Məhkəmə qərarları › İş №2(103)-2010/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2010/2025

05.03.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2010/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-500/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0.075 ha olan 1228b saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh ilə aramızda bağlanmış ilkin alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış 160.000 manatın 96.925 manatının ödənilmiş hesab edilməklə, yerdə qalan 63.075 manatın iddiaçı tərəfindən ödənilməsi şərti ilə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi və iddia tələbi ilə bağlı ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi təqdim edərək, xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinin alıcı tərəfindən ödədiyi 83000 manatın ona qaytarmaqla ilkin alqı-satqı müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-500/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə şikayət ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı“alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair iddiası ilə qarşılıqlı iddianın bir icraatda birləşdirib mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianın mümkünlüyü, hansı müddətə verilməsi barədə Cavabdeh anlayışı belə olmamışdır. Həmin halların mövcudluğu ancaq o, vəkillə müqavilə bağlayandan sonra müəyyən olmuşdur. Bildirir ki, müddətin buraxılması hüquqi savadının olmaması ilə əlaqədadır. Hesb edir ki, ilk iddia qarşılıqlı iddia ilə birlikdə baxıldıqda mülki mübahisənin qanuni, əsaslı və hərtərəfli araşdırılıb hüquqi qiymət verilməsi zərurətindən əmələ gəlir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-500/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 156.2-ci maddəsinə əsasən, qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki-prosessual qanunvericilikdə qarşılıqlı iddianın icraata qəbul edilməsinin 3 əsası, qaydası (iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir) və müddəti (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində) təsbit edilmişdir. Eyni zamanda, müddət keçdikdən sonra qarşılıqlı iddianın verilməsini mümkün edən hallar sadalanmış, lakin bu hallar belə iddianın icraata qəbul edilməsinin hər üç deyil, artıq iki əsasına aid edilmişdir. Başqa sözlə, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılmasının mübahisələrin daha tez və düzgün baxmaqla nəticələnməsi əsası ilə qarşılıqlı iddia yalnız iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilə bilər. Bu müddətdən sonra qarşılıqlı iddianın verilməsinə yol verilmir. Hazırkı işdən göründüyü kimi mülki iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmə bildirişi ilə birlikdə xx.xx.2024-cü il tarixdə mülki iş üzrə cavabdehin qeydiyyat ünvanına xəbərnaməli poçt vasitəsilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə şəxsən imza edilməklə qeyd olunan ünvanda rəsmi qaydada təhvil alınmış, həmçinin Cavabdeh məhkəmənin 22 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında şəxsən iştirak etmişdir. Cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsini xx.xx.2025-ci il tarixdə təqdim etməklə, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ərizədə cavabdehin qarşılıqlı iddianın həmin müddətdə (20 gün) təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmamış, onun verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlməsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş müddət ötürülməklə verildiyindən icraata götürülə bilməz. Kollegiya vurgulayır ki, birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddiasını geri qaytarmaqda haqlı olmuşdur. Cavabdeh qarşılıqlı iddianı iddia ərizəsinin surətini aldıqdan sonra mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş 20 günlük müddət ərzində verməmiş, bu müddətin keçməsindən sonra verilməsini isə mümkün edən hər hansı əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-500/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar