-cü vərəqlərindəki yazılar- İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu da onu göstərir ki, iddiaçılar tərəfindən təqdim edilmiş sənədlərin həqiqiliyi şübhə altındadır. Lakin məhkəmə öz təşəbbüsü ilə yenidən heç bir araşdırma aparmamış, iddiaçılar tərəfindən təqdim edilmiş sənədlərlə kifayətlənmişdir. İş üzrə təqdim edilmiş, iddiaçılar ilə Cavabdeh MMC arasında mənzillərin tikintisinə dair xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələr (podrat müqaviləsi) bağlanmasına dair hal mövcud olmadığı üçün hər hansı öhdəliyin yerinə yetirilməsindən də söhbət gedə bilməz. Belə ki, iddiaçılara qarşı hər-hansı öhdəlikləri olmamasına baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq üzərilərinə belə bir öhdəlik qoymuşdur ki, bu da onların konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Müqavilələr faksimile üsuldan istifadə etməklə imzalanmışdır. Lakin onlar iddiaçılarla iddia edilən mənzillər üzrə heç bir alqı-satqı əməliyyatı aparmağa dair razılaşmaları olmamışdır. Lakin, tərəflər arasında olan müqavilədə sifarişçilər kimi görünən iddiaçılar hansı əsaslarla sifarişçi olmasını sübuta yetirə bilməmişdir. Həmçinin onların podratçı cavabdehə mənzil qarşılığında pulu hansı qaydada ödəmələri də işin sübuta yetirilməyən halıdır. Təqdim edilən maliyyə arayışlarında qeyd olunan ödəniş məbləğlərinin həqiqətən cavabdeh MMC-nin hesabına köçürülübköçürülməməsi ilə bağlı müvafiq orqanlara sorğular verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçı həmçinin digər İddiaçı1 nümayəndəsi İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar ilə Cavabdeh MMC arasında mənzillərin tikintisinə dair xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələr (podrat müqaviləsi) bağlanmışdır. Müqavilələrə əsasən Bakı ş, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, yaşayışın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 313 kv.m olan 5 otaqlı, 209 saylı mənzilin dəyəri 344300 manat, Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının “D” girişi, yaşayışın 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı 203 saylı mənzilin dəyəri 84375 manat, eyni zamanda mənzillərin dəyərinin müqavilənin imzalanması ilə bir vaxtda ödənilməsi müəyyən edilmiş, maliyyə arayışlarında isə mənzillərin dəyərlərinin tam ödənildiyi qeyd edilmişdir. Hazırda iddiaçılar dəyərlərinin tam şəkildə ödənilməsinə baxmayaraq, mənzillərin onlara təhvil verilməməsinə əsaslanaraq, məhkəmə qaydasında mənzillərin təhvil verilməsini xahiş edirlər.
26. Məhkəmə qeyd edir ki, satıcı (“Podratçı”) Cavabdeh MMC mənzili tikib alıcılara (“Sifarişçi) təhvil verməyi, alıcılar İddiaçı1 və İddiaçı2 isə öz növbəsində mənzillərin dəyərlərini tam şəkildə ödəməyi öhdələrinə götürmüşdürlər. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən müqavilə üzrə öhdəliyinin icra edilməsinə baxmayaraq, cavabdeh mənzillərin tam şəkildə onlara təhvil verilməsində maneəçilik törətmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçıların həmin mənzilə dair hüquqi şəxslə bağladığı müqavilələr qüvvədədir, onların etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməlidir. Qeyd olunduğu kimi, həmin müqavilələr tərəflərin əqdləri bağlamaqda əsas götürülən iradə sərbəstliyi prinsipləri çərçivəsində mülki qanunvericiliyin normalarına uyğun bağladıqları qarışıq (əsasən podrat) müqavilədir və həmin müqavilə çərçivəsində sifarişçi kimi çıxış edən iddiaçılar üzərlərinə düşən vəzifələri yerinə yetirərək mənzillərin dəyərlərini ödəmiş, MMC isə mənzilləri tikib təhvil verməyi öhdəsinə götürmüşdür.
27. Nəzərə alınmalıdır ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
28. Göründüyü kimi iddiaçıların müqavilələrdə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzillərə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntiləri də yaranmışdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Müqavilə şərtlərinin məcburiliyinə və icra edilməli olması tələbinə əsaslanaraq hazırki iş üzrə tərəflər, aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış şərtlər əsasında öz öhdəliyini icra etməlidirlər.
29. İddiaçların dəyərlərini ödədikləri mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzilləri iddiaçılara təhvil verməkdən yayınması qanunsuz olmuşdur. Belə ki, hazırki iş üzrə cavabdeh mənzilləri iddiaçılara təhvil vermək öhdəliyini yerinə yetirmək vəzifəsi daşımasına baxmayaraq, müqavilənin bağlanmasından xeyli müddət keçsə də öz öhdəliklərini tam şəkildə icra etməmişdir. İddiaçıların izahatlarına və iş materiallarına əsasən mübahisələndirilən mənzillər iddiaçılara təhvil verilmədiyindən, qeyd edilən normalar hazırki mübahisəyə tətbiq edilməli və cavabdeh tərəfindən öz öhdəliyinin icrası, iddiaçıların müqavilədən irəli gələn hüquqlarının həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması vəzifəsi onun üzərinə qoyulmalıdır.
30. Mövcud vəziyyətdə cavabdehin mübahisəli mənzillərin təhvil verilməsi ilə bağlı iddiaçılara maneənin yaradılması üçün hər hansı əsası yoxdur və bu istiqamətdə cavabdeh tərəfindən görülən bütün tədbirlər qanunsuzdur.
31. Hər bir halda, cavabdehin əsas dəlili iddiaçılar tərəfindən mübahisəli mənzillərin müqavilə ilə müəyyən edilmiş dəyərinin ödənilməməsi ilə bağlıdır. Başqa sözlə, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrin tərəfi olan cavabdeh iddiaçıların həmin müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəliyin icra edilmədiyini bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut mövcud deyil, əksinə bu halı təkzib edən maliyyə arayışları mövcuddur. O cümlədən apellyasiya şikayətində yenidən mülki iş üzrə də ekspertizanın keçirilməsiə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edimiş (cinayət işi üzrə keçirilmiş) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh məzmunlu möhür əksləri öz aralarında və eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər.
32. Beləlkilə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrinin predmeti olan mənzillərə dair iddiaçılara təhvil verilməsi ilə əlaqədar yaradılan maneələri aradan qaldırmaqda və mənzillərin iddiaçılara təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3575/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.