Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2010/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predimetinə tutmanın yönəldilməsi, ipoteka predimeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(103)-2010/2022 (Açar sözlər: borcun tutulması, ipoteka predmetinə yönəltmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(004)-370/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 35000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. 2.Kreditin təminatı qismində cavabdehlər Cavabdeh2, Cavabdeh1 xx.xx.2019-ci il tarixdə iddiaçıyla DEN-00056- İ5 19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 100 saylı mənzil ipoteka saxlayana yenidən ipotekaya qoymuşdur. 3.Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında Bakı şəhərində bağlanmış xx.xx.2017-ci il tarixli DEN-00018-05/17A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin "Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli DENG-00018-05/17A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predimetinə tutmanın yönəldilməsi, ipoteka predimeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, DEN-00056-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 30344,09 manat əsas borc, 5857.,35 manat faiz borcu, 422,9 manat dəbbə borcu, ümumilikdə 36624,34 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli, DEN-00056-05/19A saylı sonrakı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN- 00056/19A kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərtilə 35000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh2, Cavabdeh1 xx.xx.2019-ci il tarixdə iddiaçıyla DEN-00056- İ5 19A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 100 saylı mənzil ipoteka saxlayana yenidən ipotekaya qoymuşdur. Sonrakı ipoteka predmeti Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh2 arasında Bakı şəhərində bağlanmış xx.xx.2017-ci il tarixli DEN-00018- 05/17A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli DENG-00018-05/17A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 141 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 30344,09 manat əsas borc, 5857,35 manat faiz borcu, 422,90 manat dəbbə borcu, ümumilikdə 36624,34 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2020-ci il tarixinə ümumi borcu 36624,34 manat təşkil edir. 6.Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 sentyabr 2021-ci il tarixli, 2(004)-370/2021 saylı qətnaməsi ilə (hakim-Orxan Məmmədli) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 30344,09 (otuz min üç yüz qırx dörd manat doqquz qəpik) manat əsas borc, 4374,41 (dörd min üç yüz yetmiş dörd manat qırx bir qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 34768,50 (otuz dörd min yeddi yüz altmış səkkiz manat əlli qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh2 iddiaçının xeyrinə tutulması, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzil boşaldılması qət edilmişdir. 7.Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh-borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməmişdir. 8.İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli, DEN- 00056/19A kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 30344,09 manat əsas, 5857,87 manat faiz, 422,90 manat cərimə, cəmi 36624,34 manat borcu vardır. 9.Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5288 saylı ekspert rəyinə əsasən cavabdeh-borc alanın banka xx.xx.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə 30489,34 manat, faiz borcu üzrə 4374,41 manat, xx.xx.2021-ci il rəy verilən tarixə əsas borc üzrə 30489,34 manat, faiz borcu üzrə 11700,32 manat borcu olduğu müəyyən edilmişdir (ekspert rəyinin nəticə hissəsində texniki səhv olaraq ekspert rəyi verilən tarix 05 avqust 2021-ci il tarixi əvəzinə 19 avqust 2020-ci il il kimi göstərilmişdir). 10.Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi xx.xx.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsi üzrə 30344,09 (otuz min üç yüz qırx dörd manat doqquz qəpik) manat əsas borc, 4374,41 (dörd min üç yüz yetmiş dörd manat qırx bir qəpik) manat faiz borcu (ekspert rəyində göstərilən məbləğ), 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 34768,50 manat məbləğində pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. 11.İşin hallarını nəzərə alaraq, məhkəmə xx.xx.2019-cu il tarixli, DEN-00056/19A kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 422,90 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq saymışdır.
12. Məhkəmə hesab edir ki, borcun tutulması ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50 kv.m olan mənzilə tutma yönəldilməli, mənzilə yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzil boşaldılmalıdır.
13. xx.xx.2020-ci il tarixli “Legal Prime MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilin likvid dəyəri 58000 manat təşkil edir. Buna görə də, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 58000 manat müəyyən olunmuşdur. 14.İddia tələbi qalan hissələrdə təmin edilməmişdir. 15.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 739, 425.1, 442, 385.1, 462.1, 467, 269, 270, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 59.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.4, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-370/2021 saylı qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi bağlandığı vaxtdan Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Kredit müqavilələri üzrə borcun məbləğinin düzgün müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertiziyası təyin edilmişdir. xx.xx.2021 ci il tarixli, 9/5288 saylı ekspert rəyinə əsasən Cavabdeh2 borcalınan banka xx.xx.2019 cu il tarixli, DEN -00056/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2020 ci tarixə əsasən borc üzrə 30489,34 manat, faiz borcu üzrə 11700,32 manat borc olduğu müəyyən edilmişdir. Məhkəmə kredit müqaviləsinin təmintı olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 7 ünvanında yerləşən 100 saylı mənzili qiymətləndirilməsi üçün “Legal Prime MMC-nə göndərilmişdir. Həmin cəmiyyətin verdiyi mütxəssis rəyi göstərir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan mənzilin dəyəri 58000 manat təşkil edir. Yuxarıda adıçəkilən ünvanda yerləşən mənzilə baxış keçirmədən 58000 manat qiyməti mütəxəssis baxış keçirmədən necə qiymətləndirib. Qeyd etmək istəyir ki, qiymətləndiririlməsi üçün “Legal Prime MMC-nin mütəxəssisləri bir dəfə də olsun mənzilə baxış keçirməmiş, mənzilin vəziyyəti necədir, təmir üçün hansı ölkənin istehsalı olan tikinti materiallarından istifadə edilmişdir. və.s. Mütəxəssis rəyinə Cavabdeh2 məhkəmənin baxış iclasında öz etirazını bildirmişdir. Cavabdeh2 mənzilin təkrar başqa mütəxəssis tərəfindən qiymətləndirilməsi barədə məhkəməyə vəsatət təqdim etsədə, məhkəmə qətnamədə bu vəsatətə hüquqi qiymət verməmişdir. Yasamal Rayon Məhkəməsi bütün bu subutlara qiymət vermədən tələsik qətnamə qəbul edərək iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbini təmin etməklə tələsik qətnamə qəbul etmişdir. Bundan əlavə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qiymətləndirmənin fakt üzrə aparıldığını və evə baxış keçirildiyini qeyd etsə də, qiymətləndirmə fəaliyyətində nəzərdə tutulmuş qaydada evə baxış keçirilməmiş və qiymətləndirici təşkilat sadəcə mənzildən kənardan və yalnız mənzilin texniki sənədləri əsasında rəy hazırlayıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, izahatında qeyd etdi ki, o, qətnaməni borc hissədə və ipoteka predmetinin ilkin satış qiyməti hissədə mübahisələndirmişdir. O, borc hissədə qətnamə ilə razılaşmasa da, hazırki qiymətlənlirmə rəyi ilə razıdır. 20.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 22.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 25.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 26.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 27.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 29.Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 30.Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.Maddə 462.1 və 467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunu: 32.Maddə 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33.Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin satış qiyməti və borcun tutulması ilə bağlı iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni qeyd olunan hissədə mübahisələndirmiş, digər tərəflər qətnamədən apellyasiya şikayəti verməmişlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38.İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh2 Həhrəm oğlu kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh2 Həhrəm oğlunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. 39.Kollegiya hesab edir ki, borcun müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası keçirilmiş, birinci instansiya məhkəməsi işdə olan maliyyə sənədləri və ekspertiza rəyi əsasında əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin məhkəmə tənasübsüz surətdə yüksək məbləğdə olan dəbbə pulunu azaltmışdır. 40.Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
41. Cavabdeh borcun şişirdilməsini qeyd etsə də, işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. 42.Buna görə də, kollegiya apellyatorun borc hissədə dəlillərini əsassız hesab edir. 43.Məhkəmə kollegiyası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 44.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən, “Legal Prime MMC tərəfindən rəy verilərkən əmlaka baxış keçirilmədiyindən, məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. 45."xxxx" MMC-nin 31 avqust 2022-ci il tarixli, 1-08/22-AM-M saylı rəyinə əsasən Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilin bu günə bazar qiyməti 85000 manat, likvid qiyməti 76500 manat civarında olduğuğu müəyyən olunur. 46.Kollegiya hesab edir ki, "xxxx" MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, əmlakın mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. 47.Buna görə də, kollegiya hesab edir ki, ."xxxx" MMC-nin 31 avqust 2022-ci il tarixli, 1- 08/22-AM-M saylı rəyi əsas götürülməklə qətnamə mübahisələndirilən-ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 76500 manat müəyyən olunmalıdır. 48.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406cımaddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(004)-370/2021 saylı qətnaməsi mübahisələndirilən- ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin, ipoteka predmetinin ilkin satış qiyməti 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev