Məhkəmə qərarları › İş №2(103)-3465/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3465/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3465/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Bank “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Hafız oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4442/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Bank “xxxx” ASC cavabdehlər Cavabdeh1 Hafız oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın“Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, XDEN-00030-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, 68.452,72 manat əsas borc, 9.394,18 manat faiz borcu, 1.181,70 manat dəbbə borcu olmaqla, cəmi 79.028,60 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh1 Hafız oğlundan iddiaçının xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 Hafız oğlundan tutulması, mənzildə qeydiyyatda olan Cavabdeh1 Hafız oğlunun, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə və yeni maliyyə arayışı təqdim edərək hazırda Cavabdeh1 Hafız oğlunun xx.xx.2019-ci il tarixli, XDEN-00030-05/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcunun qaldığını göstərmiş, iddia tələbinin təqdim edilən maliyyə arayışına uyğun olaraq təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Bank “xxxx” ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00030- 05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2019-cu il tarixli XDEN- 00030- 05/19A saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə olan 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumun və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum olmaqla, cəmi 60,40 manat xərcin iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın,ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilməsi və açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, evə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətilərini ümümi ifadələrlə ölkədə olan karantin rejiminə görə borcu vaxtında ödəyə bilmədikləri arqumenti ilə əsaslandırmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, bununla belə Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu xahişini əsaslandırmamış, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki, cavabdehlər qətnməni məhz həmin hissədə mübahisələndirmişlər, iddiaçı bank isə ümumiyyətlə qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin müəyyən olunmuş hallarına əsasən Bank “xxxx” ASC-nin “Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfındən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 70.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində xx.xx.2019-cu il tarixdə ipoteka saxlayan Bank “xxxx” ASC-nin “Promo” fılialı ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında XDENG-00030-05/19A saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzil ipoteka ilə yüklü edilmişdir. Yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən xx.xx.2019-cu il tarixdə 3111 nömrəli reyetsr kitabında, 290676 nömrəli vərəqində, **********79-05101- 093014 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə banka olan borcunun məbləği 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat təşkil edir. Bank “xxxx” ASC xx.xx.2020-ci il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. “xxxx” MMC-nin rəyinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzilin real bazar dəyəri 160.000 manat, likvid dəyəri 135.000 manat məbləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh1 qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə tutma yönəldilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayətində irəli sürülnlər formal mülahizələrdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar