Məhkəmə qərarları › İş №2(103)-2012/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2012/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2012/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3003/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 (beş min) manat məbləğində borc pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2017-ci ildən tanıyır. Həmin dövrdə o, qızıl alveri ilə məşğul olduğundan və cavabdehlə bir neçə dəfə alqı-satqı əməliyyatı həyata keçirdiyindən çox yaxın münasibətləri yaranmış, onun etibarını qazanmışdır. Bundan sonra Cavabdeh 3 dəfəyə 5.000 manat məbləğində pul borc almışdır. Belə ki, təxminən 2018-ci ilin əvəllərində Cavabdeh ondan 2.000 manat borc pul almış və 3 ay ərzində qaytaracağını bildirmişdir. Lakin Cavabdeh borcunu qaytarmaq əvəzinə ondan əlavə 2.000 manat pul borc almış, əvvəl aldığı borc pul ilə birlikdə ona 4.000 manat qaytaracağına söz vermişdir. Lakin bundan sonra yenə də Cavabdeh ondan aldığı borc pulu qaytarmamış, hər dəfə onu inandırmışdır ki, narahat olmasın, tezliklə pulunu bir dəfəyə tam qaytaracaqdır. 2019-cu ilin əvvəlində cavabdeh ona müraciət edib bildirdi ki, təcili olaraq 1.000 manat pul lazımdır, qardaşı Cavidin aliment borcu ilə bağlı ciddi problemi var. Aysel ona yalvardı ki, 1000 manat pul borc verməsə qardaşını tutacaqlar. Ayselin yalvarışını nəzərə alıb əlavə olaraq 1000 manat pul borc vermişdir. Cavabdeh əvvəl iki dəfəyə verdiyi 4.000 manat borc pula görə qəbz almışdır. 1000 manat pulu verəndə isə Ayselin həmin vaxt psixoloji vəziyyətini nəzərə alıb və pulu küçədə verdiyindən həmin pula dair qəbz ala bilməmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh ona olan borcu qaytarmamış, yubanma ilə bağlı müxtəlif bəhanələr söyləmiş, vaxt keçdikcə onunla görüşməkdən yayınmış, telefon zənglərinə cavab verməmiş, onunla olan əlaqələrini tamamilə kəsmişdir. Cavabdehin onu aldatdığını zənn edib 2020-ci ilin sonlarında müvafiq şikayət ərizəsi ilə Sabunçu RPİ-nə müraciət etsə də, cavabdehin əməlində cinayət tərkibinin olmamasını əsas gətirən istintaq şöbəsinin müstəntiqi 26.12.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarla şikayətini təmin etməmiş, onunla cavabdeh arasında yaranmış münasibətlərin mülki xarakterli olmasını əsas gətirib müvafiq məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Yaranmış vəziyyət Cavabdeh 5.000 manat borc pulun məhkəmə qaydasında tələb olunmasını zəruri etmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3003/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 5.000 (beş min) manat məbləğində borc pul və 30 (otuz) manat məbləğində dövlət rüsumununalınıb İddiaçı verilməsi qət edilmişdir (sədrlik edən: Əşir Səmədov).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehna qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 5.000 (beş min) manat məbləğində borc pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 05.07.2021-ci il tarixli 2(008)-3003/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5.000 (beş min) manat məbləğində borc pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmənin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsini hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilməmişdir. Cavabdeh 2021-ci ilin noyabr ayının ortalarında İcra qurumu vasitəsilə belə məhkəmə qətnaməsinin mövcüdluğundan xəbərdar olmuşdur. Bundan sonra məhkəməyə sorğu verərək 18.11.2021-ci il tarixində qətnamənin surətini götürmüşdur. Bu zaman Cavabdeh məlum olmuşdur ki, məhkəmə işin hallarını tam ətraflı araşdırmadan, yalnız iddiaçının yalan məlumatları əsasında qətnamə çıxarmışdır. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıdan götürdüyü borcu tam qaytarmışdır. Lakin, məhkəmə borcun qaytarılmasını nəzərə almamış əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırda cavabdehin hər hansı təqsirindən söhbət gedə bilməz. Cavabdeh iddiaçıya olan borcunu tam qaytarmışdır. Belə ki, cavabdeh ilkin olaraq iddiaçıdan götürdüyü 4000 (dörd min) manat borcu ödəmiş, daha sonra yenidən 1000 (min) manat borc pul götürmüş həmin pulu da hər dəfə 500 manat olmaqla iki dəfəyə tam qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçının tələbinin əsassızlığı göstərən hal onunla bağlıdır ki, əgər cavabdeh ilkin olaraq götürdüyü 4000 (dörd min) manat pulu qaytarmırdırsa, niyə iddiaçı yenidən 1000 (min) manatda pul borc vermişdir. Bu isə cavabdehin 4000 (dörd min) manat pulu qaytarmasının bundan sonra ona yenidən 1000 (min) manat borc pul verilməsinin göstəricisidir. Odur ki, məhkəmənin qanunvericiliyin tələblərini düzgün nəzərə almaması açıq-aşkar aydındır. İddiaçı üç min manatdan artıq borc verdiyini iddia etsədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozaraq heç bir yazılı borc müqaviləsini təqdim etməmişdir. Məhkəmə isə yazılı borc müqaviləsi olmadığı halda cavabdeh üçün öhdəlik müəyyən edilmişdir. Halbuki cavabdeh iddiaçı qarşısında bütün öhdəliklərini icra etmişdir. Məhkəmə isə borc verilməsi zamanı Mülki Məcəlləsinin tələblərinin nəzərə alınmaması məsələsinə heç bir hüquqi qiymət verməmişdir. Göründüyü kimi Azərbaycan RespublikasıMülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırda cavabdehin hər hansı təqsirindən söhbət gedə bilməz. Cavabdeh iddiaçıya olan borcunu tam qaytarmışdır. Belə ki,cavabdeh ilkin olaraq iddiaçıdan götürdüyü 4000 (dörd min) manat borcu ödəmiş, daha sonra yenidən 1000 (min) manat borc pul götürmüş həmin pulu da hər dəfə 500 manat olmaqla iki dəfəyə tam qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçının tələbinin əsassızlığı göstərən hal onunla bağlıdır ki, əgər cavabdeh ilkin olaraq götürdüyü 4000 (dörd min) manat pulu qaytarmırdırsa, niyə iddiaçı yenidən 1000 (min) manatda pul borc vermişdir. Bu isə cavabdehin 4000 (dörd min) manat pulu qaytarmasının bundan sonra ona yenidən 1000 (min) manat borc pul verilməsinin göstəricisidir. Odur ki, məhkəmənin qanunvericiliyin tələblərini düzgün nəzərə almaması açıq-aşkar aydındır. Göründüyü kimi iddiaçı üç min manatdan artıq borc verdiyini iddia etsədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozaraq heç bir yazılı borc müqaviləsini təqdim etməmişdir. Məhkəmə isə yazılı borc müqaviləsi olmadığı halda cavabdeh üçün öhdəlik müəyyən edilmişdir. Halbuki cavabdeh iddiaçı qarşısında bütün öhdəliklərini icra etmişdir. Məhkəmə isə borc verilməsi zamanı Mülki Məcəlləsinin tələblərinin nəzərə alınmamasıməsələsinə heç bir hüquqi qiymət verməmişdir. İddiaçı öz mülki hüquqlarından sui istifadə edərək, cavabdeh tərəfindən borc ödənildiyi halda qanunsuz və əsassız olaraq cavabdehdən əlavə pul ödənilməsini tələb etmiş, Bununlada Azərbaycan RespublikasıMülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili O.Əliyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin iddianın ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Ə.Sadıxlı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, işdə olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 2018-ci il tarixdə ayrı-ayrı vaxtlarda 2000 manat, ümumilikdə 4000 manat pul götürmüşdür.

10. İşdə olan Sabunçu RPİ-nin İŞ-nin 26.12.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Hüquqi dəyərləndirmə:

11. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Həmin Məcəllənin 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

16. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

17. Kollegiya qeyd edir ki, işdə olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 2018-ci il tarixdə ayrı-ayrı vaxtlarda 2000 manat, ümumilikdə 4000 manat pul götürmüşdür.

18. Həmçinin iş materiallarında olan Sabunçu RPİ-nin İŞ-nin 26.12.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, “...Material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı 2018-ci ildə Şəhla adlı tanışı vasitəsi ilə tanımış və 2018-ci ilin əvvəlində İddiaçı 2000 manat pul faizə almış, 2018-ci ilin iyun ayında yenə 2000 manat pul faizə almış və 2019-cu ilin əvvəlində 1000 manat pul faizə almışdır...”.

19. Qeyd edilənlərə əsasən, cavabdehin iddiaçıdan ümumilikdə 5000 manat borc alması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh öz izahatdında iddiaçıdan ümumilikdə 5000 manat borc pul almasını etiraf etmişdir.

20. Cinayət Prosessual Məcəllənin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.

21. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmamasını bildirmişdir. Kollegiya iş materiallarını araşdıraraq cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, cavadehə həm poçt vasitəsilə, həm də SMS bildiriş vasitəsilə məhkəmə iclasının vaxtı barədə məlumat verilmişdir.

22. Cavabdeh apellyasiya şikayətində həmçinin borcun cavabdeh tərəfindən qaytarılmamasını qeyd etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh borcun qaytarılmasını bildirsə də, borcun həqiqətən də qaytarılmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Odur ki, cavabdehin borcun qaytarılmasına dair apellyasiya şikayəinin dəlilləri mülahizə xarakteri daşıyır.

23. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

27. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3003/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar