Məhkəmə qərarları › İş №2(103)-2014/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2014/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2014/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X3 və X10 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evə görə verdiyi 40.000 (qırx min) manat pulu X5 və X1 alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ata yurdu plana düşdükdən sonra payına düşən pulu almış və həmin pula ev almaq qərarına gəlmişdir. Münasib ev tapmaq üçün tanışlara müraciət etmiş, həmin vaxt məlum olmuşdur ki, cavabdehlər yaşadıqları evin birinci mərtəbəsini satmaq istəyirlər. Həyat yoldaşının qohumları olduğu üçün onlara inanmış və birinci mərtəbədəki evi almağa razılıq vermişdir. Evə dair çıxarış alınmadığından rəsmi olaraq alqı-satqı həyata keçirilməmiş, iddiaçının həmin evə müvəqqəti qeydiyyata düşməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Evin sənədləri hazır olduqdan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi bağlanmalı və evin birinci mərtəbəsində yerləşən 3 otaqlı ev 40.000 (qırx min manata) ona satılmalı idi. Onun tərəfindən qeyd olunan məbləğ cavabdehlərə verilmişdir. Vasif onu əmin etmişdir ki, heç bir problem yoxdur, onlar qohumdurlar, əşyaları nə vaxt istəsələr gətirib yerləşdirə bilərlər. Tərəflər arasındakı razılaşmanın təminatı olaraq Vasif və digər ailə üzvləri notariusda ərizə verərək, onun müvafiq evə qeydiyyata düşməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin vaxt pulun verilməsinə dair qəbz yazılmış, Vasif tələsdiyi üçün getmiş, Vaqif isə qəbzə imza ataraq göstərmişdir ki, yaşadığı evin hesabına 3 otaqlı 75 kv.m olan evi və 18 kv.m həyəti ona satmış və dəyərində 40.000 (qırx min manat) pulu İddiaçı almışdır. Bundan sonra o, öz əşyalarını həmin ünvana göndərmişdir. Lakin həmin vaxt Vaqifgil Gəncədə olduqları üçün gəlinləri əşyaları ona satılan evə yox, eyni həyətdə yerləşən başqa bir otağa yığmışdır. Həmin vaxtdan onun və övladlarının qara günü başlamışdır. Belə ki, onun əşyaları yığılan ev rütubətlidir, kanalizasiya xəttinin üstündə tikilmişdir, evin içərisində qurdlar, həşəratlar gəzir. Uşaqları xəstəlik tapmışdır. Bu problemlərlə üzləşdikdən sonra o, Vasifə müraciət edərək bildirmişdir ki, ya ödədiyi pulu geri qaytarsın, ya da onun razılaşdırılmış evə köçürülməsini təmin etsin. Lakin cavabdehlər hər dəfə bir bəhanə gətirərək, yaranmış problemi həll etməkdən yayınır, əksinə onu qeydiyyatdan çıxarmaqla hədələyirlər. O, epilepsiya xəstəsi olduğundan evin rütubəti vəziyyəti onu daha da pis vəziyyətə salmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 40.000 (qırx min) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və satılandan sonra onda 40000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun etirafından da göründüyü kimi o, 40000 manat pulu yalnız mübahislə mənzil satıldıqdan sonra iddiaçıya ödəyə bilər. Lakin iddiaçı hazırda mübahisəli mənzildə yaşayır və ona nəinki mənzili təmir edərək satmasına hətta evə baxmağa gələn müştərilərə də evə baxmağa imkan vermir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci isntansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında işitirak edən Vaqif Pirəliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 Nərimanov rayonu Keşlə yük həyətində yaşadığı evin hesabına olan 3 otaqlı, sahəsi 75 kv.m olan, həyəti 18 kv.m olan evi İddiaçı 40.000 (qırx min) manata satmışdır. Pulu aldığına görə imza edir. İddiaçı pulu verdiyinə görə imza edir. İş materiallarına əlavə edilmiş X6 tərəfindən yazılmış və 21 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən xx.xx.2018-ci il tarixində reyestrdə 8İ-2134 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, onun qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş X4 tərəfindən yazılmış və 21 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən xx.xx.2018-ci il tarixində reyestrdə 8İ-2134 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, onun qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən yazılmış və 40 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2018-ci il tarixində reyestrdə 8İ-552 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən yazılmış və 40 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2018-ci il tarixində reyestrdə 8İ-579 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, o, ünvan 3 ünvanına dair İddiaçı adına ayrıca işıq sayğacı quraşdırılmasına və abunə kodu verilməsinə etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən yazılmış və 40 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2018-ci il tarixində reyestrdə 8İ-577 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, o, ünvan 3 ünvanına dair İddiaçı adına ayrıca qaz sayğacı quraşdırılmasına və abunə kodu verilməsinə etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən yazılmış və 40 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən xx.xx.2018-ci il tarixində reyestrdə 8İ-578 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, o, ünvan 3 ünvanına dair İddiaçı adına ayrıca su sayğacı quraşdırılmasına və abunə kodu verilməsinə etiraz etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli evlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona satıldığı iddia edilən iki mərtəbəli evdə Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının hazırda yaşadığı ev həmin evlə eyni həyətdə yerləşsə də, onların giriş qapıları fərqlidir və evlər arasında hər hansı bir keçid yoxdur. İddiaçı ona satılan evin hazırda yaşadığı ev yox, həmin evlə eyni həyətdə yerləşən və Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı iki mərtəbəli ev olduğunu bildirsə də, cavabdeh bunu qəbul etməyərək həmin evin qiymətinin təxminən 200.000 manat olduğunu və 40.000 manat müqabilində satılmasının qeyri-mümkün olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh PirvəliyevX8 rayonu Keşlə yük həyətində yaşadığı evin hesabına 3 otaqlı, sahəsi 75 kv.m, həyəti 18 kv.m olan evini iddiaçıya 40.000 manat satmış və həmin məbləğin cavabdeh tərəfindən alındığını təsdiq edən qəbzi imzalamışdır. Müvafiq ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmadığından həmin evə dair tərəflər arasında əldə olunmuş razılaşma rəsmiləşdirilməmişdir. Onlar arasında məzmun etibarı ilə alqı-satqı müqaviləsinin bağlandığını təsdiq edən yeganə sənəd İddiaçı 40.000 manat məbləğində pulu Cavabdeh1 verdiyini əks etdirən və hər iki tərəfin imzaladığı qəbzdir. Məhkəmə iclaslarında heç bir tərəf onlar arasında qeyd olunan razılaşmanın əldə olunmasını mübahisələndirmir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə ödədiyi 40.000 manat məbləğində pulun ona geri qaytarılmasını tələb edir, Cavabdeh1 isə qeyd olunan məbləğin ödənilməsi üçün ona 2020-ci ilin may ayına qədər möhlət verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası).Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 11.4-cü maddəsinə əsasən xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. Həmin Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanundanəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Kollegiya hesab edir ki birinci instansiya məhkəməsi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin forma tələblərinə əməl olunmasa da, məzmun olaraq Mülki Məcəllənin 567ci maddəsinə uyğun gələn müqavilə imzalandığına əsaslanara iddia tələbini qsimən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsində mülki hüquq münasibətlərinin mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədiyi hallarda həmin hüquq münasibətlərinə əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiq edilməli olduğu təsbit edilmişdir. Kollegiya xüsusilə nəzərə alır ki, Cavabdeh1 faktiki mülkiyyətində olan 3 otaqlı, sahəsi 75 kv.m olan, həyəti 18 kv.m olan evi İddiaçı mülkiyyətinə verməyi, o isə evi qəbul edib əvəzində 40.000 (qırx min) manat pul məbləğini ödəməyi öhdəsinə götürmüş və tərəflər həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında qeyd olunan halı təsdiqləmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3888/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar