Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-270/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(060)-1847/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(060)-1847/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin kredit müqaviləsindən irəli gələn 25.12.2020-ci il tarixinə olan 49013 manat 17 qəpik əsas borc, 5015 manat 42 qəpik faiz borcu, 31 manat 36 qəpik dəbbə borcu, ümumilikdə 54059 manat 95 qəpik məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 11.10.2019-cu il tarixli, XDENG- 00203-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,70 kv.m olan mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 95000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi və ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulması, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,70 kv.m olan mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cəmiyyətin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 25.12.2020-ci il tarixinə olan 49013,17 manat əsas borc, 5015,42 manat faiz borcu, 31,36 manat dəbbə borcu, ümumilikdə 54059,95 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh cəmiyyətin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 11.10.2019-cu il tarixli, XDENG-00203-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,70 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 55000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 11.10.2019-cu il tarixdə cəmiyyətlə XDENG-00203-17/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Sumqayıt şəhəri, 17-ci məhəllə, 208 A saylı evin 87 saylı mənzilini ipoteka saxlayana ipotekaya qoymuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 174 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə bağlanmış kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən cəmiyyət məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 25.12.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 49013 manat 17 qəpik, faizlərin məbləği 5015 manat 42 qəpik, dəbbə borcu 31 manat 36 qəpik, ümumi borcu 54059 manat 95 qəpik təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları araşdırmamış, yalnız bankın iddia ərizəsində qeyd etdiklərinə istinad edərək qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçı təşkilatın təqdim etdiyi iddia ərizəsinə əsaslanmış, onun banka etdiyi ödənişlər nəzərə alınmaqla banka olan əsas və faiz borcunun aydınlaşdırılması üçün ekspertiza təyin etməmişdir. Çünki kredit müqaviləsi üzrə hazırki günədək 29000 manata yaxın ödəniş edilmişdir. Lakin həmin məbləğin əsas borca və yaxud da faiz borcuna düzgün silinməsi sual altındadır. Həmin ödənişlərin əsas, yaxud da faiz borcuna çıxılması hazırki gündə məlum deyildir. İddiaçı təşkilat iddia tələbində borcu və faizi şişirdərək tələb etmiş, ödənişləri nəzərə almamışdır. Qeyd edilən halların araşdırılması üçün iş üzrə ekspertiza təyin edilməli, ekspert qarşısında müqavilə üzrə ödənilmiş məbləğlərin əsas və faiz borcuna silinməsinin müqavilə şərtlərinə uyğun olubolmaması, kredit müqaviləsi üzrə məbləğlərin əsas və faiz borcuna silinməsinin müqavilə şərtlərinə (ödəniş qrafikinə) əsasən düzgün olmamışdırsa, ödənilmiş məbləğlərin əsas və faiz borcuna hansı nisbətdə silinməli olması, bu nisbətdə silinmələr nəzərə alınarsa, müqavilə üzrə iddia ərizəsinin verildiyi tarixə əsas və faiz, cərimə borcunun nə qədər olması barədə sual qoyulmalı, ekspertizanın nəticəsindən asılı olaraq yeni qətnamə qəbul edilməlidir. Bundan əlavə, məhkəmə qiymətləndirmə rəyinə əsasən ona məxsus əmlakın bazar dəyərini 10000 manat, likvid dəyərini isə 95000 manat müəyyən etmişdir ki, qeyd edilən məbləğlə də razı deyildir. Belə ki, ona məxsus əmlakın dəyəri hazırki gündə müəyyən edilən məbləğdən yüksəkdir. Odur ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli, alınmış rəy əsasında mənzilin həqiqi likvid dəyəri müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, keçiriləcək ekspertizanın nəticəsi nəzərə alınmaqla iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh və üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz borcuna və ipoteka predmetinin ilkin satın qiymətinə aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin əsas, faiz və ipoteka predmetinin ilkin satın qiymətinə aid hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış 11 oktyabr 2019-cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 23 faiz olmaqla, 55000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, XDENG-00203-17/19A saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, XDEN- 00203-17/19A saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci məhəllə, 208A saylı evin 87 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, 208A saylı evin 87 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 22.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, 208A saylı evin 87 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi 11.10.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 365 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 25 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, 11.10.2019-cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh 25.12.2020-ci il tarixə 49013,17 manat əsas borcu, 5015,42 manat faiz borcu, 31,36 manat dəbbə borcu, ümumilikdə 54059,95 manat məbləğində borcu vardır. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 iyun 2020-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 oktyabr 2020-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, 208A saylı evin 87 saylı mənzili üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, 208A saylı evin 87 saylı mənzilinin real bazar dəyəri- 110000 manat, likvid dəyəri 95000 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə 06 may 2021-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, 208A saylı evin 87 saylı mənzilinin bazar dəyəri-100000 manat, likvid dəyəri 80000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14.04.2012-ci il tarixli, 9/1352 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınmış kredit vəsaiti üzrə banka ödəməli olan borcu 25 dekabr 2020-ci il tarixə əsas borc üzrə 49010,09 manat və faiz borcu üzrə 4988,72 manatdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış 11 oktyabr 2019-cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 23 faiz olmaqla, 55000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, Cavabdeh həmin kredit müqaviləsindən irəli gələn 25.12.2020-ci il tarixinə olan əsas, faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində əsas, faiz borcunu və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14.04.2012-ci il tarixli, 9/1352 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınmış kredit vəsaiti üzrə banka ödəməli olan borcu 25 dekabr 2020-ci il tarixə əsas borc üzrə 49010,09 manat və faiz borcu üzrə 4988,72 manatdır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, 208A saylı evin 87 saylı mənzilinin real bazar dəyəri-110000 manat, likvid dəyəri 95000 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz borcuna və ipoteka predmetinin ilkin satın qiymətinə aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(060)-1847/2021 saylı qətnaməsi əsas, faiz borcuna və ipoteka predmetinin ilkin satın qiymətinə aid hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-270/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-270/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver