Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2017/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Fonduna qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, işə bərpa və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, və dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X13rşı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, işə bərpa və dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il il tarixli, e-2(007)- 3221/2022 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 19 fevral 2014-cü il tarixli 195/1 nömrəli əmək müqaviləsi əsasında 20 fevral 2014-cü il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət X4 departamentinin direktor müavini vəzifəsində işləmişdir.
2. 29 iyun 2022-ci il tarixli HRO2-2022-2019 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Dövlət X4 departamentinin təkibindəki İnformasiya təhlükəsizliyi, Ümumi təhlükəsizlik şöbələri və həmin departamentin “Direktor müavini” vəzifəsi ləğv edilmişdir.
3. Azərbaycan Respublikası X17 icraçı direktoru İsrafil Məmmədov tərəfindən İddiaçı ünvanlanmış 29 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunur ki, “Hörmətli İddiaçı, Azərbaycan Respublikası X17 (bundan sonra Fond) aparatının strukturunda aparılan təkmilləşdirmə ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə”bəndinə əsasən Fondun Təhlükəsizlik departamentinin “direktor müavini” vəzifəsi üzrə ştat ləğv edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Sizə ştatınızın ixtisar edilməsi ilə bağlı xəbərdarlıq edilir ki, Sizinlə bağlanmış 19 fevral 2014-cü il tarixli 195/1 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən 12 avqust 2022-ci il tarixində orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinatı ödənilməklə xitam veriləcəkdir. Eyni zamanda bildirilir ki, razılığınız olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqınızın 1,4 misli əməkhaqqı birdəfəyə ödənilməklə, Sizinlə bağlanmış 19 fevral 2014-cü il tarixli 195/1 nömrəli əmək müqaviləsinə müvafiq əsasla dərhal xitam verilə bilər.”
4. Azərbaycan Respublikası X17 12 avqust 2022-ci il tarixli 35 nömrəli əmrinə əsasən, Fondun təhlükəsizlik departamentinin direktor müavini İddiaçılə bağlanmış əmək müqaviləsinə 12 avqust 2022-ci il tarixdən xitam verilmiş və ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinatı ödənilməsi nəzərdə tutulmuşdur.
5. Əmri Fondun icraçı direktorunun müavini X8 imzalamış, sonuncuya bu səlahiyyət Fondun icraçı direktoru X1 21 iyul 2022-ci il tarixli əmri ilə 23 iyul 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixi də daxil olmaqla 23 təqvim günü özünün məzuniyyətə çıxması ilə əlaqdar verilmişdir, verilmiş səlahiyyətlərə icraçı direktora aid olunan bütün səlahiyyətlər aid edilmişdir.
6. 26 oktyabr 2022-ci il tarixli DNF1312-0687 nömrəli son haqq-hesab cədvəlindən görünür ki, İddiaçı 10807,95 manat əmək haqqı ödənilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
7. İddiaçı Azərbaycan Respublikası X13rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X17 icraçı direktorun müavini vəzifəsinə bərpa edilməsi, habelə cavabdehdən zərərin əvəzi olaraq 2050 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı öz vəzifə və funksiyalarını vicdanla yerinə yetirdiyinə görə rəhbərliyin qərəzli münasibətinə məruz qalır. Bu səbəbdən vəzifəsi qanunsuz olaraq ixtisara salınmışdır. Cavabdeh Əmək Məcəlləsinin 12-ci maddəsinin “i” bəndi ilə və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci və 18.3-cü maddələri ilə müəyyən edilən vəzifələrə əməl etməyib. Həmin hüquq normalarına görə, cavabdeh iddiaçının ştatını ixtisar etdikdə “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək məqəsdi ilə iddiaçının peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onun sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana rəsmi məlumat verməli idi. Bundan əlavə, cavabdeh yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən qaydada və formada elektron informasiya sisteminə daxil etməli idi. Cavabdeh bu vəzifələrə əməl etməməklə iddiaçının başqa işlə təmin edilməsinin qarşısını alaraq, onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası və işdənçıxarma müavinətinin verilməsi qaydası göstərilsə də, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi, yəni vəzifə ştatının ixtisarı zamanı işçini başqa işlə təmin etmək qaydası göstərilməmişdir. Cavabdeh iddiaçının vəzifəsinin ixtisarını “Ernst and Yang Holding Bİ Vİ” şirkəti ilə birgə X5 idarə edilməsi sistemi üzrə tətbiq edilən layihə çərçivəsində Fondun aparat strukturunun təkmilləşdirilməsi üzrə verilən təkliflərlə əsaslandırır. Lakin, 15 avqust 2022-ci il tarixli 36 nömrəli əmrlə sübut olunur ki, iddiaçının vəzifəsinin ixtisarının “Ernst and Yang Holding Bİ Vİ” şirkətinin, habelə İnsan Resursları departamentinin təklifləri ilə heç bir əlaqəsi olmayıb, əslində iddiaçının vəzifəsinin ixtisar edilməsinə heç bir lüzum olmamışdır. Digər tərəfdən, cavabdehin məhkəməyə auditorun təklifi kimi təqdim etdiyi bir səhifəlik vərəqi rəsmi sənəd də adlandırmaq doğru deyil. Bu sadəcə vəzifəsi və səlahiyyəti məlum olmayan Fidan Cəfərova adlı şəxslə İnsan Resursları Departamentinin rəisi Nigar Brauna 14 iyun 2022-ci il tarixdə, yəni iddiaçının töhmət qərarına etiraz etməsindən qısa müddət sonra göndərdiyi e-mail məktubdur. Bu məktubdan görünür ki, o, ilkin mətn olaraq məhz Nigar Braunun tələbi əsasında hazırlanıb və auditin yekun rəyində fərqli ola bilər. Həmçinin məktubda Fondun hər hansı bir ştat vahidinin, o cümlədən iddiaçının tutduğu direktor müavini vəzifəsinin ləğv edilməsi təklif olunmur. Sadəcə olaraq müvafiq vəzifə adlarının dəyişdirilməsi təklif olunur. Məktubda habelə, qeyd olunur ki, keçid dövründə şöbə müdüri vəzifəsi direktor müavini vəzifəsi ilə əvəz edilə bilər. Beləliklə, iddiaçının vəzifəsinin ixtisarının iqtisadi və ya təşkilati baxımdan zəruri edən hər hansı bir əsas olmamışdır. Bu da iddiaçıya qərəzli münasibətin isbatıdır. Cavabdeh etirazda Fondun icraçı direktorunu Fondun sahibi və ya tək rəhbəri kimi təqdim edib, bununla da İcraçı direktorun Əmək Məcəlləsində, Konstitusiyada və sair qanunvericilik aktlarında işəgötürənə aid edilmiş bütün hüquqlara, habelə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək səlahiyyətinə malik olduğunu iddia etmişdir. Halbuki, İcraçı direktor Fondun nə sahibidir, nə də tək rəhbəri. O, yalnız bir idarəetmə orqanı qismində Fondun Əsasnaməsi ilə və (və ya) yuxarı səlahiyyətli orqanların qəbul etdikləri aktlarla müəyyən edilmiş konkret səlahiyyətlər daxilində hərəkət edə, qərar qəbul edə bilər. X11, nə də yuxarı səlahiyyətli orqanların qəbul etdikləri hər hansı bir aktda, onlara edilən əlavə və dəyişikliklədə icraçı direktora işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək səlahiyyəti verilməmişdir. Cavabdehin 30 mart 2007-ci il tarixli, 2071 nömrəli sərəncamın konkret məsələlərin həlli ilə bağlı dəfələrlə tətbiq oluna biləcəyi iddiası da əsaslı deyil. Çünki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununa əsasən hüquqi aktlar normativ hüquqi aktlara, normativ xarakterli aktlara və qeyri-normativ hüquqi aktlara bölünür, normativ hüquqi aktın tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilib, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəd normativ xarakterli aktdır, bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilən, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəd qeyri-normativ hüquqi aktlar-konkret təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktdır. Beləliklə, normativ xarakteli və qeyri normativ aktlar tətbiq subyektlərinə görə və tətbiq hallarına görə fərqlənirlər. Həyata keçirilən tədbirlərin konkretliyi qeyri-normativ aktları digər hüquqi aktlardan fəqləndirən əlamət deyil. Çünki konkret ictimai münasibətlərin tənzimlənməsi hüquqi aktların hər bir növünə aiddir. Qrammatik nöqteyi-nəzərdən, sözdən və ya ifadədən sonra mötərizədə verilən söz və ya ifadə həmin sözün və ya ifadənin aydınlaşdırılması, dəqiqləşdirilməsi, əlavə səciyələndirilməsi üçün istifadə edilir. Qanunun 3.1. maddəsində mötərizədə “birdəfəlik” dəqiqləşdirilməsi ümumi konkret tədbirlərin məhz birdəfəlik icra üçün nəzərdə tutulan hissəsini göstərir və bu hissə qeyri-normativ aktları digərlərindən fərqləndirir. Təsadüfi deyil ki, həmin maddədə “və ya” bağlayıcısı ilə əlavə olunmuş hissəsində qeyrinormativ aktların həmçinin digər, məhz “birdəfəlik” tədbiq halları üçün nəzərdə tutulduğu göstərilir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 7 may 2018-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının X18 haqqında Əsasnamə”nin 5.3-cü bəndinin on birinci abzasından və 5.6-cı bəndinin ikinci cümləsindən “Fondun İcraçı direktoru istisna olmaqla” sözləri çıxarılmış, bununla da Fondun İcraçı direktoruna həmçinin öz maaşını müəyyən etmək səlahiyyəti verilmişdir. Lakin icraçı direktorun 30 mart 2007-ci il tarixli 2071 nömrəli Sərəncamda nəzərdə tutulan digər səlahiyyətləri əsasnamədə nəzərdə tutulan səlahiyyətlərinə əlavə edilməmişdir. Bu da həmin Sərəncamda nəzərdə tutulan səlahiyyətlərin icraçı direktora birdəfəlik tətbiq üçün verildiyini bir daha göstərir. Sonrakı dövrdə Fondun icraçı direktoru tərəfindən struktur dəyişiklikləri aparmaq və ya əvvəlki sərəncamda göstərilən digər səlahiyyətləri həyata keçirmək üçün bu səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq hüquqi aktı ilə təsdiqlənməli idi. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli sərəncamına əsaslanaraq Fondun icraçı direktoru tərəfindən struktur dəyişiklikləri aparması və iddiaçının vəzifəsinin ixtisar edilməsi qanunsuzdur və vəzifə səlahiyyətlərini aşmaq kimi qiymətləndirilməlidir. Qeyd olunanlar, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin Fondun icraçı direktoru İsrafil Məmmədovun müvafiq sənədlərlə sübut olunan iddiaçıya qarşı qərəzli münasibətini, bununla əlaqədar aparılan struktur islahatının heç bir qanuni əsası olmadığını, onun korporativ maraqlara zidd və Fondun təhlükəsizliyinə xələl gətirən, qeyri-obyektiv və qeyri-professional idarəçilik qərarı olduğunu, icraçı direktor İ.Məmmədovun struktur dəyişikliyi aparmağa səlahiyyəti olmadığı halda belə dəyişikliyi apardığını, bununla da vəzifə səlahiyyətlərini aşdığını göstərir. İddiaçının vəsatəti əsasında məhkəmə cavabdehdən HR01-2022-0169/1 nömrəli 09 iyun 2022-ci il tarixli əmrlə iddiaçıya töhmət verilməsi ilə nəticələnmiş intizam icraatının materiallarını təqdim etməyi tələb etmiş, lakin cavabdeh həmin materialları təqdim etməkdən imtina etmişdir. Halbuki, intizam icraatının başlanması və iddiaçıya töhmət verilməsi o vaxta qədər iddiaçıya qarşı aparılan ədavətin və qərəzli münasibətin kuliminasiya anıdır. Məhz bu intizam məsuliyyəti ilə razılaşmadığı və icraçı direktorla görüşərək öz şikayətini şəxsən bildirmək istəməsi qırılma nöqtəsi olub və bundan sonra iddiaçının qanunsuz ixtisar yolu ilə işdən çıxarılması əməliyyatına başlanılıb. Cavabdeh töhmət qərarının əsassız olduğunu və iddiaçının mübahisələndirdiyini bildiyi üçün intizam materiallarını məhkəməyə təqdim etmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 08 avqust 2022-ci il tarixli **********7 nömrəli məktubunda iddiaçının 13 iyul 2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilir ki, Fondun rəhbəliyi tərəfindən müfəttişliyə təqdim edilən sənədlərdə iddiaçının icraçı direktora ünvanladığı 04 may 2022-ci il tarixli yazılı müraciəti Fondun işçilərinin etik davranış qaydalarına uyğun baxılması ilə bağlı Fondun icraçı direktorunun tapşırığına əsasən aparılmış araşdırmanın nəticəsi olaraq iddiaçıya töhmət verilmiş, gələcəkdə departamentdə etik davranış qaydalarına riayət edilməsi və korporotiv dəyərlərin tətbiq edilməsinin təmin edilməyəcəyi təqdirdə işdən çıxarılacağı barədə Fondun icraçı direktoru tərəfindən 09 sentyabr 2022-ci il tarixli 169/1 nömrəli əmr verilmişdir. Həmin əmrdə oxşar məzmunlu xəbərdarlığın qeyd olunduğu mübahisələndirilmir.Lakin müfəttişliyin məktubu və həmin əmr təsdiq edir ki, icraçı direktorun iddiaçı ilə əmək müqaviləsini pozmaq niyyəti olmuşdur. Lakin buna qanuna uyğun bir əsas tapa bilməmiş, ədavət pik həddə çatdıqdan sonra isə qanunsuz ixtisar yolu ilə əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin vəzəfəsinin ləğv edilməsinin və onunla əmək müqaviləsinin pozulmasının qərəzli olduğunu həmçinin hazırda sadalayacağı faktlar və bu faktların ifadə olunduğu yazışmalar da təsdiq edir. İnsan Resursları departamentinin mütəxəssisi Rəna Xəlilovanın “COVİD-19” pandemiyası ilə əlaqədar tətbiq olunana məhdudiyyətlər dövündə bir-sıra əməkdaşların inzibati binaya buraxılmasına dair müraciətinin təmin edilməsindən imtina haqqında iddiaçı ilə 20 oktyabr 2020-ci il tarixdə yazışması, iddiaçının təhlükəsizlik departamentinin 9-cu mərtəbədəki işçi zalından İT avadanlıqların özbaşına sökülərək 10-cu mərtəbəyə inzibati departamentinə daşınmasına etiraz haqqında 07 yanvar 2022-ci il tarixli elektron yazışma, Fondun audit qrupunun qızılın saxlanılması və mühafizəsinin təmin edilməsi ilə bağlı təkliflərinə iddiaçının münasibəti və bununla bağlı mövcud fikir ayrılığına dair 25 iyun 2002-08 iyul 2022 tarixlərində elektron yazışma, intizam tənbehi verilməsinə etirazını bildimək üçün icraçı direktora şikayətin verilməsi bardədə 29 iyun 2022-ci il tarixdə saat 11,24-də olan e-mail müraciət, məhz bu müaciətdən sonra həmin gün təcili olaraq iddiaçının vəzifəsinin ixtisar edilməsi barədə əsassız HR02-2022-0019 nömrəli əmr hazırlanmışdır. Həmin əmr 29 iyun 2022-ci il tarixdə, saat 17.50-də, yəni müraciətdən 4 saat 25 dəqiqə sonra dərc edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası X18 iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanılan əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün normaları gözlənilməklə verilmişdir. Əmək Məcəlləsinin 84-ci maddəsində qeyd olunan bütün lazımi, o cümlədən iddiada göstərilməyən kimi qeyd olunan məlumatlar iddiaçı ilə bağlanılan əmək müqaviləsinin ləğv edilməsi haqqında 2022-ci il 12 avqust tarixli 35 nömrəli əmrin məzmununda öz əksini tapmışdır. İddiaçı ilə bağlanılan əmək müqaviləsinin ləğvinə dair əmr Fondun icraçı direktorunun növbəti əmək məzuniyyətində olduğu dövrə düşən 12 avqust 2022-ci il tarixdə verilməli olduğuna görə, icraçı direktorun müavini tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının X18 haqqında Əsasnamə”-də müəyyən edilmişdir ki, ARDNF-nin fəaliyyətinə operativ rəhbərliyi həyata keçirən icraçı direktor və onun müavini vəzifəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və icraçı direktorun müavini icraçı direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir. Əsasnamənin 5.3-cü bəndinə əsasən icraçı direktor ARDNF-nin işçilərini vəzifəyə təyin edir və vəzifəsindən azad edir. Məlum olduğu kimi, Əsasnamə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edildiyinə görə normativ hüquqi akt statusu ilə qanunvericilik sisteminə daxil olan aktdır. Beləliklə, qanunvericiliyə tam uyğun şəkildə icraçı direktor növbəti əmək məzuniyyətinə getməsi ilə əlaqədar 2022-ci il 21 iyul tarixli 265 nömrəli əmri ilə məzuniyyətdə olduğu dövrdə işəgötürənin səlahiyyətlərinin həyata keçirilməsini icraçı direktorun müavininə həvalə etmiş, eyni zamanda əmək müqavilələrinin qeydiyyatı aparılan "Əmək və Məşğulluq” altsistemində icraçı direktor tərəfindən onun məzuniyyətdə olduğu dövr üçün icraçı direktorun müavininə işəgötürən vəzifələrini yerinə yetirilməsi məqsədilə müvafiq səlahiyyətlər verilməsi təsdiq edilmişdir. İddiaçının iddia ərizəsində qeyd edilir ki, ona qərəzli münasibət göstərilmiş və onun işdən çıxarılmasının təmin edilməsi üçün ARDNF-in işçilərinin etik davranış qaydaları təsdiq edilmişdir. İddiaçının bu dəlilinə etiraz edərək bildirir ki, ARDNF-də etik davranış qaydaları ilk dəfə 2013-cü ildə təsdiq edilmiş, daha sonra isə təkmilləşdirilməsi məqsədilə sözügedən qaydaların 2019-cu və 2022-ci illərdə yeni redaksiyaları təsdiq edilmişdir. ARDNF-in işçilərinin etik davranış qaydalarının məqsədi ARDNF-in korporativ dəyərlərinin tədbiq edilməsinə nail olunmasıdır və sözügedən qaydalar ARDNF-in bütün işçilərinə şamil edilir. İddiada qeyd edilib ki, Əmək Məcəlləsinin 28-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müharibə iştirakçılarına işdə saxlanmasına üstünlük verilir. Lakin, iddiaçının tutduğu vəzifə üzrə ştatın ixtisarı həyata keçirilərkən digər müqayisə edə biləcək bir işçi olmayıb ki, iddiaçıya üstünlük verilsin. Fondun 2007-ci il 23 aprel tarixli 57 nömrəli əmri ilə İnformasiya təhlükəsizliyi və mühafizə şöbələrindən ibarət təhlükəsizlik departamenti yaradılmış, ARDNF-nin aparat strukturunun təkmilləşdirilməsi məqsədi ilə, eləcə də ARDNF-nin yeni inzibati binasının inşası ilə əlaqədar departamentdə fiziki təhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə iş yükünün artması ilə əlaqədar Fondun 2013-cü il 29 dekabr tarixli 227 nömrəli əmri ilə Təhlükəsizlik departamentinin İnformasiya təhlükəsizliyi şöbəsində “Mütəxəssis” vəzifəsinin vakant olan 1 ştat vahidinin ixtisarı hesabına həmin departamentin ştatına 1 ştat vahidi “Direktor müavini” vəzifəsi daxil edilib və ARDNF-nin 2014-cü il 19 fevral tarixli 23 nömrəli əmri ilə İddiaçı ARDNF-nin Təhlükəsizlik departamentinin direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. ARDNF 2015-ci ildə yeni inzibati binaya köçürüldükdən sonra informasiya təhlükəsizliyi üzrə daxili aidiyyəti struktur bölmələrin fəaliyyətində optimal idarəetməni təmin etmək istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə başlanılmış, son dövrlər, xüsusilə də pandemiya dövründə ARDNF-yə qarşı olan kiberhücumların sayının artması, həmçinin informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların qabaqcıl təcrübələrin tələblərinin yerinə yetirilməsi, informasiya təhlükəsizliyi üzrə şəffaflığın və obyektivliyin artırılması ARDNF-də informasiya təhlükəsizliyi üzrə idarəetmə sahəsində icraçılıq və nəzarət fəaliyyətlərinin subyektlərinin ayrılmasını, eləcə də satınalmalarla bağlı iş yükünün artması ARDNF-də informasiya təhlükəsizliyi və satınalmalarla bağlı yeni və müstəqil strukturların yaradılmasını zəruri etmişdir. Həmçinin ARDNF-də insan resurslarının idarəedilməsi sistemi üzrə 2021-ci ilin aprel ayından başlayan layihə çərçivəsində məsləhətçi qismində çıxış edən beynəlxalq nüfuzlu “Ernst & Yanq Holdinqs Bİ.Vİ” şirkətinin ARDNF ilə bağladığı məsləhət xidmətləri haqqında müqaviləyə uyğun olaraq layihə qrupu tərəfindən layihənin “vəzifələrin analiz edilməsi, iş yükünə əsasən həddindən artıq işçi sayı olan sahələrin müəyyən edilməsi” adlanan ikinci mərhələsində müsahibələr və RACİ matrisin formalaşdırılması zamanı əldə edilən məlumatlar əsasında vəzifələr və onların funksiyaları, eləcə də maraqların toqquşması və təkrarlanan işlərin sayı müəyyən edilmiş, funksional təhlil metodologiyasından istifadə edilərək vəzifələrin iş yükü təhlil edilmiş və təşkilati strukturun təkmilləşdirilməsi üçün tövsiyyələr verilmişdir. “Ernst & Yanq Holdinqs Bİ.Vİ” şirkəti tərəfindən ARDNF-nin aparat strukturunun təkmilləşdirilməsi ilə bağlı təqdim edilən təkliflər nəzərə alınaraq, ARDNF-nin Təhlükəsizlik və İnzibati departamentlərində struktur dəyişiklikləri barədə 2022-ci il 29 iyun tarixli 19 nömrəli əmr verilmişdir. Dəyişikliklərə uyğun olaraq həmin departamentlərin daxilindən şöbələr çıxarılmaqla iki struktur bölmə əsasında ikisi departament və ikisi şöbə olmaqla 4 yeni struktur bölmə yaradılmışdır. Yeni struktura əsasən departamentlərin tərkibində şöbələr olmadığına və fəaliyyət istiqamətlərindəki ikili istiqamət ləğv edildiyinə görə həmin departamentlərdə olan “Direktor müavini” vəzifələrinə ehtiyac qalmamış və bu vəzifələr ləğv edilmişdir. İddiaçıya qarşı qərəzli münasibətə yol verilməmiş, ARDNF-in aparat strukturunda edilən dəyişikliklər tək iddiaçıya deyil, həmçinin ARDNF-nin inzibati departapentinin direktor müavini ştatına da tətbiq edilmiş, eyni zamanda həmin struktur bölmələrdə işləyən digər işçilərlə olan əmək münasibətlərində də müvafiq dəyişikliklərə səbəb olmuşdur. Qeyd edilənlər sübut edir ki, iddiaçı ilə bağlanılan əmək müqaviləsi Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv edilməsinə dair müəyyən edilən qaydaların bütün tələblərinə əməl etməklə və əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozmayaraq işəgötürən tərəfindən ləğv edilmişdir. Struktur dəyişiklikləri ARDNF-nin icraçı direktorunun səlahiyyətidir. Əsasnamə ilə müəyyən edilmişdir ki, ARDNF Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır. Əsasnamənin 5.1, 5.2 və 5.3-cü bəndlərinə uyğun olaraq ARDNF-in fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən icraçı direktor həyata keçirir, icraçı direktor ARDNF-in cari işini təşkil edir və ona rəhbərlik edir, ARDNF-in aparatının işçilərini qanunvericiliklə müəyyən edilən qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir. Bundan başqa, Əmək Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq ARDNFnin işəgötürəni kimi çıxış edən icraçı direktor Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulan hüquqlarından istifadə edərək ştruktur dəyişiklikləri həyata keçirmiş və ştatları ləğv etmişdir. Göründüyü kimi, ARDNF-nin işəgötürəni qismində çıxış edən icraçı direktorun həyata keçirdiyi struktur dəyişiklikləri tamamilə onun səlahiyyətindədir. İddiaçının iddiasının əsasını təşkil edən dəlillərdən birini “Azərbaycan Respublikası X17 idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamının birdəfəlik xarakter daşıması və həmin aktın İcraçı direktora aid hissələrində verilən səlahiyyətlərdən bir dəfə istifadə etmək mümkünlüyü göstərilir. Eyni zamanda iddiaçı iddia ərizəsində göstərir ki, Fondun Əsasnaməsi normativ hüquqi aktdır. Lakin, iddiaçı nəzərə almamışdır ki, həmin normativ hüquqi akt statusunda olan Əsasnamənin 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur və 5.3cü bəndinə əsasən icraçı direktor Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir. İddiaçı əsassız olaraq birdəfəlik hesab etdiyi Sərəncama Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif illərdə müvafiq dəyişiklik və əlavələr edildiyini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2008-ci il tarixli 797 nömrəli, 27 iyul 2010cu il tarixli 1047 nömrəli, 11 iyun 2013-cü il tarixli 2950 nömrəli, xüsusilə 11 ildən sonra 7 may 2018-ci il tarixli 53 nömrəli sərəncamları ilə bu akta müəyyən əlavələr, o cümlədən icraçı direktorun səlahiyyətlərinə aid hissələrdə də dəyişikliklər edilmişdir. ARDNF-də 2007-ci ildən bu günədək, 15 il ərzində, dəfələrlə aparatın strukturuna, vəzifələr üzrə ştat vahidlərinin sayına, vəzifə adına, müvafiq təsnifat və dərəcələr üzrə vəzifələrin bölgüsünə dair dəyişikliklər barədə əmrlər verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konsititusiyasının 113-cü maddəsinə əsasən ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən qeyri- normativ hüquqi aktlar yalnız birdəfəlik tətbiq halları üçün deyil, həmçinin konkret təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə də qəbul edilə bilər.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, e-2(007)- 3221/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının gətirdiyi dəlillər işin faktiki halları ilə öz təsdiqini tapmır. İddiaçının tələblərində onun vəzifə ştatının ixtisar edilməsi barədə işəgötürən Azərbaycan Respublikası X18 tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 35 əmrinin ləğvi barədə tələb yoxdur. Qeyd olunan əmr ləğv olunmadığı halda məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının Azərbaycan Respublikası X17 icraçı direktorun müavini vəzifəsinə bərpa edilməsinin qanuni əsası olmur. Məhkəmə Azərbaycan Respublikası X18 tərəfindən vurulmuş zərərə 2050 manat zərərin onun xeyrinə tutulması hissədə iddia tələbini də əsaslı hesab etmir. Çünki, cavabdeh tərəfindən ona 2050 manat zərərin vurulması barədə hər hansı bir sübut təqdim olunmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 77ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunaraq iddianın təmin olunmasını xahiş etmişdir.
14. Şikayətin dəlillərinə görə, məhkəmənin əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən hüquq normalarının pozulmaması haqqında nəticəsi işin hallarına uyğun gəlmir. Əmək Məcəlləsində işçinin hüquqları, eləcə də işəgötürənin vəzifələri, o cümlədən əmək müqaviləsinə xitam verilərkən, təkcə 77-ci maddədə göstərilənlərlə məhdudlaşmır. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin ”ı” bəndi, “Məşğulluq haqqında” Qanunun 10.1.2-ci, 18.2, 18.3 və 18.6-ci maddələri vəzifə ştatı ixtisara düşən işçinin başqa işlə təmin edilməsi, beləliklə əmək hüquqlarının təmin olunması üçün işəgötürənin üzərinə işçinin sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (X3) rəsmi məlumat vermək, habelə, ləğv edilən ştatların əvəzinə yaradılan yeni iş yeri barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (X3) elektron informasiya sisteminə daxil etmək vəzifəsi qoymuşdur. Lakin, cavabdeh bu vəzifələrini yerinə yetirməmişdir. Məhz bu vəzifələrini yerinə yetirmədiyi, üçün cavabdeh iddiaçının başqa işlə təmin edilmək, o cümlədən Fondda yaradılan yeni vəzifədə işə qəbul edilmək hüququnu pozmuşdur. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi, yəni vəzifə ştatının ixtisarı zamanı işçini Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan başqa işlə təmin etmək qaydası göstərilməmişdir. Halbuki, 29 iyun 2022-ci il tarixli 19 nömrəli əmrdən göründüyü kimi, ləğv edilmiş vəzifə ştatlarının bazasında Fondun aparat strukturunda İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsi və Təchizat şöbəsi, müvafiq sayda ştat vahidləri yaradılmışdır. Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbinə əsasən, cavabdeh bir müharibə iştirakçısı kimi iddiaçının həmin vəzifələrə işə qəbul edilməsində (keçirilməsinə) üstünlük hüququnu təmin etməli idi. Amma cavabdeh bu qaydalara əməl etməyərək qanunun tələblərini pozmuşdur. Ona görə də əmək müqaviləsinə xitam verilməsi haqqında əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 2ci hissəsinə əsasən, məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının X18 haqqında” Əsasnamənin 5.1-ci maddəsində İcraçı direktorun Fondun fəaliyyətinə operativ rəhbərliyi həyata keçirdiyi, 5.3-cü maddədə isə onun konkret səlahiyyətləri sadalanmışdır. Burada Fondun strukturunu təsdiqləmək, dəyişmək, ştat vahidlərini və vəzifələrini ixtisar etmək, yaxud ləğv etmək səlahiyyətləri nəzədə tutulmamışdır. Məhkəmə Fondun vəzifə ştatının ixtisara salınmasının İcraçı direktorun səlahiyyətinə aid olmaması barədə dəlillərə qiymət verərəkən maddi hüquq normalarını səhv tövsif etmişdir. Qətnamədə qeyd olunmuşdur ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının X18 haqqında Əsasnamə”-ni və “Azərbaycan Respublikası X17 idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamını əsas götürür. Həmin aktlardan görünür ki, fondun icraçı direktoru işçilərin işə qəbulu və işdən çıxarılması, fonda verilmiş ştat cədvəlinə uyğun olaraq ştat vahidlərinin ixtisarı da daxil olmaqla fondun idarə olunması ilə bağlı bütün səlahiyyətlərə malikdir. Məhkəmə həmin səlahiyyətlərin Əsasnamənin hansı maddəsində yazıldığını konkretləşdirməmişdir. Qeyd olunan hüquqi aktlarda fondun icraçı direktoruna ştat vahidlərinin ixtisarı da daxil olmaqla fondun idarə olunması ilə bağlı bütün səlahiyyətlər verilməmişdir. Fondun İcraçı direktoru Fondun sahibi və ya tək rəhbəri deyil. İcraçı direktora Əmək Məcəlləsində (o cümlədən 11-ci maddənin 1ci hissəsinin “ə” bəndində), Konstituiyada və sair qanunvericilik aktlarında işəgötürənə aid edilmiş bütün hüquqlar, habelə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək səlahiyyəti verilməmişdir. Çünki, İcraçı direktor Fondun nə sahibidir, nə də tək rəhbəridir. O, yalnız bir idarəetmə orqanı qismində Azərbaycan Respublikası Prezidentinin, digər yuxarı səlahiyyətli dövlət və hökümət orqanlarının qəbul etdikləri aktlarla və (və ya) Fondun Əsasnaməsi ilə müəyyən edilmiş konkret səlahiyyətlər daxilində hərəkət edə, qərar qəbul edə bilər. X11, nə də yuxarı səlahiyyətli orqanların qəbul etdikləri hər hansı bir aktda İcraçı direktora yenidən (dəfələrlə) işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək səlahiyyəti verilməmişdir. Əslində əsasnamədə İcraçı direktora belə səlahiyyətin nəzərdə tutulmadığı cavabdehə də məlumdur. Ona görə də 29 iyun 2022-ci il tarixli 19 nömrəli ixtisar əmrində Əsasnaməyə istinad olunmur, onun yalnız Əmək Məcəlləsinin 11-ci maddəsinə və “Azərbaycan Respublikası X17 idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007- ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamına əsasən verildiyi qeyd olunur. Əsasnamədə İcraçı direktora Fondun ştat vahidlərini ixtisar etməklə bağlı səlahiyyətin nəzərdə tutulmadığı cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmənin hüquqi qiymət verməli olduğu məsələ Sərəncamın İcraçı direktora belə səlahiyyət verib-verməməsi idi. Lakin məhkəmə ümumi ifadələrlə Qətnamədə əsas hüquqi məsələyə qiymət verməkdən yayınmışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununa əsasən hüquqi aktlar normativ hüquqi aktlara, normativ xarakterli aktlara və qeyri-normativ hüquqi aktlara bölünür: Normativ, normativ xarakteli və qeyri normativ aktlar tətbiq subyektlərinə görə (normativ aktlar qeyri-müəyyən subyektlər dairəsi üçün, normativ xarakterli aktlar məhdud subyektlər dairəsi üçün, qeyrinormativ aktlar üzrə konkret subyektlər üçün) və tətbiq hallarına görə (normativ və normativ xarakterli aktlar üçün dəfələrlə, qeyri-normativ aktlar üçün birdəfəlik) fərqlənirlər. Həyata keçirilən tədbirlərinkonkretliyi qeyrinormativ aktları digər hüquqi aktlardan fəqləndirən əlamət deyil. Çünki konkret ictimai münasibətlərin tənzimlənməsi (konkret tədbirlərin həyata keçirilməsi) hüquqi aktların hər bir növünə aiddir. Qrammatik nöqteyi-nəzərdən, sözdən və ya ifadədən sonra mötərizədə verilən söz və ya ifadə həmin sözün və ya ifadənin aydınlaşdırılması, dəqiqləşdirilməsi, əlavə səciyələndirilməsi üçün istifadə edilir. Qanunun 3.1. maddəsində mötərizədə “birdəfəlik” dəqiqləşdirilməsi ümumi konkret tədbirlərin məhz birdəfəlik icra üçün nəzərdə tutulan hissəsini göstərir və bu hissə qeyri-normativ aktları digərlərindən fərqləndirir. Təsadüfi deyil ki, həmin maddədə “və ya” bağlayıcısı ilə əlavə olunmuş hissəsində qeyri-normativ aktların həmçinin digər, məhz “birdəfəlik” (konkret yox) tədbiq halları üçün nəzərdə tutulduğu göstərilir. Digər tərəfdən, AzərbaycanRespublikası Prezidentinin 7 may 2018-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının X18 haqqında Əsasnamə”nin 5.3-cü bəndinin on birinci abzasından və 5.6-cı bəndinin ikinci cümləsindən “(Fondun İcraçı direktoru istisna olmaqla)” sözləri çıxarılmış, bununla da Fondun İcraçı direktoruna həmçinin öz maaşını müəyyən etmək səlahiyyəti vermişdir. Lakin İcraçı direktorun 30 mart 2007-ci il tarixli 2071 nömrəli Sərəncamda nəzərdə tutulan digər səlahiyyətləri əsasnamədə nəzərdə tutulan səlahiyyətlərinə əlavə edilməmişdir. Bu da həmin Sərəncamda nəzərdə tutulan səlahiyyətlərin İcraçı direktora birdəfəlik tətbiq üçün verildiyini bir daha göstərir. Sonrakı dövrdə Fondun İcraçı direktoru tərəfindən struktur dəyişiklikləri aparmaq və ya əvvəlki sərəncamda göstərilən digər səlahiyyətləri həyata keçirmək üçün bu səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq hüquqi aktı ilə təsdiqlənməli idi. Beləliklə, Fondun İcraçı direktorunun Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamına əsaslanaraq struktur dəyişiklikləri aparması və iddiaçının vəzifəsini ləğv etməsi qanunsuzdur. Ona belə səlahiyyəti heç bir normativ hüquqi aktda, o cümlədən Fondun Əsasnaməsində nəzərdə tutulmamışdır. Məhkəmə qətnamədə iddiaçının tələblərində onun vəzifə ştatının ixtisar edilməsi barədə işəgötürən Azərbaycan Respublikası X18 tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 35 nömrəli əmrinin ləğvi barədə tələbin olmamasını qeyd etmişdir. Qeyd olunan əmr ləğv olunmadığı halda məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının Azərbaycan Respublikası X17 icraçı direktorun müavini vəzifəsinə bərpa edilməsinin qanuni əsası olmur. Halbuki, Əmək Məcəlləsinin in 288-ci maddəsində fərdi əmək mübahisələrinin predmeti sadalanarkən, ixtisar barədə qərar nəzərdə tutulmamışdır. Bu qərar inzibati akt sayılmadığı üçün özlüyündə iddiaçı üçün hər hansı bir hüquqi nəticə yaratmır. Ona görə də onun mübahisələndirilməsi fərdi əmək mübahisəsinin məhkəmə tərəfindən həlli üçün əhəmiyyət kəsb etmir. İddiada tələb olunan 2050 manat məbləğ fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar iddiaçının faktiki çəkdiyi xərclərdən və mediasiya xərclərindən ibarətdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan və iddiaçı ilə Fondun rəhbərliyi arasında ədavətin olduğunu təsdiq edən sübutları obyektiv qiymətləndirmədən qətnamə çıxarmışdır. Ona görə də həmin qətnamə işin faktiki hallarına uyğun deyil. Qətnamədə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 12, 78, “Məşğulluq haqqında” Qanunun 18-ci maddələrinin tələblərini pozduğuna dair iddiaçının dəlillərinə hüquqi qiymət verilməmiş, onların nə üçün qəbul etmədiyi götərilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Azərbaycan Respublikası X17 apellyasiya şikayətinə etirazı iddia ərizəsinə etirazda göstərilən xüsusatlarla əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
16. İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək şikayət ilə eyni məzmunlu izahat verdidlər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.
17. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təqdim olunmuş etirazla eyni məzmunlu izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: ı) “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək;
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır; Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
19. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir: 10.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif rejimli işin sərbəst seçilməsinə; 10.1.2. işdən əsassız çıxarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hüquqi müdafiəsinə; Maddə 18.2. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər; Maddə 18.3. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər; Maddə 18.6. İşəgötürənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə gəlmiş şəxsləri onlara bilavasitə müraciət etmiş şəxslərlə bərabər əsaslarla işə qəbul edirlər.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı 19 fevral 2014-cü il tarixli, 195/1 nömrəli əmək müqaviləsi əsasında 20 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X4 departamentinin direktor müavini vəzifəsində işə qəbul olunmuşdur. 29 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət X4 departamentinin təkibindəki İnformasiya təhlükəsizliyi, Ümumi təhlükəsizlik şöbələri və həmin departamentin “Direktor müavini” vəzifəsi ləğv edilmişdir. Azərbaycan Respublikası X18 tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 35 nömrəli əmr əsasında Fondun təhlükəsizlik departamentinin direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 avqust 2022-ci il tarixdən xitam verilmiş və ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının 1,7 misli miqdarında işdənçıxma müavinatı ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən əmri Fondun icraçı direktorunun müavini X8 imzalamış, sonuncuya bu səlahiyyət Fondun icraçı direktoru X1 21 iyul 2022-ci il tarixli əmri ilə 23 iyul 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixi də daxil olmaqla 23 təqvim günü özünün məzuniyyətə çıxması ilə əlaqdar verilmiş, verilmiş səlahiyyətlərə icraçı direktora aid olunan bütün səlahiyyətlər aid edilmişdir.
24. İşin mübahisəli halları eyni zamanda iddiaçının apellyasiya şikayətinin dəlillərini təşkil edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas kimi istinad etdiyi və iddia ərizəsində qeyd etdiyi ilkin xüsusat ondan ibarətdir ki, onun tutuduğu ştat vahidinin ixtisara salınması barədə əmr qanunsuz olaraq qəbul edilmişdir. Lakin həmin əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətində həmin əmrin mübahisələndirilməsinin Əmək Məcəlləsinin 288-ci maddəsində nəzərdə tutulmadığına istinad edilsə də, həmin maddənin “k” bəndində “əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.” nəzərdə tutulduğundan həmin bənd iddiaçıya əmri mübahisələndirmək hüququ verir.
26. Bundan başqa, iddianın hüquqi əsası kimi istinad edilən maddələrdən biri kimi istinad olunan Əmək Məcəlləsinin 78-ci maddəsində işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması nəzərdə tutulsa da, iddiaçının tələbi eyni əmək funksiyasının icrasını həyata keçirilməsi nəzərdə tutulan digər ştat vahidinə deyil, məhz “Azərbaycan Respublikası X4 Departamentinin direktor müavini vəzifəsinə bərpa olunması” ilə bağlıdır. Belə olduğu təqdirdə tələbin əsası kimi istinad olunan digər halların əsaslı olması qənaətinə gəlinsə belə, həmin ştat vahidi hal – hazırda mövcud olmadığından və ixtisarla bağlı əmr mübahisənin predmetini təşkil etmədiyindən iddiaçının həmin vəzifəyə bərpa olunması qeyri – mümkündür.
27. Şikayətin digər dəlili kimi göstərilmişdir ki, işəgötürən tərəfindən “Məşğulluq haqqında” Qanunun imperativ göstərişlərinə əməl olunmamış, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (X3) rəsmi məlumat vermək, ləğv edilən ştatların əvəzinə yaradılan yeni iş yeri barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sisteminə daxil edilməmişdir.
28. Qeyd olunmalıdır ki, “Məşğulluq haqqında” Qanun ümumi hüququnun tənzimetmə predmetinə daxil olan qanun olmaqla, məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Bu Qanunun imperativ tələblərinə işəgötürən tərəfindən əməl edilib-edilməməsi, yəni müvafiq icra hakimiyyəti orqanına ləğv edilən ştatlar barədə məlumat verilməməsi yalnız işəgötürənin məsuliyyətinin yaranması üçün əsas ola bilər. Bu məlumatların verilməməsi özlüyündə işçinin işə bərpa olunmasına əsas ola bilməz.
29. Şikayətin növbəti dəlili əmrdə Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan başqa işlə təmin etmək qaydası göstərilmədiyindən, bir müharibə iştirakçısı kimi iddiaçının həmin vəzifələrə işə qəbul edilməsində (keçirilməsinə) üstünlük hüququnun təmin edilməməsinə görə, əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən etibarsız hesab edilməsi ilə bağlıdır. Əvvəla bununla bağlı qeyd olunmalıdır ki, qanunun mənasına görə, Məcəllənin 78-ci maddəsi elə hallara şamil olunur ki, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı zamanı, işçilərin əmək funksiyalarına uyğun olaraq işdə saxlanıla bilmələri üçün müvafiq ştatların bir hissəsi qalmış olsun, yəni, ştat və ya vəzifə sayında maddədə də göstərildiyi kimi azalma olsun. Həmçinin, yuxarıda qeyd olunduğu kimi iddia tələbi məhz Təhlükəsizlik Departamentinin direktor müavini vəzifəsinə bərpa olunma ilə bağlıdır və həmin vəzifə artıq mövcud deyildir.
30. Şikayətin digər dəlili Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının X18 haqqında” Əsasnamədə icraçı direktorun Fondun strukturunu təsdiqləmək, dəyişmək, ştat vahidlərini və vəzifələrini ixtisar etmək, yaxud ləğv etmək səlahiyyətləri nəzədə tutulmaması ilə bağlıdır. Bu dəlillə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən icraçı direktorun ştatların ixtisarı barədə müvafiq əmrinin mübahisələndirilməsi hazırkı mübahisənin predmeti deyildir. Bundan başqa, əsasnamənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunur ki, ARDNF-in fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən icraçı direktor həyata keçirir, icraçı direktor ARDNF-in cari işini təşkil edir və ona rəhbərlik edir, ARDNF-in aparatının işçilərini qanunvericiliklə müəyyən edilən qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir. Qeyd olunan bəndlərə əsasən icraçı direktor işəgötürən hesab olunur. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində isə işəgötürənin “... əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək” səlahiyyətləri olduğundan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəliliini də əsassız hesab edir.
31. İddianın işə bərpa ilə bağlı hissəsinin təmin olunmaması qənaətinə gəlindiyindən məhkəmə kollegiyası hesab edir ki, tələbin “zərərin əvəzi olaraq 2050 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinin rədd ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, e-2(007)- 3221/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, e-2(007)- 3221/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev