Məhkəmə qərarları › İş №2(103)-724/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-724/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-724/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı qarşı “kredit müqaviləsinin ləğvi və s.” tələblərinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4442/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın“Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019ci il tarixli, XDEN-00030-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, 68.452,72 manat əsas borc, 9.394,18 manat faiz borcu, 1.181,70 manat dəbbə borcu olmaqla, cəmi 79.028,60 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh1 Hafız oğlundan iddiaçının xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 Hafız oğlundan tutulması, mənzildə qeydiyyatda olan Cavabdeh1 Hafız oğlunun, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə və yeni maliyyə arayışı təqdim edərək, Cavabdeh1 Hafız oğlunun 18.10.2019-ci il tarixli, XDEN-00030- 05/19A saylı kredit müqaviləsi üzrə 04.11.2020-ci il tarixinə 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcunun qaldığını göstərmiş, iddia tələbinin təqdim edilən maliyyə arayışına uyğun olaraq təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2020 saylı, 06 noyabr 2020- ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 18.10.2019-cu il tarixli XDEN-00030- 05/19A saylı kredit müqaviləsinə əsasən 04.11.2020-ci il tarixinə olan 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumun və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum olmaqla, cəmi 60,40 manat xərcin iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın, ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilməsi və açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, evə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3465/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Мəhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(004)-4442/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5058/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3465/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit götürdükdən sonra, pandemiyanın baş verəcəyini və bu səbəbdən də iş yerlərinin bir ildən çox müddətə bağlı qalacağını bilsəydi, ümumiyyətlə kredit götürməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi isə yalnız Bankın mövqeyinə əsaslanaraq, Cavabdeh1 öz öhdəliklərini tam şəkildə pandemiya səbəbindən yerinə yetirə bilmək imkanından məhrum olduğunu nəzərə almadan, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsində təqsirli hesab edərək, müqaviləni ləğv edib ki, və bununla da, Mülki Məcəllənin 422.2. və 448-ci maddəsinin tələblərini pozub. Yasamal Rayon Məhkəməsi qətnaməsini çıxaran zaman qətnamənin əsaslandırılması ilə bağlı MPM-in 220-ci maddəsinin tələbini pozub. Qətnamədə Cavabdeh1 müqavilə üzrə nə qədər ödəniş etdiyini bunu təsdiq edən sübutlar öz əksini tapmayıb. Məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən, yalnız Bankın verdiyi maliyyə arayışı əsasında Cavabdeh1 borc məbləği ilə bağlı yekun nəticəyə gəlib. Xüsusilə, nəzərə almaq lazımdır ki, kredit müqaviləsində ödənişin aylıq əsasda icra edilməsi göstərilsə də, ödəniş qrafiki faktiki olaraq Cavabdeh1 təqdim edilməyib. Məhkəmə isə bütün bu halları araşdırmayıb. Apellyator, həmçinin maddi vəziyyətinin qənaətbəxş olmamasını qeyd etmişdir. Bundan başqa, müqavilənin ləğvi də qətnamədə əsaslandırılmayıb. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin “kredit müqaviləsinin ləğv edilməsi və borc məbləğinin tutulması” hissələrində yoxlanılmasını təşkil edir. Apellyatorlar şikayəti ilə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, qətnamənin yalnız borc məbləğinin həcmi hissəsini və Mülki Məcəllənin 422.2 və 448-ci maddələrinin tətbiqinə dair hissəsini mübahisələndirir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bank "xxxx" ASC-nin “Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli XDEN00030-05/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfındən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 70.000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində 18.10.2019-cu il tarixdə ipoteka saxlayan Bank "xxxx" ASC-nin “Promo” fılialı ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında XDENG-00030-05/19A saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzil ipoteka ilə yüklü edilmişdir. Yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən 22.10.2019-cu il tarixdə 3111 nömrəli reyetsr kitabında, 290676 nömrəli vərəqində, **********79-05101-093014 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 04.11.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə banka olan borcunun məbləği 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat təşkil edir. Bank "xxxx" ASC 02.06.2020-ci il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRXnin Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC-nin rəyinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzilin real bazar dəyəri 160.000 manat, likvid dəyəri 135.000 manat məbləğində müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 739.1, 448.1 və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33, 34, 39, 59-cu maddələri ilə əsaslandıraraq belə qənaətə gəlmişdir ki, müqaviləyə əsasən iddiaçı bank öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də, Cavabdeh1 cəmi 63.028,60 manat pul tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “iddia tələbindən görünür ki, iddiaçı kredit müqavilənsinin ləğvi barədə iddia irəli sürmüş, birinci instansiya məhkəməsi həmin iddianı təmin etsə də, qətnamədə həmin tələbə qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi isə tələb edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdehlər apellyasiya şikayətində digər dəlillərlə yanaşı, birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının keçirilməməsinə, kredit müqaviləsinin ləğvi barədə iddia tələbinin əsaslandırılmamasını göstəriblər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənləri təkrar etməklə bu dəlillərə qiymət verməmişdir.” Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən apellyasiya qaydasında yoxlayaraq aşağıdakıları qeyd edir: İşdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onun iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin, öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə hesablanmış borc məbləği iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 04.11.2020-ci il tarixli maliyyə arayışına əsasən hesablanmışdır. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının nəticələri barədə tərtib edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2022-ci il tarixli, 9/9532 nömrəli rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 18 oktyabr 2019-cu il tarixli, XDEN-00030- 05/19A nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 06.11.2020-ci il tarixə "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 06 noyabr 2020-ci il tarixə 64782.42 manat, əsas borc üzrə 64493.99 manat, faiz borcu 288.43 manat. Ekspert rəyinə uyğun olaraq, cavabdehin əsas borcun məbləği 64493.99 manat, faiz borcunun məbləği isə 288.43 manat müəyyən edilsə də, iddiaçının 06.11.2020-ci il tarixdə iddia tələbinin həcmini azaldılmasına dair ərizə ilə 62993.4 manat əsas, 35.2 manat məbləğində faiz borcunun tələb edildiyini nəzərə alaraq, cəmi tutulmalı olan borc məbləği iddia tələbində göstərilən həddə, yəni cəmi 63028.6 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğini 62993.4 manat, faiz borcunun məbləğini 35.2 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Apellyator şikayətində borc məbləğinin düzgün hesablanmamasına istinad etsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, apellyatorun şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbində kredit müqaviləsinin ləğv edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianı bu hissədə təmin etsə də, qətnamənin əsaslandırıcı hissəsində tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmədiyindən, qətnamə bu hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mülki Məcəllənin 422.2 və 448-ci maddələrinin tətbiq edilməsi hissəsi ilə bağlı, həmçinin qeyd edir ki, apellyatorlar maddi vəziyyətinin qənaətbəxş olmaması və COVİD-19 pandemiyasının mövcudluğu onların bank qarşısında olan öhdəliklərinin icra edilməməsinə əsas ola bilməz. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri apellyatorun subyektiv mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin hesabına ödənilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi “kredit müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsi ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəsinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar