Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2018/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzrin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(006)-6118/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 4266 manat pul və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmək haqqı kart hesabından cavabdeh tərəfindən 07.05.2015, 06.11.2015, 25.01.2016, 05.08.2016, 04.11.2016, 06.02.2017, 04.05.2017, 06.06.2017 və 06.07.2017-ci illərdə 474 manat olmaqla, ümumilikdə 4266 manat qanunsuz olaraq pul tutulmuşdur. Halbuki, əmək haqqı kart hesabından pulun tutulması barədə cavabdehə hər hansı yazılı öhdəlik təqdim etməmişdir. Bu barədə cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq, hesabından qanunsuz olaraq tutulmuş 4266 manat pulun qaytarılması təmin edilməmiş, bundan əlavə, şifahi müraciətləri cavablandırılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(006)- 6118/2021 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnaməsnin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iş üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparılmaması, iddiçının hesabından tutulmaların arvadı Ü.Hüseynova ilə Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasına yönəldilməsi, ər-arvadın bu öhdəliyə görə bərabər məsuliyyət daşıması, kredit üzrə öhdəliyin müqavilə tərəfi olmayan üçüncü şəxs tərəfindən də icra edilməsi imkanının olması, bank hesabı barədə məlumatların iddiaçı tərəfindən təqdim olunmaqla silinmə aparılmasına razılıq verilməsi, məhkəmə tərəfindən iddiaçı və kredit müqaviləsi üzrə borcalan arasında nikaha xitam verilməsi, müsbət halda əmlak bölgüsünün olub-olmadığı, tərəflərin pay nisbəti barədə araşdırma aparılmaması, iddia müddətinin axımının başlandığı tarixin düzgün müəyyən olunmaması, işdə olan hesabdan çıxarış məlumatlarından da görünüdüyü kimi əmək haqqı kartının istifadəsiz olmaması, mütəmadi əməliyyatlar aparılması, hesabdan silinmələr barədə əməliyyatın aparıldığı tarixdə deyil, məhz 2021-ci ilin avqust ayında xəbərdar olmasını sübuta yetirmək vəzifəsinin iddiaçının üzərinə düşməsi, onun sms xəbərdarlıq sisteminə qoşulmaması riskini bankın daşımalı olmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq, qətnamə ləğv, iddia isə rədd olunmalıdır. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, “Azərbaycan Beynəlxalq Bankı» ASC ilə iddiaçının keçmiş arvadı X2 arasında bağlanılmış 06.03.2015ci il tarixli təminatlı kredit müqaviləsinə (daxili ipoteka krediti üçün) əsasən, sonuncuya 180 ay müddətinə ödəmək şərtilə 44060 manat məbləğində kredit verilmiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Müqavilənin 4.3-cü bəndində qeyd olunmuşdur ki, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən tərəflər arasında imzalanmış 06.03.2015-ci il tarixli müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 17 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 02, mərtəbə 3, ümumi sahəsi 51,65 kv.m. ibarət 1 otaqlı 212 saylı mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Bundan sonra, həmin tarixdə sözügedən "xxxx" MMC ilə X2 arasında mənzilin alqısatqına dair müqavilə (ABB tərəfindən ipoteka ilə satılmış təmirli mənzil üçün) bağlanılmışdır. Hazırda iddiaçı ona məxsus əmək haqqı kart hesabından cavabdeh tərəfindən müxtəlif tarixlərdə (07.05.2015, 06.11.2015, 25.01.2016, 05.08.2016, 04.11.2016, 06.02.2017, 04.05.2017, 06.06.2017 və 06.07.2017-ci il) razılığı olmadan hər dəfə 474 manat olmaqla, cəmi 4266 manat pul tutulduğunu bildirərək, həmin məbləğin əsassız varlanma qaydaları çərçivəsində geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, həmin məbləğin iddiaçının razılığı və özünün təqdim etdiyi hesab rekvizitləri əsasında arvadı tərəfindən birgə nikah dövrlərində bankdan götürülmüş kredit borcunun ödənilməsinə yönəldildiyini və iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyü bildirir. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında mülki hüquq və vəzifələrə dair müqavilə (bu və ya digər formada qarşılıqlı razılaşma) mövcud olmamış, mövcud təminatlı kredit müqaviləsi isə bank ilə X2 arasında bağlanılmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçı Bank ilə keçmiş həyat yoldaşı arasında bağlanmış təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına cavabdehlik daşıyan şəxs olmadığı üçün, həmin öhdəliklərin icrası üçün məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Konstitusiyanın, mülki qanunvericiliyinin və beynəlxalq müqavilələrin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunmuş ilk iki halla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1 və 1092.3-cü maddələrinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.2.-ci maddəsinə əsasən, qaytarma tələbi əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə və əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa istisna edilir. Baxılan işin yuxarıda sadalanan hallarından mübahisəsiz qaydada görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək haqqı kart hesabından müxtəlif tarixdə tutulmalar həyata keçirilmişdir. Belə olan halda, iddiaçının həmin məbləğlərin geri qaytarılmasına dair əsassız varlanma qaydalarından irəli gələn subyektiv hüququ mövcuddur. Hazırkı məqamda məhkəmə tərəfindən yoxlanılmalı olan növbəti hal iddianın əsaslı olması, iddia müddətinin keçib-keçməməsi məsələsidir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində məhz bu halı iddianın rədd olunması üçün etirazının əsası kimi göstərmişdir. MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-in 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi, cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona məxsus əmək haqqı kart hesabından pulun tutulmasından 2021-ci ilin avqust ayında nikahın pozulması barədə məhkəmədə mübahisə olduğu zaman məlumat almış, qeyd olunan məbləğlər cəmi 9 dəfə tutulmuş və bu 9 dəfə hər ay ardıcıl olmadığından və bəzilərinin isə 6,7,8 ay aralıqlarla tutulduğundan məlumatı olmamışdır. Həmçinin, bu barədə bank kartıda sms xəbərdarlıq xidmətinə qoşulmamışdır. Bunun əksini sübut edən dəlili isə cavabdeh tərəf məhkəməyə təqdim edə bilməmişdir. ...iddiaçı əsassız varlanma obyektinin qaytarılmasına əsas verən halları bildiyi vaxtdan iki il ərzində, yəni 06.09.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün, onun tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülməmişdir. Kollegiya, rayon məhkəməsinin mövqeyini əsassız sayır, əvvəla ona görə ki, məhkəmə iddiaçının əsassız varlanma obektinin geri qaytarılmasını tələb etmək barədə hüququnun olmasından 2021-ci ilin avqust ayında hesabından tutmaların aparıldığı kredit müqaviləsi üzrə borcalanla nikahının pozulması barədə məhkəmədə mübahisəsi zamanı məlumatlı olduğuna və onun sms xəbərdarlıq xidmətinə qoşulmamasına istinad etsə də, nə iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlarda bu barədə qeyd olunmamış (iş üzrə keçirilmiş məhkəmə iclas protokollarında öz əksini tapmamışdır), nə də məhkəməyə bu istiqamətdə hər hansı digər sübutlar təqdim olunmamış, eyni zamanda məhkəmə də bununla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Eyni zamanda, həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfdən, işdə olan iddiaçıya məxsus əmək haqqı kart hesabından çıxarışdan görünür ki, 07.05.2015, 06.11.2015, 25.01.2016, 05.08.2016, 04.11.2016, 06.02.2017, 04.05.2017, 06.06.2017 və 06.07.2017-ci il tarixlərdə hər dəfə 474 manat olmaqla, cəmi 4266 manat avtomatik köçürmələr aparılmış və həmin illər ərzində bütün avtomatik köçürmə əməliyyatlarından sonra iddiaçının hesabına əmək haqqı təyinatı ilə vəsaitlər daxil olmuş və onu tərəfindən ATM-dən nağdlaşdırma və onlayn əməliyyatlar aparılmışdır. Göründüyü kimi, hesaba bağlı olan ödəniş kartı istifadəsiz saxlanılmamış, mütəmadi əməliyyatlar aparılmışdır. Bu hal isə, iddiaçının Bank tərəfindən hesabından edilmiş mübahisəli köçürmələrdən həmin illər ərzində xəbərdar olmasına dəlalət edir (ən azı bunu bilməli idi). Əks yanaşma inandırıcı və ağlabatan hesab olunmur. Beləliklə, iddiaçının hazırki mübahisə üzrə hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu son tarix məhz 06.07.2017-ci il tarixi hesab olunmalıdır. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçı əsassız varlanma obektinin geri qaytarılmasını tələb etmək barədə hüququnun olması barədə ən geci son köçürmənin edildiyi 06.07.2017-ci il tarixdən sonra qanunla müəyyən olunmuş müddət ərzində iddia irəli sürməmiş, hazırki iddia iddia ərizəsini isə 06.09.2021-ci il tarixdə, yəni iddia müddətinin bitməsindən uzun müddət sonra verilmişdir. «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). MM-in 375.1 və 375.2-ci maddələrinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, hazırki mübahisə üzrə iddia müddəti keçmişdir, lakin birinci instansiya məhkəməsi cavabdehin bu istiqamətdə etirazları (iddia müddətinin tətbiqi barədə ərizəsi) üzrə lazımi araşdırma aparmadan, ümumi mülahizələrdən çıxış etməklə iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(006)-6118/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(006)- 6118/2021 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2018/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2018/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver