Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-202/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, pul və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X11 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. 2.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsini, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini, həmçinin ona dəymiş mənəvi ziyanın, eyni zamanda işlədiyi dövr ərzində çəkdiyi xərclərlə bağlı pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ŞT 05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı X11 Kompleksinin direktoru vəzifəsinə işə bərpa edilməsi, İddiaçı işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, iddiaçı tərəfindən Kompleksin hesabına yatırdığı vəsait qismində 130000 (bir yüz otuz min) manat, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1500 (bir min beş yüz manat), eləcə də 15000 (on beş min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X11 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmiş, Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilmişdir. İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı cavabdehi 2020-ci ilin fevral ayında məhkəməyə vermiş və məhkəmədən cavabdehin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmrinin ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi zamanı iddiaçı və cavabdeh təşkilatın rəhbər heyəti ilə görüş keçirilmiş və həmin görüşdə əldə edilən razılığa əsasən iddiaçı iddiasını geri götürməli və cavabdeh iddiaçı barəsində verilən əmri dəyişərək əmək müqaviləmə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, 69-cu maddəsi ilə (öz təşəbbüsü ilə) xitam verilməsi barədə razılıq əldə edilmişdir. Görüş zamanı əldə edilən razılığa əsasən iddiaçı iddia ərizəsini geri götürsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə dəyişiklik etməmişdir. Görüşdə əldə edilən razılığa əsasən iddiaçı əmrin dəyişməsi üçün dəfələrlə Nazirliyin yüksək rütbəli məmurlarına müraciətlər etsə də keçmiş nazir Azad müəllimin səhhətində olan problemlərlə əlaqədar işə çıxmadığını və bu səbəbdən əmrdə dəyişiklik etmək imkanlarının olmadığını iddiaçıya bildirmişdilər. Nəhayət iddiaçı yenidən məhkəməyə müraciət etmək üçün ilk növbədə mediasiya keçirilməsi üçün təkliflə cavabdehə yazılı müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə cavab vermədiyi üçün Mediasiya Şurasına mediasiyanın təşkili üçün müraciət etmişdir. Mediasiya Şurasının təyin etdiyi mediator tərəfindən tərəflərə bildiriş göndərilmiş və cavabdeh bu görüşə də gəlməmişdir. İddiaçı əmək fəaliyyətinə 2013-cü ildən başlasa da Respublika X11 Kompleksinin təmiri 2016-cı ildə yekunlaşdıqdan sonra faktiki fəaliyyətə başlamışdır. Qeyd etmək lazımdır ki, Kompleksdə təmir işləri cavabdeh tərəfindən təhkim edilmiş podratçı təşkilat tərəfindən aparılmış və podratın nəticəsi cavabdehə təqdim edilmişdir. Podratın nəticəsi iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı 2017-ci ildən etibarən Kompleksdə olan çatışmazlıqlar barədə və çatışmazlıqların aradan qaldırılması üçün köməklik edilməsi üçün dəfələrlə cavabdehə və müxtəlif səlahiyyətli dövlət orqanlarına müraciətlər etmişdir. İddiaçının aşağıdakı müraciətləri iddia ərizəsinə əlavə olmuşdur: 1) 06/17 nömrəli, 08 fevral 2017-ci il tarixli məktub. Bu məktubda iddiaçı cavabdeh təşkilatın rəhbəri (Azərbaycan Respublikası Gənclər və İdman naziri cənab Azad Rəhimova) müraciət edərək (i) kompleksin dam örtüyünün tam bərbad vəziyyətdə olması; (ii) kompleksin tavanının ayrı-ayrı yerlərdən uçması; (iii) yağış zamanı əsas binada yerləşən atış zallarını qismən su basması; (iv) Kompleksin taxta materialdan ibarət atış zallarında yanğından mühafizə sisteminin olmaması barədə məlumat vermiş və cənab nazirdən İddiaçını qəbul etməsini xahiş etmişdir. 2) 08/17 nömrəli, 10 fevral 2017-ci il tarixli məktub. Bu məktubda İddiaçı Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlama keçirildiyi, yanğın təhlükəsizlik sistemi ilə bağlı nöqsanların aşkar edildiyi və müvafiq akt tərtib edildiyi bildirmiş və cənab nazirdən təkrar bu nöqsanlarla bağlı İddiaçını qəbul etməsini xahiş etmişdir. 3) 74/17 nömrəli, 27 noyabr 2017-ci il tarixli məktub. Bu məktubda iddiaçı cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində çalışan cənab Rüfət Həsənova müraciət edərək 25, 50 və 300 metrlik idman zallarında hədəf qurğularının diodlarının çiskinli və yağmurlu hava şəraitində sıradan çıxmasının qarşısını almaq məqsədilə 200 ədəd qoruyucu üzlüklərin alınmasını xahiş etmişdir. 4) 18/18 nömrəli, 07 mart 2018ci il tarixli məktub. Bu məktubla iddiaçı cənab nazirə müraciət edərək Kompleksin 21 722 (iyirmi bir min yeddi yüz iyirmi iki) manat elektrik enerjisi borcunun olduğunu və həmin borcun bağlanması üçün köməklik göstərilməsini xahiş etmişdir. 5) 29/18 nömrəli, 27 aprel 2018-ci il tarixli məktub. Bu məktubda İddiaçı Cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində çalışan cənab Rüfət Həsənova müraciət edərək Kompleksdə olan çatışmazlıqlarla bağlı əvvəllər də etdiyi müraciətlərinə istinad etmiş və təkrar olaraq çatışmazlıqların aradan qaldırılması üçün köməklik göstərilməsini xahiş etmişdir. 6) 10/19 nömrəli, 2019-cu il tarixli məktub. Bu məktubla İddiaçı Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılova müraciət edərək Kompleksin saxlanması üçün 1,43 milyon manat pul tələb olunduğunu və Nazirlik tərəfindən 2018ci ildə cəmi 441 000 manat pul ayrıldığını, həmin vəsaitin əmək haqqı, su, qaz və digər xidmət haqlarına ödənildiyi, Kompleksin 2019-cu ilə 51 405 manat borcla daxil olduğu bildirilmişdir. İşçilərin əmək haqqını verməyə belə vəsaitin qalmadığını bildirmiş və Kompleksdə qurğulara təcili texniki xidmət göstərilməli olduğunu və bütün bu çatışmazlıqlar barədə şifahi və yazılı şəkildə cavabdeh təşkilatda yüksək vəzifədə çalışan Kompleksin işini kurasiya edən Mayıl Həsənova və aparat rəhbəri Rüfət Həsənova dəfələrlə məlumat verildiyi lakin Kompleksin saxlanması üçün zəruri tədbirlər görülmədiyini bildirmişdir. 7) 16/19 nömrəli, 29 aprel 2019-cu il tarixli məktub. Bu məktubda iddiaçı cavabdeh təşkilatda aparat rəhbəri cənab Rüfət Həsənova müraciət edərək Kompleksdəki çatışmazlıqlar barədə məlumat vermiş və ən qısa müddətdə çatışmazlıqların aradan qaldırılması üçün köməklik göstərməsini xahiş etmişdir. 8) 17/19 nömrəli, 07 may 2019-cu il tarixli məktub. Bu məktubla iddiaçı Kompleksin problemləri barədə cənab nazirə müraciət etmiş və çatışmazlıqların aradan qaldırılması üçün maliyyə yardımının ayrılmasını xahiş etmişdir. 12) 31/19 nömrəli, 29 iyul 2019-cu il tarixli məktub. Bu məktubla İddiaçı Cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində işləyən Rüfət Həsənova müraciət edərək "xxxx" ASC tərəfindən daxil olmuş telefonoqramı təqdim etmiş və telefonoqramda "yaranmış borcun qısa müddətdə ödənilməyəcəyi təqdirdə elektrik təchizatının əlavə xəbərdarlıq edilmədən dayandırılacağı" barədə xəbərdarlığı cavabdeh təşkilatın rəhbər şəxsinin nəzərinə çatdırmışdır. 13) 40/19 nömrəli, 16 sentyabr 2019-cu il tarixli məktub. Bu məktubda İddiaçı Cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində işləyən Rüfət Həsənova müraciət edərək onun Kompleksin maliyyə çətinliyinin aradan qaldırılması ilə bağlı İddiaçının müraciətlərinə cavab olaraq Kompleksdə göstərilən bütün xidmətlərin pullu göstərilməsi və belə pullu xidmətlərin Atıcılıq üzrə Milli Yığma komandaya da şamil olunması barədə şifahi göstərişi olduğunu, bu göstərişin cavabdeh təşkilat tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli məktuba zidd olduğunu və bu fikir ayrılığına son qoymaq üçün yekun göstəriş verilməsi xahiş etmişdir. 14) 05/20 nömrəli, 07 fevral 2020-ci il tarixli məktub. Bu məktubla iddiaçı cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində işləyən Rüfət Həsənova müraciət edərək bundan öncəki yazılı və şifahi müraciətlərinə təkrar istinad edərək kompleksdə olan çatışmazlıqları bildirmiş, müvafiq fotoşəkilləri cavabdehə çatdırmışdır. 15) 07/20 nömrəli, 10 fevral 2020-ci il tarixli məktub. Bu məktubla İddiaçı Gənclər və X14 Rəhimova, surəti X1 və İdman Məsələləri şöbəsinin müdiri Birinci vitse-prezidentin köməkçisi cənab Yusif Məmmədəliyevə göndərməklə cavabdeh təşkilatda aparat rəhbəri vəzifəsində çalışan Rüfət Həsənovun və Kompleksin işlərini kurasiya edən M. Həsənovun İddiaçıya cənab nazirin İddiaçıya öz ərizəsi ilə işdən çıxması barədə sözlərini çatdırdığını, iddiaçının bu sözlərə inanmadığını və Kompleksdə olan çatışmazlıqlar barədə dəfələrlə cavabdeh təşkilatın ən yüksək rəhbərliyinə dəfələrlə müraciət etdiyini və bu günə qədər heç bir cavab verilmədiyini bildirmişdir. Kompleksin fəaliyyətinə maneə olan çatışmazlıqlar barədə cavabdeh təşkilatda rəhbər vəzifədə çalışan şəxslərə dəfələrlə məlumat verilməsi bildirilmiş və Kompleksdə olan çatışmazlıqların əks olunduğu foto və video görüntüləri adresatlara təqdim etmişdir. 16) 14/20 nömrəli, 17 fevral 2020-ci il tarixli məktub. Bu məktubla iddiaçı Gənclər və X14 Rəhimova, surəti X1 və İdman Məsələləri şöbəsinin müdiri Birinci vitse-prezidentin köməkçisi cənab Yusif Məmmədəliyevə göndərməklə Kompleksin maliyyə- təsərrüfat fəaliyyətini yoxlayan komissiyanın qərəzliliyi və qanunsuzluqları barədə məlumat vermiş Kompleksin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq üçün qərəzsiz yoxlamanın təşkil edilməsini xahiş etmişdir. İddiaçı Kompleksin rəhbəri təyin edildiyi tarixdən bəri Kompleksin maddi təchizatında olan problemlərlə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı müraicətlər etmişdir. İddiaçının yazılı müraciətləri yuxarıda qeyd edilmişdir. Lakin cavabdeh tərəfindən Kompleksin normal fəaliyyətinin təmin edilməsi üçün büdcədə nəzərdə tutulmuş pul vəsaiti ayrılmamışdır. İddiaçı Kompleksin fəaliyyətinin fasiləsizliyini təmin emtək məqsədi ilə dəfələrlə rəsmi qaydada Kompleksə pul şəklində yatırımlar etmişdir. Belə yatırımlar hər biri Kompleksin mühasibat kitablarında 71-ci hesaba daxil edilmişdir. Kompleks normal fəaliyyət göstərəcəyi təqdirdə qeyd edilən məbləğlər iddiaçıya qaytarılmalı idi. Lakin, iddiaçının qəflətən, qanunsuz olaraq işdən çıxarılması səbəbi ilə qeyd edilən məbləğlər iddiaçıya bu günə qədər qaytarılmamışdır. İddiaçı həmin məbləğlərin qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının həmin müraciətinə də heç bir cavab verməmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikasının qanunvericiliyinin aşağıdakı normalarına zidd olaraq qəbul edilmişdir: "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli, 392 nömrəli fərmanına əsasən Respublika Stend Atıcılığı Kompleksi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturuna daxildir. Kompleksin direktoru ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə bağlanmalı, cənab nazirin əmri ilə işə qəbul edilməlidir. İddiaçı cavabdehin ŞT-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə işə qəbul edilmiş, həmin əmrin əsası kimi iddiaçının ərizəsi və iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsi göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı işə bərpa və ziyanın ödənilməsinə dair iddia üzrə bildirmişdir ki, iddia ərizəsində iddia müddətinin bərpası ilə bağlı Mülki Məcəllənin 382-ci maddəsinə istinadını əsassız hesab edir. Belə ki, iddiaçının şəxsiyyəti ilə bağlı halların (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s.) heç biri onda müşahidə edilməmiş, bu barədə heç bir sübut təqdim olunmamışdır. Mülki hüquqda iddia və kəsici müddətlər fərqləndirilir. Bu mülki hüquqların həyata keçirilməsi müddətidir ki, qanunverici yalnız bu müddət ərzində şəxsə öz pozulmuş hüquqlarının bərpa olunması üçün imkan tanıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün-işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı əmək fəaliyyətinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin xx.xx.2020-ci il tarixli Şt-05 saylı əmri ilə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə o, iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət edərkən artıq əmri, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etmişdir. Bu onun artıq hüququnun pozulmasının aşkar edildiyi gündən xəbərdar olmasını sübut edir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə isə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 6.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsi (sədrlik edən-Aytən Novruzova) ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 7.İş materiallarında olan işəgötürən- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin nazir X10 ilə işçi- İddiaçı arasında bağlanmış xx.xx.2012- ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsinə götürülmüşdür. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. 8.İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2013- cü il tarixli, ŞT-10 №-li əmrindən görünür ki, İddiaçı 27 fevral 2013-cü il tarixdən Respublika X11 Kompleksinin direktoru vəzifəsinə təyin edilmişdir. Əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi göstərilmişdir. 9.İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2020-ci il tarixli, ŞT-05 №-li əmrindən görünür ki, Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 19 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini Mayıl Həsənova həvalə edilmiş, Nazirlik üzrə S-98 nömrəli 10 fevral 2020-ci il tarixli əmrlə yaradılmış komissiyanın tərkibinə Respublika X11 Məktəbinin direktoru X13 edilmiş və komissiyaya (E.Mehdiyev) qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhvil-təslim işlərinin həyata keçirilməsi tapşırılmış, ümumi şöbə (N.Nəbiyev) əmrin surətinin məlumat üçün Gənclər və İdman Nazirliyinin tabeliyində olan digər qurumlara çatdırılmasını təmin etmişdir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2020-ci il tarixli, 17 №-li əmrindən görünür ki, xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. 11.İş materiallarında olan Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru Əjdər Abbasovun İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 96/21 №-li məktubundan görünür ki, onun X11 Kompleksinə ünvanladığı xx.xx.2021-ci il tarixli təkrar məzmunlu müraciətinə baxılmışdır. Bildirilir ki, qaldırılmış məsələ ilə bağlı xx.xx.2021-ci il tarixli eyni məzmunlu müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Bir daha qeyd edilir ki, tutduğunuz vəzifədən azad edilməyi barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əmrinə əsasən müvafiq təhviltəslim işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müvafiq komissiya tərəfindən təhvil-təslim işlərində iştirakının təmin edilməsi üçün ona dəfələrlə müraciətlər edilsə də, təhvil-təslim işlərində iştirak etməmişdir. Bu səbəbdən kompleksin onun qarşısında hər hansı borclarının müəyyən edilməsi mümkün olmamışdır. 12.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X11 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsini, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini, həmçinin ona dəymiş mənəvi ziyanın, eyni zamanda işlədiyi dövr ərzində çəkdiyi xərclərlə bağlı pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. 13.Məhkəmə istinad etdiyi normalara əsasən qeyd etmişdir ki, işəgötürənin işçiyə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. 14.Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. 15.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 45, 47, 56.2, 287, 288,288-ci maddənin “ğ” bəndinə, 292, 296-cı maddəsinin 5-ci bəndinə;“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına;“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına;“Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarınaMülki Məcəlləsinin377.1, 375.2, 381.1-ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məlum olduğu kimi iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsini məhkəməyə vaxtında təqdim etmiş və birinci instansiya məhkəməsində tərəflər arasında olan razılığa əsasən iddiaçı iddia ərizəsini geri götürdükdən sonra cavabdeh iddiaçının əmək müqaviləsinə xitam vermənin əsası olmuş əmri dəyişməyi öhdəsinə götürmüşdür. Bu hal mülki işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir”. Göründüyü kimi iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə vaxtında müraciət etmiş, cavabdeh iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinə dəyişiklik etmək barədə öhdəlik götürdüyü üçün iddiasını geri götürmüşdür. Lakin dövlət orqanının vəzifəli şəxsinə etibar edərək iddiasını geri götürdüyü halda iddiaçını aldadaraq əmrinə dəyişiklik etməmək, əksinə iddia müddəti tətbiq etməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmək nəinki Azərabaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Respublikasının adından qətnamə qəbul edən Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan dövlətinin nüfuzuna və onun iqtidarının adına ləkə gətirən kobud qanun pozuntusu hesab edilməlidir. Dövlət orqanı olan cavabdehin iddiaçını aldatması iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməməli, Mülki Məcəllənin 382-ci və Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edildiyi kimi obyektiv hal hesab edilərək mahiyyəti üzrə işə baxılmalıdır. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələblərinə əsasən: “Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.” İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi vaxtında irəli sürülmüş, cavabdeh tərəfindən iddiaçını təmin edən tələbin yerinə yetiriləcəyi barədə öhdəlik götürülmüşdür. Belə olan halda iddia müddətinin axımı kəsilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, cavabdehin təqdim etdiyi arayışda iddiaçıya olan borcun bir qismi etiraf edilmişdir. Belə olan halda iddia müddəti tətbiq edilə bilməz. Birincisi bu məbləğin geri tələb edilməsi işəgötürənin işçiyə vurduğu maddi ziyan kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçı tərəfindən verilən borc işəgötürənin vurduğu maddi ziyan kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı 2020-ci ilin dekabr ayında və 2021-ci ilin yanvar ayında cavabdehə müraciət edərək Kompleksə yatırdığı pul vəsaitlərini geri tələb etmişdir. Cavabdeh iddiaçının müraciətlərinə 20 may 2021-ci il tarixli 96/21 nömrəli məktubla cavab verərək bildirmişdir ki, “Kompleksin Sizin qarşınızda hər hansı bir borcunu müəyyən etmək mümkün olmamışdır” (Məktubun surəti məhkəmə işinə əlavə edilmişdir). Belə olan halda iddiaçının pulunu geri tələb etmək üçün müddət 20 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsində cavabdehin təqdim etdiyi arayışda cavabdehin iddiaçıya 39020 (otuz doqquz min iyirmi) manat borcunun olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsi zamanı yol verilmiş pozuntulara heç bir münasibət bildirməmişdir. Əmək Məcəlləsinin 72ci maddəsinə istinad etsə də, iddiaçı tərəfindən Əmək Müqaviləsində nəzərdə tutulan hansı əmək funksiyalarının icra etmədiyini göstərməmişdir. Azərbaycan Respublikası dövlətinə külli miqdarda ziyan vurulmasının tək səbəbkarı kimi iddiaçını göstərməklə məsuliyyətdən yayınmasına birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Cavabdeh iddiaçıdan belə bir izahat almamış və İddiaçının əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. İddia ərizəsində məhkəmənin bu məsələyə də münasibət bildirməsini istəsək də, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmayaraq sadəcə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh kompleksin iddiaçı qarşısında hər hansı borcunun müəyyən edilmədiyini bildirmişdi. Belə olan halda iddiaçının cavabdehdən həmin məlumatları almaq üçün başqa imkanı olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsində mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etriaz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 20.Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilimədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 21.70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
22. 72-ci maddəsinin “c” bəndinə əsasən işçi tərəfindən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
23. 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
24. 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
25. 186-cı maddəsinin 1-ci hisəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
26. 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
27. 296-cı maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
28. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
29. 296-cı maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 31.Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 32.Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 33.Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 34.Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 35.Maddə 381.1.Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 38.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsi kompleksin hesabına yatırdığı vəsait qismində 130000 (bir yüz otuz min) manatın və məhkəmə xərcləri ilə bağlı iddia tələbnin təmin edilməyən hissələrində ləğv edilməli, iddia tələbi qeyd olunan hissələrdə qismən təmin edilməlidir. 42.Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Şt-10 nömrəli, 27 fevral 2013-cü il tarixli əmri ilə Respublika X11 Kompleksinin direktoru vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin Şt-05 nömrəli, 18 fevral 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsini, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini, həmçinin ona dəymiş mənəvi ziyanın, eyni zamanda işlədiyi dövr ərzində çəkdiyi xərclərlə bağlı pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 43.İş materiallarından görünür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması 10-12 fevral 2020-ci ildə başlanılmış, 13-18 fevral 2020-ci ildə başa çatmışdır. Aparılmış yoxlama zamanı çoxsaylı pozuntu halları aşkar edilmişdir. Belə ki, işçilərin təhsil və iş təcrübəsi normalarına riayət edilməyərək, rəhbərlik tərəfindən işə götürülməsi halları aşkar edilmişdir. Yoxlama zamanı kompleksin istifadəsində benzin yanacağı ilə işləyən avtomobillər olmadığı halda, benzin yanacağından istifadə ilə bağlı kassa çekləri təqdim olunmuşdur. Kompleksdə son 15 gün ərzində xronometraj aparılması üçün müşahidə kameralarına baxış keçirilməsinə kompleksin müdriyyəti və nəzarət xidməti şöbəsinin rəisi tərəfindən xx.xx.2020-ci il tarixə kimi icazə verilməmişdir. Kompleksdə əsas vəsaitlərin və mal materialların dövriyyəsi barədə heç bir sənəd təqdim edilməmiş və kompleksdə alınan və kompleksə əvəzsiz verilən əsas vəsaitlər və mal materialların mədaxil və məxaric dövriyyəsini yoxlamaq mümkün olmadı. Gənclər və İdman Nazirliyi tərəfindən Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinə 2019-cu il üzrə təsdiq olunmuş xərclər smetasının gəlirlər hissəsində 440000 manat nəzərdə tutulmuş və tam ödənmişdir. Lakin smetanın gəlirlər hissəsində kompleks üzərinə düşən öhdəliklər cəmi 17447 manat vəsait icra edilmişdir və.s. 44.Kollegiya, işdə olan sübutlara əsasən hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində, habelə həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulan kobud əmək pozuntusuna yol verməsi mülki iş materialları ilə istisna olunmur. Belə ki, işin bu halları aparılmış araşdırmalar nəticəsində öz təsdiqini tapmışdır. Buna görə də, əmrin verilməsi qanuni olmuşdur. 45.Kollegiya hesab edir ki, məhkəmə müddətin ötürülməsi ilə əlaqədar mübahisələndirilən əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi ilə bağlı hissədə iddia müddətini tətbiq etməklə, iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlsə də, qeyd olunan əsasla iddia tələbinin kompleksin hesabına yatırdığı vəsait qismində 130000 (bir yüz otuz min) manatın və məhkəmə xərcləri ilə bağlı hissələrdə təmin edilməməsi qanuni və əsaslı olmamışdır. 46.Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 47.Həmin Məcələnin 296-cı maddəsinn 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 48.Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. 49.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. 50.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. 51.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. 52.İş materiallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, iddiaçı tərəfindən 06 aprel 2020-ci ildə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və iddia ərizəsinə işdən çıxma haqqında əmrin surəti əlavə edilmişdir. Bu da sübut edir ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Qeyd edilən iddia Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə-1 ildən artıq müddət keçdikdən sonra müraciət edilmiş, bununla da iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbləri üzrə bir aylıq iddia müddətini ötürmüş, mübahisə tərəfi olan cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. 53.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Hazırki halda, iddia Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1893/2020 saylı qərardadı ilə baxılmamış saxlanıldığı üçün, iddia müddətinin axımı iddiaçının 2(005)- 1893/2020 saylı mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan davam etmişdir. 54.Kollegiya apellyatorun iddianın baxılmamış saxlanılmasına görə cavabdeh tərəfindən aldadıldığını qeyd etsə də, bu hal Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1893/2020 saylı qərardadı və iş materialları ilə öz təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar təqdim olunmamışdır. 55.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 56.Kollegiya iddia tələbinin X11 Kompleksinin hesabına yatırdığı vəsait qismində 130000 (bir yüz otuz min) manatın cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 57.Mülki Məcəllənin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 58.Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 59.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 60.Göründüyü kimi iddiaçının qeyd olunan tələbi qanundan irəli gəlməklə özgəsinin işlərini tapşırıqsız aparılması ilə bağlıdır. 61.Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı bir neçə dəfə cavabdehə yazılı müraciətlər edərək X3 direktor işlədiyi dövrdə Kompleksin fəaliyyətsizliyini təmin etmək üçün yatırdığı şəxsi vəsaitini geri ödəməyi tələb etmiş, lakin iddiaçı işdən çıxarkən təhvil-təslimdə iştirak etməməsi səbəbindən vəsaitin geri qaytarılmasından imtina olunmuşdur. 62.Həmçinin iddiaçının gördüyü işlərin cavabdeh tərəfindən bəyənilməməsi və ya iddiaçı tərəfindən görülmüş işlərin lazimi qaydada aparılmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir etiraz olmamış, əksinə kollegiya hesab edir ki, cavabdeh iddiaçının müraciətlərinə “təhviltəslimdə iştirak etməmiş olduğuna” görə vəsaiti qaytarmaqdan imtina edirsə, bir növ “iştirak etsə idi qaytarılardı” deməklə iddiaçı tərəfindən görülmüş işlərin bəyənilidiyi məzmunda iradə ifadəsi ortaya qoymuşdur.
63. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Stend Atıcılığı üzrə İdman Kompleksinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/22 saylı məktubundan görünür ki, İddiaçı Stend Atıcılığı üzrə İdman Kompleksinin direktoru vəzifəsində çalışdığı xx.xx.2012-xx.xx.2020-ci il tarixlərdə kassa hesabına kassa mədaxil orderlərinə əsasən öz adından bir neçə dəfə vəsait qoymuşdur, həmçinin kassa məxaric orderlərinə əsasən bir neçə dəfə vəsait götürmüşdür. Mədaxil və məxaric olunan vəsait aşağıda göstərildiyi formada kassa sənədlərində öz əksini tapmışdır. Belə ki, mart 2013-cü ildə 38750,0 manat, fevral 2016-da 1145,0 manat, iyun 2016-da 300 manat, oktyabr 2016-da 4670,0 manat məbləğlərində pul vəsaitləri qoyulmuş, iyul 2015-də 1500 manat, iyul 2016-da 1145,0 manat, fevral 2018-də 3200 manat götürülmüşdür. 64.Qeyd olunan məktubdan müəyyən edilir ki, qalıq vəsait, yəni iddiaçı tərəfindən götürülməmiş vəsait 39020 manat (otuz doqquz min iyirmi) təşkil edir. 65.Məkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Özgə işlərini tapşırıqsız aparma qanundan irəli gələn tələb olmaqla, həmin tələblər üzrə ümumi iddia müddəti 10 il təşkil edir. 66.Kollegiya qeyd edir ki, iddiaçının 130000 manat pul tələb etməsi ilə bağlı məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, cavabdehdən çoxsaylı mühasibat sənədləri tələb edilərək, ekspertə verilməsinə baxmayaraq, ekspert sənədlərin tam təqdim olunmadığına görə rəy verməkdən imtina etmişdir. 67.Kollegiya hesab edir ki, hazırki halda cavabdeh tərəfindən MPM-nin 97.5-ci maddəsinin tələbləri pozulmamış, onda olan mövcud sənədlər ekspertiza tədqiqatına təqdim olunmuşdur. 68.Beləliklə məhkəmə kollegiysı özgə işlərini tapşırıqsız aparma ilə bağlı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçının kompleksin hesabına yatırdığı vəsait qismində 130000 (bir yüz otuz min) manat tələb edilməsi ilə bağlı iddia tələbi qanundan irəli gəlməklə qeyd olunan tələb üzrə iddia müddəti on il olduğundan iddia müddətinin keçməsi ilə əlaqədar məhkəmə iddianı qeyd olunan hissədə rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. 69.Buna görə də kollegiya hesab edir ki, qətnamə qeyd olunan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qeyd olunan hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə Stend Atıcılığı üzrə İdman Kompleksinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/22 saylı məktubunda qalıq vəsait kimi qeyd olunmuş 39020 manat (otuz doqquz min iyirmi) məbləğində vəsait tutulmalıdır. 70.Kollegiya həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 437 manat dövlət rüsumunun 98 manatı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 71.Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği qismində 1500 manatın cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının qeyd olunan məbləğdə xərc çəkməsi ilə əlaqədar hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən iddia qeyd olunan hissədə təmin edilə bilməz. 72.Kollegiya 15000 (on beş min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulması hissəsində iddianı əsassız hesab edərək, məhkəmənin həmin hissədə iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. 73.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 74.Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 75.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 76.Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 77.Göründüyü kimi, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf, fiziki və mənəvi sarsıntı keçirmələrini və bunların cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqəni sübuta yetirilməlidir. İddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. 78.Digər tərəfdən xüsusi norma olaraq ƏM-nin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. 79.Həmin maddənin qeyd hissəsində qeyd olunur ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 80.Göründüyü kimi, mənəvi zərərin təmin edilməsi üçün xüsusi norma olaraq Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hisisəsində göstərilən əsaslar müəyyən olunmamışdır. 81.Beləliklə məhkəmə kollegiyası qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsi kompleksin hesabına yatırdığı vəsait qismində 130000 (bir yüz otuz min) manatın və məhkəmə xərclərinin tutulmasının təmin edilməyən hissələrində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissələrdə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidən İddiaçı xeyrinə 39020 (otuz doqquz min iyirmi) manat pul və ödənilmiş dövlət rüsumuna görə 98 (dosxan səkkiz ) manat, cəmi 39118 (otuz doqquz min, yüz on səkkiz) manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 82.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-373/2022 saylı qətnaməsi kompleksin hesabına yatırdığı vəsait qismində 130000 (bir yüz otuz min) manatın və məhkəmə xərclərinin tutulmasının təmin edilməyən hissələrində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissələrdə qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidən İddiaçı xeyrinə 39020 (otuz doqquz min iyirmi) manat pul və ödənilmiş dövlət rüsumuna görə 98 (dosxan səkkiz) manat, cəmi 39118 (otuz doqquz min yüz on səkkiz) manat pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov