Məhkəmə qərarları › İş №2(103)-2013/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2013/2023

15.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2013/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «müqavilənin etibarsız hesab edilməsi və əmlakların geri qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2648/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş 11 avqust 2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərann icrası ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında xx.xx.2017-ci il tarixində müqavilə bağlanmışdır.

2. İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Əvəzləşdirmə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 45 m2 mənzilin əvəzinə güzəştli şərtlərlə binanın C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət olan təmirsiz, kirayə haqqı ödənilmədən mənzilləri mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə onlara məxsus mənzili söküntü üçün MTK-ya təhvil verməyi, müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında xx.xx.2017-ci il tarixidə bağlanmış müqavilənin tərkib hissəsidir. İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış 09/02 nömrəli xx.xx.2022-ci il tarixli məktubla tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə C bloku 9-cu mərtəbədə 30 saylı 1 otaqlı 56.6 kvadrat metr və D blokunda 8-ci mərtəbədə 26 saylı 88 kvadrat metr 2 otaqdan ibarət təmir üçün hazır vəziyyətdə olunması bildirilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7530/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 cavabdehlər X3, Cavabdeh, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair X4 adından Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinə dair X3 ilə Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair X3 ilə Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manatın X1 X4 xeyrinə tutulması qət edilmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5717/2020 nömrəli qətnaməsi ilə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2642/2021 nömrəli qərarı ilə cavabdeh Vakılova Zemfira Dursun qızının kassasiya şikayət təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5717/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (cavabdehin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Cavabdeh qarşı əmlakın başqa əmlakla əvəz edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət təmirsiz, kirayə haqqı ödənilmədən mənzillərin əvəzinə ünvan 1 ünvanında “Baku City" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində mənzillərin sayının azalması səbəbindən başqa sakinlərə verildiyi kimi, 77 m2 təmirli və ya 101 m2 təmirsiz bir mənzilin verilməsinin, aylıq kirayə haqlarının hesablanması şərti ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət mənzillərə dair bağlanmış 28 oktyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və əmlakların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Dəyişdirilmiş iddiada göstərilir ki, tərəflər arasında müqavilə bağlanarkən Cavabdeh müqavilə bağlayarkən subyektiv hüququ olmamış və imzalanarkən yuxarıda göstərilən halları yəni tərəflər arasında məhkəmə mübahisəsinin olmasını MTK-dan gizlətmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2648/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Səbinə Nuriyeva) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı Cavabdeh arasından bağlanmış xx.xx.2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki,... iddia tələbinin hüquqi əsasını ünvan 2 ünvanında yerləşən mənzilə dair cavabdehin hüquqlarının qanuni qüvvəsini almış məhkəmə aktı əsasında etibarsız sayılmasıdır. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız olması müəyyən olunmuşdur. Hazırki, iş üzrə mübahisə predmeti olan İddiaçı MTK ilə Cavabdeh arasında olan Əvəzləşdirmə müqaviləsin xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Qeyd olunan müqavilənin cavabdeh tərəfindən bağlanmasına əsas olmuş bağışlanma müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edildiyindən həmin müqavilə əsasında cavabdehin malik olduğu hüquqlar həmin tarixdən yəni 4Ə/116 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsi bağlandığı tarixdən etibarsız hesab edilir. Belə olan halda iddiaçının tələbinin mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslı olması müəyyən edilir. Bundan başqa, iddia tələbinin ikinci “C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət mənzillərin geri qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin birinci hissəsi üzrə məhkəmə araşdırması nəticəsində mübahisə predmeti olan müqavilənin etibarsız olması öz təsdiqini tapmışdır. Belə olan halda həmin müqavilənin predmeti olmuş, tərəflərin həmin predmeti üzrə razılaşdırılmış hüquq və öhdəliklərinə münasibətdə yaranmış zəruri vəzifələrinin əvvəlki vəziyyətə qaytarılması şərti aktualdır. Lakin hazırki halda tələbin ikinci hissəsi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən, habelə məhkəmə araşdırması zamanı keçrilmiş məhkəmə iclaslarında cavabdeh mübahisə predmeti olan mənzillərin təhvil verilməməsi bildirilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilir ki, məhkəmənin gəldiyi nəticəyə əsasən iddiaçı ilə cavabdeh arasında müqavilə etibarsız sayılır və belə olan halda tərəflərin vəziyyəti: - iddiaçı mübahisə predmeti olan mənzillərə dair hüquqları əldə edir. - cavabdeh mübahisə predmeti olan mənzillərə dair hüquqlardan məhrum olur. - mübahisə predmeti olan mənzillərə dair müqavilənin bağlanmasına əsas olmuş və mülkiyyət hüququ əsasında Z.Vəkilovaya məxsus əmlak sökülmüşdür və həmin əmlakın geri qaytarılması mümkün deyildir. Beləliklə, Z.Vəkilovaya məxsus əmlak sökülür və o əmlakından məhrum olur , iddiaçı isə əsassız olaraq 2 mənzil əldə etmiş olur. Nəzərə alsa ki, cavabdeh müqavilə bağlayanda onun mülkiyyət hüququ məhkəmə qaydasında etibarsız hesab edilməmişdir və onun bu müqaviləni bağlamağa hüququ tam yetirdi. Belə olan halda əqdin etibarsızlığı ilə bağlı qanunvericiliyin hansı tələbi pozulmuşdur. Əqdin etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə iki halın olması tələb olunur. Lakin bu halların heç biri mübahisələndirilən əqdin etibarsızlığı üçün dəlillər gətirilə bilməz, çünki bu hallar baş verməyib. Beləliklə, cavabdeh müqavilə bağlanan zaman belə hüquqa malik olub. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Qəbul edək ki, bu gün cavabdehin mübahisə predmeti olan müqavilənin tərəfi olmaq hüququnu itirmişdir və lakin o, bununla iddiaçıya hansı zərəri vurmuşdur. Çünki, cavabdehin mülkiyyətində olmuş əmlaka hüquqları mübahisələndirən şəxs onun mərhum atasıdır və o yalnız bağışlanma müqaviləsini mübahisələndirmişdir. Bundan sonra isə sonra növbəti prosessual addımın atılması hüququ cavabdehin atasına məxsus olmuşdur. Lakin iddiaçı yaranmış vəziyyətdən yararlanmaq niyyətinə düşərək əsassız varlanmaq niyyəti ilə tamamilə qanunsuz iddia tələbi irəli sürmüşdür. Bundan başqa, cavabdehin atasının növbəti prosessual addımı atması üçün həmin əmlakın mövcud olması tələb olunurdu, lakin həmin əmlakın mövcud olmaması, mübahisə predmeti olan mənzillərə dair prosessual addım atması üçün əsas yaradırdı. Lakin cavabdehin atası belə bir tələblə çıxış etməmişdir. Bundan başqa cavabdehin atası Z.Vakılovaya qarşı da (cavabdehin anasına qarşı, yəni əvəzləşdirilən əmlakın mülkiyyətçisinə) tələb irəli sürməmişdir. Bununla əvəzləşdirilən mənzil Z.Vakılovanın mülkiyyətindədirsə və o bu prosesdə mübahisələndirilən müqavilənin bağlanmasına etiraz etmirsə, belə olan halda məhkəmə hansı əsasla ddianı təmin etməsi başa düşülən deyil və bununla da analoji əsassız iddialar üçün president yaratmış olur. Nəzərə alsa ki, cavabdehin mülkiyyət hüququ ləğv olunduqda həmin hüquqlar əmlakın əvvəlki mülkiyyətçiyə keçir. Bu halda da əvvəlki mülkiyyətçi tərəf kimi işə cəlb olunmamışdır . Baxmayaraq ki, məhkəmənin gəldiyi nəticə birbaşa onun mülkiyyət hüququnun pozulması ilə yekunlaşmışdır. Plenumun qərarına istinad edən məhkəmə əqdin etibarsılığı ilə bağlı mənzillərin cavabdehə qaytarılmasını əsas gətirərək hesab etmişdir ki, bağlandığı anda olduqları vəziyyətə qaytarılması üçün əsas yoxdur. Lakin mənzillərin cavabdehin istifadəsində olması, əsas vermir ki, əqdin etibarsızlığı nəticəsində əvvəlki vəziyyətə qaytarılması məhkəmə qaydasında tənzimlənməsin. Belə ki , faktiki olaraq mənzillər cavabdehin istifadəsindədirsə lakin əvvəlki vəziyyətdə əvəzləşdirilən mənzil Z.Vakılovanın mülkiyyətində olub. Bu gün isə nə cavabdehin, nə Z.Vakılovanın mənzillərə hüquqları yoxdur. Ümumiyyətlə iddiaçının belə bir iddia tələbi irəli sürməyə subyektiv hüququ var idimi? Hesab edir ilk növbədə məhkəmə bu faktı araşdırmalı idi. Belə ki, mübahisələndirilən müqavilə ilə əlaqədar olaraq kimsə onlara qarşı tələblər irəli sürmüşdümü? Lakin məhkəmə bu hala qiymət verməmişdir. Mübahisə predmeti olan müqavilə üzrə öhdəliklər hər iki tərəfdən icra olunmuşdur və bununla bağlı müqavilənin tərəflərinə qarşı heç bir tələb irəli sürülməyib. Yuxarıda da qeyd etdiyi kimi iddiaçı yaranmış vəziyyətdən yararlanmaq niyyəti ilə subyektiv hüququ olmadığı halda məhkəməyə müraciət edib və ən təəcüblüsü də odur ki, məhkəmə belə tələbi təmin edir. Sual yaranır müqavilə şərtləri icra olunması səbəbindən qüvvədən düşdükdən sonra necə etibarsız hesab edilə bilər. Mülki Məcəllənin 149.2-ci maddəsini düzgün tətbiq etməyən məhkəmə hesab etmişdir ki , daşınmaz əmlaka cavabdehin hüquqları əsassız qeydə alınmışdır. Lakin məhkəmə unutmuşdur ki, tələb müqavilənin etibarsızlığı ilə bağlıdır və bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmamışdır. Həmçinin etibarsızlığı tələb olunan müqavilə bağlanarkən və əmlaklara hüquqlar qeydə alınarkən cavabdeh bu hüquqlardan məhrum olmamışdır. Məhkəmə hesab etmişdir ki , iddiaçı etibarsızlığı tələb olunan müqavilədə qeyd olunan mənzillərin mülkiyyətçisidir və həmin mənzillər cavabdehin qanunsuz istifadəsindədir. Tamamilə yalnış bir maddəni qətnamədə qeyd etməklə məhkəmə heç bir hüquqi əsası olmayan iddia tələbinə hüquqi don geyindirməyə çalışmışdır. Bu maddənin mübahisəyə nə aidiyyəti ola bilər. Belə ki, müqavilədə göstərilən mənzillər qanuni əsaslarla cavabdehin mülkiyyətinə keçmişdir və əgər cavabdehin mülkiyyətində olan mənzillərlə bağlı mübahisə qalxarsa bu hüquq iddiaçıya deyil, onun mərhum atasına və ya anasına məxsusdur ki, göründüyü kimi bu günə kimi də həmin mənzillərlə bağlı iddia tələbi irəli sürülməmişdir. Ümumiyyətlə nə səbəbdən Mülki Məcəllənin 158.3-cü maddəsinə istinad olunması bəlli deyil. Məhkəmə hansı hüquqların iddiaçıda və cavabdehdə qalmasını nəzərdə tutmuşdur? Bu maddə mülkiyyətçi olmayanın hüquqlarını nəzərdə tutur və bu maddə kimə nisbətdə qeyd olunur. Əgər iddiaçıya nisbətdə nəzərdə tutularaq yazılmışdırsa necə ola bilər ki, məhkəmə həm hesab edir ki, iddiaçı mülkiyyətçidir (MM-nin 157-ci maddəsinə istinad etməklə) həm də hesab edirki mülkiyyətçi deyil?

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. 14 Məhkəmə iclasında iştirak etmiş Cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zemfıra Vakılova da apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdilər.

16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MTK-nın nümayəndəsi və vəkili mübahisənin barışıq sazişi ilə tamamlamaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, sonuncu məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13 (İ hissəsi). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (İİİ, İV hissələri). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə gəldiyi nəticə düzgün olmamışdır.

26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

27. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

28. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsi yaxud iddianın predmetinin və ya əsasının sonradan dəyişdirilməsi iddiaların yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və tərəflərin fikrini öyrənib işə cəlb edilməli olan şəxslərin dairəsini dəqiqləşdirib onları hüquq və mənafelərinə uyğun prosessual statusunu müəyyən etməklə işdə iştirak etməyə cəlb edə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

29. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.

30. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqli olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

32. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

33. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan başqalarına zərər vurmaq məqsədilə sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

34. Bu mənada iddiaçı MTK-nın 28 oktyabr 2019-cu il tarixli müqavilənin etibarsızlığını və mənzillərin geri qaytarılması tələbini irəli sürməsi üçün mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu. Belə ki, iddiaçının ilk tələbi ilə dəyişdirilmiş tələbi arasındakı fərq, yəni tələbin əsasını tam dəyişməsi onun hüquqdan pis niyyətlə sui-istifadə etdiyinə dəlalət edirdi. Çünki, iddiaçı birinci tələbin məzmununda sonradan etibarsızlığını tələb etdiyi müqaviləni etibarlı əqd kimi qəbul edir, yalnız fors-major hallara istinad edərək cavabdehə 2 mənzil əvəzinə, təmirli və ya təmirsiz 1 mənzil verilməsinin təmin edilməsini məhkəmədən xahiş edirdi. Lakin sonradan qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğunu öyrəndikdən sonra tələbinin əsasını dəyişib tərəflər arasında müqavilə bağlanarkən Cavabdeh subyektiv hüququnun olmadığını, yəni müqavilə imzalanarkən cavabdehlə atası ilə arasında məhkəmə mübahisəsinin olmasını MTK-dan gizlətdiyini əsas gətrib hazırki iddianı irəli sürüb. 35.Əlbətdə, ilk baxışdan elə təəsürat yarana bilərdi ki, iddiaçı özünün deyil, cavabdehin mərhum atasının digər vərəsələrin mənafeyi naminə bu iddiasını dəyişmişdir. Ancaq birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma aparılmasına hansısa şərait yaratması işdən görünmür. Məhz bu məqsədlə apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və anası olsa da, mənzilin əvvəlki mülkiyyətçisi Zemfıra Vakılova və mərhum Rövşən Səfərovun arvadı X5 mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edildi və onların da üçüncü şəxs kimi iddiaya münasibəti öyrənildi və onlar da iddianın əsassız olduğunu təsdiqlədilər. Çünki, mübahisələndirilən müqavilənin etibarsızlığı nəticəsində iddiaçının təhvil verməli olduğu 2 mənzil özündə qalmış olur, sökülmüş mənzilin bərpası isə praktiki olaraq mümkünsüz sayılır. Ona görə də hazırki iş üzrə tərəflər arasında müqavilə bağlanarkən Cavabdeh subyektiv hüququnun olmadığı arqumenti açıqaşkar əsassız idi. Ən azından cavabdeh həmin vaxt sökülən mənzilin mülkiyyətçisi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində hüququ qeydə alınmışdır. Sonradan həmin mənzilin anası tərəfindən ona bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsinin nəticələri də hazırki iddianın təmin olunmasına qətiyyən əsas vermirdi. Çünki, bu günün özündə də, hətta nəzəri cəhətdən sökülən mənzil mərhum Rövşən Səfərovun mülkiyyətində qalmış olsaydı belə yenə də cavabdeh mirasqoyanın dörd birinci dərəcə vərəsələrindən biri kimi MTK ilə bağladığı müqavilə etibarlı sayılmalıdır. Başqa sözlə, apellyasiya baxışı zamanı işə cəlb edilmiş şəxslərin izahatlarından və 05 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhdətnaməsindən bəlli olur ki, miras qoyanın 4, o cümlədən Cavabdeh da daxil olmaqla qanun üzrə birinci dərəcə vərəsəsi vardır. Demək ki, müqavilə imzalanarkən cavabdeh atası ilə arasında məhkəmə mübahisəsinin olmasını MTK-dan gizlətmiş olması belə nəinki iddiaçıya hazırki iddianı irəli sürməyə əsas vermirdi, hətta bu əsasla iddia qaldırmağa subyektiv hüquq da əldə etməmişdir.

36. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndlərində qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). MTK-nın iddiası müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur(MM.m.335.1,335.2).Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir(MM.m.357). Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur(MM.m.358.1,358.2). Göründüyü ki, hətta qəbul etsək belə ki, Cavabdeh MTK ilə 28 oktyabr 2019-cu il tarixli müqaviləni mərhum atası Rövşən Səfərovun razılığı olmadan bağlamışdır, bu vəziyyətdə də sonuncunun birinci dərəcə vərəsəsi olan Zərifə Tağıyevanın və mənzilin əvvəlki mülkiyyətçisi olan Zemfıra Vakılovanın hazırki iddianın əsassız olduğunu bəyan etmələri faktiki olaraq mübahisələndirilən müqavilənin bağlanmasına razılığını ifadə etməsinə və bəyənməsinə dəlalət edir. Çünki, razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.

37. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin etibarsızlığın əsasını nəzərdə tutan maddələri nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası(faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır.Bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd sayılır.

38. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

39. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2648/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməli və həmin hissədə də iddia tam rədd edilməlidir.

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2648/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə də iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar